Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:52

İkinci Tanrı


Elşən Böyükvənd
Elşən Böyükvənd
-

Ruhunu və cismini içinə qoya bildiyin tabut haradır?

Bütün şəhərlərdə dincini və tövşünü dərməyə sənə aman verən ürəyi yumşaq varlıq kimdir?..



Elşən Böyükvənd


İKİNCİ TANRI


Sevdiyin qadın belə, bir gün səni ata bilər.Gözləri içinə daldığın bütün insanlar bir an içində ya bir problem ucbatından yolunu ayrıb başqa bir məqsədə doğru yürüyə bilər.

İlk sevdiyin qızın məmələri, boynu və üzündən axıb-daman tər damlalarının süzülüşü və səssizcə axışı ilə xatirələrinizə son qoyular.

Gövdə sürtüşməsindən ürpəşən tüklərizin yatdığı andan etibarən, aldığınız bütün ləzzətlər bir göz qırpımında uçar, gedər. Amma, eşq qamçılələyinin izləri unudulmazdır, dərindir.

Ana və Atanın ölümündən daha real və acı bir gerçək yoxdur. Belindən və qarnından gəldiyin insanlarla da vidalaşa bilərsən. Südünü doymazcasına əmdiyin və laylası səsi ilə insanlaşdığın Ananı da itirəcəksən. Zavallı Atalar isə Analardan daha tez unudulur, daha tez yaddan çıxırlar.

Məktəb yoldaşlarını xatırla, təpik-döyüşü və acılı-şirinli xatirələr yaşadığın o əziz illərin necə sovuşduğunu düşün. Məktəb uşaqları Ana Dilimizin hərflərinə oxşayırlar. Onları höccələyərək, yazıb-pozaraq öyrənib dostlaşmışdıq. Necə bir-birimizdən üzülüşdüyümüzü xatırlayaq. Su içməkdən belə rahat və əzabvericidir dost ayrılığı, amma qaçınılmazdır.
Fərhad Yalquzağın rəsmi
Fərhad Yalquzağın rəsmi

Yaddaşına qonmuş və hopmuş ahənglər, təsvirlər, səslər, simalar, qoxular, yerlər, insanlar və bütün nəsnələr səni tərk edə bilərlər. Səni köçəri quşlar kimi qullanıb, atarlar. Alzheymerin olsa, lap belə ürəyinə dəymədən uzaqlaşarlar səndən. Könlünə dəymək istəmirəm. Unutqanlıq, unudulmaq və yadlaşmaq bütün insanlarda ola bilər.

Kimsə özünü ailəsinə bağlı birisi kimi görər, kimsə qadınına. Seks, musiqi, təbiət, gəzmək, ədəbiyyat, kino və sair şeylərə də sığınmaq olar, hətta tapınmaq da. Ancaq, bunlar sənə mənəvi sığınacağa çevirlə bilərlər, səni özündə saxlaya və qoruya bilərn nəsnəyə çevrilə bilməzlər. Hətta, yazıçılıq sənəti sənin ruhunu dincliyə və toxtaqlığa sövq etdirdiyi zaman sənin Cəhənnəminə çevrilə bilər.

Çünkü ədəbiyyat başdan ayağa dilin ruhunu daşıyır. Dil isə həyatın və iç dünyanın ən gizlin qatlarına baş çəkdiyi üçün onun kəməndindən qaçmaq mümkünsüzdür.

Kino, şeir, roman, texnika, bilim, akademiya, mağaza və körpə uşağın belə səni incidə bilər, şənləndirə bilər yaxud xulyalara düçar edər. Təmənnasız, para ödəmədən, heç bir niyyəti olmadan və daima səni öz qucağında nazlamağa, tumarlamağa hazır olan nəsnə, insan, yer haradır ?

Ruhunu və cismini içinə qoya bildiyin tabut haradır ? Bütün şəhərlərdə dincini və tövşünü dərməyə sənə aman verən ürəyi yumşaq varlıq kimdir? Bütün filosofları, qatilləri, şairləri, yazarları, fəhlələri və insanları heç bir amacı və niyyəti olmadan öz könlündə barındıran, öz qınına alan yer haradır?

Qədrini bilmədiyimiz və corabımızın qoxusunu, tərimizi, anqırtılarımızı, kültürsüzlüyümüzü, şənliyimizi və yasımızı dözüm və səbrlə içinə alan varlıq kimdir ?. Sevdiyin Anan, sevgilin, uşağın və dostun belə etdiyin iyrənc işlərinə dözməyən vaxt, o, etdiklərinə dözür, susur və sevinib-sevinmədiyini belə dilə gətirmir, gətirə bilmir.

Otaq, qədrini və dəyərini bilmədiyimiz cancığazımız, can dostumuzdur. Otaqlarımızı qorumağı və sevməyi bacarmalıyıq. Bütün dünya və nəsnələr sizi atanda, sığına və qucağına girə biləcəyiniz bircə yer var, o isə, OTAĞINIZdır.

Çılğınları, fahişələri, narkomanları, qatilləri, diktatorları, aşiqləri, uşaqları və ağlınıza gələn hər bir anormal və normal varlığı heç bir təmənna və istəyi olmadan özündə qoruya və sevə bilən bir fenomen var, o isə, OTAĞINIZdır.
XS
SM
MD
LG