Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:43

İntihara cəhd göstərən Qarabağ əlili ruhi dispanserdə saxlanır [Video]


İntihara cəhd göstərən Qarabağ əlili ruhi dispanserdə saxlanır
Gözlə

No media source currently available

0:00 0:02:53 0:00
-
Sumqayıtda icra hakimiyyətinin binası önündə intihara cəhd göstərən Qarabağ veteranı Malik Məcidov indi şəhərdəki ruhi dispanserdə saxlanır.

I qrup Qarabağ əlilini canına qıymağa nə vadar etmişdi və onu niyə ruhi dispanserə salıblar?

İntihara cəhd faktının Malik Məcidovun ruhi dispanserə salınmasında nə dərəcədə rolu var?

Ötən il dekabrın sonunda Qarabağ əlili Zaur Həsənovun faciəli ölümündən sonra bir neçə Qarabağ veteranı özünü yandırmağa cəhd edib. Amma ilk olaydır ki, şikayətçini – canına qıymaq istəyən əlil və veteranı ruhi dispanserə salırlar.

Bunun arxasında nə durur? Sosial problemlərdən əziyyət çəkən, müharibə zədəsi almış insanların şikayətinin qarşısını bu yolla almaqmı, yoxsa tarıma çəkilmiş əsəbləri müalicə edib sakitləşdirmək?

ƏLİL VƏ VETERANIN ƏMİSİ: «MÜALİCƏ MƏQSƏDİLƏ KÖNÜLLÜ ƏRİZƏ YAZIB»

Malik Məcidovun əmisi Mircəlal Məcidov AzadlıqRadiosuna bildirib ki, qardaşı oğlu ilə gündə bir neçə dəfə görüşür:

- Gedib-gəlirəm, yaxşı baxırlar.
- Nə zaman buraxacaqlar?
- Məncə, bir az orda qalsa yaxşıdır. Müəyyən dövr müalicə lazımdır.
Foto: Arxiv
Foto: Arxiv

Malik Məcidov yerli qəzetlərdən birinə ruhi dispanserə zorla salındığını söyləyib. Əmisi isə deyir ki, qardaşı oğlu müalicə məqsədilə könüllü ərizə yazıb:

«Mən onun ərizəsini görmüşəm. Ərizədə yazıb ki, müalicə olunmaq istəyir. Düzdür, çox qalmaq istəmir – 5-6 gün orada qalmaq istəyir».

Mircəlal Məcidovun sözlərinə görə, Maliklə görüşməyə heç bir qadağa yoxdur, hətta cəbhə yoldaşları da onunla görüşə bilirlər.

AzadlıqRadiosunun müxbiri də Sumqayıtda şəhər ruhi dispanserinə gedərək Malik Məcidovla görüşmək istəyib. Amma dispanserin baş həkimi Mayıl Tağıyev bu görüşə icazə verməyib. Baş həkim deyib ki, Malik Məcidov psixoloji problemlərə görə müalicə kursu keçir və indi onunla görüşmək mümkün deyil.

AzadlıqRadiosunun müxbiri dispanserin həyətində növbə çəkən Post Patrul Xidmətinin maşınını da müşahidə edib.

«MALİK TORPAQ DA ALIB, EV DƏ»

Sumqayıt icra hakimiyyətindənsə heç kəs AzadlıqRadiosunun suallarını cavablandırmaq istəməyib.

Foto: Arxiv
Foto: Arxiv
​Malik Məcidovun üzvü olduğu Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyi Sumqayıt filialının sədri Tərlan Hacızadə AzadlıqRadiosuna bildirib ki, şəxsən o, Malikdən belə bir addım gözləmirmiş. Onun sözlərinə görə, Malik Məcidovun sosial problemləri onu bu həddə gətirəcək səviyyədə deyil:

«20 ilə yaxındır Maliki tanıyıram. Onu bütün Qarabağ əlilləri tanıyır. Malik Məcidov digər əlillər kimi qanunla ona düşən bütün imtiyazlardan yararlanıb. Torpaq da alıb, ev də».

«Zaur Həsənovun ölümündən sonra Qarabağ əlillərindən intihar mesajları alırıq», – bunu Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu deyir və əlavə edir ki, Qarabağ veteranlarının, özəlliklə əlillərin müxtəlif sosial problemləri var və bunun da öhdəsindən gələ bilmirlər:

«Problemlərin 90 faizinin kökündə sosial məsələlər, 10 faizinin kökündə tibbi problemlər durur. Nə qədər əlilimizin əsəb xəstəliyi var. Onlar çox həssas təbəqədir».

Rey Kərimoğlu
Rey Kərimoğlu
«QARABAĞ ƏLİLLƏRİNİN ƏSƏBLƏRİNİ SAĞALTMAQ LAZIMDIR»

Malik Məcidovun ruhi dispanserə salınmasını digər şikayətçi Qarabağ əlillərinə mesaj saymaq olarmı?

Müşahidəçilər özəlliklə Naxçıvanda şikayətçilərə qarşı bu üsuldan istifadənin yayıldığını deyirlər.

Rey Kərimoğlu güman etmir ki, Malik Məcidovun ruhi dispanserə salınması hər hansı sifarişlə olub. Onun sözlərinə görə, sadəcə, Qarabağ əlillərinin əsəblərinin müalicəyə ehtiyacı var və hökumət tibbi xidməti onlar üçün əlçatımlı eləməlidir.

Onun sözlərinə görə, Qarabağ veteranlarını birləşdirilən təşkilatlar hökumətə birgə müraciətlə üz tutublar, baş nazirin müavini Əli Əhmədovla, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüblər.

Qarabağ veteranlarının hökumətdən 5 tələbi var: Pensiya təminatının yaxşılaşdırılması, limitli kommunal güzəştlər, özlərinin və ailə üzvlərinin ödənişli ali təhsil xərclərindən azad edilməsi, məcburi tibbi sığortanın tətbiqi və problemləri effektli həll etmək üçün hökumət və QHT təmsilçilərindən ibarət komissiyanın formalaşdırılması.

Rey Kərimoğlu deyir ki, artıq komissiyanın yaradılması üzərində iş gedir. O, Qarabağ veteranlarını daha dözümlü davranmağa çağırır.
XS
SM
MD
LG