Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:22

Prezident qızını döyüb...


Gulnara Karimova
Gulnara Karimova
-
Özbəkistan prezidentinin qızı Gulnara Karimova Mərkəzi Asiyanın ən güclü simalarından biri olub. Amma ötən il ətrafında baş verən qalmaqaldan sonra atasının gözündən düşüb. Gulnara 5 həftə öncə internetdə öz aktivliyini davam etdirirdi. Amma onun son günlərdəki susqunluğu hələ də davam edir.

«Mən psixoloji təzyiq altındayam. Mən döyülmüşəm. Mənim əllərimdəki xəsarətləri, zədələri saya bilərsiniz» - BBC-nin yazdığına görə, Özbəkistandan göndərilən məktubda belə deyilir. Məktub yazan şəxs ev məhbusluğu yaşadığını, hər gün təhdidlərlə üzləşdiyini, polis və kamera ilə izləndiyini bildirir.

Bu məktub dünyanın ən çox repressiyalar olan ölkəsi - Özbəkistandan göndərilib. Məktubu göndərən anonim şəxs özünü «ədalətin bərpasına çalışan» kimi təqdim edib. Bildirib ki, məktub bir neçə gün öncə yazılıb və gizli yollarla ona çatdırılıb. Məktubu göndərən şəxs əlavə detalları açıqlamaqdan imtina edib.

«...İNSAN KİMİ YAŞAMAQ MÜMKÜN DEYİL»

Məktub bu sətirlərlə başlayır:

«Kameralarla izlənmək, hər tərəfdə əlisilahlıların nəzarətində insan kimi yaşamaq mümkün deyil».

Məktubu kimin yazdığı məlum olmasa da, məktubda deyilənlər, məktubu yazanın xətti onun Özbəkistan prezidenti Gulnara Karimova-ya məxsus olması ehtimalını artırır.

«Bu ölkədə qanunun aliliyinin mövcudluğuna inanmaqda mən necə də sadəlövh olmuşam» - məktubda yazılır.

Analitiklər Gulnara Karimova-nın əlyazısı ilə bu məktubu müqayisə ediblər. Gəldikləri qənaət belədir ki, hər iki məktubu 75 faiz eyni şəxs yazıb. Kiril əlifbası üzrə əlyazısı eksperti Inessa Goldberg deyir ki, müqayisə olunan iki xətt eyni şəxsə məxsusdur.
Kərimovlar ailəsi. Gulnara sağdan birincidir
Kərimovlar ailəsi. Gulnara sağdan birincidir

«Orijinal nümunə olmadan bu haqda 100 faiz məlumat vermək mümkün deyil. Amma çox böyük ehtimalla bu iki xətt eyni şəxsə məxsusdur».

Gulnara Karimova öz ailəsi haqda sərt tənqidi tvitlər yazandan sonra onun «Twitter» hesabı bağlanıb.

Karimova son vaxtlar «Twitter»də yazırdı ki, onun başçılıq etdiyi təşkilatlara və media orqanlarına təzyiqlər başlanıb və ya onlar istintaq altındadırlar.

«Human Rights Watch» təşkilatının Avropa mediası üzrə direktoru Andrew Stroehlein bildirir ki, Gulnara-nın «Twitter»də fəaliyyəti ölkədə həbsxana işgəncələrinin, məcburi əməyin və qanunsuz həbslərin olduğunu bir daha göstərib.

ATASININ TƏHLÜKƏSİZLİK XİDMƏTİNİN RƏHBƏRİNDƏN ŞÜBHƏLƏNİR

Gulnara Karimova-ya qarşı basqılardan, biznesinin və televiziyasının qapadılmasından, yaxınlarının həbsindən sonra Özbəkistan hakimiyyətini tənqid edən əsas fiqurlardan birinə çevrilib. Gulnara özəlliklə atasının təhlükəsizlik xidmətinin rəhbəri Rustam Innoyatov-u hakimiyyəti ələ keçirmək istəyində suçlayıb.

Zamanla internet və medianın senzura edildiyi bir ölkədə - Özbəkistanda tvitlərin sayı artırdı. Amma fevralın 16-dan sonra onun «twitter» hesabı susqunluğa büründü.

Gulnara sonuncu tviti özbək polisinin paytaxt Daşkəndə dəbdəbəli bir mülkə basqısından və bir qrup insanın həbsindən öncəyə təsadüf edirdi. Anonim şəxsin göndərdiyi məktubda yazılır:
Gulnara Karimova Daşkənddə Mədəniyyət və İncəsənət Forumunun açılışında - 30 sentyabr 2012
Gulnara Karimova Daşkənddə Mədəniyyət və İncəsənət Forumunun açılışında - 30 sentyabr 2012

«Xüsusitəyinatlılar sizin evin damında gəzir, əşyalarını qarışdırır, qapınızı, pəncərənizi sındırır və bundan daha dəhşətlisi - gözləri bağlı insanı döşəmədə sürüyürlər. Mənə bir şey aydın oldu ki, burada baş verənlər uzun zamandır davam edirmiş».

QIZI ABŞ VƏTƏNDAŞIDIR

Belə ehtimallar var ki, gözü bağlı olan şəxs - Karimova-nın biznes ortağı və sevgilisi - Rustam Madumarov-dur. Rustam Madumarov həmin gecə iki yaxın adamı ilə birlikdə həbs olunub. Elə həmin gün də vergidən yayınma, «çirkli pullar»ın yuyulması, qeyri-qanuni xarici valyuta saxlama maddələrində təqsirləndirilib.

Karimova izah edir ki, onun yüzlərlə, hətta minlərlə tərəfdarı, keçmiş işçiləri qorxudulub və həbs olunub. O deyir ki, evində nə televizor, nə telefon, nə də internet var. Gulnara qızları üçün narahat olduğunu bildirib.

Gulnara Karimova-nın Daşkənddəki yaxın adamı onun ev dustaqlığında saxlandığını təsdiqləyib və 16 yaşlı qızı Iman-ın onunla birlikdə olduğunu deyib. Adının çəkilməsini istəməyən bir nəfər ABŞ səfirliyinin nümayəndələrinə Iman ilə görüşdüyünü bildirib. Iman ABŞ vətəndaşıdır. Onun atası - Gulnara Kərimova-nın keçmiş əri Mansur Maqsudi də əfqanəsilli ABŞ vətəndaşıdır.

ABŞ-ın Daşkənddəki səfirliyi görüş haqda xəbəri təkzib edib. Səfirliyin cavabında deyilir:

«ABŞ Dövlət Departamentinin və bizim diplomatik missiya xaricdə yaşayan Amerika vətəndaşlarının təhlükəsizliyini yüksək səviyyədə qorumaq imkanı yoxdur».
Gulnara Karimova Çin Moda Həftəsində - 30 oktyabr 2012
Gulnara Karimova Çin Moda Həftəsində - 30 oktyabr 2012

BİR ÇOX ÖLKƏLƏR ONUN ƏMƏLLƏRİNİ ARAŞDIRIR

Gulnara Karimova məktubda anasına, bacısına və atasının yaxın adamlarına qarşı fikirlər səsləndirir. Onları şantaj, işgəncə və reketçilikdə suçlayır:

«Mənə qarşı təhdidlərin, basqıların əsas səbəbi odur ki, milyonların susduğu haqda mən danışıram».

​Gulnara yüngül əyləncələrindən – pop musiqisindən, moda dizaynerliyindən, yoqadan daha çox həzz alan biri kimi görünürdü. Amma eyni zamanda o, rəqiblərin əlindən qəddarlıqla alınmış mülkiyyətlərdən və xarici investorlarla korrupsiyalı sövdələşmələrdən yaranmış sərvətin üstündə oturub.

Gulnara İsveçrə, İsveç və Fransada başlanmış cinayət təhqiqatında əsas fiqurdur. Bəzi iddialara görə o, həmçinin İsveçin telekommunikasiya nəhəngi «TeliaSonera»nın Özbəkistan bazarına daxil olması üçün rüşvət istəyib. Şirkətin özbək filialı olan «UCell» Karimova-nın «Fund Forum» xeyriyyə cəmiyyəti və hər il keçirilən style.uz festivalının maliyyələşdirilməsini davam etdirir.

Eyni zamanda Karimova beynəlxalq səhnədə də müəyyən legitimlik qazana bilib. O, hətta prezidentin varisi kimi tanınmazdan əvvəl BMT-nin Cenevrə ofisində səfir olub.

Belə görünürdü ki, yaxşıca cilalanmış və dünya görmüş Karimova 2005-ci ildə Əndicanda törədilmiş qətliam, şagirdlərdən pambıq yığımında qul kimi istifadə olunması barədə ittihamlara tutarlı cavablar verə bilər. Yeri gəlmişkən, bu kimi məsələlərə görə onun dizaynı 2012-ci ildə Nyu-York Moda Həftəsində boykot edilmişdi.
XS
SM
MD
LG