Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:32

Fermerlər onlara çatacaq azot gübrəsinin «qara bazarda» satıldığını deyirlər


azot gübrəsi
azot gübrəsi
-
“Bizə çatası azot gübrəsi qara bazara çıxarılıb. Məhsulların üzərində olan etiketdən açıqca görünür ki, onlar ölkəyə “Aqrolizinq”in xəttilə gətirilib. Fermerlərin bəziləri məcbur olub azotu elə bu satış nöqtələrindən alır”.

“GAH DEYİRLƏR MAL GƏLMƏYİB, GAH DA DEYİRLƏR QİYMƏT DƏQİQLƏŞDİRİLMƏYİB”

Ramət Mehtiyev
Ramət Mehtiyev
Saatlı rayonunun Azadkənd kəndində yaşayan Ramət Mehdiyev güzəştli şərtlərlə fermerlərə satılması nəzərdə tutulan mineral gübrələrin hələ də onlara təhvil verilmədiyini bildirir. Onun sözlərinə görə, cari il daha çox sahədə taxıl əkini aparan fermerlər ciddi narahatlıq keçirir:

“6 ildən artıqdır ki, toxumluq buğda yetişdirirəm. 100 hektar torpaq sahəsi icarəyə götürüb, cari ilin məhsulu üçün səpin aparmışam. Hazırda taxıl bitkiləri yetişdirilən sahələrə azot verilməyinin ən optimal vaxtıdır. Həyətyanı və pay torpağını əkənlər üçün qiymətdəki güzəşt az məbləğ təşkil etdiyindən, onlar səsini çıxarmır. Amma mən 25 ton azot almalıyam. Durub bunu “qara bazar”dan alsam, 1600 manat itirəcəyəm. “Aqrolizinq”in bazasına nə qədər gedib-gəlsəm də, hələ də gübrə verilməyib. Gah deyirlər gübrələrin qiyməti dəqiqləşdirilmədiyi üçün onun satışına başlanılmayıb, gah da deyirlər məhsul heç ölkəyə gətirilməyib”.

Ramət Mehdiyevin iddiasına görə, fermerlərə güzəştli şərtlərlə məhsulun satışı ona görə ləngidilir ki, adamlar məcbur olub onu “qara bazar”dan alsın. Burada isə məhsul dəyərindən 30 % baha satılır.

SABİRABADDA DA EYNİ VƏZİYYƏTDİR

Sabirabad rayonunun Qaratəpə kəndində yaşayan Mübariz Hüseynov mal-qarasını elə “Aqrolizinq” ASC-nin regional gübrə bazasının həndəvərində otarır: “Nə filialda, nə də bazada keşikçidən başqa adam yoxdur ki, sözünü deyəsən. Anbarlarda azot az da olsa var, amma onu heç kəsə vermirlər. Deyilənə görə Rusiyadan gübrə gətirilməsi çətinləşib deyə, əldə olan az məhsulu bərk-bərk saxlayıblar”.

HƏR NAZİR ÖZ KOMANDASINI TENDERIN QALİBİ EDİR?

Həbibağa Sultanov
Həbibağa Sultanov
AzadlıqRadiosunun sorğusunu cavablandıran “Aqrolizinq” ASC-nin Saatlı filialının direktoru Həbibağa Sultanov cari il azot gübrəsinin ölkəyə gətirilməsinin ləngidiyini və bunun səbəbini kənd təsərrüfatı nazirinin dəyişməsində görür:

“Hazırkı kənd təsərrüfatı naziri ötən ilin sonlarında təyin edilib. O gələndən sonra tenderin qalibi yeni müəssisələr oldu. Bu şirkətlərin də gedib Rusiyada mal axtarmağı, danışıqlar aparmağı, müqavilə bağlamağı, məhsul sifariş verməyi, müvafiq sənədləşmələr aparmağı xeyli vaxt apardı. Cari ilin məhsulu üçün azot gübrəsi bu ayın sonunda, ya ola bilsin martın əvvəlində ölkəyə gələcək. Filialın anbarında 600 ton məhsul var. Amma onu sata bilmirik ki, hamıya çatmayacaq və bu, narazılıq yarada bilər”.

“SƏNƏDLƏRİNİ VER, DƏYƏRİNİ ÖDƏ, GÜBRƏNİ APAR”

Sabirabad rayon Loqistik Gübrə Bazasının müdiri Şakir Həsənov fermerlərin narahatlığına əsas görmür:

“Taxıl bitkilərinin əkini aparılmış torpaqlara azot gübrəsi mart ayında verilir. Yanvarda, fevralda alıb onu neyləyəcəkdilər ki? Tez almaq daşınma xərcini ikiqat artıra bilər, gərək əvvəl aparıb həyətlərinə boşaldalar, vaxtı gələndə isə sahəyə aparalar. Fevralın 15-dək qiymət dəqiqləşdirilmədiyindən məhsul buraxılışı olmayıb. İndi hər kəs dəyərini və alınması üçün sənədləri təqdim edib, gübrəsini apara bilər. Bu işə müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşlarından ibarət komissiya çox ciddi şəkildə nəzarət edir. Qiymətləri də hər yerə yazıb vurmuşuq ki, adamlar təlabatlarına uyğun məhsulun dəyərini özləri hesablasın. O ki qaldı “qara bazar”da satılan gübrələrə, bunun “Aqrolizinq”ə heç bir aidiyyatı yoxdur. Azot gübrəsinin alqı-satqısı ilə başqa hüquqi və fiziki şəxslər də məşğul olur. Gedib kiməsə qadağa qoya bilmərik ki, bunu gətirmə, satma. Ola bilsin ki, hansısa fermer bizdən vaxtilə aldığı azotun bir hissəsini istifadə etməyib, indi satışa çıxarıb”.

SUBSİDİYANIN VERİLMƏSİ DƏ LƏNGİYİR...

İmişlinin Məzrəli kəndində yaşayan fermer Alışan Nəsirov hələlik azot gübrəsini almaq barədə heç maraqlanmadığını deyir:

“Bu il subsidiyaların verilməsi də gecikir. Bildiyimə görə bu, tək bizim kənddə, ya rayonda deyil, respublika üzrə vəziyyət belədir. Əvvəllər subsidiya fevralın əvvəlində verilirdi, məhsul yetişdirənlər də onun hesabına gübrə alırdı. Əgər subsidiyaların verilməsi ləngisə, camaat azotu öz hesabına almağa məcbur olacaq. Buna isə heç də bütün fermerlərin imkanı yoxdur”.

“QARA BAZAR”DA SATILAN AZOT KEYFİYYƏTSİZDİR, YOXSA OĞURLUQ?

Saatlının Qara Nuru və Şirinbəy kəndlərindəki mağazalarda azot gübrəsinin həqiqətən satıldığının şahidi olduq. 50 kiloqramlıq kisələrdə olan bu məhsula 13 manat qiymət qoyulub. Lakin onun ölkəyə “Aqrolizinq” ASC-nin xəttilə gətirilib-gətirilmədiyini dəqiqləşdirə bilmədik.

Maraqlıdır ki, dövlət dəstəyi ilə istehsalçıdan birbaşa alınan azotun 1 tonu 392 manat dəyərləndirilir. Bir neçə əldən keçəndən sonra Saatlıda sadə iş adamları isə həmin məhsulun tonunu 260 manata satır. Qiymətlər arasındakı bu qədər ciddi fərq iki səbəblə əsaslandırıla bilər: ya məhsulların keyfiyyətində fərq var, ya da dövlət dəstəyi ilə alınan məhsulun dəyəri süni surətdə şişirdilir.

İxtiyar Ağayev
İxtiyar Ağayev
Biləsuvar rayonunun İsmətli kəndində yaşayan İxtiyar Ağayev illərdir ki, bu məsələnin qabardıldığını, lakin ağlabatan cavab verilmədiyini deyir:

“Əgər “qara bazar”da satılan azot həqiqətən keyfiyyətsizdirsə, niyə onu ölkəyə buraxırlar və bu qədər istehlakçının aldadılmasına göz yumurlar? Hər sadə fermerin laboratoriyası yoxdur ki, aldığı gübrəni yoxlaya bilsin”.

“AQROLİZİNQ”İN FİLİAL MÜDİRİ GÜBRƏ VƏ PESTİSİDLƏRİ SATMAQDA İTTİHAM OLUNUR

“Qara bazar”da satılan gübrənin “Aqrolizinq” ASC-yə məxsus olmağı barədə şübhə və iddialar heç də əsassız deyil. Baş Prokurorluğun ötən ilin oktyabrında yaydığı məlumata görə, cəmiyyətin İmişli rayon filialının rəhbərliyi 835.5 min manat dəyərində olan 9569 ton mineral gübrə və pestisidləri ayrı-ayrı şəxslərə satıb. Bu məsələyə görə, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə iş də açılmışdı.

“TENDERLƏR İDARƏ OLUNANDIR VƏ BUNDA AYRI-AYRI ŞƏXSLƏRİN MARAQLARI TƏMİN OLUNUR”

Vahid Məhərrəmov
Vahid Məhərrəmov
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov məhsul istehsalçılarının mineral gübrələr və pestisidlərlə təminatın yarıtmaz təşkil olunmağını artıq hökumətin etiraf etdiyini deyir:

“Son müşavirədə dövlət başçısının çıxışında da səsləndi ki, bu sahədə əyintilərə yol verilir. “Aqrolizinq”in xəttilə gətirilən gübrənin keyfiyyət göstəricisi aşağıdır. Üstəlik ölkəyə gətiriləndən sonra gübrəyə müəyyən qədər qatqılar edilməsi keyfiyyəti bir az da aşağı salır. Son 4-5 ildə dünya bazarında azot gübrəsinin qiyməti 3 dəfə artıb. “Aqrolizinq”in xəttilə gətirilən məhsulun dəyərinin 50 %-nin dövlət hesabına ödənildiyi halda, sahibkarlar onu xaricdən gətirib satmağa risk etmirlər.

Gübrələrin, texnikaların, cins heyvanların idxalında ayrı-ayrı şəxslər özlərinə yaxın müəssisələri ilə maraqlarını təmin edirlər. Tenderlər də idarə olunandır və onların tam qanuna müvafiq qaydada keçirilməsinə inanmaq sadəlövhlük olardı. Bir də eşidirsən ki, dövlət dəstəyilə ölkəyə texnika, ehtiyat hissəsini hansısa müğənni gətirib”.

GÜZƏŞTLİ ŞƏRTLƏRLƏ GÜBRƏ ALMAĞIN QAYDASI

2004-cü ildə yaradılan “Aqrolizinq” ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması həvalə edilib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştlə satılması qaydaları Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli, 32 nömrəli qərarı ilə tənzimlənir. Həmin normativ-hüquqi akta görə, gübrə fermerlərə 50 faiz güzəştlə satılmalıdır. Hər hektar əkin sahəsinə görə də 300 kiloqrama gübrə müəyyən edilir.
Güzəştli qiymətlərlə mineral gübrə əldə etmək istəyənlər gübrələrin növünü və çəkisini göstərməklə, yerli kənd ərazi komissiyası tərəfindən təsdiq edilmiş ərizə ilə satıcıya müraciət etməlidir. Ərizəyə mülkiyyətində və ya istifadəsində əkin sahəsinin olmasını təsdiqləyən sənədlərin surətini və yetişdirilməsi nəzərdə tutulan bitki növləri və ya mövcud əkinləri barədə zəruri məlumatları əlavə etməlidir. Üstəlik gübrənin dəyəri qabaqcadan ödənilməlidir.
XS
SM
MD
LG