Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:24

Günel Mövlud. Azərbaycansayağı seks


Günel Mövlud
Günel Mövlud

Cinsiyyət orqanları kəsilən oğlanlara, saçları keçəl qırxılan qızlara ithaf olunur...

-

"OxuZalı"nda ən çox oxunan

Bir müddət əvvəl Azərbaycanda dəhşətli bir hadisə baş verdi.

Görüşdüyü qadının qardaşları gənc oğlanı döyüb, cinsiyyət orqanını kəsdilər.


Nə qədər dəhşətli hadisə olsa da, təəccüblənmədim. Çünki otuz iki yaşımda bəlkə də otuz ikinci dəfə idi ki, qadın məsələsində «yolunu azan» adamın cinsiyyət orqanının kəsildiyini eşidirdim.

Amma məsələnin ən dəhşətli tərəfi bu hadisənin təfərrüatları televiziyaya çıxanda başladı.

Təfərrütlara bir daha varmaq istəmirəm. Sadəcə bunu deyə bilərəm ki, bir daha ölkəmizin real əxlaqi mənzərəsi ilə tanış oldum.

Bəli, «namus-qeyrət», «abır-həya», «milli-mənəvi dəyər», «mentalitet», «bakirəlik», «ana-bacı» söhbəti eləmək, qadının cinsi toxunulmazlığını, kişinin qeyrət üstündə qan tökməyini alqışlamaqla deyil. Bütün Azərğaycan xalqı efirdə hər gün bu sözlərin nə qədər boş, mənasız, uydurma, saxta olduğunu verilişlərində «xalq qəhrəmanları»nın, bu «namuslu-qeyrətli» qız-gəlinlərin öz dili ilə ifşa edən bir neçə aparıcının əlində aciz qalıb.

Azərbaycan teleməkanı Azərbaycan insanına bir balaca məişət sərbəstliyi verən kimi bütün əxlaqi dəyərlər başlayır ifşa olunmağa. Məlum olur ki, hər onundan doqquzunun dilindən «namus», «anamız-bacımız var», «yaxşı oğlan» sözləri əskik olmayan ölkədə məişət əxlaqsızlığı baş alıb gedir.

Azərbaycan teleməkanındakı şoularda ortaya çıxan əxlaqi mənzərəni siz heç bir «əxlaqsız Avropa ölkəsində», «qaluboylar ölkəsi olan filan ölkədə» görə bilməzsiniz. Ona görə yox ki, o ölkələrdə belə şoular ayıbdı, ona görə ki, o ölkələrdə belə seksual motivli hadisələrə maraq yoxdu.

Mətbuata baxın. «Qardaş bacını zorladı», «qızını zorladı, videosu çəkdi», «oğul anasını zorladı», «qaynata gəlini zorladı, videosunu çəkdi» kimi xəbərlərə az qala hər gün rast gəlirik. Elə bil, ölkədə böyük bir seks bumu var.


Bununla yanaşı, ölkədə «seks» sözünü işlətmək ayıbdı, bu barədə danışmaq ayıbdı, qızların bəkarəti, oğlanların namus yanğısı gündən-günə daha da müqəddəsləşdirilir, sakrallaşdırılır, təbliğ olunur. Nefti, milyonları, düşməni, diktaturası, doqquz iqlim tipi, 20 illik müxalifəti, qara və qırmızı kürüsü, siyasi dustaqları, igid-igid azəri oğulları, tarı-kamanı, sazı-sözü, qoşması-gəraylısı, xəngəli-qurudu olan bir xalq bir seks məsələsinin həllində aciz qalıb.
Dünyanın normal ölkələrində, normal vəziyyətlərdə seks bağlı qapılar arxasında, iki əks və ya eyni cinsin arasında baş verir. Başqaları bununla maraqlanmır, xəbər tutmağa çalışmır, təfərrüatlarını öyrənməyə can atmır və ümumiyyətlə bu seksin başqaları – qohum, qardaş, ana-bacı, qonşu, polis, müstəntiq - üçün heç bir əhəmiyyəti yoxdur.

Nadir hallarda, məsələn, sekslə məşğul olanlardan biri və ya hər ikisi siyasətçi, şou ulduzu, dünya şöhrətli rejissordusa, tərəflərdən biri azyaşlı və ya könülsüzdüsə, yəni məsələdə qeyri-qanuni vəziyyət varsa, tərəflərdən biri qurban rolundadırsa, sözügedən seks qalmaqallara səbəb olur. Mətbuat bu barədə yazır, bəzən ortaya gizli videolar çıxır, məsələyə ekspertlər müdaxilə edir, hüquq-mühafizə orqanları cəlb olunur, kiminsə siyasi karyerası bitir, kimsə təzminat ödəyir, kimsə bu seksdən ortaya çıxan uşağı qəbul etməli olur və s.və i. Amma bir daha qeyd edirəm ki, ortada qeyri-qanuni nəsə varsa, kiminsə haqqı pozulursa, kimsə qurbandırsa. Belə olanda, məsələ sivil yolla həll olunur.

Azərbaycandakı seksual məhdudiyyətlər, mövzunun iyrənc, qorxulu bir şeyə çevrilməsi isə onu həm macəraya, həm günaha, həm də özünürealizəyə çevirib. Məsələnin ziddiyyətli tərəfi də budu ki, bu qədər sərhədlərlə, qadağalarla, qınaqlarla yanaşı, ölkədə həddindən artıq seks var. Sosial şəbəkələrə, ərgənlərin səhifələrinə, cavanlarımızın telefonlarındakı yerli porno kolleksiyalarının mövcudluğu faktına nəzər salmaq kifayətdi ki, bunu görəsən.
Bununla belə, qadağalar, sərhədlər, seksual tərbiyənin olmaması xüsusi, qeyri-adi, yuxarıda nümunə gətirdiyim normal ölkələrdəki seksdən çox fərqlənən bir seks növü yaradır.

Bu seks qohum-əqrəbanın işə qarışması, zorən evləndirmələr, qəfil ortaya çıxan gizli porno görüntülər, bu görüntülərdən sonra baş verən intiharlar, qətllərlə müşayiət olunur. Bu seks cavan oğlanların cinsiyyət orqanlarının kəsilməsi, bir neçə adamın həbsə atılması, bir ailənin dağılması, başqa bir ailənin məhvi, nəsillərarası düşmənçiliklə müşayiət olunur. Bu seks bəzən toy gecəsi qızın başının keçəl qırxılıb, eşşəyə mindirilməsi ilə müşayiət oluna bilər. Bu seksdə hər iki tərəf qəfildən qurbana çevrilə bilər. Bu seks əlavə onlarla adamı məsələyə cəlb edə bilər, televiziya şousunun mövzusu ola bilər. Bu seks bir başqa seksdi.

Bunun adı - Azərbaycansayağı seksdi. Ehtiyatlı olun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG