Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 19:33

Yazıçı özünü necə kulta çevirə bilər? - Thomas Pynchon üsulu


Pynchon-un gənclik şəkli, "The Guardian"
Pynchon-un gənclik şəkli, "The Guardian"
-

Adətən foto çəkdirməkdən qətiyyətlə imtina edən Pinçon daha bir çaşdırıcı aksiyaya imza atdı:

Amerikanın və dünyanın ən məşhur adamları öz fotolarının “Time” jurnalının üz qabığında verilməsiylə fəxr etdikləri halda, jurnal eyni təkliflə Pinçona müraciət edəndə yazardan rədd cavabı aldı...



N.Kireyeva


THOMAS PYNCHON: KULT YAZAR STATUSUNUN FORMALAŞMA MEXANİZMİ

"Con Bart və Tomas Pinçon: kult yazar və /və ya klassik?" məqaləsindən

əvvəli burda


Tomas Pinçon isə Con Bart tərəfindən düşünülüb-tapılan özünüyaratma strategiyasından fərqli bir strategiya tətbiq edir. O, sirləri, mistifikasiyaları və yüksək dozada eniqmatikliyi ön plana çıxarır.

Təsadüfi deyil ki, Pinçonun yaradıcılığını araşdıran bütün alimlər onun mətnlərinin birmənalı yozumdan uzaq olduğunu vurğulayırlar.

Bunun isə səbəbi yazarın öz davranışlarını məhz bu modelə uyğun qurmasıdır. Bu yolla Pinçon hər şeyi bilən və hər şeyi görən Yaradanın avtoritar mövqeyini sarsıdır, özünü kult yazar kimi dünyaya təqdim edir, “hamının” hazır nemət kimi qəbul elədiyi və anladığı “ədəbiyyatdan” uzaq durmağa çalışır.

Özünü sadəcə mətnlər müəllifi kimi yox, həm də yeni mədəni hüdudlar barədə təsəvvür formalaşdıran biri kimi tanıtmağa can atır. Tomas Pinçonun “İnostrannaya literatura” jurnalının 1996-cı il üçün 3-cü sayında təqdim olunan mətnləri göstərir ki, bu amerikalı müəllifin “ədəbi kimliyi” 1990-cı illərin ortalarına doğru öz vətənində tam formalaşmaqla qalmamış, həm də xarici oxucuların onun yaradıcılığını və şəxsiyyətini qavramasına imkan yaratmışdır.

Pinçonun rus oxucusuna təqdimatı bir növ “minus fənd” ilə həyata keçirilmişdi; onun fotosunun verilməli olduğu çərçivənin içinə bu cümlə yazılmışdı: “Yazar Pinçon şəkil çəkdirməyi sevmir”. Fotonun verilməməsi oxucunu cırnadır, onun marağını daha da körükləyirdi.

Bu isə əvvəlcədən yaxşıca düşünülmüş bir fənd idi, çünki gənc (“Entropiya” hekayəsini yazdığı dövrdəki) Pinçonun fotoları hələ 1990-cı illərin əvvəllərində yazara həsr olunmuş bir sıra ingilisdilli internet saytlarında yerləşdirilmişdi və bunlardan yararlanmaq “İnostrannaya literatura” əməkdaşları üçün heç də müşkül məsələ deyildi. Yazar barədə vizual informasiyanın yoxluğu yazılı bilgilərin formatı ilə kompensasiya edilmişdi. Jurnalın özəl bölümü sayılan “NB”- də verilən materiallar böyük zövqlə seçilmişdi: orada Pinçon yaradıcılığının ilk dövrlərinə aid edilən “Entropiya” hekayəsi onun yaradıcılıq üslubunun dərki üçün həlledici rola malikdir. Təqdim olunan digər əsər isə onun nadir hallarda yazdığı esselərindən biri idi: “Sənə can atıram, divanım, sənə”. Bu mətndə yazar çağdaş həyatın ən müxtəlif problemləri barədə öz düşüncələrini oxucularıyla paylaşıb. Bunların ardınca isə tənqidçilərdən A.Zverevin və S.Kuznetsovun məqalələri verilib. Zverevin məqaləsi: “Tomas Pinçon haqda indiyədək yazılanlar onun özünün yazdıqlarından daha çoxdur” cümləsiylə başlayırdı və əslində bu, jurnalda yazarla bağlı verilən materialların həcm nisbəti üçün də eynən keçərli idi.

Sözügedən yazılar dərc olunan vaxt ingilisdilli mediada Pinçonun “Meyson və Dikson” (1997) adlı beşinci romanının reklam kampaniyasına start verilmişdi. Tənqidçi və naşirlər ordusu bu əsəri yazarın “Böyük amerikan romanı” yaratmaq yönündə atdığı növbəti addım kimi dəyərləndirirdilər.

Okeanın o tayında canlı əfsanəyə dönmüş bir yazarın yeni romanının reklam kampaniyası ilə onun əsərləriylə Rusiya oxucusunun ilk tanışlığı arasında hər hansı əlaqə qurmaq bəlkə də ilk baxışda yersiz görünə bilər. Lakin məsələ ondadır ki, bu, bir neçə onillik boyunca Pinçonun “ədəbi şəxsiyyəti”ni tanıtma modelinə əslində heç də yad deyildi. Həm də sözügedən modelin formalaşmasına yazarın özünün də birbaşa qatqıları danılmazdır. Pinçon öz həyatı ilə bağlı hər cür bilgini son dərəcə gizli tutmağa çalışır, heç bir ədəbi instansiyaya məhəl qoymur, nadir hallarda təzə əsərlər çap etdirir, nə öz mətnləri, nə də məsləkdaşlarının əsərləri barədə fikir bildirir. Çağdaş informasiya məkanında gözlə görünən hər hansı iz buraxmamağa bilərəkdən çalışması onillər boyu Pinçonun öz “yaradıcı şəxsiyyət” modelinin məğzi kimi dəyərləndirilir, buna görə də həm elmi macmuələrdə, həm də populyar nəşrlərdə geniş diskussiyalara yol açır.

Məsələn, R.Poyriyer iddia edir ki, özüylə bağlı kult yazar imicinin formalaşmasına Pinçonun heç bir dəxli yoxdur. “Ölkə ədəbiyyatının ən aparıcı simalarından sayılan” bu populyar yazarın fərqli statusu barədə danışarkən alim bildirir ki, Pinçon belə bir status qazanacağını nəinki təsəvvürünə gətirmir, hətta Amerika mədəniyyətində ona bu cür dəyər biçilməsini oxucu kütləsinin “özünə qarşı qəsdi” kimi başa düşür. Pinçonun “mübahisəli ədəbi nüfuzu” barədə fikirlər yürüdən Poyriyer yazır ki, hətta Pinçon öz yaradıcılığının tənqidçilər və araşdırmaçılar tərəfindən ədəbi isteblişmentə aid edilməsinə, geniş oxucu kütləsinin ona bəslədiyi rəğbətə, öz kitablarına böyük tələbatın duyulmasına tamamilə laqeyd yanaşsa belə, cəmiyyətdə görünməmiş nüfuz və dərin hörmət sahibidir.

A.Zverevin bu xüsusda qənaəti fərqlidir, çünki o, Pinçonun bir yazar kimi davranışını birmənalı şəkildə dəyərləndirir: “Pinçonun susması... sadəcə oyundur. Oyunçudan iti ağıl və təxəyyül tələb edən bu oyunun şərtlərini o, özü qoyduğu üçün onlara qeyd-şərtsiz riayət edir və hər şeyə rəğmən, bu – sadəcə oyundur. Bu oyunun təməlində isə hədsiz bəsit bir ideya dayanır: özünüreklamın zəhlə tökdüyü ədəbi mühitdə rəqibləri geridə qoymaqdan ötrü onların ad-san və şöhrət qazanmaq üçün seçdikləri ənənəvi üsullardan sadəcə imtina eləmək də yetərlidir”.

Bizim fikrimizcə, bu iki yanaşma əslində bir-birindən çox da fərqlənmir. İngilis və rus əsilli ədəbiyyatşünasların bu fikirləri səsləndirdiyi vaxtdan təxminən 20 il ötür. Hər iki fikir təsdiq edir ki, Pinçon ustalıqla qurduğu oyundakı gedişlər hesabına “zəmanəmizin ən sirrli amerikan yazarı”na çevrilibdir. Bundan ötrü isə o, uğurun təminini şərtləndirən ənənəvi üsullardan, indiki reklam bazarının tapdanmış cığırlarından, çeynənmiş üsullarından imtina edib. Başqa sözlə desək, o, “minus fənd”i sınayıb. Həm də bu oyuna başlamazdan öncə bəlli bir nüfuza və statusa malik olub.

Şöhrət və uğura yiyələnən yazar postindustrial çağda amerikan ədəbi bazarı üçün keçərli olan qaydalardan, xarakterik mədəniyyət formalarından, spesifik yazar tiplərindən (pop-ulduz, kult qəhrəman, kütlənin sevimlisi) ustalıqla yararlanır. 1973-cü ildən bugünə kimi həm intellektual, həm də sıravi oxucuları üçün bunları uyğun sayır. 1950-ci illərin sonları, 1970-ci illərin əvvəlləri arasında Pinçon da, hər bir yazar kimi, institutlaşma və bəlli bir status qazanma dövründən keçib. Başqa sözlə, ədəbi alanın kult personajına çevrilənə qədər çoxları kimi Pinçon da məlum institusiyaların dəstəyinə və rəğbətinə gərək duyub. Sonradan isə o, bütün bunlara nümayişkaranə şəkildə arxa çevirib.

Ədəbi aləmə qədəm qoymağa hazırlaşan gənc Pinçon ali təhsilini tamamlayandan sonra Kornel Universitetində yazı sənətindən dərs deməkdən və ya məşhur “Eskvayr” jurnalında kino şərhçisi işləməkdən imtina edib, halbuki gənc amerikan yazarının püxtələşməsi üçün bunlar son dərəcə uyğun təkliflər imiş. Bununla yanaşı, həmin dövrdə o, ədəbi aləmdə öz davranış strategiyasının uğurla institualizasiyası üçün önəmli addımlar atır. Həmin vaxt müəllif kimi öz ilk qələm təcrübələrinin (hekayələrinin, romanlarının və esselərinin) Kornel Universitetinin tələbələri üçün buraxılan jurnalda çapına nail olur.

“Bədii əsərlərin dəyər daşıdığına inanan” biri kimi sözügedən jurnalda redaktorluq edir, elmdən qazandığı simvolik vəsaiti bədii olmayan mətnlərin yaradılmasına yönəldir, habelə sırf yaradıcılıqla məşğul ola bilmək üçün təqaüd axtarışlarına girişir. Ədəbi institusiyalar səviyyəsində o, qısa müddətdə rəğbət qazanır: 1963-cü ildə yazdığı ilk romanı “V” nüfuzlu Folkner ödülünə layiq görülür. Sonrakı iki roman da diqqətdən kənarda qalmır: 1966-cı ildə çap olunan “49-cu lot”a görə ona Gözəl Sənətlər və Ədəbiyyat üzrə Milli İnstitutun mükafatı verilir, 1973-cü ildə isə “Cazibənin göy qurşağı”na görə Pinçon eyni vaxtda bir neçə ödülə, o cümlədən Milli Kitab Mükafatına layiq görülür. Yazıçılıq karyerasının lap başlanğıcında Pinçon özünə ədəbi agent tutur, bu isə bir daha göstərir ki, o, yazarlığa peşə-sənət kimi yanaşır, buna görə də ədəbi fəaliyyətində ölçülü-biçili davranışlara üstünlük verməyə niyyətlidir.
Pinçonun yazarlıq karyerasındakı ikinci mərhələ onun üçüncü romanının mükafatlandırılmasıyla birbaşa bağlıdır.

“Cazibənin göy qurşağı” paralel olaraq, üç nüfuzlu milli mükafata namizəd göstərilsə də, ona Pulitser ödülü verilmədi, ən son məqamda isə buna səbəb kimi jüri üzvləri romanın “çətin oxunmasını” və “ədəbsizliyini” göstərdilər. Sonrakı, 1974-cü ildə isə jüri bu mükafatı ümumiyyətlə heç kimə vermədi. Gözəl Sənətlər və Ədəbiyyat üzrə Milli İnstitutun mükafatını və Amerika İncəsənət Akademiyasının beş ildən bir verilən medalını almaqdan isə Pinçon özü imtina elədi və bu hərəkətini belə əsaslandırdı: “Xouels medalını almaq – böyük şərəfdir. Qızıldan olduğu üçün o, hər halda inflyasiyadan qorunmağın əvəzsiz qarantıdır. Ancaq mən onu qəbul eləmək istəmirəm. İstəmədiyim bir şeyi isə, zəhmət olmasa, mənə sırımayın... Yaxşı anlayıram ki, belə şəraitdə özümü abırlı aparmalıyam, ancaq, məncə, bir şeydən imtina etməyin yeganə yolu ona sadəcə “yox” deyə bilməkdir”.

Milli Kitab Mükafatının təqdimat mərasiminə isə Pinçon ümumiyyətlə getmədi, öz yerinə uydurma “professor İrvin Kouri” adıyla bir komiki (komediantı) göndərdi. Pinçonun uzun illərdən bəri inkoqnito (özgə və ya uydurma adla yaşayan, gerçək kimliyini gizləyən kimsə – A.Y.) həyat tərzi öz bəhrəsini verdi. Amerika ədəbiyyatının qaymağı sayılan bir çox alimlər bu Kourini “Cazibənin göy qurşağı” romanının müəllifi kimi qəbul etdilər və onun sırf estrada buffonadası (masqarası – A.Y.) janrında qurulan təşəkkür nitqindən dərin çaşqınlığa qapıldılar. Bundan bir neçə həftə sonra, əvvəlcə “New York Magazine”də, bir neçə gün sonra isə “Newsweek”də Pinçonun yeniyetməlik fotosu dərc olundu.
"Time" jurnalının saylarından biri,1983
"Time" jurnalının saylarından biri,1983

Adətən foto çəkdirməkdən qətiyyətlə imtina edən Pinçon daha bir çaşdırıcı aksiyaya imza atdı: Amerikanın və dünyanın ən məşhur adamları öz fotolarının “Time” jurnalının üz qabığında verilməsiylə fəxr etdikləri halda, jurnal eyni təkliflə Pinçona müraciət edəndə yazardan rədd cavabı aldı.

Sonrakı illərdə o, susmağa üstünlük verdi. Lakin ədəbi sənətdən müvəqqəti uzaqlaşan bu yazar uğur və şöhrət qazansa da, özünün “qəribə” tipinə böyük maraq oyatmaqdan ötrü bir neçə effektiv jest sərgilədi: araşdırma təşkilatları və geniş oxucu kütləsi onun şəxsiyyətinə görünməmiş maraq duydu. Bir müddət sonra isə onun yerini media aləminin yeni ulduzları – rok və pop musiqiçiləri, kino və televiziya aktyorları, başqaları tutdu. Milli Kitab Mükafatının təqdimat mərasiminə Pinçonun təmsilçisi kimi öz yerinə estrada komikini göndərməsi yazarın istehza dolu jesti sayılmalıdır. Bununla o, demək istəmişdi ki, müasir mədəniyyətdə aksentlərin (vurğuların, ağırlıq mərkəzlərinin – A.Y.) dəyişməsi əsla onun gözündən yayınmayıb.

Pinçonun öz şəxsiyyətiylə bağlı istənilən bilgini geniş kütlədən gizli tutması məqsədyönlü xarakter daşımaqdadır və bütün bu məqamlar cəmiyyətin sıravi üzvlərində sirrli yazara bəslənən marağı körükləyir. “Pinçonun axtarışları” ilə məşğul olan M.Uinston yazır ki, “Cazibənin göy qurşağı” romanı müəllifinin orta məktəbdə və Kornel Universitetində oxuduğuna dair sənədlərlə tanışlığı heç cür mümkün olmayıb, çünki onlar yerli-dibli yoxa çıxıb. Həmin məktəbin indiki direktoru universitet illərində yataqxanada Pinçonla eyni otaqda qalırmış. Yazar ona və bütün digər dostlarına and içdirib ki, onunla bağlı bilgiləri heç kəslə paylaşmasınlar. Pinçonun dəniz donanmasında xidmət illəriylə bağlı sənədlər isə Sent-Luisdəki ofisdə yanğın baş verərkən məhv olub.
Tədqiqatçılar müəllifin depersonalizasiya konsepsiyasından söz açarkən bunun canlı örnəyi olaraq, T.Pinçonun bir yazar kimi bütün bu davranışlarını misal gətirirlər.

Bəlkə də U.Eko “Qızılgülün adı” ilə bağlı qeydləri”ndə öz proqram xarakterli açıqlamasını (“Kitabı yazıb, tamamlayan müəllif özü də ölməlidir ki, mətnin sonrakı həyatına hər hansı əngəl törətməsin”) dilə gətirərkən həm Rolan Bartın kanona çevrilən mətnini, həm də real yazıçı örnəyi kimi Pinçonu nəzərdə tuturmuş: axı, sözügedən “Qeydlər”də bu yazarın adı dəfələrlə çəkilib. Lakin araşdırmaçı-alimlər bu tip implisit (güman və ya təxmin olunan – A.Y.) alluziyalarla sən deyən də kifayətlənmirlər və öz intellektual təxminlərini əsaslandırmaqdan ötrü Pinçonun “ədəbi şəxsiyyəti” ilə bağlı bioqrafik faktlara söykənirlər. Məsələn, çağdaş dövrdə müəllif anlayışının reduksiyasından və parçalanmasından bəhs edən Maykl Sprinker yazır ki, Pinçon onu aktual elmi problemlərin həllinə daim həvəsləndirir.

Bunu açıqlamazdan bir qədər əvvəl Sprinker Pol Makkartni obrazıyla bağlı gündəmdə olan qalmaqala toxunur: şayiələrə görə, əslində Makkartni ölüb və kütlə qarşısına çıxan onun oxşarlarından biridir. Postindustrial dövrdə yaradıcı şəxsiyyətin məhviylə bağlı bir araşdırmada pop-ulduzla intellektual yazarın adlarının yanaşı hallanması, qonşuluğu simptomatıkdir və əsla təsadüfi deyildir. Kütləvi media vasitələrinin kumirlərin həyatını romantikləşdirdiyi bir dövrdə kult yazarlar da mistifikasiyaları özlərinin reklamı üçün ideal vasitə sayırlar və buna görə də “Cazibənin göy qurşağı”nın yazarı pop-ulduz kimi alqılanır.

1989-cu ildə Pinçonun tərcümeyi-halı ilə bağlı ortaya çıxan faktlar necə böyük səs-küy qopartmışdısa, yazar bunların genişmiqyaslı nəşrinə 50 illik yasaq qoyulmasını rəsmən tələb eləmiş, sadəcə bəzi qismlərin kserosurətlərinin bir qrup alimə paylanmasına izn vermişdi. 1998-ci ildə isə Pinçonun öz ədəbi agenti ilə yazışmasının nəşrinə cəhd göstəriləndə yazarın vəkili bunun qarşısını almış və şərt qoymuşdu ki, bu mətnlərin çapına yazarın ölümündən sonra icazə veriləcəkdir.

Təsadüfi deyil ki, "Meyson və Dikson" romanının çapından sonra Pinçon barədə populyar nəşrlərdə, (o cümlədən "Times"da) dərc olunan yazılar kütləvi informasiya vasitələrinin yazara duyduğu marağı daha da artırdı, çünki həmin yazıların əksəriyyəti hər hansı pop-ulduz barədə tipik diskursları xatırladırdı, yəni yazılarda onun şəxsi həyat tərziylə bağlı məqamlar zəhlətökən reportyorlardan və paparatsilərdən gizli tutulurdu. "Times"da gedən məqalədə həmin qəzetin Nyu-York müxbiri C.Bounun həm uzunmüddətli, həm də detektivsayağı araşdırmalarından sonra Pinçon olduğu zənn edilən insanın fotosunu çəkmək cəhdinin uğursuzluqla nəticələnməsindən söz açılırdı. Kompozisiya baxımından bu material bənzər mövzulu yazılarla bir arada təqdim edilmişdi.

Yarımbaşlıqda deyilirdi: "Amerikanın kult yazarı Tomas Pinçon özünün məşhurlaşdırılmasından hər vəchlə boyun qaçırmasıyla məşhurdur. Lakin inzivaya çəkilmək üçün əl atdığı ağlasığmaz cəhdlər əslində onun populyarlığını daha da artırır. Ceyms Boun Pinçonun izinə düşübdür". Yazının sonrakı qismində jurnalist "Meyson və Dikson" romanı müəllifinin bədii yaradıcılıq sirrlərini bütün aləmə faş etməyə çalışan, bundan ötrü öz obyektini qarabaqara güdən bir paparatsinin çəkdiyi "vicdan əzabları"nı qələmə alır: "Onu gözləyərkən mən öz-özümə belə bir fəlsəfi sual verdim: "Görəsən yazarın Meysonla Diksonun şəxsi həyatına amansız müdaxiləsi nəticəsində həmin personajların ölməsi və bu üzdən özlərini artıq heç nədən qoruya bilməmələri mənim Pinçonun həyatına müdaxiləmlə müqayisədə daha betər deyildirmi?" Pinçonu öz jurnalist araşdırmasının obyekti seçən Boun bununla müxbir fəaliyyətinin əhəmiyyətini vurğulayır və aşağıdakı cümlələrlə özünə haqq qazandırır: "Bu fotonu çəkməklə mən də, eynilə Pinçon kimi, yaşadığım cəmiyyət barədə nələri isə açıqlamağa çalışdım. Biz hər şeyə hədsiz maraq bəsləyirik və buna görə xəcalət hissinə əsla qapılmamalıyıq".

Beləliklə, Pinçonun sərgilədiyi davranış strategiyaları onun bioqrafiyasının mifləşdirilməsinə şərait yaradır. Buna təkan verəcək müəyyən freymlər kimi isə çağdaş Amerikan mədəniyyətində yazarların məlum davranış modelləri resipiyentlərin şüurunda onsuz da mövcuddur. Buna misal olaraq, H.Toro və C.Selincerin simasında "ekstravaqant inzivaçı" obrazını, "cəmiyyətdən uzaqlaşmış sənətkar" ("lənətlənmiş şair") obrazını, habelə hələ XIX yüzildə "The Atlantic" jurnalının fəaliyyəti sayəsində formalaşan "ideal yazar" ("bütün varlığıyla öz yaradıcılıq aləminə köklənən və bütün gücünü öz sənətinin estetik kamilliyinə həsr edən sənət adamı") obrazını misal gətirmək olar.

Qeyd olunan mədəniyyət klişelərindən yararlanan Pinçon bunları cürbəcür mistifikasiyalar hesabına zehinlərdə daha da möhkəmlədir, nəticədə yazarın adıyla bağlı şaiyə və iftiralar durmadan artır. (Bənzər modellərdən şou-biznes ulduzları və böyük siyasətin təmsilçiləri də yararlanmırmı?!) Sonradan bu tip şaiyələr kütləvi informasiya vasitələri və hətta akademik nəşrlər üçün də mənbə rolunu oynayır. 1989-cu ildə Pinçonun tərcümeyi-halı ilə bağlı ortaya çıxan faktlar necə böyük səs-küy qopartmışdısa, yazar bunların genişmiqyaslı nəşrinə 50 illik yasaq qoyulmasını rəsmən tələb eləmiş, sadəcə bəzi qismlərin kserosurətlərinin bir qrup alimə paylanmasına izn vermişdi. 1998-ci ildə isə Pinçonun öz ədəbi agenti ilə yazışmasının nəşrinə cəhd göstəriləndə yazarın vəkili bunun qarşısını almış və şərt qoymuşdu ki, bu mətnlərin çapına yazarın ölümündən sonra icazə veriləcəkdir. Halbuki onlardan ayrı-ayrı parçalar artıq işıq üzü görmüşdü və bunlardan bəziləri Vanda Tinaski adlı şəxsə məxsus olsa da, uzun müddət ictimaiyyət bu mətnlərin Pinçonun qələmindən çıxdığına inanmışdı.

Bu əhvalat amerikalı yazarın şəxsiyyəti ilə bağlı maraqların bir neçə onillik boyu öz gərginliyini necə qoruduğuna bariz örnəkdir. Sözügedən məktublar 1983-88-ci illərdə Cənubi Kaliforniya ştatında dərc olunmuşdu. Onların müəllifinin evsiz-eşiksiz, ağbirçək qadın olduğu söylənsə də, onun üzünü heç kəs görməmişdi. Məktublarda o, siyasətdən tutmuş incəsənətə qədər ən geniş mövzularla bağlı böyük erudisiya və iti zəka sahibi kimi fikir yürüdür. Uzun müddət bu məktubların müəllifinin Pinçon olduğu düşünülsə də, sonralar bunları yerli sakin və bitnik (Beatniks və ya The Beats – A.Y.) həyat tərzi sürən Tom Hokinsin yazdığı öz təsdiqini tapdı. Maraqlı cəhət burasıdır ki, Pinçonun şəxsiyyətinə duyulan böyük maraq nəzərə alınaraq, bu məktublar 1996-cı ildə "Vanda Tinaskinin məktubları" adı altında nəşr olunmuşdu.

Ön sözdə isə vurğulanırdı ki, bu məktubların müəllifinin ayrı-ayrı düşüncələri T.Pinçonun bioqrafiyası və bədii əsərləri ilə tam mənada səsləşir. Bu yalan iddianı rədd etmək məqsədiylə Pinçonun ədəbi agenti bir neçə dəfə bəyanat verməli oldu. Bu da bir işə yaramayınca, yazar öz inzivasına ara verib, Si-En-En (CNN) kanalının canlı efirinə zəng edərək, öz etirazını aşkar şəkildə bildirməli oldu.

Bunun ardınca sözügedən məktubların gerçək müəllifinin kimliyi ilə bağlı elmi məcmuələrdə və populyar kütləvi informasiya vasitələrində silsilə yazılar, rəylər meydana çıxdı. Bənzər məsələlərdə yetərli nüfuza malik "ədəbi detektiv" Don Foster təhqiqata başladı və irəli sürülən ilkin təxminlərin yanlışlığını 1998-ci ildə sübuta yetirdi. Buna görə Pinçon bu araşdırmaçıya makinada çap edib, şəxsən imzaladığı təşəkkür məktubu göndərdi. Lakin bununla da bütün gizlinlər açığa çıxmadı, hətta ortaya növbəti, həm də daha ağlasığmaz variantlar atıldı: bu dəfə məktub müəllifinin "Uilyam Geddis" imzası arxasında gizlənən Tomas Pinçon olduğu fikri irəli sürüldü.

Burada bir məqama diqqət yetirək: bütün bu qalmaqallar hər dəfə niyə görəsə yazarın növbəti əsərinin çapından öncə qızışır. "Cazibənin göy qurşağı" əsərindən 17 il sonra, 1990-cı ildə nəşr olunan "Vaynlənd" romanının təqdimatından az əvvəl yuxarıda sözügedən məktublar və bioqrafik məlumatlar ilə bağlı məsələ təkrar ortaya atılmışdı. Eyni canlanma 1996-cı ildə, bu dəfə "Meyson və Dikson" romanının nəşri ərəfəsində yaşanmışdı. Pinçonun sayca beşinci romanının gur satıldığı bir vaxtda onun öz ədəbi agenti ilə yazışmasının çapına təkrar cəhd göstərilmişdi. Bütün bu faktorlar bir daha sübut edir ki, bazardakı ənənəvi mexanizmlərdən imtina etmiş kimi görünsə də, əslində Pinçon öz hədəf kütləsinin beynini daim məşğul etməkdə maraqlıdır. Bundan ötrü o, gah müxtəlif janrlı əsərlərin müəllifi kimi, gah akademik araşdırmaların hədəfi kimi, gah da kübar aləm xəbərlərinin qəhrəmanı kimi meydanda zühur eləyir.

Sadalanan bu mexanizmlər növbəti dəfə 2006-cı ildə, yazarın altıncı romanı "Against The Day"-in (Günlərin bir günü) nəşri ərəfəsində işə salındı, yəni nəşriyyatlar adət olunmuş reklam üsullarından yararlandılar, təkrar hansısa mistifikasiyalar və şayiələr ortaya atıldı, çünki bu sınanmış üsullar müəllifin media nümayəndələri qarşısında çıxışından daha təsirliydi.

Hələ 2006-cı ilin iyununda yeni romanın "Pinqvin Press" nəşriyyatında çap olunacağına dair mətbuatda xəbər yayılmışdı. Az sonra "Amazon" saytında Pinçonun qələm məhsulu sayılan və onun imzasıyla təqdim edilən bir romanın qısa məzmunu verildi. Tezliklə nəşriyyat tələb elədi ki, əsərin qısa məzmunu saytdan çıxarılsın və bunu niyə etdiyini heç nə ilə əsaslandırmadı. Saytdakı reklam mətninin çıxarılması görünməmiş ajiotaj yaratdı, bu isə öz növbəsində "Pinçon heç bir roman çap etdirməyə hazırlaşmır" kimi şübhələrə, reklam tryükünün nəşriyyatın sırf marketinq fəndi olduğuna dair təxminlərə və sairəyə yol açdı. Bir qədər sonra romanın qısa məzmunu, daha geniş versiyada "Amazon" saytında təkrar yerləşdirildi, mətndə romanın həcmi və satışa çıxacağı tarix də göstərilirdi. Bunun ardınca isə Geddis ilə Pinçonun eyni adam olduğuna bir daha diqqətləri çəkmək məqsədiylə Uilyam Geddisin saytında da Pinçonun yeni romanından bir hissə yerləşdirildi.

21 noyabr 2006-cı ildə işıq üzü görən roman barədə kağız və elektron nəşrlərdə xeyli yazı dərc olundu. "Against The Day"-in nəşri ərəfəsində saytlardan birində 10 yazıdan ibarət material verildi. Burada tanınmış və gənc yazarların, professional tənqidçilərin, jurnalistlərin, Pinçon yaradıcılığının pərəstişkarlarının və yazarın tanışlarının fikir və rəyləri bir arada toplanmışdı.
Bu yazılardan 6-sı yeni roman barədə idi, qalanları isə "Pinqvin Press" nəşriyyatının press-relizi, naşirlərlə kitab ticarətçilərinin "dəyirmi masa" arxasındakı müzakirəsinin mətni, Pinçonun fanatlarının təəssüratları və yazarın bir tələbəlik yoldaşının nə kitaba, nə də Pinçona bir dəxli olan sicilləməsi idi.
Oxucu auditoriyasının Pinçonun yeni əsəriylə bağlı açıqladığı faktların təhlili göstərir ki, həmin yazıların müəllifləri yazarın cəmiyyətdə bir kulta çevrilmə imkanını nəinki tam dərk edir, hətta onların mətnləri də bu fenomenin dərkinə xidmət edir, bu zaman Pinçon barədə ənənəvi toposlar (təkrarlanan motivlər, ədəbi şablonlar – A.Y.) əsas gətirilir.

Yazı müəllifləri Pinçonun sirrli davranışlarını da, onun çağdaş ədəbiyyatdakı yerini də, siravi vətəndaşların həyatına göstərdiyi təsiri də, yazar kimi ağır templə yazmasını da, romanlarının tipik mövzulara həsr olunmasını da müzakirəyə çıxarırlar. Yazarın hər dəfə yeni ədəbi məhsulu meydana çıxanda "Pinçon barədə diskurslar"dakı ritorikanın ənənəvi xarakter daşıdığını həmin müzakirə materiallarının aşağıda verilən başlıqlarından da sezmək mümkündür: "Tomas Pinçon bütün dünyaya qarşı", "Təkrar efirdə", "Pinçon ətrafında qarmaqarışıqlıq", "Postmodern Pinçon", "Pinçonun yüksək gərginliyə malik romanı", "Utancaq Pinçonun yanıqlı fanatları". Hətta mövzu kimi yeni romanın bədii məziyyətlərinin və ya onun gələcək satış proqnozlarının seçilməsindən asılı olmayaraq, bütün materiallarda yazara dərin heyranlıq hissi nəzərə çarpır, sanki o, oxucuları özünə valeh etmək xüsusunda gizli bir sirrə malikdir. Halbuki buna əngəl olacaq yetərincə maneə var və bunlardan biri də kitabın həcmcə iriliyi, 1085 səhifə olmasıdır. Bütün yazı müəlliflərini eyni sual narahat edir: Pinçonun onillər boyu öz məşhurluğunu qorumasının, çağdaş Amerikanın kult yazarı kimi hələ də zirvədə qalmasının səbəbi nədir?

Kult status fenomeninin mahiyyəti araşdırılarkən resipiyentlərin, oxucuların bu kultun formalaşmasındakı rolu, müəlliflə bağlı kultda oxucuları məhz nəyin cəlb etməsinə də ayrıca diqqət yetirilməlidir. Təəssüf ki, belə məqamlar xüsusi yanaşma tələb edir və bir yazıda araşdırılmaları mümkün olmadığından biz onlara qismən toxunmağı uyğun bildik. Onu da vurğulamaq yerinə düşər ki, bu məsələnin araşdırılması Pinçonun öz kultuyla bağlı "sakral" (qutsal, mübarək – A.Y.) kəlmələrdən istifadəsini təhlil etməyə imkan yaradacaqdır, çünki onun azsaylı refleksiv və avtorefleksiv xarakterli qeyri-bədii (non-fikşn – A.Y.) mətnlərinə həm araşdırmaçıları, həm də fanatları bir növ "müqəddəs kitab"dan parçalar kimi yanaşırlar.

Mətnlərin resepsiyasına gəldikdə isə, kult yazar olan Pinçonun oxucu auditoriyasında "Pinçon industriyası"nın yaradıcısı sayılan universitet camiələri ilə yanaşı, kitaba həvəsli evdar qadınlara, tibb fakültəsinin tələblərinə, musiqi müəllimlərinə, kitabxanaçılara və ofis işçilərinə də rast gəlinir. R.Poyriyerin terminologiyasına əsaslansaq, bunlar professional və həvəskar oxuculardır. Hazırda Pinçon kultu internet şəbəkəsində bir sıra saytlar vasitəsilə də dəstəklənir ki, bu da öz növbəsində həm yazarın auditoriyasının böyüyüb, beynəlxalq miqyas qazanmasına, həm də onun pərəstişkarlarının qurumlaşmasına imkan yaradır.

Son nəticədə Pinçonun kult yazar statusu oxucu marağının artmasına, fəallaşmasına səbəb olur, bu sayədə həm onun bədii yaradıcılığı interpretasiya olunur, həm də yazarın "ədəbi şəxsiyyət" modeli formalaşır. Yazarın bioqrafiyası ilə yaratdığı mətnlər arasında mövcud olan təbii boşluğu oxucu həmin yazarın davranışlarıyla bağlı gəldiyi qənaətlərlə, xəyali interpretasiyalarla doldurur. Təsadüfi deyil ki, həm akademik məcmuələrdə, həm də populyar KİV-də Pinçonun "ədəbi şəxsiyyəti" ilə bağlı təqdim olunan materialların narrativ modeli qismində "axtarış süjeti", uğurlu araşdırma işləmlərinin janrı qismində isə detektiv janr çıxış edir.

Bu və ya digər yazarın kult statusunun yaradılması və qorunmasında iki eynigüclü qütb var – müəllif və oxucu. Bunların qarşılıqlı fəallığı və işbirliyi sayəsində Pinçon onillər boyu öz kult yazıçı adını qoruyur və "çağdaş ədəbiyyatın Leviafanı" sayılır.

***

Yuxarıda deyilənlər göstərir ki, hər hansı yazarın ədəbi alanda avtoritet (nüfuz sahibi – A.Y.) kimi tanınmasında və bunun qanuniləşməsində ən əhəmiyyətli rolu heç də onun bədii əsərlərinin xassələri deyil, yazarın davranış xüsusiyyətləri, şüurlu şəkildə seçdiyi müəyyən strategiyalar və imic yaratma praktikaları oynayır.

Tomas Pinçonla Con Bartın yararlandıqları yazar davranışı strategiyaları bir çox cəhətdən bir-birinə ziddir, bu isə onların yazar obrazları və oxucu auditoriyaları arasındakı fərqdən irəli gəlir. Halbuki hər bir yazar kultu üçün ilkin "mədəni sərmayə" – onun əsərləridir. Sonradan öz əsərlərini postmodernizm və yeni bədii praktika paradiqmasına salan Bart ilə Pinçon isə bu ilkin "sərmayələrindən" tamamilə fərqli şəkildə yararlanıblar.

Əvvəlcə universitet camiələrinə arxalanan Bart zamanla öz oxucu auditoriyasını genişlətməyə gərək duyub. Öz "sərmayəsini" iki ayrı sahəyə – həm ədəbiyyata, həm də ABŞ-da və ondan kənarda uğurla institutlaşmış ədəbiyyatşünaslıq elminə sərf edən Bart zaman keçdikcə, bilərəkdən kult yazar statusundan qurtuldu ki, çağdaş ədəbiyyatın bir növ "canlı klassik"inə çevrilsin.
John Barth
John Barth

Öz yaradıcılığının əsas tənqidçisi kimi oxuculara üstünlük verən Pinçon isə ən müxtəlif mistifikasiyalardan ustalıqla faydalandı, həm öz kult yazar statusunu möhkəmlətdi, həm də daima yeniləşən media aləminə çox uğurla uyğunlaşdı (buna misal kimi, Pinçonla bağlı internetdəki çoxsaylı saytları göstərmək kifayətdir).

Bütün bunlarla yanaşı, fərqli statuslu bu yazarların hər ikisi yüksək professional nüfuza, oxucu rəğbətinə və dəstəyinə sahibdir, yəni onlar sadəcə "yüksək sənətin professional xadimləri" deyillər.

Bu isə onu göstərir ki, fərqli yazar davranışları tarixi dönəmdən və sosial kontekstdən birbaşa asılıdır. Müasir bazar, o cümlədən ədəbi bazar, hər şeyi özünə uyğunlaşdırır və "həzm edir". Bundan ötrü isə yazarın ümumiyyətlə hansısa statusa, oxucuların, istehsalçıların ona rəğbət statusuna malik olmasını tələb edir.

Bu səbəbdən Con Bartın "çağdaş klassik" və Tomas Bartın "kult yazar" statusları arasındakı fərq onların eyni ədəbi alanda mövcudluq mexanizmini təyin edib, adıçəkilən yazarların yaradıcılıq üsullarını bir-birindən ayırd etməyə, onların çağdaş ədəbi bazarda üzvi şəkildə oturuşmasına imkan yaratsa da, kitablarının satış reytinqlərinə hər hansı təsir göstərməyibdir.

Azərbaycan dilinə Azad Yaşar çevirdi
XS
SM
MD
LG