Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:18

Həyata vurğun pessimist Vaqif Səmədoğlu...


İradə Musayeva
İradə Musayeva

-

Bu sətirləri yaza-yaza böğazımı qəhər tutur... çünki boğazıma qədər gəlib dirənən çoxlu ürəkbulandırıcı və ürəksıxıcı suallarım var özümüzə...


İradə Musayeva


HƏYATA VURĞUN PESSİMİST VAQİF SƏMƏDOĞLU...


Dünya dəyişdi, quruluşumuz, hakimiyyətimiz, hökumətimiz, sərhədlərimiz, adət-ənənələrimiz, ədalət və vicdan meyarlarımız, cəbhələrimiz –hamısı dəyişdi... Dəyişməyən və dəyişə bilməyən nəyimiz, kimimiz vardısa ya məhv oldu, ya susdu... Əqidəsini, düşüncə və fikirlərini dəyişə bilməyən insanlar, o cümlədən şairlər susdular... Hətta bəzən elə oldu ki, şeirlə dillənməyi yox, pıçıldamağı belə yersiz hesab etdilər... Vaqif Səmədoğlu kimi...

Həyat nədir? - sualına “Ana bətninin zülmətindən qəbrin zülmətinə qədərki yol. Bax bir zülmətdən digərinə gedən bu yol bomboşdur. Onu işləmi, sənətləmi... Hər kəs bu boşluğu öz istedadına, bacarığına görə doldura bilir. Təkcə taleyə bel bağlayıb oturmaq olmaz. Taleyinə nələrisə əlavə etməyi bacarmalısan”- deyə cavab verən Vaqif Səmədoğlu həyatı cavabsız sualların dözülməyən ağrısı hesab edir. Hal-hazırda Vaqif Səmədoğlu bu boşluğun hansı məqamındadır?-onu Allah bilir... Vaqif Səmədoğlunun dərdləşdiyi, məsləhətləşdiyi Allah...

Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəyənəcəksənmi məni,
bəndəni hansı gözlə görəcəksən?
Allah, özüm gəlim,
Ya kimisə göndərəcəksən?


Vaqif Səmədoğlu xəstədir, xaricdə müalicə olunur. İyunun 5-də isə 75 yaşı tamam olacaq. Yəqin ki əslində, Vaqif Səmədoğlu, ailəsi, ictimaiyyət, ədəbiyyat adamları təntənə və həvəslə bu yubileyə hazırlaşmalıdır. Amma... Amma Vaqif Səmədoğlu müdrikliyinin qarşısında ona təsəlli vermək, həkimə “qaş-göz eləmək” ki, əşşi, sənin heç nəyin yoxdu və s. bu kimi uşaq oyunları, məncə, tanıdığımız və şəxsən mənim tanıdığım Vaqif Səmədoğluya qarşı anlayışsızlıq olardı. O Vaqif Səmədoğlu ki, on illər öncə demişdi ki:

Ölüm gəlir, ömür, sonun mübarək...

Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu


Həzrət Əli deyirdi ki, insanlar yuxudadır, öldükləri zaman ayılacaqlar. Məlumdur ki, “Qurani-Kərim” məntiqində ölüm yoxluq və məhv olma deyil. Ölüm bu dünya üçündür, necə ki ana bətnindən dünyaya gələn uşaq bu həyata nisbətən diri, ana bətnindəki həyat üçünsə ölmüş hesab edilir. Bütün bunlar anlaşılandır,ancaq İbn Sina deyirdi ki, ölümə məhkum bir insanda yaşamaq eşqinin nə qədər güclü olduğunu təsəvvür edə bilsəydiniz, ən qüssəli günləriniz də sizə gözəl görünərdi...

Bəli, fərq də bundadır: hansı xəstə insanla belə açıq və ərklə danışmaq olardı Vaqif Səmədoğlundan başqa? Necə ki şair onun xəstəliyinin müalicəsi üstündə baş sındıran həkimlərə: narahat olmayın, onsuz da siz də öləcəksiniz, həkim-demişdi İsraildə...

Yuxarıda misal gətirdiyimiz şeiri müəllif yenicə yazıb yəqin... Allahla görüşə yaxınlaşdığını zənn edib, ürəkli və cəsarətli olduğunu xəstə bədənindəki sağlam ruhu, düşüncəsi və təmkini ilə ifadə edib. “Özüm gəlim, ya kimisə göndərəcəksən?”... Bu səfər hazırlığındakı həvəs (sanki toya, yığıncağa, böyük bir tədbirə gedirmiş kimi) bizə nəyi təlqin edir?

Ən ağır durumunu da şair kimi yaşamaq və soyuqqanlıqla, ənənəvi üslubuna xələl gətirmədən təsvir etmək bütün həyatı boyu dəyişməyən Vaqif Səmədoğlu özünəməxsusluğudur. “Həyat mənim əlimdən tutanda da, vuranda da o şey mənim üçün mövzu olub. Onun üçün mən bir şeirimdə deyirəm ki, dünya bəhanəymiş şeir yazmağa. Mən elə vəziyyətə düşmüşəm ki, yerimdə başqası olsaydı, bəlkə də intihar haqqında düşünərdi. Ya ölkədən qaçmağa üstünlük verərdi, yaxud oturub ağlayardı. Mən oturub o vəziyyətim haqqında şeir yazmışam. Özümün də o vəziyyətimi göstərməyə-göstərməyə...”

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayır sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə,
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür,
Yenə son dəfə ağlayan,
Son dəfə gülən olur...

Gənc Vaqif Səmədoğlu
Gənc Vaqif Səmədoğlu


50 il öncə yazılmış bu şeirin ovqatını şairin 2014-cü ildə yazdığı şeirlərdə görmək olur. Özünəməxsus fəlsəfi baxış, lirik duyğular, rənglər, obrazlarda, ifadə və deyimlərdə təzəlik, yeni çalarlar hər iki dövrü səciyyələndirir. Müəllif söz yoluna çıxanda həyatın zahirindən doğan alabəzəkliyə meyil etmədi. Daxili, daha dərin qatlarda baş verən prosesləri izlədi və gəldiyi əqli nəticənin poetik ifadəsində özünəməxsus rənglərdən istifadə etdi. Ümidsizliyin, qəmin, kədərin yeni, həyatın özü kimi təzadlı rənglərini kəşf etdi. “Son səhər”, bir tikə yelə bənd olub sürünən sonuncu qayıq, axırıncı ağac, sonuncu yol və bu yolu kəsən sonuncu fələk. Sonuncu küçədə ölümə doğru gedən saralmış adamlar gözdən itir.

Və nəhayət, doğulan sonuncu insan sonuncu ölən olur. Son dəfə ağlayan isə son dəfə güləndir. Gənc şair dünyanın və bəşər övladının müəmmalı aqibətini belə görür. Sanki “Dünyanın sonu” adlı heyrətamiz və düşündürücü bir tablo yaradır. Dünyaya sonuncu dəfə, son nəfəsdə baxan insanın nəzərindəki bu mənzərə ilə həyatı sevən də, sevməyən də hər kəs nə vaxtsa qarşılaşa bilər. Əlbəttə son dəfə, son nəfəsdə...

Bunu yadda saxlayan dərk edər ki, dünyadan, dünya malından beşəlli yapışmağa dəyməz. Mənəvi gözəlliklərdən yapış, o şeydən ki, onu ruhunla apara bilərsən. Şeirin forması, dili, üslubu, poetk elementləri fikirdəki fəlsəfi-elmi məntiqi quruluqdan azad edir, onu duyumlu və daha anlaşıqlı şəklə salır. Və bütün şeirləri üçün xarakterik olan xoşagəlimli cəhətlərdən biri də odur ki, ibrətamiz, ağıllı fikirlər heç vaxt nəsihət, öyüd şəklində söylənilmir. Ona görə də bu poeziyada publisistik, çağırış ruhlu şeirlər aramaq əbəsdir. Burada nə konkret tənqid hədəfi var, nə tərif obyekti, fikir var –oxucunu düşündürən, özünə qaytaran, özünü özündən utandıran, kimliyini düşünməyə vadar edən, Allahından qorxudan, nəhayət insanı İnsan olmağa çağıran xeyirli bir fikir. Vətəndaş yanğısı, ictimai kədər, ümumbəşəri duyğular nə qədər güclü olsa da haray, qışqırıq yoxdur...

Ömrümün sonuna neçə gün qalıb – sualının poetik inikası: Gecələri özüm sayaram, uzumə açılacaq neçə səhər var?

Bu sətirləri yaza-yaza böğazımı qəhər tutur... çünki boğazıma qədər gəlib dirənən çoxlu ürəkbulandırıcı və ürəksıxıcı suallarım var özümüzə... Özümüzə- içimizdəki o kəslərə ki, bu qədər alicənab, bu qədər ədalətli, obyektiv, təmkinli və təvazökar, qətiyyətli insana, istedadlı, orijinal və şeirimizin poetik vəsiqələrindən biri olan Vaqif Səmədoğluna nadan, cahil və cılız varlığındakı natamamlıq kompleksindən doğan qarayaxmaları ilə mənəvi –psixoloji sıxıntı yaşatdı. Qəhər boğur, ona görə ki, hakimiyyətin də, məhkumiyyətin də, qara kütlənin də səhvlərinin üstündə şairinin boğazından yapışan bir millət üçün yazmağı boş və mənasız bir şey hesab etməyən Vaqif Səmədoğlu haqqında bütün yaxşı sözləri gələcəyə saxlayan xudpəsənd toplum olduğumuzu anlayıram. Qəhər boğur bir də ona görə ki, mən Vaqif Səmədoğlunun poeziyası haqqında 1999-cu ildə yazdığım “Vaqif Səmədoğlunun poetik dünyası” adlı kitabın davamını (dramları ilə bağlı ikinci kitabı) qeydləri və materialları hazırlasam belə yazıb çatdıra bilmədim... İşdən, məişətdən bu kitaba vaxt tapa bilmədim...

Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər


Elə bu məqamdaca V.Səmədoğlunun yaxın dostu Vaqif Bayatlının misralarını xatırladım.

V.Səmədoğlunun 60 illik yubileyində Vaqif Bayatlı dedi ki, adaş, “Bəxt üzüyü”nü yazıb məni işə salmısan, hamı mənə Moşu deyir...

Min illərdi bəşər övladı
beləcə gedir irəli —
böyük insanları daşlaya-daşlaya
Sonra öz günahlarını
özü- özünə bağışlaya-bağışlaya…

xxx

Hamı qaçıb gizlənəndə
Sınıq pəncərələrə tutulmuş qəzet kimi
Şairlərə gəlir dünyanın soyuğu

xxx

Qələmi söz-söz ağlayıb qurtarar,
tüstü təpəsindən burum-burum,
bulud-bulud çıxan şairi,
Ölmüş bilib basdırarlar
gözünü tanrının gözünə
zilləyib baxan şairi.

xxx

Gətirin! Gətirin!
Nə qədər qızdırmalı,
Nə qədər azdırmalı dərdiniz var.
Gətirin!
Biz şairlər meşə kimi
Cəngəllik kimi bir şeyik.
Bizdə dərd də ac qalar, məhv olar.
Gətirin dərdinizi azdırın bizdə.

(V.Bayatlı)


Vaqif Səmədoğlunu Səməd Vurğuna görə sevənlər də oldu, ittiham edənlər də... Ancaq Vaqif heç vaxt ata Səməd Vurğunu şair Səməd Vurğunla qarışdırmadı... Tarixin qaranlıqlarında olsa belə hər şeyin adını düz tapmağa çalışdı... Ondan qəribə-qəribə inciyənlər də oldu. Məsələn, əyalət şairlərindən biri yazırdı: “S.Vurğun “Vaqif” əsəriylə şairi göylərə qaldırdı, onun oğlu V.Səmədoğlu isə Moşu ilə şairləri hörmətdən saldı”.

Acizlik və yarımçıqlıqdan doğan kininizi, ədavətinizi indi ifadə edin, cənablar, sonra gec olacaq... Yaxşı sözlərimizi sonraya saxlayaq... Vaqif Səmədoğlu bizdən, nahaqq dünyadan çox uzaqlarda olan vaxta...

Böyük insanları cəmiyyət, xalq qorumalıdır... Böyük cəmiyyətlərdə, böyük xalqlarda qayda belədir. Bəs bizdə?

Bizim hamımızın əvəzinə bu işi görən Nüşabə xanımın qarşısında baş əyirəm... Çünki o, Vaqif Səmədoğlunu həyat yoldaşı kimi yox, məhz Vaqif Səmədoğlu kimi qiymətləndirməyi bacarır və bu yolda fədakarlığını əsirgəmir... Vaqif özünü “həyata vurğun pessimist” adlandırır. Allah sevdiyi həyatda onu sevdiklərinə və bizə bağışlasın..
.

09.02.2014


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir).

XS
SM
MD
LG