Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:44

«Sovetski» sakini: «Bura İçərişəhər kimi bir yerdir – bura bayır şəhərdir»


Sovetskidə qorunması vacib olan hansı abidələr var?
Gözlə

No media source currently available

0:00 0:04:57 0:00

Sovetskidə qorunması vacib olan hansı abidələr var?

-
««Sovetski» başdan ayağa tarixi abidədir. Mənim babamın mülkü keçən əsrin yox, o biri əsrin mülküdür. «Sovetski» İçərişəhər kimi bir yerdir – bura Bayır şəhərdir...».

Köhnə sovet məhəlləsinin sakini Təranə Babayeva digər sakinlər kimi belə düşünür ki, yaşadığı ev tarixi abidədir və ən azı bu üzdən sökülməməli, əksinə, bərpa olunmalıdır.

«Sovetski»də yaşayanların köçürülməsi aktuallaşandan bəri daha bir sual ortaya çıxıb: Görəsən, buradakı tarixi və memarlıq abidələrinin taleyi necə olacaq? Görəsən, söküləcək ərazilərdə neçə tarixi abidə var? Hansı tikililər həm tarixi, həm də memarlıq dəyəri daşıyır?

Memarlar İttifaqından AzadlıqRadiosuna bildiriblər ki, onlarda belə bir siyahı yoxdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, söküləcək ərazidə siyahılar tərtib edildiyindən, hələlik, bu barədə dəqiq fikir söyləmək tezdir.

«HƏRƏ ÖZ EVİNİ TARİXİ ABİDƏ SAYIR»

Bəs «sovetski»lilərin özü hansı abidələri tarixi və memarlıq baxımından dəyərli sayır? Cavablardan bir nəticəni dərhal sezmək olur – fikri soruşulanların çoxu yaşadığı evi tarixi abidə hesab edir:

- Mənim atamın evi tarixi abidədir, 1923-cü ildə tikilib.
- Qonşu Aslanın evi. Üstündə yazılıb, 1903-cü ildə tikilib.
- YUĞ Teatrının olduğu bina da tarixi abidədir.
- Burda tarixi abidələr çoxdur. Binaların çoxunun 150 yaşı var. Bir əsrdən çox yaşı olanlar da az deyil. Aşağıda Abbas Mirzə Şərifzadənin evi var.
- Ona qalsa, «Sovetski» başdan ayağa tarixi abidədir. Mənim babamın mülkü küçən əsrin yox, o biri əsrin mülküdür. «Sovetski» İçərişəhər kimi bir yerdir – bura Bayır şəhərdir.
- Burda hamamlar, qədim evlər var.
- Məscidlər var, onları sökmək olmaz. Bərpa etmək olar, əl dəymək olmaz. Bizim ata-babalardan qalan yadigarlardır. Onları söksək, sonra bizim gələcək nəsillərə nə qalar?
- Burda Üzeyir Hacıbəyovun evi, Zülfü Adıgözəlovun klubu, evi var.
- Hamamlar, məscidlər var. Gedib ziyarət edirik, muzey var.
- Nə deyim, hərəyə öz evi tarixi abidədir.

MƏDƏNİYYƏT NAZİRLİYİNİN SİYAHISINDAKI ABİDƏLƏR TARİXİ ABİDƏLƏR SAYILIR

Əməkdar Memar, memarlıq namizədi Ömər Qoçulu deyir ki, yalnız Mədəniyyət Nazirliyinin siyahısına salınanlar tarixi abidə sayılır. Ancaq bəzi abidələr də milli memarlıq əsəri kimi qorunur. Məsələn, «Füzuli küçəsi, 39» ünvandakı 10 metr sürüşdürülən bina kimi:

«Amma şərt deyil ki, yalnız qədim tikililər milli memarlıq abidəsi sayılsın. Bakıdakı abidələrin əksəriyyəti kapitalizm dövründə tikilənlərdir. Deyərdim ki, 90 faizinin memarlıq dəyəri var və onlar bu günədək qorunur. «Sovetski»yə gəlincə, əlimdə siyahı olmasa da, görüntü etibarilə məndə belə təəssürat var ki, orada o qədər də dəyərli abidə yoxdur.
Orada binaların əksəriyyəti yaşayış binalarıdır. Son dərəcə zavallı-yazıq-cılız bir görkəmdə, heç bir məişət şəraiti olmayan evlərdir. Ancaq yəqin ki, muzeylər qalar».

MƏDƏNİYYƏT NAZİRİ: SİYAHI TƏRTİB OLUNUR

Məsələyə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də münasibət bildirib.

Nazir hər bir tarixi abidənin önəm daşıdığını deyir:

«Sözsüz ki, hər bir tarixi abidənin taleyinə ayrıca baxılacaq. Yeni tikililərin inşası, yolların genişləndirilməsi, şəhərlərin inkişafı bütün dünyada müşahidə olunan prosesdir və bunlar, istər-istəməz, tarixi abidələrlə müəyyən bir ziddiyyət təşkil edir. Ona görə də məsələlərə həssaslıqla yanaşmaq, ölkə əhəmiyyətli tarixi abidələri bərpa etmək, qorumaq, onların ətrafında mədəni mühiti formalaşdırmaq bir məqsəd olaraq qarşımızda dayanır».

Əbülfəz Qarayev əmin edir ki, dövlət orqanları ilə birlikdə bu məsələlərə baxılır və siyahılar tərtib olunur.
XS
SM
MD
LG