Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:36

Şahzadə Mustafanın boğdurulma olayı anbaan rəsmə alınıbmış


«Möhtəşəm yüzil» filmindəki Mustafa
«Möhtəşəm yüzil» filmindəki Mustafa
-
Türkiyənin «Star» televiziyasında yayımlanan «Möhtəşəm yüzil» serialında Şahzadə Mustafanın atası tərəfindən boğdurulmasının əks-sədası bir həftədir ki, gündəmdən düşmür.

Şahzadənin Bursadakı məzarına ziyarətçi axınının ardı-arası kəsilmir.

«ŞAHZADƏ MUSTAFA» AİLƏSİYLƏ XARİCDƏ DİNCƏLİR

Şahzadə Mustafa rolunun ifaçısı «ölümü»ylə bitən yorucu çəkilişlərdən sonra rahatca nəfəs alaraq ömür yoldaşı və 3 övladı ilə birgə ölkə xaricində dincəlməyə gedib.

Türkiyədə və serialın göstərildiyi ölkələrdəsə tarix yenidən araşdırılır, dartışmalar ara vermir, Şahzadəyə yas tutulur, Qanuni Sultan Süleymana – övlad qatilinə az qala 500 ildən sonra tənələr yağdırılır.

Türkiyə mediasında övladını öldürdüyünə görə Sultan Süleymanı məhkəməyə verən və onu «sultan» statusundan məhrum edilməsini hədəfləyən şəxs barədə də xəbərlər yer alıb.

Bu arada şahzadə Mustafanın öldürülmə səhnəsinin vaxtilə miniatürlərdə əks olunmasına dair xəbər də diqqət çəkib.
«SÜLEYMANNAMƏ» TARİXİ OLAYLARI MİNİATÜRLƏRƏ KÖÇÜRÜB

«Milliyet» qəzetinin yazdığına görə, Sultan Süleyman oğlunun tabutu başında rəsm edilib və beləcə, miniatürçü rəssamların sayəsində tarixi olay tozlu rəflərdən çıxıb.

Osmanlı sultanları arasında Tarixi miniatürlərdə əks etdirmək ənənəsi Osmanlı hökmdarlarından məhz Qanuni Sultan Süleymandan başlanıb.

Bu ənənə XVIII yüzilədək sürüb.

Həmin vaxtlar saraya ilk salnaməçi – Arifi adlanan bir rəssam dəvət edilib.

Şahzadə Mustafanın boğdurulması da Arifinin miniatürlərində əksini tapıb.

«Süleymannamə» adlanan çalışmada Süleymanın taxta çıxışından (1520) ta 1556-cı ilədək olan dönəm miniatürlərə köçürülüb.

1558-ci ildə tamamlanan «Süleymannamə»də Sultan Süleyman oğlunun tabutu başında ağlayarkən rəsm olunub.

«HÜNƏRNAMƏ»DƏ ŞAHZADƏ MUSTAFANIN CƏSƏDİNİN NÜMAYİŞİ ƏKS OLUNUB

Başqa bir miniatürdə – Seyyid Lokmanın «Hünərnamə»sindən alınan miniatürdə boğdurulandan sonra Şahzadə Mustafanın cəsədinin bir çadırda xalqa göstərilməsi əks olunub.

Şahzadənin ayaqları altında imrahorunun (Osmanlıda padşahların atlarına baxan saray xidmətçisi—S.İ.) və alemdarının (bayraqdarının—S.İ.) cansız bədənləri görünür.

Miniatürdə otağındakı taxtında oturan Sultan Süleymanın da təsviri var.
İşlərini təzəcə bitirib üzünü «cahan sultanı»na çevirərək buyruq gözləyən cəlladların dördü də miniatürdə əbədiləşdirilib.

ŞAHZADƏ MUSTAFANIN BOĞDURULMASI OLAYI MƏRSİYƏLƏRDƏ DƏ ƏKSİNİ TAPIB

Onlardan ən təsirlisi Şahzadənin yaxını Taşlıcalı Yəhya bəyin yazdığı mərsiyədir.

Qanuni Sultan Süleymanın Naxçıvan yürüşü
Qanuni Sultan Süleymanın Naxçıvan yürüşü
Taşlıcalı Yəhya bəy mərsiyəni heç kəsdən, heç nədən çəkinmədən açıqca şahzadənin düşmənlərini göstərərək yazıb:

Tulundı mihr-i cemâli bozuldı dîvânı
Vebâle koydılar âl ile Âl-i Osmânı

(Üzünün günəşi batdı, divanı dağıldı
Osmanlı sultanını hiylə ilə günaha batırdılar)


...Yalancınun kuru bühtânı bugz-ı pinhânı
Akıtdı yaşumuzı yakdı nâr-ı hicrânı

(Yalançının quru iftirası və gizli kini gözyaşımızı axıtdı,
ayrılıq atəşini alovlandırdı)


Cinâyet itmedi cânî gibi anun cânı
Boguldı seyl-i belâya tagıldı erkânı

(O cani kimi cinayət işləmədi;
fəqət öz canı bəla selində boğuldu, nizamı dağıldı)


...Görindi halka dıraht-ı şükûfe-dâre dönüp
Yürürdi kulları önince lâlezâre dönüp

(Çiçək açmış bir ağac kimi xalqa göründü;
Qulları bir gəlincik tarlası kimi önündə yürüyürdü)


..Tururdı şâh-ı cihân hiddetiyle nâre dönüp
Otagı haymeleri karlu kûhsâre dönüp.

(Cahan Sultanı hirsindən atəşə dönmüş halda dururdu;
otağının çadırları qarlı dağlara bənzəyirdi)


..Hatâsı gayr-i muayyen günâhı nâmalûm
Zihî şehîd-i saîd ü zihî şeh-i mazlûm

(Şuçu bəlirsiz, günahı məlum deyil.
Nə müqəddəs bir şəhid və nə böyük zulmə uğramış bir şah...)


Bir serialın tarixə yaratdığı böyük sevginin kiçik bəlirtilərini verməyə çalışdım.
Bəs bizlər nə zaman öz tariximizi öz serialımızdan sevərək, təsirlənərək lənətləyəcəyik?

Xoş lənət və ya xoş qarğışdır, deyilmi?..
XS
SM
MD
LG