Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:45

Rəsulzadənin portreti niyə satışda yoxdur?


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə
-

Rəsulzadənin portretlərinin hazırlanması üçün dövlət sifarişi yoxdur. Onun şəklini internetdən çıxarıb, çərçivəyə salıb müştərilərə satmaq istəyənlərin də əl-ayağını yığışdırıblar...


Oqtay Qorçu


RƏSULZADƏ PORTRETİ


Azərbaycan Demokratik Respublikasının odu-alovu hələ sönməmiş istiqlal tarixini bilmək üçün bəlkə cild-cild kitab oxumaq da vacib deyil. Eləcə böyük Məhəmməd Əminin həyat hekayətinə qısaca nəzər yetirmək, “Əli və Nino” romanını oxumaq da yetər.

1918-ci ilin 28 mayında Azərbaycanda Şərqin ilk demokratik cümhuriyyəti qurulub. Böyük Məhəmməd Əmin öndə olmaqla ADR qurucuları millətin, dövlətin sayılıb-seçilməsi uğrunda min bir əziyyətə qatlaşıblar. Onların cümhuriyyəti qorumaq üçün necə bir mücadilə apardığı, nələri qazanıb nələri itirdiyi hamıya məlumdur.

Birinci respublikanın ömrü çox qısa olsa da, şərəfli bir tarix əmanət qoyub bizə. Əqidəsindən sapmayan azadlıq carçılarının, işğalçı rus ordusuna, daşnaklara qarşı savaşanların, qırmızı imperiyanın əsirinə çevrilib Sibirə sürülənlərin, işgəncələrlə qətlə yetirilənlərin, izsiz-soraqsız itirilənlərin, doğma torpaqdan didərgin salınanların, gözünü qürbətdə yumanların mükafatı isə sonda Azərbaycan dövlətinin, üçrəngli bayrağın tarixin zindanından salamat çıxması olub.

Biz onların yaratdığı tarixdən bir də keçib gəldik. Biz vətənə yiyə durmağı, millət olmağı onlardan öyrəndik. Biz hamımız Məhəmməd Əminin öz silahdaşlarıyla birgə qurduğu cümhuriyyətin vətəndaşlarıyıq, bizim şəxsiyyət vəsiqəmizə də Rəsulzadənin imzası qoyulmalıdır.

Yorulmaz düşmənlərin sağdan-soldan dartışdırdığı bir ölkənin hələ də ayaqda durmasına görə biz həmən tarixə borcluyuq. Biz o kişilər bizi var elədiyi üçün varıq. Onların cızdığı tarixi yoldan hər hansı sapma ölkəmiz üçün böyük qəza, fəlakət, tarixin qatarından üzülmə demək olar. Bu gün karvandan üzülməsə də, təkəri çuxura düşmüş Azərbaycan Respublikası – Rəsulzadənin, cümhuriyyət qurucularının böyük ixtirası, pis qulluq gördüyündən mühərriki paslanmış yadigarıdır.
Türkiyə - Rəsulzadənin məzarı, Ankara, 2013
Türkiyə - Rəsulzadənin məzarı, Ankara, 2013

İndiyəcən mərhum prezident Heydər Əliyevin müasir Azərbaycanın qurucusu olduğunu israrla beyinlərə yeridən iqtidar da axır hərəkətə gəldi. Rəsulzadə boyda tarixi faktı görməzliyə vuranlar ilk baxışdan onun xatırlanmasını istəməyə məhkum olunmuş kimi görükürdülər. Uzun illərin qısqanc sükutundan sonra hakimiyyət bolluca xeyrini gördüyü cümhuriyyətin halallığını istəməyə məcbur oldu. Bir daha təsdiqləndi ki, Rəsulzadə hətta onu istəməyən vətən övladlarına belə xeyir verə biləcək qədər nəhəng vətənpərvərdir. Millət yolu, haqq yolu, demokratiya yolu elə belə olur.

Son nəfəsi ağzından “Azərbaycan” sözüylə çıxan ən böyük azərbaycanlının 130 illik yubileyinin qeyd olunması barədə prezident sərəncam imzaladı. Bayrağımızın, gerbimizin, himnimizin yaddaşına hopmuş, hər gün istər-istəməz xatırlanan Rəsulzadə bu dəfə rəsmi səviyyədə anılacaq. Bu işi görməyə ərinənlər də çoxdur, ancaq təhkim olunublar deyə susurlar. Görən necə duracaqlar iki dünya görmüş 130 yaşlı kişinin hüzurunda?..

Dedilər onun portretini tapmaq müşkül məsələdir. Bu xəbərdən sonra özüm də bir neçə mağazanı gəzdim, respublikanın paytaxtında respublika qurucusunun surətinə rast gəlmədim. Üstəlik, bu yaxınlarda ulu öndərə öz “töhfəsini” verən Bakı metropoliteni onun təsvirini “28 May” stansiyasından sildi. Amma bu gün satışda rəsmi tapılmasa da, onun köhnədən qalma portretlərini illər boyu qoruyub-saxlayanlar da çoxdur. Onun surəti adamın gözlərini əsla yormur...

İndi Bakı çox dəyişib. Şəhər əhalisi bir ucdan artır. Addımbaşı söküb-tikirlər, səkilər elə daralıb ki, bir ayağın qəlbidə, o biri yerdə yeriyirsən. Vitrinlər göz qamaşdırır. Bu şəhərin dükan-bazarında indi quş südü də tapmaq olar. Cürbəcür rəsm əsərləri, siyasi xadimlərin, qəhrəmanların, yazıçıların, bəstəkarların, artistlərin şəkilləri... Bu bolluqda gərək Rəsulzadənin portretini də tapmaq çətin olmayaydı. Ancaq elə şeylər var ki, onu təkcə pulla almaq olmur...

Məhəmməd Əminin portretini axtaranlara onun yerini deyim: çərçivəsi Azərbaycan sərhədləri, fonu bu ölkənin coğrafiyası, surəti… Hə, bax bu çərçivəyə, bu fona hər bir azərbaycanlı – Məhəmməd Əminin qurduğu cümhuriyyətin hər bir vətəndaşı öz şəklini yerləşdirə bilər. 9 milyon azərbaycanlı, dünyəvi respublikanın, hələlik kağız üstündə olsa da, azad xalqı – budur Rəsulzadənin silinməz boyalarla çəkilmiş ölməz portreti!

Bu boyda Bakının işıqlı, şəkilli bolluğunda bir çoxlarının portretini tapmaq çətin olmasa da, Məhəmməd Əmin Rəsulzadənin portretini tapmaq çevrilib müşkülə. Bir neçə il öncə portretlər, rəsm əsərləri, nəfis qablar, üstündə təsvir olan vazalar satan bir şəxsin çəkinə-çəkinə mənə söylədiyi balaca bir sirrini açmağa məcburam indi. Satıcı dükana girən iki adama yaxınlaşanda qəfildən onlardan birinin gözü sataşıb Rəsulzadənin köhnə Bakı və üçrəngli bayrağın fonunda təsviri olan vazaya. Görən kimi də qəzəblənib müştəri kişi, “Bunun şəklini kim çəkib, ə, bura? Satmağa bir şey tapmırsan, at getsin” söyləyib. Satıcı nəzakətlə cavab verib ki, bu, şəxsi əl işidir, ancaq kişi yenə ona irad tutub, bu dəfə mağazada Heydər və İlham Əliyevin portretlərinin olmadığını deyib, bu hərəkəti böyük qəbahət adlandırıb.

Akademiya sistemində işləyən bir dostumuz da dünən şikayətləndi ki, Rəsulzadənin yubileyini iş yerində qeyd etmək üçün onun portretini tapıb almaq istəyib, ancaq üç-dörd saatını sərf eləsə də heç bir dükanda Azərbaycan Demokratik Respublikasının qurucusunun portretini tapmayıb. Bəzi satıcılar utana-utana divardakı portretləri göstərib deyirmişlər ki, bizə ancaq onların şəkli gəlir.

Rəsulzadənin portretlərinin hazırlanması üçün dövlət sifarişi yoxdur. Onun şəklini internetdən çıxarıb, çərçivəyə salıb müştərilərə satmaq istəyənlərin də əl-ayağını yığışdırıblar.

Böyük Rəsulzadənin 9 milyon portretinin yoxa çıxması isə mümkünsüz. Satılmayan ən böyük qiymətli əsər indi qəhətə çıxan həmən portretdir elə. Onun böyük portretinin asıldığı nəhəng qala divarının altından – Azərbaycan siyasətinin içindən qısıla-qısıla keçib-gedənlər, Rəsulzadə yolunu sapıb özünü bitirənlər isə hələ çox olacaq.

Mediaforum
XS
SM
MD
LG