Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:28

Ömürlük məhbus anası: «Başımıza gələnlərdən neçə cildlik kitab çıxar»


Hüseynağa Babayev
Hüseynağa Babayev
-
Qobustan həbsxanasında 19 ildir ömürlük həbs cəzası çəkən məhbusun ailəsi onun ömründə əlinə silah almadığını bildirir. Tibb Universitetinin məzunu olan Hüseynağa Babayevə 1996-cı ildə ölüm hökmü kəsilib. 1998-ci ildə ölüm hökmü ləğv olunarkən, onun cəzası azadlıqdan ömürlük məhrumetmə ilə əvəzlənib.

«ƏRİZƏNİ DƏ CIRIB ATIRLAR»

Anası Minayə Babayeva övladına niyə belə cəza verildiyini anlamadığını söyləyir:

«Baxırsan ki, kimsə böyük cinayət işlədir, ən çoxu 10-15 il verirlər. Mənim uşağıma ömürlük veriblər. Niyə? Bilmirəm. Mən hər gün gözüyaşlıyam. Hara müraciət edirsən, baxmırlar. Ərizəni də cırıb atırlar».

Hüseynağa Babayev 2 il əvvəl həbsxanadan «Azadlıq» qəzetinə göndərdiyi məktubda belə yazıb:

«Mərhum kiçik qardaşım (Əhmədağa Babayev - A.K.) Xəzər Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alırdı. O, qrup yoldaşı olan və təhqirə məruz qalan qızı qorumaq istəyib, amma 15-20 nəfər harınlamış gənc onu vəhşicəsinə döyəndən sonra bıçaqla da başını kəsərək qətlə yetiriblər. Cinayət işiylə əlaqədar ibtidai və məhkəmə istintaqlarının qərəzli, ədalətsiz aparıldığını görən mərhum qardaşımın dostları Azər Nüsrətov və Ələddin Əliyev qisas almaq niyyətinə düşüblər. Törədilmiş cinayətdə mən bir böyük qardaş kimi, sürücü qismində iştirakçı olmuşam. Lakin əlimə silah almamışam, adam öldürməmişəm».

DÖRD OĞULDAN İKİSİ ÖLDÜRÜLÜB, BİRİ HƏBSDƏ, BİRİ AZADLIQDA...

Həbs olunan il Hüseynağanın toyu olacaqmış. Onun yolunu 15 il gözləyən qadın sonucda ailə qurub. Anası ailənin başına gələn fəlakətləri bir-bir sadalayır:

«Oğluma və yoldaşıma ömürlük verdilər, heç əllərinə silah almamışdılar. Bir oğluma – Mütəllim Babayevə 13 il iş verdilər. O, cəzasını çəkib qayıtdı. Yoldaşım 2 il öncə həbsxanada xəstəlikdən rəhmətə getdi. Hikmət oğlum 16 yaşından mənimlə birgə əkin-biçin işi gördü, min zəhmətə qatlaşdı. Beləcə, həbsdəkilərə yemək-içmək apardıq. İki il qabaq Hikməti də Buzovnada öldürdülər, səbəbini bilmirəm. 32 yaşında getdi, 8 aylıq uşağı qaldı».

Çingiz Qənizadə
Çingiz Qənizadə
Azərbaycanda ölüm hökmü ləğv edilərkən – 1998-ci il fevralın 10-da ölümə məhkum olunanların cəzasını ömürlük həbslə əvəzləmək nəzərdə tutulmuşdu. Avropa Şurası Parlament Assambleyası 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnamədə hökumətə ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə etmişdi. Qətnamədə qeyd olunurdu ki, hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına uyğun cəza kəsilməlidir.

ÖMÜRLÜK CƏZASI 15, 25 İLƏ ENDİRİLƏNLƏR VAR

Deputat Çingiz Qənizadə fevralın 24-də MediaForum saytına deyib ki, həmin qətnamənin müzakirəsi istiqamətində ilkin addımlar atılır və araşdırma başlanıb:

«Ermənistan, Gürcüstan bu məsələyə baxıb, həmin məhkumların cəza müddətini 20 illə əvəzləyib... Məhkumlar arasında 14-15, hətta 20 ildən çox cəza çəkənlər var. Fikrimcə, qısa zaman kəsiyində məhkumların cəzasının hissə-hissə dəyişdirilməsi məsələsinə baxmaq vaxtıdır».

İllər öncə ömürlük həbs cəzası almış məhbuslardan Samir Hacıyev və İqor Krijanovskinin hökmləri 15 illə əvəzlənib, Kəramət Kərimovun ömürlük həbsi isə 25 ilə endirilib.
Mehman Sadıqov
Mehman Sadıqov

MƏHKƏMƏYƏ MÜRACİƏT ETSİNLƏR

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mehman Sadıqov ömürlük məhbusların cəzalarına yenidən baxılması istiqamətində hər hansı irəliləyişdən xəbərsiz olduğunu söyləyir. O, vaxtilə həmin işlərin hamısına yenidən baxıldığını, əvvəlki məhkəmə qərarlarının qüvvədə saxlandığını da xatırladır. Xidmət rəsmisi hər bir məhbusun üçpilləli məhkəmə sistemindən yararlanmaq hüququnu özündə saxladığını da sözlərinə artırır:

«O barədə heç nə eşitməmişəm. Ancaq istənilən məhkum olunmuş şəxs öz işiylə bağlı aidiyyəti məhkəmə instansiyalarına müraciət etmək hüququ var. Müraciət etsinlər, məhkəmə işlərinə baxacaq».

«XÜSUSİ KOMİSSİYA YARADILSIN»

Ədliyyə Nazirliyi yanında İctimai Komitənin keçmiş üzvü, hüquqşünas İradə Cavadova ölüm hökmü ömürlük cəzayla əvəzlənərkən ayrıseçkiliyə yol verildiyini düşünür:
İradə Cavadova
İradə Cavadova

«Bəziləri yuxarı hədd olan 15 il, bəziləri ömürlük aldı. Sonradan ömürlüklərin bəzilərinin valideynləri fəallıq göstərdi və onların da cəzası 15 illə əvəzləndi. Bu üzdən bir çoxları narazı qaldı. Məsələn, OMON-çular vardı, mənlə görüşəndə deyirdilər ki, adam öldürülməsində iştirak etməmişik, hökmümüz ədalətsizdir, ancaq heç nəyə nail ola bilmirik».

İradə Cavadova İctimai Komitənin hökmü araşdıra bilmədiyini, ancaq saxlanma şəraitinə qarışmaq imkanının olduğunu deyir. Hüquqşünas ömürlük hökmlərin ədalətli olub-olmamasını araşdırmaqdan ötrü istintaq qrupu, Ədliyyə Nazirliyi və ictimai fəallardan xüsusi komissiyanın yaradılmasını vacib sayır.

«BELƏSİ ÜÇÜN NECƏ AĞIZ AÇMAQ OLAR?»

Hüquq müdafiəçisi Leyla Yunusun bu ilin əvvəlində açıqladığı siyasi məhbus siyahısında qanunsuz olaraq ömürlük və uzun müddətə azadlıqdan məhrum edilən 20 nəfərin adı yer alıb. Onlardan 6-sı keçmiş «OMON»çular, 4-ü keçmiş «Qaranquş» hərbi dəstəsinin üzvləri, 6 nəfər keçmiş baş nazir Surət Hüseynovun işiylə və daha 4 nəfər digər işlərlə bağlı məhkum olunmuşlardır.
Foto: Arxiv
Foto: Arxiv

Ömürlük Məhbus Yaxınlarının Beynəlxalq Komitəsinin sədri Müslümət Rzaxanova deyir ki, bir müddət əvvələdək ölkədə 260-dan çox ömürlük məhbus vardı. O, 25 ildən artıq həbsdə yatanların işinə yenidən, qanun çərçivəsində və ədalətlə baxılmasını önəmli sayır:

«Bir nəfərin ölümünə görə 3 nəfərə güllələnmə verilib, ömürlüyə keçirilib. Həddindən artıq sifarişlə ömürlük cəza alan məhbuslar var. Ancaq elələri də var ki, valideynləri kömək istəyəndə adam dəhşətə gəlir, yəni elə cinayətlər törədiblər ki... Beləsi üçün necə ağız açmaq olar?».

«HÜSEYNAĞA DA ÇIXSAYDI...»

2-ci qrup əlil, həm də şəkər xəstəsi olan Minayə xanım gecə-gündüz demir, övladının azadlığa çıxmasına dua edir. Nə vaxtsa dörd oğul anası olmaqdan qürur duyan qadın indi iki-üç ailənin yükünü bircə övladının çəkməsindən ürəyi yana-yana danışır:

«Mənim faciəmə faciə çatmaz. Başıma gələn hadisələrdən neçə cildlik kitab yazmaq olar. Qalmışam kimsəsiz. Bir Mütəllimim işləyir, bilmir qardaşının külfətinə baxsın, öz ailəsinə, ya mənə. Tək qalıb həyatda. Hüseynağa da çıxsaydı, bir-birinə həyan olardılar...».
XS
SM
MD
LG