Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:44

«Rusiya bizə mədəniyyət-filan gətirməyib» (Debatda mübahisə)


soldan sağa: Nəsib Nəsibli, Səadət Akifqızı və Rəhim Əliyev (proqramdan sonra)
soldan sağa: Nəsib Nəsibli, Səadət Akifqızı və Rəhim Əliyev (proqramdan sonra)

​-

Rəhim Əliyev.

- İranda bütün mürtəcelərin hamısı milliyyətcə azərbaycanlı idilər.

Nəsib Nəsibli:

- Rəhim bəyin dediyi o məsələ ilə əsla razı deyiləm. İranda türk-fars məsələsi yoxdur demək fars şovinistlərinin, irqçilərinin tezisinin eynilə təkrarıdı...



1813-cü il oktyabrın 12-də (yeni tarixlə 24-də) Rusiya imperiyası və İran arasında bağlanan müqaviləyə görə şimali Azərbaycan torpaqları - (Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla) Rusiyaya verildi.

Bu, Azərbaycanı parçalayan bir müqavilə idi, Azərbaycan xalqının bu günkü parçalanmış vəziyyətinin əsasını qoydu.

Yoxsa dolayısı ilə 20-ci əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinə yol acdı və hazırkı Azərbaycan Respublikası “Gülüstan”sız yarana bilməzdi?

Azadlıq Radiosunun "Pen klub" proqramındakı debata tarixçilər Nəsib Nəsibli, Altay Göyüşov, DAK "Güney Azərbaycan nümayəndəliyi"nin rəhbəri Babək Muğanlı, yazıçı Rəhim Əliyev, əslən İran Azərbaycanından olan Güntay Gəncalp qatıldılar.


Səadət Akifqızı

- Altay bəy, necə düşünürsünüz, 200 ildən artıq tarixi olan Gülüstan müqaviləsi müasir dövrdə müzakirə obyekti olmalıdırmı?

Altay Göyüşov

- Hesab edirəm ki, bu, tarixdir və artıq başa çatmış bir prosesdir, mübahisə obyekti olmasının tərəfdarı deyiləm, amma öyrənilməsinin, qiymətləndirilməsinin, obyektiv münasibət göstərilməsinin tərəfdarıyam. Bu nöqtədən yanaşanda ayrı-ayrı hadisələri, prosesləri qiymətləndirmək mümkündür. İstəyirəm öz fikrimə görə Gülüstan müqaviləsinin yaxşı və pis cəhətlərini nəzərinizə çatdırım. Mənim fikrimcə, ən birincisi, sözsüz ki, istənilən ölkənin istiqlaliyyətinin itirilməsi yaxşı hal deyil. Bu gün artıq politologiya elmində sübut olunmuş bir məsələdir ki, bir ölkənin, bir xalqın inkişafı onun müstəqil olduğu şəraitdə daha hərtərəfli olur və daha tez həyata keçirilir, nəinki xalqın müstəmləkə şəraitində olduğu vaxtda. Yaxud da bu gün Çində və Hindistanda baş verən hadisələr onu sübut edir ki, bunların əldə etdiyi nailiyyətlər çoxu müstəqil olduqdan sonrakı dövrü əhatə edir. (ardı aşağıda)

Nəsib Nəsibli və Rəhim Əliyev
Nəsib Nəsibli və Rəhim Əliyev



Əslində dərinə gedəndə bizim özümüzü də baxıb qiymətləndirsək belə qənaətə gəlmək mümkündür. Baş verən hadisələrə bu nöqteyi-nəzərdən yanaşanda, biz Cavad xanı bir qəhrəman kimi qiymətləndiririk, çünki o Azərbaycan istiqlaliyyətinin, ya da Azərbaycanın bir parçasının, Gəncə xanlığının istiqlaliyyətinin uğrunda mübarizə aparmışdı. Amma bütün bunlarla yanaşı etiraf etmək lazımdır ki, Azərbaycanın Rusiyaya birləşdirilməsi bu regionda bir sıra pozitiv proseslərə təkan vermiş oldu. Bu pozitiv proseslər hansılardır? Azərbaycan Nadir şahın ölümündən sonra faktiki olaraq ayrı-ayrı xanlıqlar şəklində yaşayırdı. Vahid dövlət yox idi, bu xanlıqlar daim bir-biri ilə mübarizədəydi. Bütün bu mübarizələrdən həm ölkə əhalisi, həm də ölkənin iqtisadiyyatı, rifahı zərər çəkirdi. Rusiya gələndən sonra burda bir unifikasiyanın yaranması, xanlıqların aradan götürülməsi, vahid iqtisadi məkanın, siyasi məkanın yaranması çox ciddi proseslərə təkan verdi.

Səadət A.

- Siz xanlıqlardan danışdınız, amma Rusiya ilə İran arasında bu müqavilə imzalanarkən Azərbaycan ərazisində xanlıqlar vardı və bu xanlıqlar birbaşa İran torpağı sayılmırdı. Onlar hər biri müstəqil siyasətini yürüdürdü. Amma Gülüstan müqaviləsi imzalanarkən xanlıqların heç bir nümayəndəsi burda iştirak etməyib. Belə bir tarixi vəziyyət olmasaydı, xanlıqlar özləri birləşərək müstəqil Azərbaycanın əsasını qoya bilməzdimi? Belə cəhdlər də olmuşdu.

Altay G.

- Sizinlə tamamilə razıyam ki, Nadir şah öləndən sonra xanlıqlar de fakto müstəqil idilər, amma de yure bunlar heç vaxt müstəqil olmayıblar. Hətta görürük ki, Gəncə xanı Sisyanovla yazışmalarında özünü İran təbəəsi adlandırır. Yaxud da Bakı xanı Sisyanovu öldürəndən sonra başını peşkəş kimi İran şahına göndərir. İranı da o dövrdə idarə edənlər Səfəvilər dövlətinin əsasını qoymuş tayfalardan biri qacarlar idi. Tarixi nöqteyi-nəzərdən baxanda əslində qacarlar da azərbaycanlılardı və de yure olaraq bu ərazilər İran əraziləri hesab olunurdu. Birləşdirmə məsələsinə gəldikdə isə, doğrudan da belə cəhdlər olub, lakin bu cəhdlərin məqsədi heç də Azərbaycan adında dövlət qurmaq olmayıb. Bu, sadəcə ayrı-ayrı xanlıqların digər xanlıqlar üzərində nəzarəti ələ keçirmək uğrunda mübarizəsi idi. Bu mübarizələr İran tərəfdən, qacarlar, ya da Kərim xan Zənd tərəfindən olanda bu, vahid İran dövlətinin köhnə ərazilərini geri almaq cəhdi idi, bizim tərəfimizdən, yəni xanlıqlar tərəfindən olanda isə bu bir nəfərin ayrı-ayrı ərazilərdə olan idarəçiləri öz nəzarəti altına almaq cəhdi idi. Gülüstan müqaviləsində ən mənfi tərəflərdən biri Azərbaycan xalqının iki yerə bölünməsidir. Əsas neqativ tərəf budur, amma qalan məsələlər pozitiv idi. Bu xanlıqlar öz aralarında birləşə bilmirdi, Rusiya şəklində birləşmə həm də ona görə pozitiv cəhət idi ki, burda gələcək Azərbaycan dövlətinin əsasını qoyacaq yeni zümrə meydana çıxdı. Həmin o zümrənin İranda meydana çıxması isə çox ciddi problem idi və mümkün olmurdu.

Biz indi Axundov haqqında danışırıq. O Azərbaycanda sekulyarizmin, müasir dünyagörüşünün əsasını qoymuş bir şəxs kimi həm bizim tarixçiliyimiz tərəfindən öyrənilir, həm də İran milliyyətçiliyinin əsasını qoymuş bir şəxs kimi ona qiymət verilir. Bu adam Rusiya imperiyasında yaşamış, Gəncədə təhsil almış, Rusiya canişini kimi çalışmışdı və Avropadan tərəqqipərvər ideyaların buraya gətirilməsi ona Rusiya vasitəsilə müvəffəq olmuşdu. Nəzərdən qaçırmaq olmaz ki, o vaxtı Azərbaycan ziyalısının çox ciddi nailiyyətləri olmuşdu, müsəlman dünyasında ilk dəfə olaraq elita kimi, müasir təhsilli, maarifpərvər bir zümrə yetişmişdi. Ona qədər hətta ondan sonra bütün müsəlman dünyasında aparıcı elita rolunda həmişə din xadimləri iştirak ediblər. Hamı uşağının din xadimi olmasını istəyirdi, Axundovun da, Sabirin də uşaqlıqda din xadimi olmasını istəyirdilər. Din xadimi cəmiyyətin bütün məsələlərinə cavabdeh idi, kəbindən tutmuş insanın basdırılmasına kimi, məhkəmələr də onların əlində idi. Lakin, ilk dəfə olaraq müasir cəmiyyət anlayışını gətirən bir Azərbaycan ziyalı təbəqəsi formalaşdı ki, onlar apardığı mübarizədə mürtəce din xadimləri üzərində qalib gələrək Azərbaycan ideyasını formalaşdırıb, müasir dövrdəki Azərbaycan dövlətini yaratdılar. Ondan sonrakı naİliyyətləri özünüz bilirsiniz, o nailiyyətlərə müsəlman dünyasının böyük əksəriyyətində çatmayıblar. Tutaq ki, “Leyli və Məcnun” kimi operanın yazılması, 1901-ci ildə qızlar məktəbinin açılması, dünyəvi məktəblərin təsdiqi, teatrın yaradılması. Bütün bu nailiyyətlərin səbəbkarı yeni ziyalı zümrəsi idi ki, onları formalaşdıran məhz Azərbaycanın o vaxt Rusiya tərəfindən işğalı olmuşdu. (ardı aşağıda)

Altay Göyüşov
Altay Göyüşov



Səadət A.

- Rəhim bəy, Gülüstan sülh müqaviləsi Azərbaycan tarixində nəyi dəyişdi?

Rəhim Əliyev

- Şübhəsiz ki, ilk növbədə Azərbaycan xalqının taleyini dəyişdi, əlbəttə ki, biz öyrənmişik ki, deyək bu, müstəmləkəçilik olub, Azərbaycan bölünüb, filan. Amma indi 200 illik məsafədən baxanda görərik ki, Gülüstan müqaviləsi elə Azərbaycan probleminin ilk qoyuluşu idi. Azərbaycan parçalanmaqla, onun taleyi siyasi bir problem kimi ilk dəfə elə 1813-ci ildə ortaya çıxmışdı. İran tarixindəki xalqların taleyi ilə bizim taleyimizi müqayisə edəndə bu müqavilənin ümumi tarixi istiqamətinin əlbəttə ki, mütərəqqi olduğu görünür. Bununla Azərbaycan xalqının şüurunun, dövlətçiliyinin, ədəbiyyatının, müasir təfəkkürünün inkişafı üçün imkan yaranıb. Halbuki İran tərkibindəykən belə bir imkan yox idi. Ancaq Rusiyaya birləşəndən sonra Azərbaycan şərq mühitindən ayrılıb Avropa maarifçiliyi ilə qaynayıb-qarışmağa başladı. Bu, Azərbaycanın yeni mədəniyyətinin yaranması ilə nəticələndi.

Səadət A.

- İranın özündə bu gün bu cür maarifçilər yoxdurmu?

Rəhim Ə.

- Söhbət bu gündən yox, 19-cu əsrdən gedir. 19-cu əsr Azərbaycan maarifçiliyi Gülüstan müqaviləsindən sonra Azərbaycan Rusiya sferasına keçdikdən sonra yarandı. İlk böyük maarifçilər, Bakıxanov da, Axundov da Rusiyanın Qafqaz canişininin köməkçiləri idilər. Onlar müstəmləkə üsul-idarəsinin qərargahında çalışırdılar. O dövrdə İranda da maarifçilik var idi, amma Axundov kimi maarifçi İranda yox idi. Ümumiyyətlə, İran maarifçiliyi Azərbaycanın böyük təsiri ilə formalaşıbdır. Həm siyasi partiyalar, həm Məmməd Əmin Rəsulzadə kimi görkəmli adamlarımız İranda milli şüurun inkişafına böyük təsir etmişdir. Azərbaycan probleminin meydana çıxması özü, birinci dəfə 1813-cü ildə Şimali Azərbaycanda baş vermişdisə də, ikinci dəfə yenə də Şimali Azərbaycanla bağlı idi. Demokratik Respublikanın yaranması yenidən Cənubi Azərbaycan məsələsini dünya miqyasına çıxartdı. Üçüncü dəfə Azərbaycan problemi Pişəvəri hərəkatı zamanı ortaya çıxıb ki, onu da planlaşdıran qüvvələr bu tayda idi. (ardı aşağıda)

Səadət Akifqızı
Səadət Akifqızı



Səadət A.

- Güntay Gəncalp “Abbas Mirzə və Azərbaycan” kitabını Azərbaycan dilinə tərcümə edib. İndi onun Rəhim bəyin fikirlərinə münasibətini bilək.

Güntay Gəncalp

- Mənə görə sovet dönəmində ürətilən bu qavramlar kökündən xətalıdır, yanlışdır və tarix elmi ilə bir əlaqəsi, ilgisi yoxdur. Bir az öncə siz “İranda olan inqilab” kəliməsini işlətdiniz. Axı İranda inqilab olmayıb. İnqilabın kitabı olar, nəzəriyyəsi olar. Səttərxan inqilabçı deyildi, qiyamçıydı. Nəsib Nəsiblinin yazılarında da var ki, Təbrizdə dörd dəfə inqilab olub, bunlar doğru deyil, bir əsrdə dörd dəfə inqilabmı olar? İnqilab Fransada olduğu kimi beş yüz ildə bir dəfə olar, layiqliyi, insan haqlarını qoyar ora, beş yüz illik, min illik problemi həll edər. Gülüstan müqaviləsini dəyərləndirə bilmək üçün ondan əvvəlki tarixi, sosial durumu dəyərləndirməliyik. 17-ci əsrin sonlarına doğru Səfəviyyə çökmək üzrə idi. 1694-cü ildən 1722-ci ilə qədər Molla Hüseyn adlanan Şah Sultan Hüseyn Səfəvi iqtidarda idi. O daha çox dini işlərlə məşğul olduğu üçün ona molla deyirdilər və min dənə arvadı var idi, bir gündə yüz dənə qız almışdı. Xalq səfəviyyətin zülmündən bezmişdi. Qafqazda Səfəvi kimliyinə qarşı bir etiraz vardı, məsələnin kökünü burda araşdırmaq lazımdır. Nadir şah gəldikdən sonra bir növ sekulyar dövlət yaratdı. Dinlə dövləti ayırıb, səfəviyyətin bütün dəyərlərini qadağan etdi. Nadir şah öldükdən sonra onun eşikağası olan general Pənah bəy gəlib Qarabağda yerləşdi, Pənahabad şəhərini saldı. Bizim kimliyimiz də bundan sonra şəkilləndi. Çünki səfəvi fars-sasani basqısından azad olandan sonra xalq azad olur.

Gülüstan müqaviləsi bağlanandan sonra isə xanlıqlar çox xoşbəxt idilər, çünki onlar könüllü şəkildə ruslarla iş birliyindəydilər. Çünki mədəniyyət ordan gəlirdi. İrandan Şeyx Nəsrullah gəlirdi, Rusiyadan da opera, Lev Tolstoydan təsirlənmə gəlirdi. Nəticədə də Axundov kimi, Zərdabi kimi adamlar ortaya çıxır ki, həm sünni olasan, həm də türk kimliyinə inanasan. Belə insanlar İran tarixində əsla yetişə bilməzdi. Gülüstan müqaviləsilə bizi parçaladılar, bizi yox etdilər - deyə söhbətlər hamısı iftiradır. 1953-cü ilə qədər belə söhbətlər yox idi. Elə ki 1953-də İranda Müsəddiq hakimiyyətə gəldi, Sovet hakimiyyəti İrandakı təsirini itirdi, 3000-ə qədər kommunist tutulub asıldı. Bundan sonra Cənubi Azərbaycan məsələsi, parçalanmış Azərbaycan məsələsi Moskva tərəfindən İrana bir təzyiq yolu kimi ortaya atıldı.

Səadət A.

- Nəsib bəy, tarixçi Altay bəy də, Rəhim bəy də Gülüstan müqaviləsi nəticəsində Azərbaycan tarixində bir təkamül olduğunu bildirdilər. Güntay Gəncalp bu müqavilə ilə heç də bir xalqın iki yerə parçalanmadığını bildirdi. Sizin münasibətinizi bilək bu məsələyə?

Nəsib Nəisbli

- Bu il həqiqətən Gülüstan müqaviləsinin 200 illiyidir. Bu bayramdır, ya matəmdir, o başqa məsələdir, amma hər halda 200 illik bir yubileydir, bildiyim qədərincə Azərbaycan cəmiyyəti bu məsələni müzakirə etməyib. Şəxsən mənim fikrimcə, bu bir faciəydi. Niyə faciə dedim? Çünki dünyanın heç bir yerində torpağın işğalını bayram tutmazlar və heç bir vətəndaş bunu nəticəsindən asılı olmayaraq, tarixdə müsbət hadisə kimi qiymətləndirməz. Onda gəlin deyək ki, indiki şimali Azərbaycanı da Avropa gəlib işğal etsin, onunla bizə mədəniyyət gətirsin və biz bununla xoşbəxt olaq. Eyni məntiq olacaq.

İndi sovet dövründən qalma bir tezis də var ki, Rusiya bizə mədəniyyət gətirdi. Rusiya bizə mədəniyyət-filan gətirmədi. Rusiya bizə müstəmləkə rejimi gətirdi. Bizim bu aşağılıq kompleksindən çıxmaq zamanımız gəlib çatıb. İyirmi ildən çoxdur müstəqilik, bizim güneyli qardaşlarımızın da belə bir müqayisəsi var ki, baxın görün İranda vəziyyət necədir, burda vəziyyət necədir. Biz iki pisdən ən yaxşı pisi seçmək məcburiyyətində deyilik ki. (ardı aşağıda)

Güntay Gəncalp
Güntay Gəncalp



Səadət A.

- Nəsib bəy, sizcə bu günki Azərbaycan dövlətini həmin müqavilənin nəticəsi hesab etmək olarmı?


Nəsib N.

- İndi filan şey olmasaydı, filan şey olardımı kimi danışsaq, mən deyərdim ki, əgər Azərbaycan bölünməsəydi, orda Rza şah diktaturası olmazdı. Türk elementi bu qədər zəifləməzdi. İran başqa yolla gedərdi. Olan oldu, parçaladılar, böldülər, amma Axundovu çıxmaq şərtilə bizim heç bir böyük fikir adamımız bu hadisədən sevindiyini ifadə etməyib. Əksinə bu bizim tariximizdə ən faciəli hadisələrdən biri kimi qeyd olunur.

Rəhim Ə.

- Nəsib bəy, biz burda sevinmirik, heç bir hadisəni də bayram etmirik. Bu, tarixi faktdır və bizi çağırıblar ki, onu müzakirə edək. Əlbəttə ki, 200 il məsafədən baxanda görürük ki, bu hadisə Şimali Azərbaycanın tarixində müsbət rol oynayıb. Biz sadəcə olaraq tarixi faktlara qiymət veririk.

Nəsib N.

- Mən də qiymət verirəm və mənim qiymətim mənfidir.

Rəhim Ə.

- Amma real faktlar var axı. Siz deyirsiniz ki, türklər ayrılmasaydı, belə olardı. İranda heç vaxt türk-fars elementi olmayıb. İranın aristokratiyası Xətainin dövründən qalan adamlardılar. İranda millət anlayışından daha çox torpaq anlayışı var. O vaxt kim torpaq sahibi idisə, onlar elə bu gün də torpaq sahibidirlər. İranda bütün mürtəcelərin hamısı milliyyətcə azərbaycanlı idilər. Siz hər şeyi milli məsələlərə bağlayırsınız, halbuki bunun İrana dəxli yoxdur.

Səadət A.

- Amma Rəhim bəy deyir ki, Azərbaycanda 19-cu əsrdə olan maarifçilik İranda yox idi. Azərbaycan bu maarifçiliklə xeyli qabağa getdi. Altay Göyüşov da bəzi qızlar üçün məktəbin yaradılması, ölkəyə Avropa təhsilinin gətirilməsini vurğuladı.

Nəsib N.

- Rəhim bəyin dediyi o məsələ ilə əsla razı deyiləm. İranda türk-fars məsələsi yoxdur demək, fars şovinistlərinin, irqçilərinin tezisinin eynilə təkrarıdı. Bunu mən Rəhim bəydən heç gözləmirdim. İranda Azərbaycan məsələsinin ən azı 90 illik tarixi var. Bu, məşrutədən bəri bu hərəkatın onlarla qurbanına qarşı bir hörmətsizlik olardı. Bu gün belə Güney Azərbaycanda türk məsələsi var, bu hərəkat uğrunda onlarla adam zindana düşür, həyatını itirir.

Gələk sizin sualınıza. Baxın rəsmi sovet tarixçiliyi deyirdi ki, Rusiya bizə maarifçilik gətirdi. Məgər Rusiyanın daxilində olmayan başqa ölkələrdə maarifçilik yaranmamışdı? Zəif də olsa Osmanlıda yaranmamışdı? Onların məgər Axundov kimi adamları yox idi? Mütləq gərək bunun üçün Rusiyanın müstəmləkəsi olaydıq? Xeyr, elə şey yoxdur. Rusiya Azərbaycanı müstəmləkə kimi deyil, hətta öz quberniyası kimi idarə etməyə çalışırdı. Burda hakim elitada ancaq ruslar var idi. 1918-ci ildə Azərbaycan Rusiyadan ayrılanda hakim elita kimi heç ruslaşmış azərbaycanlılar belə yox idi. Yəni bu gün çeçenlərin başına gətirilənlər Azərbaycanın başına o vaxt gətirilib. Biz cırmaq-cırmaq tərəqqiyə nail olmuşuq və bu, rusların-filanın xidməti deyil. Təhsilə qalanda gürcü maarifçilərinin bizə təsiri Dostoyevskininkindən çox olub. Dostoyevski bir türk düşmənidir. Əsərlərində tatarları necə məhv etməkdən yazır. Amma dünyada o, humanist yazıçı sayılsa da, o dövrdə hakim rejimin fikirlərini ifadə edirdi. Sovinist bir tip idi.

Rəhim Ə.

- Mən Nəsib bəyin mövqeyini bir az bilirəm. O, Rusiya təsirinə qarşı həmişə çox tənqidi yanaşır, amma biz burda danışanda heç yerdə Rusiya Azərbaycana xoşbəxtçilik gətirib demədik ki. Biz dedik ki, Gülüstan müqaviləsi nəticəsində Azərbaycan Avropa maarifçiliyinə İranın özünə nisbətən daha intensiv qovuşa bildi. İkincisi, Nəsib bəy deyir ki, mən guya türkləri təhqir elədim-filan, amma mən öz fikrimin üzərində təkidlə qalıram. Bəli, bu gün İranda böyük türkçülük hərəkatı var, amma İranda türkçülüyə qarşı mübarizə edənlərin öndə gedənləri də, ilhamçıları da hamısı azərbaycanlıdır. Orda azərbaycanlıların belə bir partiyası var ki, İran onların xoşuna gəlir, onlar orda hakimiyyətdədirlər. Bəli, onlar İranın elitasında rəhbər vəziyyətdədirlər, buraya gələndə də ikiüzlü-ikiüzlü danışırlar, özlərini milli xadim kimi göstərirlər. Amma faktiki İranın bütün inqilablarını da azərbaycanlılar edib, irticanın başında da azərbaycanlılar dayanıb. Pişəvərinin hərəkatından sonra minlərlə adamı qıranlar da hamısı azərbaycanlılar idi. Düzdür, bunu şah planlaşdırırdı amma azərbaycanlılar, yəni sizin dediyiniz türklər icra edirdi.

Nəsib N.

- Təəssüflər olsun ki, 20 ilə yaxındır müstəqil olmağımıza baxmayaraq tarix şüurumuz elə sovet dövrü tarix şüurunu təkrar edir. Biz yeni bir tarix konsepti ortaya qoya bilməmişik. Sovet dövründə bizim statusumuz nəydi, onu belə anlamamışıq, ona görə bizim mübahisəmiz təbiidir.

Səadət A.

- İran Azərbaycanından baxanda bu məsələ necə görünür. Bunu isə biz Dünya Azərbaycanlıları Konqresindəki “Güney Azərbaycan nümayəndəliyi”nin başçısı Babək Muğanlıdan soruşacağıq. Babək bəy Gülüstan müqaviləsindən sonra Azərbaycan nə əldə etdi, nə itirdi?

Babək Muğanlı

- Bu gün o müqavilədən 200 il keçməsinə baxmayaraq Güney Azərbaycanda bizim yaralarımız hələ qaysaq bağlamayıb. Orda hər bir evə, hər bir obaya getsək, qardaşların ayrı düşməsindən danışılır. Ancaq Rəhim bəy buyurdu ki, İranda başda olan mürtəcelər azərbaycanlılardır, onlar istəmirlər Azərbaycanın müstəqilliyini. Soruşuram ki, məgər sovetlər dönəmində Azərbaycanın başında duranlar, yazıçıları, şairləri vəzifələrinə görə, yaxud işlərinə görə Sovetin dediyi ilə durub-oturmurdularmı? Bu elə həmin vəziyyətdir. Bəxtiyar Vahabzadə demişkən, bunlar özgə adamlar idi, bizim millətə məxsus olmayan adamlar idi.

Səadət A.

- İran Azərbaycanında yanaşma nə idi, birgəmi gedilməliydi Rusiyanın tərkibinə, yaxud başqa variantlarmı seçilməliydi? İran Azərbaycanında da 1918-ci ildə Azərbaycan Cumhuriyyətinin qurulmasını bu müqavilənin bir nəticəsi hesab eləyənlər olurmu?

Babək M.

- Güney Azərbaycanda bütöv Azərbaycan üzərində fikirləşirlər. Şah dövründə bizə məktəbdə bu müqaviləni bütün tərəfləri ilə öyrədirdilər. Amma o dövrdə sovet televiziyasında Qacarlar tamam savadsız, vəhşi, qəddar, geridəqalmış bir rejim kimi göstərilirdi. Güney Azərbaycanda deyirlər ki, bizim torpağımızın bir parçasını ayırıblar. İran rejiminin bunlara münasibəti belədir: mənim 17 şəhərimi məndən ayırıblar. Bura Dərbənd, Gürcüstan şəhərləri də aiddir. Amma Güneydən baxanda güneylilər və zindandakı güney fəallarının yeganə istəyi Azərbaycanın bu taylı, o taylı bütövlüyüdür. Orda bütün torpaqlarımızın geri qayıtmasını və istiqlaliyyətini fikirləşirlər...

Debatı tam izlə

XS
SM
MD
LG