Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:43

Bakının mərkəzində söküləcək ərazilərin siyahısı açıqlandı


arxiv foto
arxiv foto
-
Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli azdır. Paytaxtda yaşıllığın artırılması ilə bağlı ayrı-ayrı tikililərin, heç bir tarixi əhəmiyyəti olmayan, texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli olan binaların sökülməsi nəzərdə tutulur.

Bu barədə Trend-ə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

Şöbə müdiri sökülməsi nəzərdə tutulan bəzi ərazilərin adlarını açıqlayıb:

“Bakıda “Sovetski” adlanan ərazinin sökülməsi barədə fikirlər hələ Sovet dövründə səslənirdi. Sovet hökuməti dağıldı, amma “Sovetski” sökülüb qurtarmadı. Bir şey də deyim ki, “Sovestki”nin sökülməsi məsələsinə yanaşma kütləvi olmalıdır. Mənə də müraciət edirlər ki, orada hətta hava olmayan, günəş şüası düşməyən zirzəmilərdə yaşayan insanlar var. Təbii ki, onlar oradan köçmək istəyir. Amma həmin ərazidə iş yerləri, biznes fəaliyyəti ilə bağlı obyektləri olan, bundan əlavə çox gözəl, hətta tarixi əhəmiyyəti olan evlərdə, binalarda yaşayan insanlar da var ki, onlar köçmək istəmirlər. Bu baxımdan, oradakı söküntü işlərinə fərdi yanaşmaq lazımdır. Hesab edirəm ki, bundan ötrü müvafiq işçi layihəsi hazırlanacaq. Biz yaxın gələcəkdə bunun reallaşmasının şahidi ola bilərik”.

“KUBİNKA” VƏ “PAPANİN” DƏ DİQQƏT MƏRKƏZİNDƏDİR

Şöbə müdirinin sözlərinə görə, diqqət mərkəzində olan yerlərdən biri də “Kubinka” adlanan ərazidir:

“Orada da vəziyyət çox acınacaqlıdır. Özü də son vaxtlar orada çoxmərtəbəli uca binaların tikilməsi ilə azmərtəbəli binalarda yaşayanlar üçün çətin vəziyyət yaranıb, həmin ərazinin ekoloji durumu bir az da mürəkkəbləşib. Təbii ki, sökülməsi yox, abadlaşdırılması gözlənilən ərazilərdən biri də “Kubinka” olacaq”.

C.Qocayev, həmçinin qeyd edib ki, “Papanin” adlanan ərazidə də söküntü işlərinin aparılması ehtimalı yüksəkdir. O bildirib ki, heç də hər yerdə söküntünün dövlət hesabına aparılmasından söhbət getmir:

“Ola bilsin ki, sadaladığım bu ərazilər sökülmək üçün açıq elan edilsin. Çünki bu yerlərin sökülməyə, daha doğrusu abadlaşdırmaya verilməsi potensialı daha yüksəkdir. Bu ərazilərin abadlaşdırılması, oradakı insanların həyatının yaxşılaşdırılması gündəlikdə duran vacib məsələlərdən biridir”.

Dövlət Komitəsi rəsmisi bildirib ki, bu işlər görülən zaman yanaşma fərqli olacaq:

“Əvvəllər gəlib 5-6 evin yerini alıb orada çoxmərtəbəli bina tikirdilər, qalan ərazi isə belə də qalırdı. Amma bundan sonra belə olmayacaq, kompleks yanaşma tətbiq ediləcək, yəni ətrafda artıq başqa evlər qalmayacaq”.
XS
SM
MD
LG