Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:44

Avtovağzalda pat vəziyyəti [Video]


Avtovağzalda pat vəziyyəti
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Avtovağzalda pat vəziyyəti

-
500 kilometrlik Bakı-Qazax yolunu hər gün gedib gələn Namiq Səfərov deyir ki, hökumətin qiymət artımının faizini, hələlik, öz ciblərindən ödəyirlər. Başqa sözlə, qazanc kimi evinə, ailəsinə aparacağı puldan 30 manat kəsib yanacağa verirlər.

Söhbətə Namiq Səfərovun iş şəriki Rəşad Əliyev müdaxilə edir və uzun müddət belə davam edə bilməyəcəyini söyləyir. Deyir, yanacağın qiymətini qaldıran hökumət bu işə bir əncam çəkməlidir.

«HÖKUMƏTƏ İKİ TƏKLİF»

Rəşad Əliyevin iki təklifi var. O deyir, ya hökumət öz qərarını geri götürməlidir, ya da gedişhaqqı, heç olmasa, iki manat qaldırılmalıdır. Amma dərhal da hökumətin geri addım atacağına inanmadığını bildirir.

Bir başqa sürücü söhbətə zarafat qatmaq istəyir:

«Bu, Azərbaycana başucalığı gətirən bir haldır... Amma hər şeyin öz yeri var, bu işə bir çarə tapılmalıdır. Nə oldusa bizə, kasıblara, fəhləyə oldu...».

«VURUN-ÇIXIN, ÖZÜNÜZ HESABLAYIN»

Ürəkləri dolu olan sürücülər təkcə yanacaq söhbətini bir qırağa buraxıb, onlardan, yeri gəldi-gəlmədi, alınan pullardan söz salırlar:

– Yanacağın qiyməti qaldırılmazdan əvvəl biz gündəlik yanacağa 170 manat verirdik, indi 230 manat veririk. Yayda kondisioner işlədəndə xərclər daha da çoxalacaq. 45 oturacaq yeri var, adamın da biri 8 manat. Vurun-çıxın, özünüz hesablayın...

– Daha nəyə pulunuz çıxır?

Hər ay departamentə də 500 manat...
Hər ay departamentə də 500 manat...
– Biletlər satılır, onun faizini avtovağzala ödəyirik. Haradasa 50-60 manat ora veririk. Üç manat avtovağzala girəndə, 3 manat da çıxanda veririk. İki manat dayanacaqpuludur. Hər ay departamentə də 500 manat... Bu, bir avtobus üçün ilə 6 min manat deməkdir.

– Bütün bu sadaladığınız məbləğlərə görə, sizə hər hansı sənəd verilir?

– Azərbaycanda yaşayırsan, bilmirsən necədir?

«GƏNCƏYƏ 3 NƏFƏR»

Rayonlara gedən iritutumlu avtobus sürücüləri ilə söhbəti bitirib, avtovağzalın qarşısında müştəri uğrunda çəkişən taksi sürücülərinə üz tuturuq.

Kimi iki, kimi üç gün əvvəl rayondan gəldiyini, geri qayıtmağa müştəri tapmadığını deyir. Ara-sıra gözə dəyən müştərinin üstünə qaçan sürücülərin səs-küyündən qulaq tutulur. «Gəncəyə 3 nəfər!», «Şəkiyə 2 nəfər!» –qışqıra-qışqıra bircə müştərinin üstünə cumurlar:

«İki gündür avtovağzalın qabağında, maşında gecələyirəm. Benzin bahalaşıb, əvvəl Bərdəyə 10-12 manata aparırdıq, indi o pulla rayona gedib-gəlmək sərf eləmir.
İndi də taksiyə yaxın duran yoxdur...
İndi də taksiyə yaxın duran yoxdur...
Biz qiyməti qaldırmışıq, indi də taksiyə yaxın duran yoxdur. İki gündür burdayıq».

«ADAM APARIB-GƏTİRMİRİK, DİLƏNİRİK»

Çəkilişi görən başqa sürücülər də yaxınlaşıb giley-güzara başlayırlar:

– Çox pisdir vəziyyətimiz...

– Hansı rayona adam aparırsınız?

– Aparıb-gətirmirik, dilənirik. Heç əvvəl də yaxşı deyildi... Benzin bahalaşandan sonra vəziyyətimiz lap çətinləşib.

– Bahalaşma qazancınıza nə qədər təsir edib?

– Bir dəfə rayona gedib-gələndə, hardasa 14-15 manat ziyana düşürük.

– Taksi ilə rayonlara gedən var?

– Yox, gedən yoxdur... İki gündür burdayam...
İlham Yusifov
İlham Yusifov

«... PENSİYA ALMADAN QIRILIB GEDƏK...»

Şəkili taksi sürücüsü İlham Yusifov həftənin əvvəlində Bakıya müştəri gətirdiyini, amma hələ də geri qayıda bilmədiyini söyləyir:

«Mən yaşlı adam, həftəni bitirmişəm, hələ də geri qayıtmağa adam tapa bilmirəm. Benzini bu qədər qaldırırlarsa, elə birdəfəlik bizim pensiya yaşımızı da 70-ə qaldırsınlar ki, pensiya almadan qırılıb gedək!..».

Dekabrın 2-də Tarif Şurasının qərarı ilə Azərbaycanda avtomobil yanacağının pərakəndə satış qiyməti 33 faizədək bahalaşıb. Qiymət artımını bir neçə iqtisadi amilə bağlayan rəsmilər bunun qaçılmaz olduğunu bildirilər.

İndi Azərbaycanda bir litr Aİ-95 markalı benzin 80, Aİ-92 və Aİ-80 markalı avtomobil benzini 70 qəpiyə, dizel yanacağı isə 60 qəpiyə satılır.

Ekspertlər yanacağın bahalaşmasının digər sahələrə də təsirsiz ötüşməyəcəyini, enerji daşıyıcılarının, kommunal xidmətlərin və sərnişindaşımanın da qiymətlərinin qaldırılacağını söyləyirlər.
XS
SM
MD
LG