Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:42

İlahə Həşimli: «Pərvizin dişləri tökülüb, saçları ağarıb»


İlahə Həşimli
İlahə Həşimli
-
Həbsdə olan jurnalist Pərviz Həşimli MTN təcridxanasında ailə üzvləri ilə görüşüb. Yaxınları onunla sonuncu dəfə təxminən 3 ay öncə, Yeni il bayramı ərəfəsində görüşmüşdü. Jurnalistin xanımı İlahə Həşimli deyir ki, bundan sonra görüş üçün bir neçə dəfə müraciət etsələr də, icazə ala bilməmişdilər. Novruz bayramı ərəfəsində aldıqları qəfil görüş xəbəri isə ailə üçün böyük sevinc olub.

Ancaq Pərvizin həbsxanadakı vəziyyətini görəndə sevinc kədərə çevrilib. İlahə Həşimli deyir ki, həyat yoldaşının səhhəti pisləşib, saçları isə tamam ağarıb:

- Biz gözləmirdik görüşəcəyimizi. Pərvizlə xeyli müddətdir görüşmürdük. Dəfələrlə müraciət etsək də, məhkəmə məhəl qoymurdu. Bu görüş bizə sürpriz oldu. Səhhətində çox dəyişiklik olub. Ürəyinin ağrıları ağırlaşıb, gözündə də ağrılar artıb. Deyirdi ki, gözlərim zəifləyib. Dişləri tökülüb, saçları ağarıb. Bunlar hamısı əsəb sarsıntısının nəticəsidir. Ora Pərvizə çox pis təsir edib. Saxlanma şəraiti də çox pisdir. Kamerada tək saxlanılır. Balaca bir otaqdır. Həmin otaqda həm yatır, həm yemək yeyir, həm də ayaqyolu var . Acınacaqlı vəziyyətdir. Dövlət qəzetlərindən başqa qəzet vermirlər oxumağa. «Azadlıq», «Bizim yol», «Yeni Müsavat»ı qoymurlar oxumağa.
- Bəs, içəridə nə ilə məşğul olur? Gününü, vaxtını necə keçirir?

- Orada ancaq kitab oxuyur, krossvord göndəririk. Bir də başına gələnlər haqqında kitab yazır. Şükür ki, istintaqı yekunlaşıb. İttihamları heç cür qəbul eləmir. Hamımız bilirik ki, bu, şərdir. Pərviz heç vaxt silah alveri etməzdi. O, silahı yalnız əsgərlikdə görüb. Silahı uşağın oyuncağının yanından çıxardılar. Hansı ata bunu edər? Böhtan atdılar üstünə.
- Pərvizin əhval-ruhiyyəsi necə idi?

- Çox pis idi. Bayramqabağı olduğundan daha pis idi. Pərviz 6 aydır ata-anasını görmür. Ona yalnız bizimlə görüşə icazə verirlər. Bir insan ki, ata-anasının, övladının üzünə həsrət qalsın, həm də bayram günündə, necə olacaq? Pərvizin ürəyi aş istəmişdi. Bişirib aparmışdıq, buraxmadılar yeməyi. Hər həftənin yalnız cümə günləri yemək göndərə bilirik. Yalnız qaynanmış ət – sümüksüz olmalıdır, kartof buraxırlar. Yeməyə yağ vurmaq da olmaz. Övladı görüşə özü ilə şirniyyat aparmışdı, onu da buraxmadılar.

- Siz özünüz necə keçirdiniz bayramı?

- Biz Pərvizsiz bayramı çox pis keçirdik. Bir ailənin başçısı həbsdə olsun, dustaq olsun o ailədə bayram necə ola bilər? Hər kəs bu bayrama həvəslə hazırlaşarkən, biz bu günü adi bir gün kimi keçirdik.

- Məhkəmədən ədalətli qərar gözləyirsinizmi?

- Növbəti məhkəmə aprelin 1-də keçiriləcək. Bu artıq 4-cü məhkəmə olacaq. Ədalətli qərar gözləmirik. Yenə də ümid edirik ki, bəlkə körpəyə rəhmləri gələr, ədalətli qərar çıxaralar.

- MTN təcridxanasından çıxarılıb, normal təcridxanaya yerləşdirilməsi ilə bağlı harasa müraciət etmisinizmi?

- Bunla bağlı biz də, vəkillərimiz də dəfələrlə müraciət etsək də, müsbət cavab ala bilməmişik.

Pərviz Həşimli ötən il sentyabrın 17-də tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onu qanunsuz odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda ittiham edir. Müdafiə tərəfi ittihamları qəbul etmir.

Pərvizi Həşimlinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Sonuncu məhkəmə prosesi martın 11-də keçirilmişdi.
XS
SM
MD
LG