Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:04

ATƏT Gürcüstan seçkilərini «təmiz» adlandırır


Giorgi Margvelashvili
Giorgi Margvelashvili
-
Gürcüstanda prezident seçkisinin ilkin nəticələrinə görə, baş nazir Bidzina Ivanishvili-nin müttəfiqi seçkidə açıq-aydın qələbə qazanıb.

Seçki Komissiyası oktyabrın 28-də bildirib ki, bazar günü seçkisinin bütün bülletenləri sayılıb, hakim «Gürcü arzusu» koalisiyasının namizədi Giorgi Margvelashvili səslərin 62 faizindən çoxunu toplayıb.

Vəzifədən gedən prezident Mikheil Saakashvili-nin rəhbərlik etdiyi Vahid Milli Hərəkatın namizədi Davit Bakradze 22 faizlə ikinci yerdədir.

Parlamentin keçmiş spikeri və «Qızılgül inqilabı»nın tanınmış xadimi Nino Burjanadze səslərin 10 faizini qazanıb.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) seçkinin «müsbət və şəffaf» olduğunu bildirib.

ATƏT-in müşahidə missiyasının rəhbəri Joao Soares-in dediyinə görə, «aydın seçki» «Gürcüstanda demokratiyanın yetişdiyini» göstərir.

Bakradze məğlubiyyətini etiraf etsə də, Burjanadze nəticələrlə razılaşmayıb. O, Margvelashvili və Bakradze-ni səsləri saxtalaşdırmaqda suçlayıb.

SAAKASHVILI: «DEMOKRATİYAMIZLA FƏXR EDİRİK»

Seçki komissiyası ciddi pozuntuların olmadığını deyir. Məlumata görə, seçici iştirakı 46.6 faiz olub. Margvelashvili seçkilərin «demokratiyanı möhkəmləndirəcəyini» bildirib:
Mikheil Saakashvili
Mikheil Saakashvili

«Bu gün (27 oktyabr – red.) olduqca mühüm gündür, çünki bu gün sakit və Avropa standartına uyğun səsvermə prosesi keçirilir. Bu seçki demokratiyanın və siyasi kursun möhkəmlənməsinə gətirəcək və ölkəmizi və millətimi əsl Avropa ölkəsinə çevirəcək».

Saakashvili seçkinin nəticələrini «Gürcüstan və onun gələcək perspektivi üçün ciddi geriləmə» adlandırıb. O, eyni zamanda tərəfdarlarını seçki sonuclarına sayqı göstərməyə çağırıb:

«Prezident seçkisi artıq baş tutub. Gürcüstan yeni prezident seçib. Seçkiyə qatılan hər bir seçiciyə təşəkkürümü bildirirəm. Necə bitir-bitsin, hər bir seçki həmişə ölkəmizdə demokratiyanın inkişafına yardım göstərir. Demokratiya isə siyasi sistemimizin söykəndiyi əsas sütundur və bizim çox fəxr etdiyimiz bir şeydir».

Saakashvili 2004-cü ildən prezidentdir və o, iki dəfə dövlət başçısı olduğundan, konstitusiyaya görə üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

LAVROV: «TOP GÜRCÜSTAN HAKİMİYYƏTİNDƏDİR»

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Moskva yeni Gürcüstan administrasiyasının Rusiya ilə dostluq siyasəti yürüdəcəyinə ümid bəsləyir:
Sergei Lavrov
Sergei Lavrov

«Bu seçkinin Rusiya-Gürcüstan münasibətlərinin gələcək inkişafına mümkün təsirini dəyərləndirməyə gəlincə, top Gürcüstan hakimiyyətindədir. Anladığıma görə, onlar indi hökuməti formalaşdırırlar – məlumatlar var ki, Bidzina Ivanishvili baş nazir vəzifəsini tərk edəcək. Gürcü xalqının mümkün qədər tez bütün təşkilati məsələlərin, eləcə də yeni hökumət orqanlarının formalaşmasının qayğısına qalmasını arzulayırıq. Yeni hakimiyyətin Rusiya ilə bağlı siyasətinin dostcasına və yaxşı qonşuluq münasibətləri ruhunda olacağına ümid edirik».

2008-ci ilin avqustunda beşgünlük müharibədən sonra Gürcüstan Moskva ilə diplomatik münasibətlərə son verib. Bazar günü seçkisindən sonra qüvvəyə minən konstitusiya dəyişikliyinə görə, Gürcüstanda prezidentlik zəifləyir və əsas səlahiyyətlər baş nazirə keçir.

Ivanishvili-nin «Gürcü arzusu» koalisiyası ötən ilin parlament seçkilərində Saakaşvili-nin Vahid Milli Hərəkatını məğlub edib. Koalisiya rəhbəri yeni prezident seçiləndən sonra vəzifədən gedəcəyinə və yeni baş nazir təyin edəcəyinə söz verib.

Parlamentin hüquq komitəsinin sədri Vakhtang Khmaladze bazar ertəsi – oktyabrın 28-də jurnalistlərə deyib ki, yeni prezident noyabrın 17-də and içəcək.
XS
SM
MD
LG