Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:40

Avropa Ukraynada fövqəladə vəziyyət elan olunacağından narahatdır


Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton
Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton
-
Avropa İttifaqının xarici işlər komissarı Catherine Ashton bəyan edib ki, o, Ukrayna hökumətinin anti-hökumət etirazçılarını əzmək məqsədilə fövqəladə vəziyyət elan edəcəyi ehtimalı barədə xəbərlərdən həyəcanlıdır.

Yazılı bəyanatında xanım Ashton bildirib ki, vəziyyəti müzakirə etmək üçün çərşənbə axşamı Kiyevə səfər etməyi planlaşdırır.

O bəyanatında deyir ki, fövqəladə vəziyyətin elan edilməsi yaranmış vəziyyəti daha da gərginləşdirə bilər.

Xanım Ashton həm də müxalifət liderlərinə müraciət edərək onları zorakılığa əl atanlardan aralı olmağa çağırıb.

Yulia Tymoshenko müxalifəti boyun əyməməyə çağırdı

Bazar ertəsi prezident Viktor Yanukovych və ədliyyə naziri Yelena Lukash müxalifət liderləri Oleh Tyahnybok, Vitali Klitschko və Arseniy Yatsenyuk-la görüşərək ölkəni bürümüş həyəcanı sakitləşdirmək yollarını müzakirə ediblər.

Bu görüşdən əvvəl Ukraynanın əsas müxalifət partiyalarının başçıları xəbərdarlıq etmişdilər ki, anti-hökumət etirazçılarının səbri hər an tükənə bilər.

Birgə bəyanatlarında müxalifət liderləri bildiriblər ki, onlar hakimiyyətin danışıqlardan əl çəkib fövqəladə vəziyyət elan etməyə cəhd göstərməsinə baxmayaraq dialoqu davam etdirməyə hazırdırlar.

Son günlərdə etirazlar əsnasında azı üç nəfər həlak olub. Etiraz aksiyaları Kiyevin hüdudlarını aşaraq ətraf regionlara yayılmağa başlayıb.

Bu arada hazırda həbsxanada olan keçmiş baş nazir Yulia Tymoshenko müxalifəti hakimiyyətin alçaldıcı təkliflərini qəbul etməməyə çağıran bəyanat verib.

Fövqəladə vəziyyət hazırda müzakirə olunmur

Eyni zamanda bazar ertəsi 16 saatlıq qarşıdurmadan sonra etirazçılar Ukrayna Ədliyyə Nazirliyinin zəbt edilməsini dayandırıblar, lakin binanın ətrafında mühasirəni saxlayıblar.

Bundan əvvəl ədliyyə naziri Lukash etirazçılardan binadan çıxmağı tələb etmiş, əks halda Ukrayna Təhlükəsizlik Şurasından fövqəladə vəziyyət elan etməsini rica edəcəyi ilə hədələmişdi.

Daha sonra xarici işlər naziri Leonid Kozhara bəyan etdi ki, hazırda fövqəladə vəziyyətin elan edilməsinə ehtiyac yoxdur.

“Biz bu gün fövqəladə vəziyyətin elan edilməsi məsələsini nəzərdən keçirmirik, - deyib Kozhara, - konstitusiyaya və Ukrayna qanunlarına görə fövqəladə vəziyyətin elan edilməsi mürəkkəb prosedurdur. Bu məsələ əvvəlcə Milli Təhlükəsizlik və Müdafiə Şurasından keçməlidir, prezident tərəfindən təsdiqlənməlidir və parlament tərəfindən qəbul olunmalıdır. Bu gün bu məsələ masa üzərində deyil”.

Brüsseldə NATO-nun baş katibi Anders Fogh Rasmussen də məsələ ilə bağlı öz narahatlığını ifadə edib.

O deyib ki, Ukraynada baş verməkdə olam dramatik hadisələri narahatlıqla izləyir və zorakılıq əməllərini pisləyir.

Cənab Rasmussen deyib ki, vəziyyətin gərginləşməsində Ukrayna hökumətinin məsuliyyət daşıdığı qənaətindədir.

O tərəfləri qarşıdurmadan və zorakılıqdan əl çəkməyə və dialoqa çağırıb.

BMT-nin baş katibi Ban Ki-moon da hakimiyyətə və müxalifətə konsrtruktiv dialoqa başlamağı tövsiyə edib.
XS
SM
MD
LG