Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:19

Siyasi islahatlar davam edəcək


İlham Əliyev
İlham Əliyev
-
2013-CÜ İL AZƏRBAYCAN ÜÇÜN UĞURLU OLUB

Bunu prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı təbrikində bildirib.

Prezident deyib ki, 2013-cü ildə Azərbaycanın həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artıb və güclənib. “Bu il Azərbaycan BMT Təhlükəsizlik Şurasındakı fəaliyyətini başa çatdırır. İki il ərzində Azərbaycan dünyanın bir nömrəli qurumu olan BMT Təhlükəsizlik Şurasında çox fəal iştirak etmişdir”.

“AZƏRBAYCAN HEÇ VAXT İMKAN VERMƏYƏCƏK Kİ…”

İlham Əliyev dünyada beynəlxalq hüquq normalarının pozulduğunu, buna misal kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasını göstərib.

“Beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilmir. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi vardır ki, erməni işğalçı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ancaq Ermənistan buna məhəl qoymur. ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatının da bu məsələ ilə bağlı qərar və qətnamələri vardır. Əfsuslar olsun ki, onlar icra edilmir”.

Prezident deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Başqa variant ola bilməz.

“Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim torpağımızda ikinci süni erməni dövləti yaradılsın. Əminəm ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcəkdir və işğal edilmiş bütün torpaqlarda Azərbaycan vətəndaşları yaşayacaqlar. Gələcəkdə isə azərbaycanlılar bütün tarixi torpaqlara qayıdacaqlar”.

“ƏN MÜASİR TEXNİKA, SİLAH-SURSAT ALINIR”


Azərbaycan prezidenti ordu quruculuğundakı uğurlardan da danışıb. Bildirib ki, Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır.

“Bu istiqamətdə hələ görüləcək işlər çoxdur, islahatlar davam etdirilməlidir. Ancaq deyə bilərəm ki, ölkəmizin hərbi potensialı kifayət qədər güclüdür. Ən müasir texnika, silah-sursat alınır. Azərbaycanda müasir hərbi məhsullar istehsal olunur”.

YOXSULLUĞUN SƏVİYYƏSİ BEŞ FAİZDƏN ÇOXDUR


İqtisadi siyasət haqqında prezident deyib ki, bu sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmayıb.

“Son on il ərzində iqtisadiyyatımız 3,4 dəfə artmışdır ki, bu, dünya miqyasında ən böyük göstəricidir. Bir milyon 200 mindən artıq yeni iş yeri açılmışdır. Yoxsulluğun azaldılmasında böyük nailiyyətlər əldə edilmişdir. Hazırda yoxsulluğun səviyyəsi beş faizdən bir qədər çoxdur. İşsizliyə qarşı mübarizə gözəl nəticələr vermişdir. Azərbaycanda işsizliyin səviyyəsi beş faizdən aşağıdır”.

“QANUNUN ALİLİYİ TƏMİN EDİLİR, BÜTÜN AZADLIQLAR VAR”

İlham Əliyev deyib ki, ölkədə siyasi islahatlar davam etdirilir və davam etdiriləcək.

“Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində çox müsbət addımlar atılır, qanunun aliliyi təmin edilir, bütün azadlıqlar vardır. Azərbaycan siyasi islahatların aparılması istiqamətində də qabaqcıl ölkələrin birinə çevrilməkdədir”.

Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədən də danışıb. “ASAN xidmət”in fəaliyyətini xüsusi qeyd edib. Gələcəkdə “ASAN xidmət”də göstərilən xidmətlərin sayının artırılacağını bildirib.

Neft-qaz sektorunda uğurlardan danışanda TANAP, TAP, “Şahdəniz-2” layihələrini Azərbaycanın tarixi uğuru adlandırıb.

PREZİDENT DEYİR Kİ, SEÇKİLƏR AZAD VƏ ƏDALƏTLİ OLUB

İlham Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərini azad, ədalətli adlandırıb. Deyib ki, “əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı seçkilərin keçirilməsinə yüksək qiymət vermişdir. Seçkilərdə Azərbaycan xalqının iradəsi tam şəkildə öz əksini tapmışdır.

Mənə yenidən böyük diqqət və dəstək göstərdiyi üçün doğma xalqıma minnətdaram. Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, mən bundan sonra da ölkəmizin uğurlu inkişafı, gələcəyi üçün var gücümlə çalışacağam”.

Prezident 2013-cü ildə Azərbaycanın kosmik dövlətə çevrildiyini, ilin əvvəlində “Azərspace-1” peykinin fəzaya buraxılması tarixi nailiyyət adlandırıb.
XS
SM
MD
LG