Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:38

Uşaqlar üçün nağıl yazmağa da qorxursan...


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

Poeziyamızın cücərməsindən qıcqırmasına qədər keçən dövrdə yerlə-göylə əlləşməkdən başqa işimiz olmayıb.

Məsələn, bir Bakı kəndində əvvəl iynələnib toya girən, sonra da 2 litr araq vurub lül-piyan olan bir şairdən, qəzəlxan və ya meyxanaçıdan şeir istəsən – ya dünyadan gileylənəcək, ya da zəmanədən...



Rüfət Əhmədzadə


SOVET SENZURASI ÜÇÜN DARIXMAQ

(esse)


Füzulinin şeirlərini araşdırıb "sevgili yar” xitabının altında ilahi fəlsəfə axtaran alimləri alqışlayıram.

Onların ədəbi uzaqgörənliyi o qədər inkişaf edib ki, bütün ədəbiyyatımızı bu "mətnaltı fəlsəfə” yanaşmasına görə iki yerə bölüblər:

"Sevgili yar üçün darıxanların ədəbiyyatı”, "İlahi sevgidən ah-nalə çəkənlərin ədəbiyyatı”.

Ümumiyyətlə, bizim olanımız da, varımız da, yoxumuz da budur.

Poeziyamızın cücərməsindən qıcqırmasına qədər keçən dövrdə yerlə-göylə əlləşməkdən başqa işimiz olmayıb. Məsələn, bir Bakı kəndində əvvəl iynələnib toya girən, sonra da 2 litr araq vurub lül-piyan olan bir şairdən, qəzəlxan və ya meyxanaçıdan şeir istəsən – ya dünyadan gileylənəcək, ya da zəmanədən.

Elə uzağa getməyək. Götürək, qonşu Fil Dişi Sahilini, Nigeriyanı, Anqolanı, Konqonu... Niyə "qonşu”? O qədər yaxınıq ki, boşluq olanda gəlirlər bizim ölkəyə futbol oynamağa. Yəni, onlar boşluqdan futbol oynayıb pul qazanır, bizsə boşluqdan şeir yazıb ad-san qazanırıq. Birimiz oluruq "nəğməkar və lal-kor-kar şair”, o birimiz oluruq "ciddi və kədərli qızların sevimlisi, istəklisi, inboksda təsəllisi”... Əlimizdən nə gəlir ki?

Konkret şəkildə "nədən yazaq” deyə bir etalon da ola bilməz. Qəm tütəyinə güc verən hər şairdən ictimai mövqe də tələb etməzlər. Və şəxsən, özümün batman-batman qarşılaşdığım problemlərə görə də, artıq kimsəni heç nədə qınamıram, əməl və mövqeyini mühakimə etmirəm. Amma... İnsaf da yaxşı şeydir. Əgər indiyədək bu ölkədə 85 faizdən artıq seçki qələbəsi qeydə alınmayıbsa, deməli, 15 faiz də olsa, bir az fərqli mövqe göstərmək olar. Şükür Allaha, Şimali Koreyada yaşamırıq ki!

Qələm dostlarıma demək istədiyim: arada MİS (el dilimiz olan ruscada desək, "JEK”) müdirlərini də tənqid edin və "ictimai mövqe göstəriyormuş” kimi görünün. Belə olmaz, Rəşad Məcidin vədlərinə ümid bağlayıb, 1 il boyunca 200 manat təqaüd almaq ehtimalına xalqın mərd ziyalısı olmaq (öləndən sonra) şansını qurban verməyin! Deyirəm ki, atlanın, silahlanın, qanadlanın, "Red bull” için... Yox, bu olmadı.

Hə... Bəzən Sovet senzurası üçün darıxıram. Hərçənd, o dövrdə yazıb-yaratmamışam. Sadəcə, yazılanları oxumuşam, danışılanları eşitmişəm. O dövrdə tarla məhəbbəti, pambıq fədakarlığı, kolxoz macəraları, kənd-rayon səhnələri nə qədər çox olsa da, ədəbiyyatda səliqə var idi.

Və konkret bir senzura sistemi. Bilirdin ki, vahid idarənin yoxlama aparatından keçirsən: birinci katibə ilişməyəcəksən, əvəzində "raykom” sədrini söküb-yığacaqsan. İndi hər yerindən duran – idarə direktoru, şöbə müdiri, qəzet-sayt redaktoru, sahə müvəkkili özündən bir qayda-qanun və senzura sistemi uydurur.

Uşaqlar üçün nağıl yazmağa da qorxursan ki, hansısa sözdən "mətnaltı eyhamlar” taparlar. Belə olmaz, demokratiyanın zibili çıxıbdır...

Əşşi, nə yatdıq ki, nə yuxu görək?!


(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG