Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:27

Azərbaycanda 'cinçıxarma' olayı britaniyalı jurnalistin gözü ilə


Mike Omsby (http://mikeormsby.net/)
Mike Omsby (http://mikeormsby.net/)
-

Jurnalist cindarla qarşılaşanda nə baş verir? Bakıda yaşayan britaniyalı yazar Mike Ormsby deyir ki, şeytan təfərrüatlarda gizlənib, özü də ciy-ciy səsi var. Ormsby bunu hardan bilir? Yazını oxu.


Postumun başlığı zarafat kimi səslənə bilər, amma Azərbaycanda baş verən son hadisələr kontekstində bu, aktual və ciddi sualdır. Mən bu suala üç yöndən cavab verəcəm. Əvvəlcə Afrika haqda bəhs edən bir qorxunc hekayətdən başlamaq istərdim.

2002-ci ildə mən Konqo Demokratik Respublikasında (KQR) yerli jurnalistlərə təlim keçirdim. O zaman Kilanda adlı bir oğlanla tanış oldum. Onu qara magiya ilə məşğul olmaqda ittiham edirdilər və “cinini çıxararkən” bədənini yandırıb dəhşətli hala salmışdılar. Videoya burada baxmaq olar

Katolik rahibələr yaralarını sarısa da, Kilanda elə aqoniyada idi ki, danışa da bilmirdi.

Sonra öyrəndim ki, qəddarcasına cin çıxarmaq halları Konqoda tez-tez baş verir. Bunun çox səbəbi var. Amma uşaqlar ən çox kimlərinsə gündəlik işlərinin nəhs gətirməsində “günahkar olan” cadugərlər kimi hədəfə alınırlar.

Medianın bu zorakılığa reaksiyası birmənalı deyil. Kilandanın başına gələnlər haqqında ətraflı məlumat yayılmalı hadisə olsa da, yerli televiziya və radiolar bir çox hallarda buna ya ümumiyyətlə əhəmiyyət verməyib, ya da bu barədə xəbərlər yerli qəzetlərin xırda ölçülü reklamları arasında it-bat olub.

Ən pisi isə o idi ki, belə hadisələr haqda xəbər yaymalı jurnalistlər uşaqları ittiham edir, onlara xətər yetirən böyüklərin “dini” və “mənəvi” cəhətdən narahatlıqlarını qabardırdılar. Sanki gənc “cadugərlər”in gücü haqda deyilənlər kimlərinsə təxəyyülünün məhsulu deyil, gerçək həyat faktı idi. Konqo boyu keçdiyim təlimlərdə mən öz yerli həmkarlarımı az tərəfkeşlik etməyə, mümkün qədər obyektiv olmağa, Kilanda kimi zəif varlıqlara qarşı zorakılıqları araşdırmağa, bu barədə xəbər yaymağa çağırırdım.

Bəzi jurnalistlərin reaksiyası düzgün idi. Bəziləri mızıldanırdı ki, “bizim ənənələri anlamırsınız”. Bəziləri isə yəqin düşünürdü ki, mən də cadugərəm.

Mən cin çıxarmaqla məşğul olan bir neçə “ruhani” ilə görüşdüm və onlar məni “şeytanla söhbət etməyə” dəvət etdilər. Deməliyəm ki, Şeytanın ciy-ciy səsi var. O ki qaldı məni Şeytanla görüşdürən “ruhani”yə, ciddi davranışı inandırıcı olsa da, cındırından cin hürkən köynəyi əsl həqiqətin nədən ibarət olduğunun göstəricisi idi: müharibənin viran qoyduğu Konqoda əməlli-başlı iş yerinə sahib olmaq az qala mələklərin lütfü sayılır. Cadugərlik bir növ bunun alternatividir, özü də gəlirli işdir.

Beş aydan sonra mən insanları yolundan sapdıran belə şəxslərin nüfuzunun artmasından narahat halda KDR-i tərk etdim. Amma həm də bu nəhəng ölkəni gəzən zaman qarşılaşdığım vicdanlı şəxslərlə bağlı xoş xatirələrim vardı. Bir də, gördüklərim mənə yeni roman üçün ideya vermişdi (bu barədə irəlidə danışacağam).

Burada Bakıda baş verən hadisələr mənim sualıma ikinci cavabı tapmağa kömək etdi. “Jurnalist cindarla qarşılaşanda nə baş verir” sualına. Yaxud jurnalist cinli olduğu deyilən qızla qarşılaşanda nə baş verir? Bu halda jurnalist biganə qalmır: düşünür ki, bunu mətbuata çıxarmaq yaxşı olardı, qızı TV-dəki tok-şouya dəvət edir. Bir neçə “ekspert”lə birgə.

Şou başlayır, qız əvvəlcə passiv şəkildə tamaşaçılar arasında yer alır, yanında da qardaşı. O qardaş ki, hövsələsi daralaraq jurnalistlə əlaqə saxlayıb. Aradabir qız gözünü, studiyaya çağrılmış ekspertlərdən birinə zilləyir, onun üstünə qışqırır. Həmin ekspert də mistik, fokus-mokus tipli jestlərlə ona cavab verir, sanki onu hipnoz edir. Qız təngnəfəs olur, qıvrılır və sanki “cinliymiş” kimi yerə sərilir. Prodüserlər şouya dramatik musiqi əlavə edirlər və tamaşaçılar ağızları açıq halda bu səhnəyə baxırlar. Teleyayım melodramatik tondadır və mən özümü 19-cu əsrin xaoslu, qarmaqarışıq ikipərdəli amerikan vodevillərini seyr edən kimi hiss edirdim. Amma şoudan sonrakı günlərdə baş verən bəzi hadisələr daha maraqlı oldu.

Əvvəlcə, Azərbaycanın Milli Tele-Radio Şurası ANS televiziyasını “uşaqların fiziki və mənəvi inkişafına zərər vurmaqda və ictimaiyyəti hiddətləndirən qəddarlığa meydan verməkdə” ittiham edir.

Daha sonra, bir nəfər həmin gənc qızla əlaqə saxlayıb görüş təyin edir və təkbətək görüşdə ona kömək edəcəyini deyir. Kimsə bu görüşü lentə alır və Youtube-a qoyur. Həmin videoya bir neçə gündə 140 min adam baxır.

Həvəskar çəkiliş həmin qızı sanki trans halında divanda oturub gözünü, ona kömək etmək istəyən kişiyə zilləyib pişik kimi fısıldayan halda göstərir. O da qızın üstünə qışqırır, ucadan Qurandan nəsə oxuyur, onun çiyninə zərbə vurur, yanan kibritləri onun alnına və boynuna vurur. Bu, narahatlıq doğuran, amma baxılmaması mümkün olmayan bir səhnədir. Bir film səhnəsi kimi. Fərq bundadır ki, bu, real həyatda baş verir, baş verdiyi yer hansısa evdir və bir yaşlı qadın gözə dəyib üzünü kameradan gizlədir, sanki kimliyinin bilinməsindən ehtiyat edir.

Aydın görünür ki, bu hadisələr Azərbaycanda qalmaqal yaradıb və BBC-nin yerli müxbirinin məlumatına görə, gənc qız indi bir kişinin evində qalır, deyir ki, “naxoşdur”, cindar ona kömək edib və hətta həmin cindara onu təpədən-dırnağacan yandırmağa icazə verməkdən də məmnun olardı.

BBC-nin müxbiri prokurorluqla əlaqə saxlayıb, ona deyiblər ki, gənc qız şikayət etməsə, kimsə “cindar”a qarşı ittiham irəli sürə bilməz. Bu da çətin baş verə. Çünki belə görünür, qızın vəziyyəti yaxşıdır. Buna ümid edək.
ANS-də cin çıxarma
ANS-də cin çıxarma

Konqodan saysız nümunələr gətirmək olar ki, gənclər “cinli” olmaları ilə razılaşır, onları “xilas edənlərlə” eyni oyunu oynayır, amma bəzən bunun axırı faciəvi olur.

Konqoda uşaqlara “cinli” deyib onları suçlayan, yaxud zorakılığa məruz qoyan böyüklər üç ilədək həbs cəzası ala bilərlər. Əgər belə bir qanunun varlığından daha çox konqolu xəbərdar olsa və onu həyata keçirməyə iradəsi çatsa, yəqin həmin qanun belə zorakı şəxslərin ipini çəkmək üçün effektiv vasitə ola bilər.

Azərbaycanda isə cin çıxaranların qəddarlığını önləmək üçün qanun varmı? Yaxud belə qəddarlığın TV-də göstərilməsinin qarşısını almaq üçün? Mənim cavab verəcəyim sual deyil, amma yəqin kimsə bu suala cavab verə bilər. Böyüklərin “cinli” uşaqları “xilas etdiyi” videolar Youtube-u başına almamış bunu etmək yaxşı olardı.

Yekun üçün, mən “Jurnalist cindarla qarşılaşanda nə baş verir” sualına üçüncü cavabımı deyirəm: Məsələn, mən roman yazdım. Həmin romanı yazıb çap etdirmək 10 il çəkdi. Əsər 2013-cü ilin dekabrında işıq üzü gördü. Romanda konqolu küçə uşağı sığınacaq axtarır və xarici jurnalist ona kömək etmək istəyir: Şeytansa təfərrüatda gizlənib. Süjet haqda yalnız bunu deyə bilərəm.

Əsər mənim Konqoda gördüklərimə əsaslanır. Mənə ilham verənsə əvvəldə haqqında danışdığım, ağır xəsarət almış Kilanda olub. Əsərin birinci hissəsi “Child Witch Kinshasa” dekabrda nəşr olunub, ikinci hissəsi “Child Witch London” isə martda işıq üzü görəcək.

Mənim romanım “Afrikanın ən qaranlıq guşələri” haqda ittihamnamə deyil. Əsərdə deylir ki, günahı yalnız başqalarında axtarma və vətəndaş müharibəsi kimi mürəkkəb situasiyalarda biz hamımız mənəvi dəyərlərdən uzaq düşə bilərik, hətta uzaq, dinc və yaşıllığı bol Londonda da.

Britaniya da “cinli” uşaqlara dəhşətli işgəncələr verilməsinin, hətta onların öldürülməsi ayininin şahidi olub. Hərçənd son illərdə mən belə müdhiş qətl barədə yazmamışam. Mənim romanımın bəzi yerləri hətta komediyadır və mən ümid edirəm ki, bu xırda detallar getdikcə daha da qəlizləşən böyük və mürəkkəb mövzuya işıq tutmağa kömək edir.

Uşaqların rifah halı üçün çalışan QHT-lər deyirlər ki, “cinli” uşaqlara qarşı zorakılıq dünya böyü artıb yayılmaqdadır.

Cin çıxarma bəlkə də qalmaqallı televiziyanın reklamına xidmət edir. Amma bu, zarafat mövzu deyil.
XS
SM
MD
LG