Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:19

Şair Mazan Şələqulağın başına nə gəldi


Rasim Qaraca
Rasim Qaraca
-

Zarafat-zarafat, 3-4 ay içərisində artıq bütün tiraj satılıb qurtarmışdı. Azərbaycan ədəbiyyatında bu, görünməmiş hadisə idi. Bir şairin kitabının bu qədər satılması heç vaxt olmamışdı...


Rasim Qaraca


ŞAİR MAZAN ŞƏLƏQULAĞIN BAŞINA NƏ GƏLDİ


(Hekayə)


Külək əsir, yağış yağır, şair evə qayıdır ağır-ağır, öz şairanə həyatının növbəti bir gününü arxada qoyaraq.

Lakin günün sonunda onu bir sınaq daha gözləyir, kirayə qaldığı bu evə qapıdan deyil, çəpərdən hoppanaraq girməlidir, çünki ev sahibi ilə üzləşmək istəmir; bu gün də kirayə haqqını düzəldə bilməmişdi, ümid qalmışdı Tarıya. Tarı, yəni Tarıel, şairin ən yaxın dostu idi.

Telefonunda saadəcə “T” hərfi yazmışdı, Tarıel təcili yardım servisi kimi bir şey idi şair üçün, sadəcə, bir düyməni basmaqla şairin qulluğunda hazır olurdu hər zaman. Bundan sonra aradabir sadəcə T. deyəcəyimiz bu adam özü də nə zamansa şeir yazmışdı, cavanlıqları şairlə bir yerdə keçmişdi, ilk gənclik illərində bir yerdə ədəbiyyat dərnəyinə getmişdilər, ancaq T. şairlik fəaliyyətini müvəqqəti olaraq dondurub kommersiya işlərinə girişmişdi. Məlum bölgədən olduğuna görə işləri yaxşı gedirdi. Şairin dar gününün dayağı idi, qa deyəndə ət, qu deyəndə su verərdi. Söz vermişdi, imkanları bir az yaxşılaşan kimi şairə torpaq alacaqdı, yavaş-yavaş ev tikib kirələrdən canını qurtarardı beləcə.

-Ə ağrın alem, sən olmasan var ha, mən şişib kəl daşşağına dönərəm.

T-nin maşınında Novxanı tərəfə yol almışdılar. 2 dənə yüzlük artıq şairin cibində idi. Birini kirəyə verəcəkdi, birinə də yemək-içmək alacaqdı. İndi T-nin bir neçə il bundan əvvəl aldığı bağ evinə gedirdilər. Şairin bu evə ilk gəlişi idi.

T maşının baqajından ustalar üçün aldığı yemək-içmək şeylərini boşaltdı. Fəhlələrdən birinə ağzı bağlı bir qutu verdi, - bunu da apar anbara qoy - dedi. Qutunun içərisində şair dostunun kitabları vardı. Bu kitablar elə Tarıelin öz hesabına çıxmışdı, indi dostu arada bir yolunu kitab dükanlarından salır, əlli bir, yüz bir bu kitablardan satın alırdı, bu yolla da dostuna mənəvi dəstək verirdi. Çünki şair son vaxtlar ruhdan düşmüşdü, şeir yazmağa həvəsi qalmamışdı.

-Axır vaxtlar rekord vurursan, kitabların yaxşı satılır. Mən sənə deyirdim də, sən yaz, əvvəl-axır qiymət verən tapılacaq.

-Demə, demə, ala itdən manşır olmuşam.

Zarafat-zarafat, 3-4 ay içərisində artıq bütün tiraj satılıb qurtarmışdı. Azərbaycan ədəbiyyatında bu, görünməmiş hadisə idi. Bir şairin kitabının bu qədər satılması heç vaxt olmamışdı. Bu ay “Əli və Nino” kitab dükanları şəbəkəsi ən çox satılanların listəsini açıqlayanda bizim şair birinci yerdəydi.

Tarıel işini ustalıqla görürdü, özünə də maraqlı görünən bir oyuna başlamışdı, görüm bu işin axırı nə olacaq deyirdi. Şairə əlbəəl pul verməkdənsə onun kitablarını təkrar nəşrə göndərmək, satışdan ona pul qazandırmaq daha faydalı iş idi. Çünki artıq şair həvəsə gəlmişdi, ilhamı coşmuşdu, gecə-gündüz yazırdı. Yazdıqca həqiqətən ustalaşır, ustalaşdıqca həqiqətən oxucuların xoşuna gəlirdi. Ancaq yenə də kitabların 90 faizini Tarıel alırdı. Bundan əyləncəli nə ola bilərdi: iş-güc arası arabasını saxlayıb kitab dükanına və ya qəzet köşkünə yaxınlaşır, şair Mazan Şələqulağın kitabların alırdı.

Bu arada şairin məhsuldarlığı artdıqca onun yaradıcılığına olan oxucu marağı da çoxalırdı. Hələ qəzetlər, ədəbiyyat jurnalları, elektron dərgilər ondan ard-arda müsahibələr götürür, əsərlərini dərc edirdi. Sadiq dost T. aradabir jurnalistlərin cibinə pul basıb dostunun kitabları haqqında resenziyalar yazdırmağa başladı. Bir ədəbiyyat yarışmasında da dostunun birinci yeri qazanmasından ötrü əlindən gələni etdi. Ancaq Mazan üçüncü yerdən yuxarı qalxa bilmədi.

Tarıel payızda şairin yeni kitabını çap etmək təklifini verəndə Mazanın şərti belə oldu: tiraj 5000-dən aşağı olmayacaq. Satışlar yaxşı gedirdi, şairin də öz planları vardı; bu kitabdan gələn gəlirin hesabına kirayədən canı qurtaracaqdı, hələ bilmək olmaz, bəlkə maşın da alacaqdı. T. ani olaraq fikrə getdi, peysərini qaşıyaraq bir an sonra qərarını verdi: Qoy sən deyən olsun. Ancaq kitabın reklam kampaniyası üçün də bir qədər büdcə ayırmaq lazım gələcəkdi. Şair dostunun şöhrəti nə qədər çox artarsa, bunun Tarielə faydası vardı, bilmək olmaz bəlkə sabah birigün Mazan deputat olacaqdı, o zaman dostunun biznesinə krışalıq edərdi, əl əli yuyar, əl də üzü. Əlqərəz, Tarıelin də özünün uzaq hədəfləri vardı şairlə bağlı. Mazan məşhur olacaq, xalq şairi adını alacaq, bir telefon zəngi ilə onun istənilən arzusunu yerinə yetirəcəkdi. Ağıla gələn başa gələrmiş. Şairin kitabları “satıldıqca” Tarıelin işləri dolaşmağa başladı. Hər dəfə görüşəndə Mazan dostunun üzündəki qara pərdənin daha da qalınlaşdığını görürdü.

-Satışlar necə gedir?

-Əla! 4 mindən çox satılıb.

-Sən yaz, yarat! Yaxşı şeylər yaz, qoy camaat oxusun!

-Yazmışam artıq. Yeni kitabımı bu yaxınlarda sənə vercəm.

Tarıelin üzündəki pərdə bir az da qalınlaşdı, bir söz tapıb deyə bilmədi.

-Uzağı bir həftəyə gətirəcəm – dedi Mazan. Ancaq bir həftədən sonra artıq Tarıel həbsxanada idi.

Şair şöhrətin zirvəsinə doğru inamla irəliləyirdi. T. həbs olunandan heç 3 ay keçməmişdi, artıq Mazan Yazıçılar Birliyinin katibi vəzifəsinə seçilmişdi. Türkdilli yazarlarının qurultayında ölkəni təmsil etmək ona tapşırılmışdı. Türkmənistan prezidenti hörmətli qonağa 10 min dollar hədiyə vermişdi.

Mazan dostunu yaddan çıxartmadı. Səfərdən qayıdandan sonra yaxşı bir bazarlıq edib onun ailəsini ziyarətə getdi. Üstündən 5-6 ay keçəndən sonra yolunu həbsxanadan saldı, Türkiyədə dərc olunmuş yeni şeir kitabını Tarıelə hədiyyə etdi, arasına da 100 dollar pul qoymuşdu. Ancaq bu, Mazanın sonuncu həbsxana ziyarəti oldu, bu cür ziyarətlərə artıq onun vaxtı yox idi. Həqiqətən çox məşğul idi. Milli mükafatın ekspertlər şurasında təmsil olunurdu, “Ən yeni ədəbiyyat” seriyasından daha bir kitabı dərc olunmuşdu, Kulis.az saytında köşə yazarlığına dəvət almışdı. Eyni zamanda Gənc ədiblər məktəbinin müdavimlərinə məruzələr oxuyur, habelə Slavyan Universitetində dərs deyirdi. Televiziyalara dəvətlər, ard-arda qəzetlərə verdiyi müsahibələr, oxucu görüşləri olan-qopan bütün zamanını əlindən alırdı. Həm Tarıelin adı müxalif siyasi partiyalara yardım məsələsində hallanırdı, indi onunla yaxınlıq etmənin heç bir adı yox idi, belə bir dostluq əlaqəsi Mazanınn yüksələn karyerasına zərbə vura bilərdi. Neynək, qoy olsun...

Uzatmağa nə verirlər. Dörd, beş, yoxsa altı il oldu, Tarıeli həbsxanadan buraxdılar. İlk aradığı insan Mazan Şələqulaq oldu. Hə, qardaş, bu gün görüşəcəyik. Bu gün sabah oldu, sabah da altdakı gün. Şairi tutmaq olmur. Yox vallah, bu gün işim çıxdı, sabah günorta. Sabah həqiqətən görüşdülər, Gənclik metrosu yaxınlığındakı şüşəbəndli çayxanada çay içdilər. Al bunu qoy cibinə xərclərsən. Tarıelin yarası bununla sağalan deyildi: “Bilirsən, qardaş, mənim Novxanıda bağ evim vardı ha, onu satmaq istəyirəm, bilirəm imkanın var, özgə adama qismət olmasın...”. T. əlimyandıda evini satırdı. “Heç olmasa yarı pulunu indi ver, yarı pulunu da nə vaxt olsa verərsən...”. Əsl fürsət idi. Razılığa gəldilər. Şair Mazanın maşınına oturub Novxanıya tərəf yollandılar. İkimərtəbəli böyük həyətyanısı olan bir ev idi. Mazana Yazıçılar Birliyindən ev vermişdilər, Masazır qəsəbəsində bağ evi də vardı. Dostunun çıxılmaz vəziyyətdə olmasından yararlanıb bu evi ucuza almaq, sonra da tələsmədən bahaya satmaq haqqında düşünürdü.

Evin içərisinə girib dolaşmağa başladılar. Mazan son bir neçə ildə əmələ gəlmiş qarnını qabağa verib ətrafındakı hər şeyə qiymət biçirdi: “Ə, bu evin remontu-zadı da yoxdu...”. “Ə, bu mebeli də at getsin bir işə yaramaz...”. “Ə, qağa, burda nə qədər kitab var... Ə bu anbar da kitabla doludur ki, bunlar nə kitabıdır belə... Ə bular hamısı mənim kitablarımdı... Vayy dədəə..”

Mazanın nıxtı batmışdı. Birdən-birə məsələnin nə yerdə olduğunu, dostuna qarşı necə böyük oğraşlıq etdiyini başa düşmüşdü. Şairin 4-5 adda kitabının bütün tirajı, minlərlə kitab anbarın bir küncündə qalaqlanmışdı.

Çoxsaylı oxucu sevgisinə olan xəyalları birdən-birə buxarlanıb havaya uçmuşdu. İndi bu kitab anbarında intihar etmək onun ən yaxşı çıxış yolu ola bilərdi, ancaq onun kiçik qəlbində bu cür cəsarət hissi heç zaman olmamışdı. Beləcə, heç bir söz demədən üzünü çevirib arabasına tərəf yönəldi. Ğğğğ-ğınn, babap – motoru işə salıb tozanaqladı.
XS
SM
MD
LG