Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:36

İlin siyasi olayları: «Durulma gedir»


İlham Əliyev səs verir - 9 oktyabr 2013
İlham Əliyev səs verir - 9 oktyabr 2013
-
...Ən yaddaqalan hadisəsi ilin sonuna təsadüf etdi. Söhbət 9 oktyabr prezident seçkisindən gedir. 2013-cü ildən – seçki ilindən fərqli umacaqlar vardı – kimi hakimiyyət dəyişikliyi, kimi təsirli islahatlar, kimi ucuz ipoteka kreditləri, kimi yeni siyasi kurs, kimi də əvvəlki kursun davamını gözləyirdi...

ATƏT-in demokratik standartlardan uzaq saydığı seçki, rəsmi yekunlara görə, seçicilərin 84 faiz səsini qazanan İlham Əliyevin üçüncü müddətə prezident elan olunması ilə başa çatdı.

MÜBARİZ QURBANLI: «AZƏRBAYCAN ÖZ PEYKİNİ KOSMİK FƏZAYA BURAXIB»

YAP Siyasi Şurasının üzvü Mübariz Qurbanlının fikrincə, ən yadda qalan hadisə də elə budur:

«Həmin seçkilərdə xalqın böyük dəstəyi ilə cənab İlham Əliyevin yenidən ölkəmizə prezident seçilməsi çox mühüm bir hadisə kimi yaddaşlara həkk olunub. Bilirsiniz ki, 2013-cü ildə Azərbaycan sosial-iqtisadi baxımdan irəliləyişə nail olub, öz peykini kosmik fəzaya buraxıb.
Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Həm də bu il YAP-ın qurultayı keçirilib, İlham Əliyevin namizədliyi irəli sürülüb və o qələbə çalıb».

Əvvəlkilərdən fərqli olaraq köhnə-yeni prezidentin – İlham Əliyevin andiçmə mərasimi Milli Məclisdə keçirildi. Heç bir xarici qonağın, əcnəbi diplomatın qatılmadığı mərasimdə İlham Əliyev bu sözləri dilə gətirdi:

«Azərbaycan xalqı öz taleyinin sahibidir və heç vaxt tarixdə Azərbaycan bu qədər güclü olmayıb. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdı. Biz hamımız bundan sonra da çalışmalıyıq ki, müstəqilliyimizi əbədi və dönməz edək».

MICHEL VOISIN: «MÜŞAHİDƏ APARILAN MƏNTƏQƏLƏRİN 58 FAİZİNDƏ POZUNTU QEYDƏ ALINIB»

ATƏT müşahidə missiyası 2013-cü ilin ən önəmli olayını – prezident seçkisini kəskin tənqidə tutdu. Missiya rəhbəri Michel Voisin «Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu»ların qeydə alındığını bildirdi.

ATƏT müşahidəçilərinin mətbuat konfransı - Bakı, 10 oktyabr 2013
ATƏT müşahidəçilərinin mətbuat konfransı - Bakı, 10 oktyabr 2013
İlkin rəyin tənqid dozasından əsəbiləşən hakimiyyət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə əməkdaşlığa yenidən baxacağını bəyan etdi.

Prezident seçkisinin müxalifət üçün uğurlu nəticələnmədiyini deyən AXCP sədri Əli Kərimli ilin önəmli siyasi hadisələri sırasında ana müxalifətin bir çatı altına toplaşmasını misal çəkir:

«Bütün il ərzində ölkə müxalifəti təşəbbüskar oldu. Əvvəlcə Milli Şura yaradıldı. Vahid namizədlə seçkiyə getdi, etiraz aksiyaları keçirdi. Bunlar ilin əsas hadisələri idi».

ƏLİ KƏRİMLİ: «UDUZSAQ DA... SEÇKİ BÖYÜK DƏYİŞİKLİKLƏRƏ TƏMƏL ATIB»

Əli Kərimlinin fikrincə, Milli Şuranın vahid namizədi Cəmil Həsənli qələbə çala bilməsə də, 9 oktyabr seçkisi böyük dəyişiklərə təməl atıb:

«İlham Əliyevin legitimliyi sarsılıb, bütün dünya onun legitimliyini şübhə altına alıb. Hətta bu şərtlər altında Azərbaycan iqtidarını məğlub edə bilən müxalifətin varlığı təsdiqlənib.
Əli Kərimli
Əli Kərimli
«Müxalifət ambisiyaları ucbatından birləşə bilmir» tezisləri puça çıxıb. Müxalifət birləşib, sıralarından layiqli bir nəfər seçərək vahid namizəd kimi irəli sürüb. Bu, gələcək siyasi mübarizə üçün uğurlu fundamentdir. 2013-cü ildə əldə edilmiş birliyi saxlamaq, müxalifət sferasında güzəştlərə hazır olmaq və bunun bazasında gələcək seçkilərə hazırlaşmaq başlıca vəzifəmizdir».

BƏXTİYAR HACIYEV: «ƏHALİNİN HƏYATINA DAHA ÇOX BENZİNİN BAHALAŞMASI TƏSİR GÖSTƏRİB»

2013-cü il gənc fəal Bəxtiyar Hacıyevin yaddaşında Bakının mərkəzində keçirilən «Əsgər ölümlərinə yox!» aksiyalarıyla iz buraxıb:

«Bu aksiyalar gəncləri xeyli fəallaşdırdı, amma sonrakı həbslər prosesi dayandırdı».

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
Gənc fəalın fikrincə, ana müxalifətin Milli Şurada birləşməsi ilin siyasi palitrasını zənginləşdirib. Amma o, benzinin qiymətinin artırılmasını ölkə əhalisinin həyatına təsir edən daha vacib olay sayır:

«Prezident dəyişsəydi, demək olardı ki, Milli Şuranın yaranması ictimaiyyətin həyatına mənfi və ya müsbət təsir göstərib. İndi hər şey köhnədir – prezident də, komandası da. Bu baxımdan düşünürəm ki, əhalinin həyatına daha çox benzinin bahalaşması təsir göstərib».

HÜSEYNBALA SƏLİMOV: «2013-CÜ İL HƏR HANSI PROSESİN NƏ BAŞLANĞICIDIR, NƏ DƏ SONU»

Siyasi şərhçi Hüseynbala Səlimov müxalifətin icazəli etiraz aksiyalarını paytaxtın kənarlarından içərisinə doğru çəkə bilməsini prezident seçkisi qədər önəmli sayır. Amma o bu mitinqlərin kütləviləşməməyini izah etməkdə çətinlik çəkir. Şərhçinin sözlərinə görə, əhalinin əksəriyyəti siyasi hakimiyyətdən narazı qalsa da, bu narazılığı əməli şəkildə göstərmək lazım gələndə, çəkilir kənara:

«İnsanlarla söhbət eləyəndə narahatlıq və narazılıqları görürsən, amma iş gəlib konkret addım atmağa çatanda, görürsən ki, bunu eləmirlər».

Hüseynbala Səlimov
Hüseynbala Səlimov
Hüseynbala Səlimovun dediyinə görə, 2013-cü il hər hansı prosesin nə başlanğıcıdır, nə də sonu:

«Bu, aqoniyanın – canvermənin hələ bir müddət uzanacağı deməkdir. Proseslər bir müddət davam edəcək. Azərbaycan hakimiyyətinə qüvvə verən nədir? Qaz var, neft var. Özləri ölkəni istismar edirlər, bir az xalqa yönəldirlər... Beləcə, ölkəni idarə etmək asanlaşır. Amma qaz, neft əbədi deyil, bunlar nə vaxtsa tükənəcək. Düzdür, mən demirəm ki, oturub bu sərvətlərin tükənməsini, ölkənin böhran həddinə çatmasını gözləməliyik».

Siyasi şərhçinin fikrincə, Azərbaycanda siyasi ab-hava beynəlxalq təzyiqlər nəticəsində durula bilər. O, indi hakimiyyətin öz avtoritarlığını daha da genişləndirdiyini, gücləndirdiyini, öz rəqiblərini siyasət meydanından birdəfəlik çıxarmaq üçün partiyaların maliyyələşməsi və qərargah məsələlərini ortaya atıb, siyasi həbsləri artırdığını söyləyir.

Bütün bunlarla birgə Hüseynbala Səlimov gələcəyə nikbin baxmağı doğru sayır. Onun fikrincə, viza sadələşdirilməsi ilə Avropaya bir addım da yaxınlaşan Azərbaycan dünyada gedən durulma prosesindən kənarda qalmayacaq.
XS
SM
MD
LG