Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:41

O qızı alan olmayacaq...


Vəfa Nağı
Vəfa Nağı

-

"OxuZalı"nda ən çox oxunan



Şəxsən mən paltarıma görə iki dəfə küçədə döyülmüşəm...

Əgər sən səsini çıxarırsansa, öz haqqını istəyirsənsə, abırsızsan, həyasızsan, çox uzağa getsələr, səni fahişə də çıxara bilərlər...



Vəfa Nağı


SUSMAQ MƏCBURLUĞU


Yəqin ki, bu günlərdə BDU rektoru ilə mübahisə edən qızı çoxları tanıdı.

Bir qiz əlinə mikrofon aldı və özünün tapdanan tələbə, vətəndaş hüququnu tələb elədi.

Bəli, bizim kimi düşünənlər təqdir elədi, alqışladı, amma sən demə, hamı o xanıma qarşı eyni münasibətdə deyilmiş.

Sosial şəbəkədə bir nəfər oğlan yazmışdı ki, bu qızı alan olmayacaq.

Oxşar şeyləri başqaları da yazmışdı. Sən demə, əgər mikrofonu əlinə alıb, o qədər tələbənin içində danışıb, rüşvətxorluğu ifşa edirsənsə, “yaxşı qız” kriteriyasından çıxıb, dönüb olursan “əxlaqsızın biri”.

İllərdir başını aşağı salıb, evdən dərsə, dərsdən evə gedən tələbələrin içindən bir nəfərin tapılıb buradakı rüşvətxorluqları dilə gətiməsi ayıb imiş.

Bu da etiraza, haqqını tələb eləməyə munasibət. “Abrımız-həyamız”ın, müsəlmançılığımızın, namus-qeyrətimizin, “milli mənəvi dəyərlər”imizin münasibəti...

Bir dəfə rayonumuzda belə bir hadisə baş vermişdi.

Hamilə qadın dünyasını dəyişmişdi. Həkimlərin səhlənkarlığı ucbatından həyatına son qoyulmuşdu. Ən dəhşətlisi o idi ki, mərhumun yaxınları bu barədə şikayət etməyə utanmışdılar. Həkim tanış imiş, eldən-obadan ayıb imiş. Həkimin “yuxarı” yerdə işləyən yaxınları isə, mərhumun qohumları ilə bu məsələni öz aralarında həll etmişdilər.


Mərhumun, gənc qadının qanı abır-həyaya bükülüb, zibil yeşiyinə atılmışdı. Üstəlik, bu məsələni bütün el bilsə də, ağsaqqaldan tutmuş, ağbirçəyə qədər hər kəs susmuşdu.

Bu, yeganə hadisə deyil. Həkimlərin savadsızlığı, pulgirliyi ucbatından həyatını itirmiş, yaxud həyatı təhlükədə olan nə qədər insan saymaq olar. Amma bu cinayətləri törədib, sonra cəza alan bir həkim yadıma gəlmir.

Bu günlərdə Nərmin Hüseynlinin vəziyyəti barədə hami xəbər tutdu. Həkim savadsızlığının türklər demiş, tavana vurması ucbatından 16 yaşlı qızcığaz xərçəngin ən son mərhələsi ilə mübarizədədir. Tələm- tələsik, xəstədən heç bir analiz götürmədən, onu əməliyyat stoluna uzadan həkim isə hələ də cazasızdır.

Toplum olaraq, peşəsini bilmədiyindən insan həyatına, sağlamlığına bais olanları qınamaq, onlara cəza tələb eləmək mədəniyyəti bizdə yoxdur. Bizim qınağımız məişət çapındadır. Başqasının paltarına, nazik qaşına, mini ətəyinə qarşı çıxıb, onu söyə, qınaya, hətta döyə bilərik. Şəxsən mən paltarıma görə iki dəfə küçədə döyülmüşəm.

BDU-dakı qıza olan reaksiya bir daha göstərdi ki, bu ölkədə hər şey – kafelər, gecə gəzintiləri, azadlıq, sərbəst davranış kimi, haqqını tələb etmə, etiraz hüququ da ancaq kişilər üçündür. Qadınsansa, qızsansa, səsini çıxarmamalısan. Kənd kişilərinin dili ilə desək, ölüb oturmalısan yerində.

Əgər sən səsini çıxarırsansa, öz haqqını istəyirsənsə, abırsızsan, həyasızsan, çox uzağa getsələr, səni fahişə də çıxara bilərlər.

Bu, hər yerdə belədir, istər ictimai məsuliyyətdə, istərsə də həyati məsələlərdə haqqını tələb etsən, sənə tərs-tərs baxışlar, yandan söz atmalar, əxlaqsız damğası vurmalar mütləq olacaq.

Etiraza alışmayan cəmiyyət, hardansa buna bənzər səs eşidən kimi, o dəqiqə bunun əxlaqsızıq, yaxud vicdanlı bir məsələ olmasını ayırd edə bilməyəcək. O qədər çaş-baş qalacaq ki, birincini sənə daha çox yaraşdırıb, üstəlik “allah bilir üzü nə üzlər görüb” kəlməsini də işlədəcək. Dəfələrlə metroda, taksidə, haqqım tapdalanan hər yerdə bir az səsimi qaldıran kimi, mən bu söhbətləri eşitmişəm. Sizin haqqınızı tapdayırlar, amma qadın olduğun üçün abır-həya gözləməlisən.

XS
SM
MD
LG