Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:57

«Azərbaycanın ilk rəsmi milyonçusu...»


Anar Əliyev
Anar Əliyev
-
«Global Witness» təşkilatının yaydığı «Azərbaycanın neft sektoru: Gizli fiqur» adlı hesabatından sonra ölkədə neft çıxaran bəzi şirkətlər öz paylarından imtina etmək istəyiblər. Hətta payının bir hissəsindən keçənlər də olub. Bunu Dövlət Neft Şirkətinin rəsmisi «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyasının keçirdiyi müzakirələrdə bildirib.

«Global Witness»in hesabatında adı keçən və «gizli fiqur» sayılan Anar Əliyevin ortaya çıxıb müsahibə verməsi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) satış əməliyyatlarına aydınlıq gətiribmi? SOCAR neft və neft məhsullarının beynəlxalq satış sistemini qurmaq üçün niyə məhz Anar Əliyevi seçib? Bu qurum öz fəaliyyətində şəffaflığı necə qoruyur?

Yanvarın 15-də İctimai Birliklərin «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası Londonda mənzilllənən «Global Witness» təşkilatının sözügedən hesabatının müzakirəsində həmin suallara cavab aranıb.

«BƏZİ ŞİRKƏTLƏR PAYLARININ BİR HİSSƏSİNDƏN İMTİNA ETDİLƏR»

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) hüquq şöbəsinin müdiri Eldar Orucov müzakirəyə qatılaraq deyib ki, «Global Witness»in məlum hesabatını SOCAR-ın iri sazişlər bağlamaq ərəfəsində açıqlaması onların qərəzindən xəbər verir. O, söylədiklərinə bunu da artırır ki, SOCAR-a ittihamlar qurumun işgüzar nüfuzuna və iqtisadi durumuna zərər vurmayıb, çünki tərəfdaşları qarşısında etibarlılıqlarını sübut edə biliblər.

Bəzi tərəfdaşların öz paylarından imtina etməsinə diqqət çəkən Eldar Orucov bunun hansı sazişlərlə bağlı olduğunu söyləməsə də, deyir ki, onlar bu addımı hesabatla əlaqələndirirlər:

«Bəziləri hətta öz paylarının bir hissəsindən imtina etdilər, məcbur etdilər ki, bu payı biz alaq».

Təxminən bir ay öncə «Şahdəniz-2» layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi imzalanıb. «Global Witness»in hesabatı bundan bir neçə gün öncə açıqlanıb.

«BİZİM SƏNƏDLƏRƏ İSTİNAD EDİBLƏR»

Eldar Orucov deyir ki, hesabatda əksini tapan maxinasiya və korrupsiya iddiaları ilə razı deyillər. O əlavə edir ki, «Anonim-Azərbaycan»dakı bir çox istinad onların sənədlərinə əsaslanıb:

«Necə gizli əməliyyatlar aparılıb ki, hesabatda bizim sənədlərə, hesabatlarımıza istinad edilib? Səndə qanunsuzluqla bağlı fakt yoxdursa, bu hesabatı niyə dərc edirdin? Aydınlaşdırardın ki, bu şəxs mövcuddur, ya yox və sonda dərc edərdin».

Müzakirələrdə əsas diqqət Anar Əliyevin şəxsiyyətinə yönəlib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, Azərbaycan Anar Əliyevin timsalında öz ilk rəsmi milyonçusunu görə bilər:

«Anar Əliyev deyib ki, o, Azərbaycanın vergi orqanlarına vergi ödəyir».

«NİYƏ MƏHZ ANAR ƏLİYEV?»

Neft və neft məhsullarının beynəlxalq satış bazarına çıxması üçün SOCAR-ın niyə məhz Anar Əliyevi seçməsi «Mədən Sənayesində Şəffaflığın Artırılması» Koalisiyası üzvlərini maraqlandıran suallardan biri idi. SOCAR rəsmisi Eldar Orucovun sözlərinə görə, «Socar Trading»i yaratmaq istəyəndə onların heç bir təcrübəsi olmayıb:
Eldar Orucov
Eldar Orucov

«Belə bir ittiham da var ki, niyə mütəxəssis dəvət etməyiblər? Mütəxəssis dəvət edəndə sən axı onunla heç bir riski bölüşmürsən. Layihənə tərəfdaş cəlb edəndə isə onunla riski bölüşürsən. Bizə beynəlxalq auditlər də tövsiyə verirlər».

Eldar Orucovun sözlərinə görə, «Socar Trading»i yaradarkən vaxtilə «Lukoil»da çalışmış və burda satış sahəsini yaratmış neft treyderi Valery Golovushkin-i layihəyə cəlb etmək istəyiblər:

«Və biz onu bu layihəyə gətirmək üçün çox çalışırdıq. Anar Əliyevin üstünlüyü o oldu ki, Golovushkin-lə razılığa gələ bildi. İkinci üstünlüyü o oldu ki, Anar Əliyev investisiya üçün lazım olan vəsaiti tamamilə qoydu. Buna qədər o payını haradan qazanmışdı, siz bunu onun müsahibəsindən oxuya bilərsiniz».

ANAR ƏLİYEV «SOCAR TRADING»İN TƏŞƏBBÜSÇÜSÜ OLDUĞUNU DEYİR

SOCAR-ın irili-xırdalı 48 sövdələşməsində adı keçən Anar Əliyev bir neçə gün öncə «Business-time» jurnalına müsahibəsində «Socar Trading»ə qədərki biznesi barədə məlumat verib. O, «Socar Trading» layihəsinə də toxunaraq deyib ki, beynəlxalq satış strukturunun yaradılmasını Dövlət Neft Şirkətinə təklif edib:

««Socar Trading SA» adlı bir şirkətin qurulması mənim və həmçinin tanınmış neft treyderi olan cənab Valery Golovushkin tərəfindən irəli sürülən bir təklif oldu. O zaman ARDNŞ öz xam neftini dünya bazarlarına xarici şirkətlər vasitəsilə çıxarırdı. Bu isə siyasi baxımdan ölkəmizə bir təzyiq mexanizmi idi. Nəticədə biz dünyanın xam neft treydinqi sayılan İsveçrədə belə bir yeni treydinq şirkətinin qurulmasını təklif etdik. Bu xam neftin satışı strukturu Azərbaycanın xam neftinin əsas satış mərkəzinə çevrilməsi üçün peşəkar işçi heyəti və ofislə təchiz edilməli idi. O zaman ARDNŞ belə bir şirkətin qurulmasına dair zəruri təcrübəyə və «nou-hau»ya malik deyildi, və nəticədə, bizim tərəfimizdən verilən təklifə əsasən, «Socar Trading SA» şirkəti quruldu».

SOCAR-ın rəsmisi Eldar Orucov deyir ki, «Socar Trading»i yaradarkən tərəfdaşları onların bəzi şərtlərini də qəbul ediblər:

«Məsələn, şərt kimi qoymuşduq ki, şirkətdə paylarını üçüncü şəxsə sata bilməzlər».
Eldar Orucov hazırda «Socar Trading»ə, onun törəməsi olan və Dubayda qeydiyyatdan keçən «Socar-International» şirkətinə də 100 faiz sahib olduqlarını vurğuladı.
lham Şaban
lham Şaban

SOCAR İNDİ ŞƏFFAFDIR, YOXSA ƏVVƏLLƏR DAHA ŞƏFFAF OLUB?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikrincə, 2006-cı ildə – ilk böyük neft pulları ölkəyə gələndən sonra Dövlət Neft Şirkətində hasilat və gəlirlə bağlı detallı informasiyalar və şəffaflıq azalıb. Mərkəz rəhbəri düşünür ki, SOCAR-ın diqqət hədəfində olması onun iri layihələri ilə bağlıdır və bu iri layihələrin izi ilə gedəndə informasiya kasadlığı ortaya çıxır.

SOCAR-ın əvvəllər daha şəffaf olduğu qənaəti ilə razılaşmayan Eldar Orucov deyir ki, öz fəaliyyətlərini beynəlxalq standartların tələbləri əsasında qururlar:

«Biz hətta xarici audit şirkəti ilə 5 illik müqavilə bağlamışıq ki, bütün sənədlərimiz yoxlansın».

O, hər il üzrə hazırladıqları hesabatların da Dövlət Neft Şirkətinin rəsmi saytında yerləşdirildiyini bildirir.

«Global Witness»in sözügedən hesabatı ilə bağlı məhkəməyə müraciət edəcəksinizmi» sualının cavabında Eldar Orucov deyir ki, belə bir niyyətləri olub, hətta bunun üçün bir hüquq şirkətini də cəlb ediblər, amma bu hesabatın onların işgüzar nüfuzuna xələl gətirdiyini ortaya qoyan sübutlar olmadığı üçün konkret addım atmırlar.

«GLOBAL WITNESS» BƏZİ SUALLARINA CAVAB GÖZLƏYİR

«Global Witness»in araşdırmaçısı Tom Mayne AzadlıqRadiosuna müsahibəsində sözügedən hesabat üçün SOCAR-ın məlumatlarından yararlandıqlarını təsdiqləyərək deyib ki, hesabatdakı hər faktı saf-cürük ediblər. Tom Mayne onu da bildirir ki, hesabat hazırlanarkən SOCAR Anar Əliyevlə bağlı suallara cavab verməmişdi.

«Global Witness»in fikrincə, bəzi suallar hələ də cavabsız qalır.
XS
SM
MD
LG