Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:56

Naxçıvan əhalisinin rəsmi və qeyri rəsmi sayı...


Naxçıvan aeroportu
Naxçıvan aeroportu
-
Rəsmi məlumata görə, ötən il Naxçıvanda əhalinin sayı 435 min nəfəri keçib. Muxtar Respublika Statistika Komitəsindən bildirilir ki, bu rəqəm bir il öncəyə nisbətən 9 min nəfər – yəni 2 faiz artıb. Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov da deyib ki, artım muxtar respublikada əhalinin rifah halının son dövrlər daha da yaxşılaşması ilə izah edilməlidir.

Ancaq, bu rəqəmin Naxçıvandakı hazırkı reallıqla uyğun olmadığını düşünənlər də az deyil. Hüquq müdafiəçisi Həkimeldostu Mehdiyev statistika komitəsinin məlumatını sovet dövründən qalma “pripiska” kimi dəyərləndirir :

“ƏHALİNİN ƏKSƏRİYYƏTİ NAXÇIVANDAN KÖÇ EDİB...”

“435 min nəfərin qeydiyyatda olması bəlkə də inandırıcıdır. Ancaq, bu insanların yarıdan çoxu 10 illərdir ki, Naxçıvandan kənarda yaşayır. Mən ailələr tanıyıram ki, uşaqların 6-7 yaşı var, ancaq heç bir sənədləri yoxdur. Naxçıvandan əhalinin əksəriyyəti köç edir, kəndlərin əksəriyyəti boşalmış vəziyyətdədir. Naxçıvanda hər il məktəblərdə ibtidai sinif müəllimləri ixtisara salınır. Bu da onunla bağlıdır ki, yeni doğulanların əksəriyyəti Naxçıvandan kənarda dünyaya gəlib, orada da yaşayırlar. Türkiyədə doğulanları da adlarına yazırlar. Kənd icra nümayəndələri dəqiq bilirlər ki, kimlər Türkiyədə yaşayır, hansı evləndi, neçə uşağı oldu. Bunları da siyahıya yazıb artım kimi göstərirlər. Naxçıvandan Bakıya gələnlərin heç biri qeydiyyatdan çıxmır. Çünki, bu böyük vəsait tələb edir. Hətta, eşitdiyimə görə, belə bir göstəriş var ki, heç kim qeydiyyatdan çıxarılmasın”.

“KÜTLƏVİ AXININ SƏBƏBİ İŞSİZLİKDİR”

İqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, Naxçıvanın boşalmasının əsas səbəbi muxtar respublikadakı rifah halının digər regionlara nisbətən daha aşağı olmasıdır:

“Müəyyən tikinti, investisiya xərclərinin həyata keçirilməsinin rifahla heç bir əlaqəsi yoxdur. Naxçıvanda əhalinin sürətlə boşalmasının əsas səbəbi budur ki, vətəndaşların işlə təminatında ciddi problemlər yaranıb. Naxçıvan əhalisinin qonşu İran və Türkiyə ilə əlaqəli sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün minimum şərtlər ödənsəydi, oradan kütləvi axın olmazdı. Kütləvi axının səbəbi işsizlikdir. Naxçıvanda insanlar özünüifadə imkanları tapa bilməyəndə, miqrantların da sayı artır. Əhalinin sayının artmasının rifahla heç bir əlaqəsi yoxdur. Bu məsələ sırf statistikadır”.

ÖZÜ BAKIDA, QEYDİYYATI NAXÇIVANDA

Miqrantlara Hüquqi Yardım İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əlövsət Əliyev də deyir ki, Naxçıvan əhalisinin böyük hissəsi muxtar respublikada qeydiyyatda qalmaqla kənarda yaşayırlar:

“Azərbaycanda bir çox qanunlar tətbiq olunmur. Onların ən asası isə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat ilə bağlıdır. Azərbaycan vətəndaşlarının yaşayış yeri üzrə qeydiyyatı mövcud deyil və aparılmır. Bakı şəhəri Azərbaycan əhalisinin yarısını saxlayır. Lakin, Bakıda yaşayanların 30-35 faizi burada qeydiyyatda deyil. Naxçıvan əhalisinin də böyük əksəriyyəti Naxçıvanda qeydiyyatda qalmaqla Bakıda yaşayır. Əgər şəxs 60 gündən artıq bir yerdə yaşayırsa, köhnə qeydiyyatdan çıxıb, yeni yaşayış yerindən şəxsiyyət vəsiqəsi almalıdır. Qeydiyyatla bağlı mövcud durumu əks etdirən real rəqəmlər Azərbaycanda mövcud deyil. Buna borclu olan dövlət orqanı da mövcud deyil. Azərbaycanda ölkə hüdudlarından kənarda yaşayanların qeydiyyatının aparılması qaydasını qanunvericilik müəyyən etmir, etsə də icra olunmur. Bu da seçkilərə təsir edən amillərdən biridir”.

Rəsmilər isə öz növbəsində Naxçıvanın boşalması ilə bağlı deyilən fikirlərlə razılaşmırlar.
XS
SM
MD
LG