Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:57

Səfir Morningstar: "Obamanın göndərdiyi adi məktub deyildi..."


ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosunun Bakı Bürosunda. 14 noyabr 2013
ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosunun Bakı Bürosunda. 14 noyabr 2013
-

ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar AzadlıqRadiosuna müsahibə verib. Noyabrın 14-də “İşdən sonra” proqramında efirə gedən müsahibənin mətnini diqqətinizə çatdırırıq:
– Cənab səfir, Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiyə verdiyi tənqidi rəyi dəstəklədiyini bildirdi. Siz əvvəlki müsahibələrinizdə həmin bəyanata sadiq qaldığınızı demisiniz. ABŞ-ın seçkiyə yekun qiymətini bir daha Sizdən eşitmək maraqlı olardı. Sizcə, seçkilər nə dərəcədə xalqın iradəsini əks etdirdi?
– Daha öncə də bir neçə dəfə söylədiyimi təkrarlamaq istərdim. 10 oktyabr tarixli bəyanatımızın arxasında dururuq. Bu bəyanata əlavə edəcəyim yeni bir şey yoxdur. Onu da demişik ki, seçkinin nəticələrini şübhə altına almırıq.

Həqiqətən də hökumətlə, vətəndaş cəmiyyəti ilə bir sıra məsələlər üzrə əməkdaşlığı səbirsizliklə gözləyirik. Bunu bəyan edib bildiririk ki, demokratiya və insan haqları Azərbaycanla gələcək müzakirələrimizin əsas hissəsi olacaq.
10 oktyabr tarixli bəyanatımızın arxasında dururuq. Onu da demişik ki, seçkinin nəticələrini şübhə altına almırıq.

Eləcə də digər məsələlər – Dağlıq Qarabağ, terrorçuluqla mübarizə, Əfqanıstanla bağlı əməkdaşlıq daxil, geosiyasi sabitlik, enerji məsələləri, həmçinin iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı diqqət hədəfimizdə olacaq.

Münasibətlərimiz üçün xeyli sayda, həm də çox mühüm aspektlər var. Ancaq demokratiya və insan haqları müzakirələrimizin əsas mövzusu olaraq qalacaq.
– Prezident Obamanın məktubu birmənalı qarşılanmadı. İqtidar mediası məktubu təbrik kimi yozdu, müstəqil çevrələr və müxalifsə məktubda “təbrik” sözünün olmadığını əsas gətirərək, ABŞ prezidentinin İlham Əliyevi təbrik etmədiyini bildirdi. Bütövlükdə məktub və cənab Obamanın Azərbaycana mesajı nədən ibarət idi?
– Bu, əslində, çox önəmli məktub idi. Ona əlavə şərh vermək istəmirəm, çünki məktubun mətni səfirliyin vebsaytında və Prezident Administrasiyasının saytında yerləşdirilib. Hər kəs məktubu oxuyub, məzmununa əsasən özü nəticə çıxara bilər.

Ancaq məktubla bağlı bir neçə kəlmə demək istəyirəm. Çox yaxşı düşünülmüş, birbaşa prezidentə ünvanlanmış məktub idi. Yəni, sadəcə, tərtib olunub imzalanması üçün onun masası üzərinə qoyulan adi bir məktub deyildi. Fikrimcə, bu məktub ABŞ hökumətinin ən yüksək rütbəli rəsmilərinin Azərbaycanla bağlı mövqeyini, fikirlərini çox dəqiq əks etdirir.
...demokratiya və insan haqları Azərbaycanla gələcək müzakirələrimizin əsas hissəsi olacaq.

Məncə, məktub çox aydın idi. Orda 3 önəmli məqam vardı. Məktubda Azərbaycan prezidentinə və xalqına prezidentin üçüncü müddətə vəzifəyə başlaması münasibətilə ən yaxşı arzular dilə gətirilirdi. Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyəti də vurğulanır, hər iki ölkənin maraqlarını əks etdirən məsələlərə də toxunulurdu.

Prezident məktubunda demokratiya və insan haqlarının durumunu da qeyd edir, seçkilərə də diqqət yetirirdi. Bu sahələrdə əməkdaşlığı davam etdirməliyik. Məncə, məktub xeyli birbaşa idi və hökumətin yüksək səviyyəli məmurlarının fikirlərini çox dəqiq ifadə edirdi.
– Ancaq seçkidən sonra ölkədə vətəndaş cəmiyyətinə basqının artması sarıdan narahatlıqlar artır. Seçkilərin Monitorinqi və Tədrisi Mərkəzində vergi yoxlamaları başlayıb. Bu yoxlamaları qurumun seçki monitorinqi fəaliyyətinə görə cəza adlandıranlar da var. Universitet professoru məhz facebook fəaliyyətinə görə universitetdən çıxarıldığını deyir. Sizcə, bütün bunları prezident Obamanın, ATƏT-in tənqidinə hakimiyyətin cavabı saymaq olar?
– Belə deyim, biz bütün məsələləri çox yaxından izləyirik. Deyə bilmərəm ki, onlar DTİHB-nin hesabatına cavabdır. Məncə, heç Obamanın da məktubuna cavab deyil. Yaxından izlədiyimiz məsələlər var. Çox ümid edirik ki, hakimiyyətin siyasətçilərə və müxalifət fəallarına qarşı arzuolunmaz addımlarının artdığını müşahidə etməyəcəyik.

Məncə, təkcə Azərbaycanda deyil, heç bir cəmiyyətdə siyasi təzyiq və cəzaya yer yoxdur.
Çox ümid edirik ki, hakimiyyətin siyasətçilərə və müxalifət fəallarına qarşı arzuolunmaz addımlarının artdığını müşahidə etməyəcəyik.

Düşünürəm ki, sizin dediyiniz, eləcə də bir sıra digər hallarda, məsələn, hazırda gedən bir sıra məhkəmələrdə hakimiyyətin atacağı ən yaxşı və ən doğru addım onları şəffaf və qanunauyğun şəkildə aparmaq olardı. Onda bilinərdi ki, hökumətin qanuni iddiası varmı, yoxsa bunlar əslində siyasi fəaliyyətə görə bir cəzadır.

Çox ümid edirik ki, bu tip hərəkətlər artmayacaq. Bu, çox yaxından izlədiyimiz sahələrdə hökumətlə əməkdaşlığı davam etdirməliyik.
– Seçkidən sonra prezident İlham Əliyevlə təkbətək görüşünüz olub? Ümumiyyətlə rəsmilərlə görüşlərinizdə belə məsələləri qaldırırsınız?
– Prezident Əliyevlə bir görüşüm olub – o da Minsk qrupunun amerikalı həmsədri Warlick-lə birlikdə baş tutub. O görüşdə, əsasən, Dağlıq Qarabağ münaqişəsindən söhbət gedirdi. Hökumət rəsmiləri ilə görüşlərim olub və əlbəttə, bu məsələləri qaldırırıq.
– Seçkilərdən sonra Prezident Administrasiyasının rəhbəri Sizinlə seçkiöncəsi sövdələşmələr barədə iddialar səsləndirdi, səfirlik isə onları təkzib etdi. Sizcə, bu iddiaların ortaya atılmasında məqsəd nə idi?
– Məncə, bu sualı cənab Mehdiyevə ünvanlamalısınız. Həyatımda çox işlə məşğul olsam da, insanların fikirlərini oxuya bilmirəm. Ancaq əvvəl dediyimiz fikri təkrarlamaq istərdim – cənab Mehdiyevin iddiaları tam və kökündən yalandır.
– Hazırda bir neçə bir neçə hay-küylü məhkəmə işi gedir. Müstəqil çevrələr NİDA-çıların, İsmayıllı hadisələrinin, müxalifət fəallarının işini siyasi xarakterli sayır. Sizin bu proseslərdən gözləntiniz nədir?
...cənab Mehdiyevin iddiaları tam və kökündən yalandır.
– Gözləntilərim barədə nə isə söyləmək çətindir. Ancaq onu deyim ki, prosesləri yaxından izləyirik. Bu məhkəmələrin açıq və şəffaf, hüququn aliliyi çərçivəsində keçirilməsi çox önəmlidir. Ancaq bu yolla müəyyənləşdirmək olar ki, hakimiyyətin iddiaları nə dərəcədə əsaslıdır, yoxsa bunlar siyasi cəzalandırma tədbirləridir.
– Bəs Azərbaycan-Amerika münasibətlərinin gələcəyini necə görürsünüz? Rəsmi mediada Amerika əleyhinə təbliğat gedir. Neft ölkəsi olan Azərbaycanın Qərb üçün daha böyük önəm daşıdığı vurğulanır. Bu cür yanaşma ilə razısınız?
– Sualınızın sonundan başlayım. Enerji Azərbaycanla ortaq marağımızdır, ancaq yeganə sahə deyil. Enerjinin dünyaya və Avropaya önəmindən daha çox mühüm olan digər ortaq maraqlarımız da var. Geosiyasi və danışdığımız vətəndaş cəmiyyət məsələləri bu sıradandır.

Enerjinin önəmini azaltmaq istəmirəm, mühümdür, ancaq digər mühüm məsələlər də var.

ABŞ-Azərbaycan münasibətləri barədə nikbinəm, çünki ortaq maraqlarımız çoxdur. Təkcə enerji deyil, digər sahələrdə də. Məncə, Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə yardım kimi ortaq marağımız var. Məqsəd iqtisadiyyatın qeyri-neft sektorunun səmərəli inkişafıdır.

Dağlıq Qarabağ da ortaq marağımızdır, münaqişənin birdəfəlik həlli Azərbaycanda və eləcə də Ermənistan daxil, regionda hamıya maraqlı məsələdir. Terrorçuluqla mübarizə, təhlükəsizlik və enerji infrastrukturu sahəsində birgə işləməliyik.

Demokratiya və insan haqları sahəsində əməkdaşlığı da davam etdirməliyik. Axı inanırıq ki, Azərbaycanın uzunmüddətli sabitliyi həmin sahələrdə davamlı irəliləyişdən asılıdır.

Məncə, hamı Birləşmiş Ştatların necə bir ölkə olduğunu anlamalıdır. ABŞ demokratiya və insan haqlarına önəm verən bir ölkədir. Ancaq Azərbaycanla işləməli olduğumuz digər sahələr də var.

Məncə, hamı anlamalıdır ki, biz bu işdə kömək edə, çözümə həvəsləndirə, həlli asanlaşdıra, cəsarətli ideyalar irəli sürə bilərik, ancaq tərəflərin özü razılığa gəlməlidir. Ümid edirəm ki, prezidentlər qərar verəcək və “artıq yetər” deyərək məsələnin həlli üçün konkret addımlar atacaqlar. Bu, bütün azərbaycanlılar və ermənilərin marağına xidmət edər.
Həqiqətən inanıram ki, hökumətlə qarşılıqlı işimizi müsbət yöndə davam etdirməliyik. Siyasi spektrin hansı qütbündə olsaq da, əməkdaşlıq etməmək heç kəsin marağına xidmət etmir.

Dağlıq Qarabağ məsələsində iştirakdan geri çəkilməyimiz heç kəsin marağına xidmət etmir. İqtisadi, digər geosiyasi məsələlərdən geri çəkilməyimiz heç kəsin marağına xidmət etmir.

Eləcə də qeyd etdiyiniz demokratiya və insan haqları məsələsində hökumətlə işi dayandırmağımız heç kəsin marağına xidmət etmir.

Bu məsələlərin hər hansı birini dərhal həll edə bilmərik. Ancaq inanıram ki, danışdığımız bütün bu sahələrdə iştirakımız Azərbaycan hökumətinin və xalqının marağına xidmət edir.
– Azərbaycan Vilnüs sammitində hansı səviyyədə təmsil olunacağına hələ qərar verməyib. Qonşu ölkələrdən bəziləri assosiativ saziş imzalayır. Digər tərəfdən ölkənin Kremlin dəstəklədiyi Gömrük İttifaqına qoşulmasına dair çağırışlar səslənir. Sizcə, Azərbaycan hansı yolu seçməlidir?
– Azərbaycan müstəqilliyə qobuşandan bəri onun suverenlik və müstəqilliyini dəstəkləməyə üstün diqqət yetirmişik. Əlbəttə, Azərbaycanın Avropa ilə inteqrasiyasını davam etdirməsi ürəyimizcədir, ancaq belə qərarları Azərbaycanın özü verməlidir. Çünki Azərbaycan suveren və müstəqil ölkədir və kursunu özü seçməlidir. Bizsə bu ölkənin suverenliyini və müstəqilliyini daim dəstəkləyəcəyik.
– Noyabrın sonunda Azərbaycan-Ermənistan prezidentlərinin görüşü gözlənilir. Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların indiki durumunu necə dəyərləndirirsiniz? Bu görüşün danışıqları irəlilədəcəyinə nə dərəcədə inanırsınız?
– Yaşayıb görərik. Görüşün nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çətindir. Ancaq Minsk qrupunun həmsədri kimi, münaqişənin həlli məqsədilə yaradıcı təkliflər irəli sürmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Məncə, hamı anlamalıdır ki, biz bu işdə kömək edə, çözümə həvəsləndirə, həlli asanlaşdıra, cəsarətli ideyalar irəli sürə bilərik, ancaq tərəflərin özü razılığa gəlməlidir. O görüşdə nə olacağını bilmirəm. Ancaq ümid edirəm ki, prezidentlər qərar verəcək və “artıq yetər” deyərək məsələnin həlli üçün konkret addımlar atacaqlar. Bu, bütün azərbaycanlılar və ermənilərin marağına xidmət edər.
– Cənab səfir, Siz uzun illər Vaşinqtonun Xəzər siyasətinə başçılıq etmisiniz. Azərbaycanın büdcəsi, əsasən, neft gəlirləri hesabına formalaşır. Ancaq bu gəlirlərin xərclənməsinə fərqli yanaşmalar var. Belə ki, neft gəlirləri daha çox nəhəng, “ağ fil” layihələrinə sərf olunur. Sizin müşahidələriniz nə deyir? İqtisadiyyatın şaxələndirilməsi ilə bağlı fikirləriniz nədir?
– Diversifikasiya bir sıra sahələrdə baş verə bilər və biz yardım etməyə çalışırıq. Məncə, kənd təsərrüfatının nəhəng imkanları var. Deyərdim ki, Azərbaycandakı kimi dadlı meyvə-tərəvəz yeməmişəm. Bu baxımdan ixrac üçün böyük imkanlar var. Bu da ərzaq emalı sənayesinin inkişafına imkanlar yaradır. Ümidvaram ki, bu da keyfiyyətə mənfi təsir göstərməyəcək.
...Onu da vurğulamaq lazımdır ki, hökumət və prezident insanların həyatına yersiz müdaxilələri azaltmağın, yaxud ləğvinin vacibliyini anlayıb. Yerli rəsmilərin vəzifələrindən sui-istifadə halları da buraya daxildir. Bu baxımdan bir pəncərə sistemiylə işləyən ASAN xidmətinin inkişafı korrupsiyanın azaldılması yönündə müsbət addımdır.

İnformasiya texnologiyaları sahəsində əməkdaşlıq edirik və qarşıdan gələn həftələrdə bu mövzuda konfrans olacaq. Nəqliyyat sahəsində yeni İpək Yolu təşəbbüsü irəliləyiş gözlənilən başqa bir sahədir. Bu gözəl, çox gözəl ölkədə turizm böyük sənayeyə çevrilə bilər.

Ancaq məncə, hökumət turistlərin bu ölkəyə gəlib zövq almasını asanlaşdırmaq üçün yollar aramalıdır.

Nəhayət, biz Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üçün yaxından çalışırıq. Məncə, bu, çox mühüm məsələdir. Çünki bu üzvlük vacib islahatlar tələb edəcək ki, nəticədə də yeni sahibkarlar sinfi yaranacaq. Onlar da hökumət, yaxud inhisarçıların yersiz müdaxiləsi olmadan biznes qura bilərlər. İqtisadiyyatda rəqabətliliyi təmin etmək vacibdir.
– Siz xanımınızla birlikdə tez-tez bölgələrdə olursunuz. Sadə adamlarla görüşdə, əsasən, nədən danışırsınız, onların sizdən istəyi nə olur? Bir də bu səfərləriniz zamanı Bakı ilə bölgələr arasında hansı inkişaf fərqini müşahidə edirsiniz?
– Haqlısınız, bölgələrə çox səfərlər edirik, azı 10 şəhərdə olmuşuq, bəlkə də çox. Bir neçə həftə əvvəl Göyçayda çox gözəl nar bayramına qatıldıq. Orada, elə digər bölgələrdə də sadə insanlarla söhbət aparmaq imkanı verilib.

Regionlarda inanılmaz istilik və qonaqpərvərlik görürük. Bölgə sakinlərini narahat edən məsələlər hər yerə xasdır. Onlar işsizlikdən, maaş azlığından, hökumət nümayəndələrinin onların həyatına yersiz müdaxiləsindən narahatdırlar. Ailələri üçün təhlükəsizlik, uşaqları üçün təhsil istəyirlər.

Təhsil də xeyli ümidverici sahədir və yeni nazir və prezident təhsil proseslərində islahatlarda xeyli maraqlıdırlar. Məncə, bütün azərbaycanlılar bundan faydalanacaq. Demokratiya və insan haqları sahəsində irəliləyişin əhəmiyyətindən danışdıq.

Ancaq məncə, onu da vurğulamaq lazımdır ki, hökumət və prezident insanların həyatına yersiz müdaxilələri azaltmağın, yaxud ləğvinin vacibliyini anlayıb. Yerli rəsmilərin vəzifələrindən sui-istifadə halları da buraya daxildir. Bu baxımdan bir pəncərə sistemiylə işləyən ASAN xidmətinin inkişafı korrupsiyanın azaldılması yönündə müsbət addımdır.

Ümid edirəm ki, həmin xidmət bütün ölkəyə yayılacaq və gündəlik korrupsiya hallarının aradan qaldırılmasına kömək edəcək.
– Cənab səfir, müsahibəyə görə təşəkkür edirik. Hər hansı əlavəniz var?
– Sizinlə müsahibədən zövq aldım. Məncə, gündəmdə olan və digər məsələləri əhatə edə bildik. Sonucda bir daha bildirmək istəyirəm ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı əlaqələr sıx qalmalı və sadaladığımız bütün məsələləri əhatə etməlidir. Bu, bütün azərbaycanlıların marağına xidmət edəcək.
XS
SM
MD
LG