Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:39

«Cip-cip, cücələrim...bəlkə mahnını dəyişək?»


Uşaq mahnıları çoxalacaq
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00

Uşaq mahnıları çoxalacaq

-
«Nəyə görə bizim müasir Azərbaycan bəstəkarlarının uşaq mahnıları olmasın?».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına «Yeni uşaq mahnıları-2013» respublika müsabiqəsinin qurucusu - «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova söylədi.

BAKININ UŞAQ PARKLARINDA HANSI MAHNILAR SƏSLƏNDİRİLİR?

İradə xanım uşaq mahnılarının yoxluğunu bir təsadüfdən üzə çıxarıb:

«İki il yarım əvvəl ofisi dəyişdik. Bir uşaq parkının yanına köçdük. Orada da səhər 9-dan axşam saat 9-a kimi musiqi səsləndirirlər. Bir də gördüm ki, səsləndirilən musiqilər xarici musiqilərdir--əsasən rus estradasından, bir-iki yapon cizgi filmindən və s. Bizim ancaq 1959-cu ildə lentə alınmış «Cücələrim» mahnısını — Suqra Bağırzadənin Kreml sarayında oxuduğu mahnını verirlər. Sözün düzü, pis oldum. Nəyə görə bizim müasir Azərbaycan bəstəkarlarının uşaq mahnıları yoxdur? Park bizimdir--gələn uşaqlar da bizimdir. Axı, biz uşaq mahnılarının bolluğunda böyümüşük...».

BU PROBLEM VAR!

İradə Yaqubova dözməyib parkın menecerinin yanına yollanıb:

«Dedi xanım, varsa gətir, mən də Azərbaycan mahnıları səsləndirim. Yoxdur axı... Getdim disk dükanlarına. Dedilər yoxdur. Bildim ki, problem var. Getdim bağçaların musiqi rəhbərləriylə danışdım. Orta məktəblərin musiqi müəllimləriylə görüşdüm. Hamısı söylədi ki, bəli, bu problem var!».

CİDDİ PROBLEMDİR!

İradə Yaqubova ölkənin iki tanınmış bəstəkarının— Oqtay Zülfüqarovun və Oqtay Rəcəbovun ev telefonunu internetdən əldə edib onlara zəng çalıb:
İradə Yaqubova
İradə Yaqubova

«Onlarla görüşdüm. Oqtay müəllimin ikisi də dedi ki, bəli, bu problem var—çox ciddi problemdir. Biz dəfələrlə bunu qaldırmışıq. Bizə kömək lazımdır. Odur ki, 2011-ci ilin yanvarından «Vətəndaş cəmiyyəti gələcəyimiz naminə» layihəsinə başladıq. İlk dəyirmi masamız fevralda keçirildi. Ondan sonra bu problem müxtəlif yönlərdən müzakirəyə çıxarıldı».

GƏNC NƏSİL YARADILMIŞ İMKANLARDAN İSTİFADƏ EDİRMİ?

İradə xanımın fikrincə, gənc nəsil bu imkanlardan yararlanmır:

«Azərbaycanda Təhsil Nazirliyinin nəzdində 365 uşaq yaradıcılıq mərkəzləri var... Burada bizim övladlarımız müxtəlif sahələrdə fəaliyyət göstərə bilər. Amma çoxları bu mərkəzlərin harada yerləşməsindən belə xəbərsizdir. Mədəniyyət Nazirliyinin nəzdində də 4 belə kollektiv var. Və müstəqil fəaliyyət göstərənlər var».

SAYT YARATDIQ

Müxtəlif mövzuların müzakirəsi bir fikrə gətirib çıxarır:

«Qərara gəldik ki, bir sayt yaradaq. Orada həm də, yaradıcılıq mərkəzləri barədə məlumat verək. Meneviservetimiz.az saytını yaratdıq. Burada uşaqlar üçün yazılan ədəbi əsərlər də var—həm yerli müəlliflər, həm də xarici. Musiqi bölməsi var. Azərbaycan bəstəkarlarının uşaq mahnıları toplanıb. Həm yüklənmə var, həm mahnının mətni və notu. Rəqslər də həmçinin—bu bölmədə həm xalq rəqslərimiz var, həm də xarici. Vokal və simfonik əsərlər də vermişik. Fikrət Əmirovun, Qara Qarayevin əsərləri, dahi müğənnilərimizin ifasında məşhur romanslar «Dinləmə» bölümündə verilir. Bunu da məktəb və bağça musiqi rəhbərlərinin istəyi ilə saytımıza daxil etdik. Onlar istəyirdilər ki, şagirdlər və kiçik uşaqlar təmiz səslər eşitsinlər».

UŞAQLAR AŞAĞI SƏVİYYƏLİ MUSİQİ MÜHİTİNDƏ BÖYÜYÜRLƏR

İradə Yaqubova «yeni uşaq mahnılarının yoxluğu hansı problemlərə gətirib çıxarır»—sualını belə cavabladı:

«Uşaqlar böyüklərin mahnılarına qulaq asırlar. Nəinki yaşlarına uyğun olmayan, hətta səslərinə uyğun olmayan mahnılar oxumağa başlayırlar. Və nəticədə, uşaqlar həyat haqqında başqa təsəvvürdə böyüyürlər. Musiqi müəllimləri də məcbur olub özləri mahnılar yazırlar. Bayramların ssenarisini yazır, mahnılar təqdim edirlər ki, uşaqları maraqlandırsınlar. Ancaq onların keyfiyyəti o qədər də yüksək olmur. Çünki peşəkar bəstəkar deyillər! Müəllimin nə qədər ürəyi yansa ad, uşaqlar aşağı səviyyəli musiqi mühitində böyüməyə məcburdurlar».

İradə Yaqubova və Gülzar İbrahimova
İradə Yaqubova və Gülzar İbrahimova
MİLLİ BAZA VAR!

Qonağımız yeni uşaq mahnılarının yazılmasını mütləq sayır:

«Bizim milli baza var. Məsələni qaldırdıq və KİV-ə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni bir layihə--«Yeni uşaq mahnıları-2013» respublika müsabiqəsi keçirmək qərarına gəldik. İnanıram ki, müsabiqənin uğurlu nəticələri olacaq və biz bu müsabiqəni 2014-cü ildə də keçirə biləcəyik. Builki müsabiqəyə 19 bəstəkar mahnı təqdim edib. Həm peşəkar, həm həvəskarlar var. 19 yaşlı gənclər də var, 70 yaşlı yetkin insanlar da. 73 mahnı təqdim olunub. Artıq ilkin seçim olub--37 mahnı ikinci mərhələyə keçib. Mahnılara bir də qaxılacaq və hər bir mahnı bir-bir dinlənilib qruplaşdırılaraq nominasiyalara bölünəcək. Çox gözəl mahnılar var. Yəqin ki, Mahnı Teatrında noyabrın sonları, dekabrın əvvəllərində qala konsertimiz də olacaq».

Layihənin jüri üzvlərindən biri - «Sehrli dünyam» uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova («Gülzar nənə» ) uşaq mahnıları sahəsində uzun illər yaranan durğunluqdan danışdı:

«Tək əldən səs çıxmaz! Bəstəkarlar tək-tək iş görürlər deyə, fəaliyyət o qədər də səmərəli olmur. Hamı birləşməlidir. Çoxları iclaslardan, tribunalardan: «bunu etmək lazımdır»—deyirlər. Amma iş görən çox azdır. Mən illərdir bu sahədə çalışıram, yazıram, müxtəlif tədbirlər keçirirəm. İnanın ki, «Cücələrim» və bunun kimi bir neçə mahnıdan başqa ortada heç nə yoxdur. İngilis saytlarına girirsən, nə qədər desən uşaq mahnıları var. Bizdə vəziyyət pisdir. Azərbaycanda bu qədər istedadlar var, amma uşaq mahnıları yazan yoxdur. Demək, burada kiminsə günahı, səhlənkarlığı var. Yaxşı ki, vətəndaş cəmiyyəti bu problemi üzərinə götürüb. Ümid edirəm ki, uşaqlar üçün yaxşı mahnılar yaranacaq. Azərbaycanda bir dövr vardı ki, uşaq mahnıları yazılırdı. Fikrimcə, indi də belə dövr başlayır».
XS
SM
MD
LG