Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:00

Umberto Eco-nu kim İnternetin düşməni elan etdi?


Umberto Eco
Umberto Eco
-

Bloqların birində məni İnternetin düşməni elan etdilər...


Umberto Eco


İNTERNETİN İNKİŞAFINI SAXLAMAQ MÜMKÜN DEYİL


Qədimdə hətta yazmağı bacaranlar da insanlarda qorxu yaradırdı.

İndi isə İnternet ətrafında müzakirələr səngimək bilmir. Düzgün istifadə edilsə, onun gəncliyə böyük faydası dəyər, əlbəttə, ondan asılı vəziyyətə düşmək də qaçılmazdır.

Bu yaxınlarda “Espresso” dərgisində mənim xəyali nəvəmə yazdığım məktubum yayınlandı.

O məktubda mən nəvəmi həmişə İnternetin verdiyi informasiyaya arxalanmaq yerinə öz yaddaşını məşq etdirməyə çağırırdım.

Bunun ardınca bloqların birində məni İnternetin düşməni elan etdilər.

Bu, magistral yolda sərxoş halda, yaxud saatda 180 km sürətlə maşın sürməyə qarşı çıxan birisini tənqid atəşinə tutmağa bənzəyir.

Axı ortaya belə mövqe qoymaq heç də avtomobildən imtina etməyə çağırmaq anlamına gəlmir.

Bir müddət əvvəl isə elə həmin “Espresso”nun səhifələrində Eujenio Skalfari (Eugenio Scalfari – italyan jurnalisti, “Espresso” jurnalının redaktoru) məni informasiya mənbəyi kimi İnternetə həddən artıq arxalanmaqda günahlandırmışdı. Bu mənim son məqalələrimdən birində İtaliyada yayınlanan “İrs” adlı populyar bir verilişdə baş alıb gedən cahilliyi qabartmağımdan sonra baş vermişdi. Həmin verilişə görə, guya Hitler və Mussolini altmışıncı, yetmişinci və hətta səksəninci illərdə də yaşayıblar.

Skalfarinin fikrincə, yaddaşında məlumat saxlaya bilməyən insan nəslini doğuran məhz süni yaddaş rolunu oynayan “on-line”dır. O hesab edir ki, şəbəkənin mövcudluğu insanda dünyanın istənilən nöqtəsində, istənilən şəxslə əlaqə qura bilmək illuziyası yaradır ki, gerçək həyatda bu onu ancaq tənhalığa gətirib çıxarır.

Yaddaşsızlıq və tənhalığın əsrimizin xəstəlikləri olması ilə tam razıyam. Bu haqda çox yazmışam.

Amma görünür Skalfarinin Platonun “Fedr” əsərindəki yaddaşla bağlı hissədən xəbəri yoxdur. Orda Firon tanrı Totu yazını ixtira etdiyi üçün məzəmmət edir, guya yazının ucbatından insanlar yaddaşlarını istifadə etmək vərdişini itirəcəklər. Sonra isə yazının insanları oxunanları yadda saxlamağa vadar etdiyi məlum olur. Məhz yazının sayəsində, Prustun yaddaşın imkanlarını tərənnüm edən “İtmiş zamanın axtarışında” əsəri meydana çıxıb. Bir sözlə, internetdən istifadə edə-edə yaddaşı inkişaf etdirmək, ordan götürülmüş məlumatları yadda saxlamaq mümkündür.

İnterneti qəbul edib-etməmək heç bir şəkildə mübahisə mövzusu ola bilməz. Bu cür mübahisələr televiziyanın sürətli inkişafı zamanı artıq aparılıb. İnternet varlığını qoruyur və hər hansı mübahisə onun axırına çıxa bilməz. İndi bizim qarşımızda duran əsas məsələ İnternetin ortaya çıxması ilə yaranmış riskləri (göz önündəki) qəbul etmək, bununla belə gənclərə ondan düzgün istifadə etməyi öyrətməkdir.

Gəlin, şagirdlərinə müəyyən bir mövzuda araşdırma aparmaq tapşırığı verən yaxşı müəllimi təsəvvürümüzə gətirək. O, şagirdlərinin tapşırığın həllini heç bir çətinlik çəkmədən İnternetdən axtarıb tapacaqlarını bilir.

Belə olan halda müəllim tələbəyə tapşırıqla bağlı ən azı on saytdan məlumat tapmağı, onların fərqli tərəflərini ortaya çıxarmağı, hansı saytın daha etibarlı mənbə olduğunu müəyyənləşdirməyi, nəticələri yazılı mənbələrlə, yaxud heç olmasa ensiklopediyalarla tutuşdurmağı tapşırmalıdır.

Onda uşaqlar axmaqcasına qadağadan yaxa qurtarıb, internetdən məlumat əldə edəcəklər, həm də tapşırıq üzərində baş sındıraraq nələrisə yadda saxlayacaqlar. Bundan əlavə məktəblilər əldə olunan nəticələri müqayisə edər, öz aralarında tutuşdurar və tənhalıqdan qurtularlar. Onlar bir-biri ilə disputun dadına vararlar.

Əlbəttə, kompyuter ekranı ilə baş-başa qalmaqdan xilas ola bilməyən, İnternet asılılığına qapılanlar olub və həmişə olacaq. Əgər məktəb və müəllimlər uşaqları bu məşğuliyyətdən qoruya bilməsələr, cəmiyyət onlarla da narkomanlar, onanistlər, rasistlər, öncəgörən mistiklər, falçılar və s. bu qəbildən olan degenerativ tiplər kimi qarşıdurmaya getməlidir. Özü də bu qarşıdurmanın sonu görünməyəcək.

Bu gün belə “xəstələr”in həddən artıq çox olmasının səbəbi, əlli il ərzində planet əhalisinin iki milyarddan yeddi milyarda qədər artmasıdır. Bunun günahı isə heç də İnternetin gətirdiyi tənhalıq deyil, insanlararası əlaqələrin həddən artıq çoxalmasıdır.

04.02.2014

(“Espresso” dərgisi, İtalya)
Çevirdi: Namiq Hüseynli
XS
SM
MD
LG