Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:04

Azərbaycanlı dedikdə ilk öncə ağlınıza nə gəlir?


Günel Eyvazlı
Günel Eyvazlı
-

Sözlərimdən inciməsinlər, 20 ildən çoxdur ki, qaçqınlıq, məcburi köçkünlük statusu ilə yaşayan, dövlət tərəfindən imtiyazlar alan, çörək pulu alan azərbaycanlıların yükünü niyə qaçqın olmayan kütlə çəkməlidir?..

Mollalarımız ziyalı olmalıdır. İki kəlmə sözlə əxlaqı, mənəvi zənginliyi aşılamalıdır. Mollalar yalnız saqqal uzatmağı, baş bağlamağı öyrətməməlidir...


Günel Eyvazlı


QARIŞIQ MƏTLƏBLƏR...


Dünyada hörmət edilən, öz statusu ilə diqqət çəkən xalqlar var. Bir Yapon adı kifayət edər ki, bir Alman adı kifayət edər ki, özü-özlüyündə anlam və informasiya daşısın. Kənar izahata, xəritəyə, Caspian Sea, Oil, Former Soviet Republic deməyə ehtiyac qalmayacaq.

Demək, zurna-balabanla, dəflə, nağara ilə vəsf etdiyimiz yeraltı və yerüstü sərvətlər, bir xalqı xarakterizə etmək üçün çox acizdir. İşdə məsələ də burasındadır.

Türkiyədə dükanını kirayə verən, satıcı, ya da nə bilim nə axtaran sahibkar qapıya “Lütfən Azəri olmasın” yazır. Nədən əcəba? Nədən bütün Qafqaz xalqları Rusiyada rahat alver etdikləri halda, biz azərbaycanlıları gözüm-çıxdıya salırlar? Niyə balaca bir məqam yetir ki, oğrudur, yalançıdır, dələduzdur deyib qazamata salırlar? Nədir səbəb?

Nə oldu, bütün dünyanın gözü bizləri götürmürmü? Nə veriblər ki, ala bilmirlər?

Səbəb çox aydındır. Biz millət olaraq bir-birimizə hörmət etmirik. Biz əslində bir-birimizi sevmirik. Məhz bu səbəbdən kollektivçilik, qrup anlayışı, birləşmək, birgə hərəkət etmək, bir hədəfə vurmaq kimi anlayışlar yaddaş kartımızda yoxdur. İdeologiyalara, müxtəlif fikirlərə parçalanma göz qabağındadır. Əhalisi 9 milyon olan balaca bir ölkənin bu qədər partiyası, bu qədər qrupları kimə lazımdır? Nəyə lazımdır? Çünki hər kəs öz odasında, öz kreslosunda əyləşmək istəyir. Çünki hər kəs ayrılıqda lider olmaq istəyir. Mən , mən...

Bir neçə gün öncə Sumqayıt şəhərində ticarət mərkəzi yandı. Səhəri günü küçələrə tökülən, ticarət mərkəzi ilə heç bir əlaqəsi olmayan göyərti satanın göyərtini qızıl qiymətinə qaldırması, alıcılarla xonza kimi danışması, hansı mədəniyyətə, hansı mənəviyyata sığır? Lap elə mağazalardan söz düşmüşkən, satıcıların alıcılara dediyi “Alırsan al, almırsan alma” kimi ifadələri hansı mədəniyyətə sığır? Toylarda yeməyi qalaq-qalaq israf edən kəslərin mədəniyyəti hansı çərçivəyə sığışır? Maaş zamanı məhdud, tez-tez xarab olan bankomatlar önündə növbə gözləməyən, bir-birlərinə ağızlarına gələni deyənlərin (qeyd edim ki, ziyalılar da belədir) mədəniyyəti hansı çərçivəyə sığır? Haralısan deyib, sonra sözə başlayan bizik, biz.

Nədən ziyalılarımız, alimlərimiz olduğu halda dünya bizi alverçi kimi tanıdı?

Hətta Rusiya səhnələrində də bazar adamı obrazını yaradıb, özümüzə güldük. Həm də necə bazar adamı. Yalançı, kobud, fırıldaqçı və.s. Deməyin ki, erməni, gürcünün dini xristian olduğundan Rusiya onları öpüb gözünün üstündə saxlayır. Əsla. Bəs tatarı, türkməni, özbəyi necə? Demək ki, hardasa bir boşluq var, nədənsə biz kənarda özümüzü doğru, dürüst tanıtmamışıq (qeyd edim ki, hər bir fərd Azərbaycandır).

Yeni orfoepiya kitablarında, məktəb sözünün deyilişi “Məytəf”dir deyibən dilimizi zibilxanaya döndərdik. Ədəbiyyatımızı - yataq səhnələrini ədəbi çərçivədə deyil, öz yaşadıqları əxlaqsız həyat tərzini nümayiş etdirməklə ləkələdilər. Benzinin içərisinə qatqı qataraq, öz millətimizə satdıq. İranda küçəyə tökülən, vaxtı keçmiş ərzaq məhsullarının son istehsal tarixini dəyişərək vitrinlərə gətirməklə, özümüzü zəhərlədik. Kəsmik yemə, təbaşirdi, ət yemə, su içmə, daha nə, nə... Bunu biz özümüz, özümüzə etdik. Heç acımadıq millətimizin halına.

Sözlərimdən inciməsinlər, 20 ildən çoxdur ki, qaçqınlıq, məcburi köçkünlük statusu ilə yaşayan, dövlət tərəfindən imtiyazlar alan, çörək pulu alan azərbaycanlıların yükünü niyə qaçqın olmayan kütlə çəkməlidir? Axı bu statusu daşıyanlar da işləyir. Məgər dövlət tərəfindən imtiyazlara layiq görülmək üçün qaçqınmı olmaq gərəkdir? (niyə yeni doğulan azərbaycanlılar uşaq pulu ilə təmin edilmir?) Məncə, 20 il qaçqınlıq olmaz. Məncə qanun hamıya şamil edilməlidir. (Əlbəttə onlar arasında ehtiyacı olanlara müavinətlər verilməlidir, iş-güc adamlarına, mağaza, post sahiblərinə deyil) O zaman kommunal xidmətlərin qiyməti də aşağı düşəcək. Şəhid və əlil ailələrinə bu imtiyazların verilməsi haradasa başa düşüləndir, amma, müəyyən postlarda oturan məcburi köçkünlərin və qaçqınların bu statusa yiyələnməsi, imtiyazlardan istifadəsi nə dərəcədə doğrudur? (Mən xalqı iki qismə bölmürəm. Sadəcə, söhbət konkret olaraq qaçqınlara verilən imtiyazlardan gedir.)

Bir qrup şəxsə bu üstünlüklərin verilməsindənsə, təqaüdçülərə onları ay boyunca dolandıra biləcək, dərmanına, səhhətinə, can sağlığına yetəcək qədər pensiya kəsilsin.

Tərəzinin bir gözü yüngül olduqda, ağırlıq digər gözünə düşür. Belə olduğu halda tarazlıqdan, bərabərlikdən söz gedə bilməz! Belə olduğu halda Azərbaycanın birliyindən danışmaq belə əbəsdir.

Demək, özümüzü tərbiyə etməsək, bir-birimizlə anlayışlı olmasaq, heç kənar dövlətlər də bizə hörmət etməyəcək.

Hardan başlayır anlayışlı olmaq? Bax elə təhsildən, ailədən, dindən.

Niyə məscid dedikdə, yalnız kimsə ölərkən yumağa apardığımız məkan yada düşür? Niyə kilsələrdə keşişlər əhali ilə müəyyən zamanlarda toplaşıb mənəvi söhbətlər etdiyi halda, Azərbaycan mollası ölüyə yer satmaqla məşğuldur?
Abilər, ablalar, biz elementar olaraq bir-birimizlə söhbət etməyi bacarmırıq.

Azərbaycanda ünsiyyət problemi var. Məscidə yalnız namaz qılanlar getməməlidir. (Getməməlidir dedikdə, vəziyyət elə olmalıdır ki, xalq məscidə getməyi lüzum bilməlidir. Amma, bu vaxta qədər kitaba sevgi yarada bilməmişiksə, məsələnin bərbad olması göz qabağındadır) Mollalarımız ziyalı olmalıdır. İki kəlmə sözlə əxlaqı, mənəvi zənginliyi aşılamalıdır. Mollalar yalnız saqqal uzatmağı, baş bağlamağı öyrətməməlidir. (Qeyd edim ki, bu boşluqdan şarlatanlar çox yaxşı istifadə edirlər. Hələ TV kanallarda gedən şeytan reklamlarından danışmıram)

Eh, bir məqaləyə sığmayan o qədər mətləblər var ki, dilənçi müəllim, dilənçi həkim misalında...

Demək, hündür binalar, yeraltı, yerüstü körpülər, qara neft, mərmər döşəmələr, fontanlar, ən uca bayraq dirəyi, peyk - azərbaycanlı adına dünya xalqlarının nəzərində layiqli qiymətini verməkdə çox acizdir. Çox aciz.

Alman dedikdə - dəqiqlik. Yapon dedikdə - dürüstlük nəzərdə tutulur.

(Qeyd: Türk dedikdə, pis-yaxşı yaradılan Polad Alemdar obrazı göz önünə gəlir. Hər xalq qondarma da olsa, özü üçün qəhrəman yaradıb. Azərbaycanın qəhrəmanı hələ də Nəsimi, Babəkdirmi? Yoxsa “Həm ziyarət, həm ticarət” filmində yazıq müəllimi aldadan, Türkiyədə çalışan biznesmen obrazımı? Yenə də alverçi...)

Əcəba, azərbaycanlı dedikdə ilk öncə ağlınıza nə gəldi?
XS
SM
MD
LG