Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:03

Günel Mövlud: "Məni daşa basan yalançı vətənpərvərlərə demək istəyirəm ki... "


Günel Mövlud
Günel Mövlud
-

"Əvvəla, mən bir daşnak saytına müsahibə verməmişəm. Məni daşa basanlar gedib o saytın rəhbəri olan Manvelyanın kim olduğunu, saytın məqsədlərini öyrənsinlər".

"Ermənilər də bizdən beşbetər bədbəxt xalqdılar".

"Vəziyyət artıq o yerə çatıb ki, bitərəf olmaq mümkün deyil. Ya Xeyirin, ya Şərin yanında olmalısan".

"Gərək öz ölkəndə nə qədər uğursuz, səfil, öləngi adam olasan ki, mühacirət arzulayasan".



Hazırda Almaniyada Azərbaycan hökumətinə müxalif "Meydan TV"də çalışan Günel Mövludla müsahibə


- Günel, son günlər sənin mühacirət etmək arzun və erməni saytına müsahibən haqqında xeyli müzakirələr, mübahisələr oldu. Bildiyimə görə, sən, sadəcə, bir müddətlik Avropada işləmək üçün gedibsən, bunu mühacirətin başlanğıcı saymaq olarmı? Çünki Meydan TV-yə müsahibəndə seçkilərin nəticəsini gözlədiyini deyirsən. Belə anlaşılır ki, əgər seçkilərin nəticəsi gözlədiyin kimi olmasa onda mühacirət üçün müraciət edəcəksən?

- Əvvəla, mən bir daşnak saytına müsahibə verməmişəm. Məni daşa basan yalançı vətənpərvərlərə demək istəyirəm ki, gedib o saytın təsisçisinin kim olduğunu öyrənsinlər. Məndən müsahibə alan, həmin saytın rəhbəri olan Manvelyanın kim olduğunu, saytın məqsədlərini öyrənsinlər. O saytda indiyə qədər Azərbaycana və azərbaycanlılara qarşı bir yazı da getməyib. Bu, sülhə xidmət edən, millətçi ermənilərin nifrət elədikləri bir saytdı. Amma necə olursa, olsun, erməni mətbuatına təkcə mənim yox, bizim yazarlardan kim olursa, olsun, müsahibə verməyi, ermənilərlə hər hansı dialoqa girməyi psevdovətənpərvərlərdə qəzəb doğurur.
Günel Mövlud
Günel Mövlud

Bəzi adamlar var ki, onların mövcud olduqlarını ancaq belə pafoslu çıxışlardan öyrənmək olur. Kiminsə ermənilərlə hər hansı bir təması belə adamlara bir növ özünütəsdiq fürsəti verir. Halbuki, ölkədə başqa taleyüklü məsələlər baş verəndə bu adamları tapmaq olmur. Onlar çox gözəl bilirlər, kimə kin püskürmək, kimi daşa basmaq olar. Burada bir incə məqam da var. Onlar elə bilirlər ki, biz erməni mətbuatına müsahibə verməklə həm də məşhurlaşır, ya da necəsə özümüzə bir Avropa zəmini hazırlayırıq. Çox ucuz, bayağı qənaətdir. O ki, qaldı mənim Avropaya gəlişimə, bu, hiss elədiyim, yaşadığım təhlükə ilə bağlıdı. Məhz Almaniyaya gəlişim isə Meydan TV ilə bağlıdı. Mühacirət Avropada qalmağın yollarından biridi. Əslində, panikaya qapılanda bu imkandan yararlanmaq mənim də ağlımdan keçmişdi. Amma bu, qorxudan, qəfil ağlıma gələn variant idi. Almaniyada qala bilməyim işimə görə mümkün olduğu üçün, sığınacaq istəməyə ehtiyac qalmadı.

Hazırda Meydan TV-nin işləri yaxşı gedir, gələcəkdə də bizim də müqaviləmizi artırmaq və bununla Almaniyada qalmağımızı təmin etmək imkanları olacağına inanıram. Buna görə də mühacirət üçün müraciət etməyə ehtiyac görmürəm. Bu həm ölkəyə qayıtmaq üçün problem yaradır, həm də mənəvi sarsıntıdı. Bir ölkədə öz hesabına dolanan əcnəbi ilə mühacirin vəziyyəti eyni olmur. İkinci özünü aşağı sort adam kimi hiss eləyir. Mənsə bunu istəmirəm. Bu, olduqca ağır, yazıçı üçün ikiqat ağır həyatdır. Bu da var ki, hazırki vəziyyətimdə istədiyim vaxt Azərbaycana gələ, oradakı işlərimi həll edə bilərəm. Amma mühacirət üçün müraciət eləsəm, bu imkanım olmayacaq. Ona görə mənə indi, hüquqi yollarla Almaniyada qalmaq həm rahatdı, həm də xoşdu.

- Bundan əvvəl dəfələrlə sənə təhdidlər olduğunu bildiribsən, həm deyirsən bunlar dindarlardır, həm də deyirsən dindarlar olduğuna inanmıram, bu, sadəcə, hakimiyyətin işidir. Səncə sənin elə də radikallıq və siyasi çağırışlar daşımayan yazılarına görə hakimiyyət bu işə əl atar?

- Əvvəla, mənim əksər yazılarımda rejimə münasibətim öz əksini tapıb. Dəfələrlə yazılarımda insanları ayılmağa, kölə olmamağa, inhisarlara, həbslərə, korrupsiyaya, ədalətsizliklərə etiraz eləməyə çağırmışam. Rejimə yaltaqlananları, səsini çıxarmayanları tənqid eləmişəm. Siyasi çağırış başqa necə olur? «Gedək, prezident aparatına bomba qoyaq, partladaq» – deyəmi çağırışlar eləməliydim? İkincisi də, yadımıza salaq ki, Rafiq Tağının demək olar ki, hakimiyyət əleyhinə bir yazısı da yox idi. Sadəcə, vətəndaş mövqeyi olan yazar idi və prezident ailəsinə ironiya ilə yanaşan bircə hekayə yazmışdı. Məncə, elə o hekayənin də qurbanı oldu. Çünki onun fətvası artıq verilmişdi və Rafiq Tağını öldürüb, bunu asanca dini qüvvələrin boynuna qoymaq mümkün idi. Mənim məsələmdə də oxşar şeylər baş verir. Amma mən o təhdidlərin dindarlar tərəfindən gəldiyinə inanmıram. Bu dəqiqə onların başı öz dərdlərinə qarışıb. Əlləri qana batacaq qədər də fanatikləşməyiblər.
Rafiq Tağı
Rafiq Tağı

- Adətən siravi azərbaycanlılar mühacirətə avantaj kimi yanaşırlar. Düşünürlər ki, yazıçının, ya da jurnalistin hakimiyyətə qarşı tənqidlərinin altında bir az da mühacirət istəyi var. Sən bu haqda nə düşünürsən?

- Mühacirətə avantaj kimi yanaşanlara Eduard Limonovun «Uğursuz adamın gündəliyi», «Bu mənəm - Ediçka», «Analar günü» və s. əsərlərini oxumağı məsləhət görürəm. Limonov kimi adam Amerkada ofisiant, bağban işləyib, səfil həyatı yaşayıb. Ofisiant işləyəndə qablarda qalan yeməkləri yeyib. Qədəhlərin dibində qalan içkiləri içib. Hansı yazar belə bir şeyi özünə rəva görər? Başqa ölkədə heç kim olan, cüzi sosial yardım alan yazıçı bunu necə avantaj hesab edə bilər? Gərək öz ölkəndə nə qədər uğursuz, səfil, öləngi adam olasan ki, mühacirət arzulayasan.

Bizim yazarlar isə pis-yaxşı öz ölkələrində ad qazanıblar. Mətbuatda, oxuyan çevrələrdə hörmətləri var. Küçədə yeriyəndə on adam əlini sıxır. Gündə bir-iki oxucudan məktub gəlir. Öz dilində yaza bilirsən. Öz auditoriyan var. Bütün bunları sadəcə Avropanın hansısa ölkəsinin verəcəyi bir komaya, qəpik-quruşa dəyişmək avantajdımı? Bunu düşünmək üçün adam infantil olmalıdır.

- Sənin yazılarını oxuyan və tənqid edən xeyli sayda adam var. Səni oxucuların fikrinə hörmət etməməkdə günahlandıranlar da var.

- Oxucuların fikrinə hörmət necə olur? Onlar kimi düşünməkmi? Onların istədiklərini yazmaqmı? Mən nə eləməliyəm, bir-bir bütün oxucuların fikrini dinləyib, sonra onların arzularına uyğun yazılar yazmalıyam? Məni bağışlayın, amma elə bir fikrim yoxdu. Bu, yazarın özünə, öz qələminə hörmətsizliyidi. Azərbaycanlı oxucuya qalsa, deyəcək ki, həyatımı danışım, sən roman yaz. Ya da deyəcək, filan nazir barədə şeir yazmışam, onun ora-burasını düzəlt, ver saytlardan birinə.

- Çox da uzaq olmayan keçmişdə hökümətyönümlü sayta başçılıq etdiyin, xeyli sayda hökümətyönümlü saytda yazdığın məlumdur. Son dövrlər isə hər yazında hakimiyyətə qarşı tənqidlər çoxalıb. Bu nəylə əlaqədardır?
Eduard Limonov Rusiya hökumətinə qarşı aksiyada, yanvar 2012
Eduard Limonov Rusiya hökumətinə qarşı aksiyada, yanvar 2012

- Dediyiniz sayt açılanda, təsisçi mənə tərəfsiz sayt işlədəcəyimizə söz vermişdi. Daha çox mədəni, ədəbi istiqaməti olan bir sayt olacağını qərarlaşdırmışdıq. İki həftə sonra mitinqdəki gənclər barədə təhqiramiz yazı dərc olunduğuna görə də istefa edib, getdim. O məsələdə məni mövqeyimdəki zəifliyə görə deyil, ancaq sadəlövhlüyümə görə qınamaq olar. O ki qaldı hökümətyönümlü saytlara, mən o saytlarda rejimə sevgimi və ya buna bənzər nəsə yazmışammı? Hansı azərbaycanlı yazarı göstərə bilərsiniz ki, belə saytlara yazmır? İsa Qəmbərin, Əli Kərimlinin öz siyasəti olduğu kimi, yazarın da siyasəti var. O, cəmiyyətə ötürmək istədiyi mesajı ötürməlidir. Onsuz da sənin «hakimiyyətyönümlü sayt» qapısından keçirə bildiyin qol oxucuya öz mesajını verir. Mən hakimiyyəti dəstəkləyən bütün televiziyalara da çıxırdım.

Bunu ona görə eləmirdim ki, mən o kanallara sevgim vardı. Sadəcə, istəyirdim tamaşaçı da fərqli şeylər eşitsin, ona həqiqəti çatdırmaq mümkün olsun. O ki qaldı, son vaxtlar hakimiyyətə qarşı tənqidlərimə, həm deyirsən, belə yazılar yazmamısan, həm də deyirsən, belə yazıların çoxalıb? Bunun bircə səbəbi var: bu, mənim mövqeyimdə dəyişikliklə bağlı deyil, ölkədəki vəziyyətin gündən-günə daha da pisləşməsi ilə bağlıdı. Əgər bir neçə il əvvəl rejimə qarşı sərt etiraz etmədən da yazmaq, yaşamaq olardısa, son illərdə bunu eləmək mümkün deyil. Üstəlik, Rafiq Tağının qətli bütün yazarlara vurulmuş bir şillə idi. O bıçağı bizim hamımıza saplamışdılar. Vəziyyət artıq o yerə çatıb ki, bitərəf olmaq mümkün deyil. Ya Xeyirin, ya Şərin yanında olmalısan. Vəziyyət konkretləşdikcə mən də Xeyirin yanında olmağı seçmişəm. Cəmiyyətin, müxalifətin, demokratik qüvvələrin də istəyi bu deyilmi? İstəmirsiniz ki, daha çox yazar, daha çox adam etiraz eləsin? Mən də etiraz edənlərdən biriyəm.
Soljenitsının romanı Günel Mövludun tərcüməsində
Soljenitsının romanı Günel Mövludun tərcüməsində

- Azərbaycanda bir yazıçının azad şəkildə yazıb yaratması çoxmu çətindir. Buna nə mane olur?

- Bir az kitab məsələsində çətindir. Yazar köşə, tərcümə ilə məşğul olmursa, dolanmağı faktiki mümkünsüzdü. Xalqımız hələ təzə-təzə qəzetdən, saytdan yazı oxumaq öyrənib. Kitaba hələ çatmayıb. Kitablar satılmır. Yazıçı nə eləməlidir? Əlac qalır sevdiyi, bacardığı işdən, yani yazı yazmaqdan dolanışığını çıxarmağa. Son bir neçə ildə dörd roman tərcümə eləmişəm. O romanların qonorarı, köşələrimdən aldığım qonorarlar olmasaydı, mən şeirlərimi yazıb, kitab satmaqla yaşaya bilməzdim.

- Erməni saytına müsahibənə axıracan baxdım. Səndən əvvəl Əli Əkbərin və Seymur Baycanın da belə müsahibələri olub. Ermənilərə düşmənçiliklə yanaşmadığını deyirsən. Sən mədəni əlaqələr yolu iki ölkə arasında konfiliktin aradan qaldırılacağına inanırsanmı?

- Konfliktin aradan qaldırılacağına əmin deyiləm, amma bilirəm ki, hər bir yazarın borcudu ki, sülhə öz töhfəsini versin. İkinci Dünya Müharibəsi zamanı Almaniyanın bir çox fikir adamı Hitler rejiminə qul olmamaq, müharibəni dəstəkləməmək üçün ölkədən getdilər. Ermənilər də bizdən beşbetər bədbəxt xalqdılar. Onların da azad düşüncə adamları qalıblar saxta vətənpərvərlərin, millətçilərin əlində. Nifrətə, kinə tuş gəlirlər. Təqib olunurlar. Döyülürlər. Ermənistanda da azərbaycanlıdan müsahibə alan, ünsiyyətə girən, bir kəlmə müsbət söz işlədən adama düşmən, vətən xaini kimi baxırlar. Siz elə bilirsiniz ki, məndən müsahibə alan Manvelyanı ermənilər əl üstə gəzdirirlər? O da mənim kimi, təqiblərə və təhqirlərə məruz qalır. Nə edək? Bizim başqa yolumuz yoxdur.

Ermənistanda da işıqlı, azad adamlar var və onlar da sülh istəyirlər. Özü də ermənilərin aralarında belə yeni, sülhpərvər fikirli adamların yaranmasında bizim yazarların əməyi çoxdur. Yazarlar Seymur Baycan və Əli Əkbərin Ermənistana səfərlərindən, onların oradakı mühazirələrindən sonra belə adamlar cəsarətə gəldilər. Gördülər ki, xalqları düşmən kəsilən yazarlar belə cəsarətli, azad fikirli ola bilərlər. Bəli, mən ermənilərə düşmən münasibətdə deyiləm. Necə ki, ruslara, almanlara, türklərə, talışlara, lazlara bir sözlə, heç bir millətə qarşı düşmən deyiləm. Mən faşist deyiləm, millətçi deyiləm, nə vaxtsa belə bir şey demişəmsə, nə vaxtsa davranışımda bu meyllərə oxşar bir şey olubsa da, buna görə çox utanaram.

- Biz səni həm də AYO-nun sədri kimi tanıyırıq. Amma xeyli müddətdir Tbilisidəsən, indi isə Berlində. Səncə, bu halda AYO ilə bağlı işlərini yubatmırsan ki? Nə kimi planların var AYO ilə bağlı? İndi orda vəziyyət necədir?

- AYO-nun vuran qolu fəxri başqanımız Rasim Qaraca olub həmişə. İndi də odur. Kitablar çıxarır, tərcümələrə başlayır, quruma yeni-yeni insanlar cəlb eləyir. AYO ilə bağlı planlarım isə çox yaxın gələcəkdə quruma yeni yazarların üzvlüyü, «Alatoran yayınları» seriyasından iki kitabın nəşridir. Bunlardan biri hazırda həbsdə olan AYO-çu Zaur Qurbanlının yazılarından ibarət kitabdı. AYO-nun vəziyyəti isə həmişəki kimi yaxşıdı. Ortada yeni imzalar var, yeni tərcümələr var, yeni nəşrlər var. AYO həmişəki kimi yenə mövcud rejimə qarşı müxalifətdədir. Əlimizdə olan imkanlarla bu qədərini edə bilirik.

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG