Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:27

Krımın azərbaycanlı sakini: «Hər bir ölkənin ərazi bütövlüyü tanınmalıdır»


Krımda Rusiya hərbçisi, 4 mart 2014
Krımda Rusiya hərbçisi, 4 mart 2014
-
«SƏRHƏDDƏN 15-20 KM ARALIDA TANKLAR DÖVRƏ VURUR»

«İndi televiziyada Ali Radanın iclasına canlı baxırıq, hansı qərarlar verəcəyini gözləyirik», – Kiyevdə çalışan azərbaycanlı Samir Talışxanov AzadlıqRadiosuna belə deyir və söylədiklərindən anlaşılır ki, yerli telekanalların xəbərlərini, canlı yayımları həyəcanla izləyir. Ötən gecədən bəri Ukraynanın sərhəd ərazilərinin qubernatorları canlı bağlantılarda yerli televiziya kanallarına son xəbərləri paylaşırlar:

«Ukrayna-Rusiya sərhədindən 15-20 km aralıda tanklar dövrə vurub gedirlər. Yəni özlərini göstərirlər ki, burdayıq».

Martın 4-də səhər çağı yayılan xəbərlərə görə, prezident Vladimir Putin Ukrayna sərhədlərinə cəmləşdirilmiş rus qoşunlarının öz bazasına qayıtmasını əmr edib. Rəsmi bəyanatda təlimlərin uğurla bitdiyi diqqətə yetirilir. Dünən – martın 3-də Putin Leninqrad bölgəsində müdafiə naziri Sergei Shoigu ilə birgə şəxsən sərhəddə yığılan orduya baş çəkib.

Samir Talışxanovun sözlərinə görə, Ukrayna siyasətçiləri Rusiya prezidentinin qoşunu geri çəkmək əmrinə şübhəylə yanaşırlar.

«LƏNKƏRANDAN, YA DA QUBADAN OLMAMIZIN FƏRQİ YOXDUR»

Martın 3-də Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov yerli mediaya bildirib ki, buranı öz vətəni sayan azərbaycanlılar ölkənin ərazi bütövlüyü uğrunda sona qədər mübarizəyə hazırdır:

«Hamıya məlumdur ki, martın 1-də rus qoşunları Krım Muxtar Respublikasına daxil olub. Bu, hər kəs kimi bizi də çox rahatsız edir. Bunu xalqa hansısa yardım adlandırmaq olmaz. Necə deyərlər, hər şeyi öz adı ilə söyləmək lazımdır. Bunun da adı işğalçılıqdır».

Samir Talışxanov deyir ki, Rusiya təcavüzü başlanandan bəri Ukraynanı təşviş və qorxu sarıb.
Kiyevdə səfərbərlik məntəqəsi, 3 mart 2014
Kiyevdə səfərbərlik məntəqəsi, 3 mart 2014
O, səfərbərlik məntəqələri qarşısında izdiham yarandığını, ölkədəki azərbaycanlıların 80-90 faizinin, lazım gələrsə, döyüşməyə hazır olduğunu söyləyir:

«Fərqi yoxdur, Cənubi Azərbaycandanıq, Lənkərandan, ya Qubadanıq, – bu torpaqda yaşayırıq. Qorumasaq, sabah Kiyevədək gəlib çıxacaqlar. Çerniqov şəhəri Kiyevə çox yaxındır, 250-300 km arası var. Ora tanklar girsə, 3-4 saat sonra Kiyevdə olacaq».

«HƏR DƏQİQƏ MÜHARİBƏ BAŞLAYA BİLƏR»

Krım Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətovun sözlərinə görə, buradakı azərbaycanlıların hamısının əsəbləri gərilib:

«Zahirən elə görünə bilər ki, küçələrdə sakitçilikdir. Ancaq gərginlik insanların şüurunda, beynindədir ki, hər dəqiqə müharibə başlaya bilər».

Putin-in bəyanatına gəlincə, Rəhim Hümbətov əmrin Krımdakı qoşunlara deyil, Rusiya ərazisində son hərbi təlimlərə qatılan hərbi birliklərə ünvanlandığını xatırladır:

«Krımdakı qoşunların geri çəkilmək əmri yoxdur. 10 dəqiqə öncə birbaşa yayıma baxırdım. Rus qoşunlarından bəyanat səsləndi ki, istənilən vaxt atəş aça bilərik. Ona görə deyirəm ki, Putin-in əmrinin Krımdakı rus qoşunlarına heç bir dəxli yoxdur».

BÖYÜK SİYASİ OYUNLARA QARIŞMAYANLAR

Ukrayna qaynaqlarına əsasən, Krımda 10 minədək azərbaycanlı yaşayır. Onların çoxu Ukrayna vətəndaşıdır və bu ölkədə daimi yaşayır.
Krımda Qara Dəniz Donanması - 2014
Krımda Qara Dəniz Donanması - 2014
​Rəhim Hümbətov buradakı hər bir azərbaycanlının bu ölkənin vətənpərvəri olduğunu və Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir. O, Krımdakı həmyerliləri ilə telefonla daim əlaqə saxladığını da vurğulayır:

«İndiki vəziyyətdə insanların bir yerə toplaşması məqsədəuyğun deyil. Hər hansı təxribatdan uzaq durmaq lazımdır. Diasporla əlaqə saxlayır, azərbaycanlıları özünü təmkinli aparmağa, təxribatlara uymamağa çağırırıq».

İllərdir Ukraynada çalışan, ancaq yarımadadakı mövcud durum ucbatından adının çəkilməsini istəməyən bir azərbaycanlı isə Krım sakinlərinin, özəlliklə azərbaycanlıların gündəlik qayğılarla yaşadığını deyir:

«Burdakı soydaşlarımız böyük siyasi oyunlara qarışmırlar. Mövqeyimiz bəllidir – hər bir ölkənin ərazi bütövlüyü tanınmalıdır. Soydaşlarımız gündəlik işiylə məşğuldur, siyasi proseslərə dərin müdaxilə edən adam yoxdur».

Yarımadadakı Ukrayna hərbi hissələri Rusiya ordusunun mühasirəsindədir. Rusiyalı deputat Sergey Markov bəyan edib ki, bu hərbçilərin suyunu və işığını kəsmək lazımdır.
XS
SM
MD
LG