Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:26

Nə təhər eiyək ki, qonaxların yanında biyabır olmuyax?!.


Azad Garadərəli
Azad Garadərəli
-

...-Efendim, siz azerimisiniz?

Qəfil sualdan səksəndi. Qarşısında dayanan onun Azərbaycandan olduğunu haradan bilmişdi?



Azad Qaradərəli


BAHARI GÖRSƏNİZ...


(Hekayə)


- Nə təhər eiyək ki, qonaxların yanında biyabır olmuyax?!. Bizə bir yaxşı Bahar qızı lazımdı hər şeydən öncə...

“Öncə”ni deyəndə dik cəbhənin rayon təşkilatının sədri Təhmirazın gözünün içinə baxdı. Yəni, görürsən, sizin kimi türkcə danışıram, azərbaycanlı-zad deyiləm. Sizin kimi türkəm mən də...

(O günlərdə hamı özünü türkçü kimi göstərirdi. Qatı kommunistlərin də maşınından Barış Mançonun səsi gəlirdi. Dörd dəfə türməyə düşüb-çıxmış Türmə Kərəm də döşünə cəbhənin nişanını taxmış, silah götürüb könüllülərə qoşulmuşdu.)

Uzun illər kolxozda briqadir işləyən Təhmiraz bu cəbhə sədri məsələsində özünü yaxşıca dolaşdırmışdı.

Birincisi, zor-xoş qalstuk taxırdı, bu onun boğazına qalstuk yox, çatı olmuşdu.

İkincisi də, bu iclaslara heç davamı yoxdu, siaqret çəkməkçün sino gedirdi. Çıxardıb çəkərdi ha, amma ondan qabaqkı sədri – Cıqer Əhmədi elə bu iclaslarda siqaret çəkdiyinə, ağsaqqal-qarasaqqal demədən hamısına “kommunist” damğası vurub təhqir etdiyinə görə sədrlikdən çıxardıb, digərlərinə baxanda gənc yaşında ağsaqqal, o vaxtkı dəbdə olan sözlə desək, radikallıqdan uzaq olan Təhmirazı seçmişdilər.

(Əslində ilk sədr rayonla bir hörməti olan Hilal müəllim idi. O Hilal müəllim ki, dərsində milçək uçsa, səsi eşidilərdi. Elə Cıqer Həsənin də, Təhmirazın da müəllimi olmuşdu. Fizikanı rayonun bütün savadlı uşaqlarına zor-xoş öyrədən bu kişi həmişə deyərdi: “Çobanın da, dəmiryolçunun da, müəllimin, həkimin də Nyutondan xəbəri olmalıdır. Əsr fizika əsridir. Bəlkə də muzukasız ötüşmək olar, amma fizikasız çətin olar.” Di gəl, onu pisikdirdilər. İclaslarda ağız deyəni qulaq eşitmədi. Demokratiya deyib dad deyən gənclər sanki onun dərsində sala bilmədikləri şuluqluğu iclasda salırdılar. O da bir dözdü, iki dayandı, axırda alt alt, üst üst qoyub çıxıb getdi... Danışırdılar ki, iclasdan çıxan kimi bir siqaret yandırıb, tüstünü ciyərlərinə çəkə-çəkə deyib ki, əşşi, mənim siqaretsiz ürəyim partlamışdı o iclaslarda. Yaxşı oldu, canım qurtrdı.)

Düzdür, Təhmiraz da elə sən deyən quzu balası deyildi – hirslənəndə papağını çıxardıb yerə çırpar, birinci katibin belə üzünə ağ olardı. Bir neçə dəfə olmuşdu belə iş.

Onda katib Kürd Cabbar idi. Laçından gələn kimi rayonda adam döyməkdə ad çıxardan bu zırpı kişi bir gün də onun üstünə yeriyəndə, Təhmiraz papağını çıxardıb yerə çırpmış, onun qabağından qaçmamışdı:

-Ey, ey, ey! Sən bu lələşi nə bilmisən?! Sən öl, saa bir gəliş gəlləm, yolun altıynan gedərsən!

Katib bu lopa bığlı, qaş-qabağından zəhər-zəqqum yağan ortaboy adamın qırımından çəkinmiş, əlini uzadıb gülümsünmüşdü:

-Ver əlini, sənnən dost oldum! Mən qorxmaz adamları çox istəyirəm...

Həmin gündən Təhmirazın rayon adamları arasında hörməti birə min artmışsa da, adının üstünə bir ad qoyulmuşdu: “Lələş Təhmiraz.”

...Ürəyində katibin onunla genəşirmiş kimi hərəkət eləməsinə sevinsə də, qanı qaraldı. Bu qadın, qız məsələsi onun zəif yeriydi. Kolxozda özünü nə qədər abırlı aparsa da, olmurdu. Elə bir qırmızıtuman görən kimi sıvılırdı. Ha eləsə də başını döndərib baxmaqdan özünü saxlaya bilmirdi. Baxmaqla da kifayətlənsəydi nə vardı axı...

Elə belə-belə bu rayon yerində, kənddə onun halal arvadından başqa, bir də elə-belə arvadkimisi də vardı... (Bunlar üzdə olanıydı) Bu barədə bir az sonra.

Katib mədəniyyət şöbəsinin müdirini ayağa qaldırmışdı, o da nə isə danışırdı. Təhmiraz özünü cəmləşdirib qulaq asmağa başladı:

-...onnan başqa bı işin öhdəsinnən gələn çətin olar... bu yaxınlarda keçirmişik müavin vəzifəsinə... amma bilmirəm, özü razı olar, ya yox? Bu işdə gərək bəylər də bizə kömək eləsinlər...

Katib qələmi çırpdı stola:

-Ə, nə təhər yanı razı olar, ya olmaz?! Bəs onu vəzifəyə niyə keçirmisiniz?! Dərəbəylikdi? Təmiraz bəy də, o biri bəylər də elə bilirəm, bizimlə şərik olarlar belə taleyüklü məsələdə... Bu, hər şeydən öncə, bir milli məsələdir, ərkənəkonun, diriliyin bərpasıdır Novruz bayramı!

İkinci katib əyildi birinci katibin qulağına yavaşca nə isə dedi. Rayonun aktivi bir-birinin üzünə baxır, pıçhapıçla nəyi isə müzakirə edirdilər. Təhmirazın dalağı sancdı. Çünki qulağı yol idarsəinin müdiri Qələm Kəramətin lap yavaşca dediyi atmacasını almışdı: “Ə, Lələş çətin qoyar onu...”

Bu yol idarəsinin müdiri ki var, həm savadlı adamdı, həm də diribaş. Rayona gələn katiblər onunla hesablaşardılar. Hətta Bakıda da onu eşidirdilər. Söz gəzirdi ki, “ÇK”-da, yəni Mərkəzi Komitədə himayə edəni var. Özü də qələmi daşdan keçirdi. Xoşuna gəlməyən vəzifəli adamı bir imzasız məktubla yerindən eləyirdi. Rayon camaatı da onun başına and içirdi. Nədən ki, guya bu Qələm Kəramət olmasaymış katiblər rayonda çıxmadığı oyun qalmazmış. Yenə imansızın öhdəsindən dinsiz gələr deyirdilər. Amma rayonda bu “imansızların” kəsdiyi başa onsuz da sorğu yoxuydu. Kəramət o vaxtacan canfəşanlıq edirdi ki, onun bu çala-çula yollarına ilişən olmasın...

Həəəə, məsələ qəlizləşirdi. Söhbət Lələş Təhmirazın neçə il əvvəl elə üzümlükdəcə, kol-kosun içindəcə hövkələşdiyi Tərlandan gedirdi, deyəsən. Bu Tərlanı da od aparsın, elə apardı da. Ona göz verir, işıq vermirdi. Yazıq Təhmiraz heç iki il deyildi evlənmişdi. Özü də gül parçası kimi bir qızı da olmuşdu.

Arvadı da gözəl deyildi, düzdü, amma heç çirkin də deyildi. Ərini də çox istəyirdi. Axşamlar su qızdırıb onu suya salar, boyun-boğazını, ora-burasını sabunlayıb pak eləyər, yedirdib-içirdər, hər qayğısını çəkərdi. Özü də hər axşam ətirlənər-pudralanar, girərdi ərinin yatağına. Nənəsi deyərdi, gəlin ərinin gərək həm arvadı olsun, həm oynaşı. Yaxşı gəlinin əri ayrı bacalarda gəzməz...

Amma bu qız xata-bəlaydı. Təhmirazla bir sinifdə oxumuşdular. Hələ uşaq olanda güləşirdilər də. Bəzən Təhmirazı yıxardı da. Elə ki, Təhmiraz 8-i bitirib getdi kənd təsərrüfatı texnikumuna oxumağa, Tərlanı da anası məktəbdən çıxardıb göndərdi kolxoz işinə.

Üzümçülük rayonda ayaq tutub yeriyirdi. Zəmi yerlərini, yal-yamacı, dağ-dərəni də üzümə tutmuşdular. Yaxşı pul vardı üzümdə. Bütün atasız qızlar kimi (atasına ovda güllə dəymişdi, evə çatanacan qan aparmış, yolda ölmüşdü) o da bu ağır işdə işləməli olmuş, başını aşağı salıb ailəsinə kömək etməyə başlamışdı. Və bir gün başını qaldıranda gözünə Təhmiraz görünmüşdü. O Təhmiraz ki, texnikumu bitirəndən sonra əsgər getmiş, əsgərlikdən qayıdanda Bakıda işə düzəlmişdi. Ta o vaxtacan ki, atası onun başını bağlamaq üçün qonşu qızı Minayənin elçiliyini edəndən sonra Təhmirazı kəndə qaytarmış, toyunu etmişdi. Və bir mütəxəssis kimi kolxoz sədri toydan sonra cavan kadrı briqadir işləməyə dəvət etmişdi - amma qonşu kənddə. İki il orada işləyəndən sonra öz kəndlərinin briqadiri qəfildəncə yıxılıb ölmüş, Təhmiraz avtomatik olaraq doğma kəndlərinin briqadiri olmuşdu. Və beləcə, sinif yoldaşları neçə il sonra təzədən göz-gözə gəlmiş, günlərin birində isə yenidən güləşməli olmuşdular. Təbii ki, bu dəfə Təhmiraz yıxmışdı...

Sovet hökumətinin qan-qan deyən vaxtları olsaydı, bu gənc briqadiri məişət pozğunu kimi əvvəl partiyadan çıxardardılar, sonra briqadirlikdən qovardılar, hələ bəlkə tutardılar da...

Amma indi Sovet həkuməti yaşasa da, can verən, amma ölə bilməyən qoca bir kişiyə oxşayırdı. Elə canı boğazından çıxmaq üzrə olsa da, ölmürdü, xırhaxırdaydı... Ona görə də Təhmirazın anası məsələdən hali olan kimi (artıq pıçhapıç başlamışdı) getmişdi Tərlanın anasıgilə, demişdi ki, olan olub, torba dolub, bizim nəsildə ikiarvadlılıq man dəyil. Qaynatamın da iki arvadı olub, onun dədəsisinin də. İndi oğluma deyəcəm, kəndin qırax bir yerinnən bir otax tikəcəy, sənin qızıı da ora köçürəcəy. Bir gecə Minayənin yanında qalacax, o biri gecə Tərlanın. Sən də qızıı başa sal, qaxılıb otursun yerində, gözünü ordan-burdan yığsın, özün ərri arvad kimi aparsın...

İş belə olmağına olmuşdu, amma bu Tərlan ki var, allahın bəlasıydı. Yəni Təhmiraz deyənlə bircə il oturub-durdu. Sonra əlinə pul gələn kmi dedi ki, mən gedirəm oxumağa. (Heç bəxtindən uşağı da olmurdu. Arvadlar ona Ərəmik Tərlan deyirdilər.) Təhmiraz çox dedi, Tərlan az eşitdi və bir gün minib qatara getdi Bakıya. Getməyiynən də Dərnəgüldəki Mədəni-maarif texnikumuna qəbul olundu, özü də klub işi ixtisasına.

Üç il yarımdan sonra texnikumu bitirib rayona dönən Tərlanı görənlər gözlərinə inanmadılar. Ağır beton dirəkləri daşımaqdan, üzüm alağı eləməkdən yanıb kösövə dönən bu qız (gəlin) indi bir gözəlləşmişdi, bir şəklə düşmüşdü, görən deyirdi, bir də görüm. Və elə qızın gəldiyini qulağı çalan Təhmiraz şapkasını başına basıb yüyürmüşdü Tərlana tikdirdiyi evə tərəf. Amma evin qapıs neçə il əvvəlki kimi bağlıydı. Qayıdıb getmişdi Tərlanın anasıgilə. Tərlan onu xoş üzlə qarşılamış, hətta qabağına çay da qoymuşdu. Amma dalıncan da bunları demişdi:

-Lələş, gəlmisən, yaxşı eləmisən. Amma xəbərin olsun ki, mən rayonda işə düzəlmişəm... Rayon mədəniyyət evində çalışacam...

Təhmiraz nəlbəkini yana itələyib bozarmışdı:

-Sən bəs?!.

-Nə bəs, ə?! Nə bəs?! Sənin bəlkə kəbinli-zakslı arvadınam? Allaha şükür, uşağım da yoxdur. Sən, mənim səhvim idin. İndi onu düzəltməyə çalışıram. Özü də texnikumda qrup yoldaşımla evlənmişəm. O da mənnən klubda işləyəcək, adı da Kamildi, istəsən, tanış edə bilərəm...

Təhmiraz papağını yerı çırpmış, o gedən getmişdi. Amma getsə də, hər yerdə gözü Tərlanı aramışdı. Tərlan isə olmuşdu rayonun gözü. Bir tədbir onsuz keçməzdi. Həm tədbirlərin aparıcısı olurdu, gözəl şeirlər söyləyirdi, həm də yanmışın gözəl səsi vardı – Fatma Mehrəliyevanın kəsmə şikəstəsini bir oxuyardı, bir oxuyardı, adamın başından papağı düşərdi:

Əzizinəm, əədə balam, oyan gül,
Oyan bülbül, əədə balam, oyan gül...
Qara gözlərinə qurban olduğum...

Bu kəsmə şikəstədən sonra Təhmirazın papağı özü düşməzdi, əlini atıb götürər, hirslə yerə çırpardı...

İndi bu soxhasoxda yenə söz gəlib çıxmışdı Tərlanın üstünə. Tərlan isə axır vaxtlar deyəsən özünü yaxşı aparmırdı. Əri dediyi tələbə yoldaşı Kamildən ayrılandan sonra rayondakı adına “parax” dedikləri taxta fin evində qalırdı.

(Kamil bu rayonun adamı deyildi. Təyinatla gəlmiş, Tərlanla evlənəndən sonra birdəfəlik ilişib buralarda qalmışdı. Hər gün içdiyinə görə adına Alkaş Kamil deyirdilər. Amma o da səhnəyə çıxanda dönüb başqa adam olurdu. Elə bil içib küçələri sülənən Alkaş Kamil deyildi. Bir dəfə Dezdemonanı – Tərlanı hönkürə-hönkürə nə təhər boğmuşdusa, tamaşaçılar qalxıb səhnəyə hücum eləmişdilər... )

Deyirdilər ki, rayonun böyükləri dişlərini dəyişmək üçün hərdən gecələr yollarını onun “parağ”ından salardılar. Bu nə dərəcədə doğruydu, Təhmiraz bilmirdi. Amma anasının “Od olmayan yerdən tüstü çıxmaz” sözü onu bu dedi-qodulara inanmağa vadar edirdi... Və bir dəfə gecə gözü gedib “parağ”ın qabağında daldada dayanmış, onu pusmaq istəmişdi. Tərslikdən Tərlan maşından düşüb düz onun üstünə gəlmişdi. Nə illah eləsə də, gizlənə bilməmişdi. Tərlan bu qaranlıqda nəinki qorxmuş, hələ qaqqanaq çəkib gülmüş, “Eh, Lələş, Lələş, sən hələ də buralardasan?” deyib açarla qapını açmış, Fatma Mehrəliyevanın kəsmə şikəstəsini zümzümə edə-edə evinə girmiş, qapını açarla arxadan şaqqıltıyla bağlamışdı...

İndi yaman pis yerdə axşamlamışdı. Hələ də adı onunla bir hallanan bu qadınla işi necə bitirsin? Bəlkə getsin “parağ”ına, desin ki, nə olar, yığış gəl kənddəki evinə, sənə kəndimizdə bir klub da açdırım? Amma yox, o bunu eşidən deyil. Tərsin biridir. Neynirsən, səhnəyə çıxanda olur quzu kimi. Hələ o dəfə iclasdan sonrakı bədii hissədə dediyi şeir nə təhrdi? Başına da eyzən kənd arvadları kimi özündən gülləri olan kəlağayı salmışdı, elə titrək səslə deyirdi, elə oxuyurdu...

Təxminən belə sözlər vardı o şeirdə... “Bir gözəl, bir mehriban oğul böyütdü ana... ərinin öldüyünü bildirmədi ki, heç ona... oğul məktəb bitirdi inistuta girdi.. amma anasına məktub yazmadı...” Sonra da axırda Tərlan gözündən yaş sel kimi axa-axa anasını bir gülməşəkər qıza görə unudan oğlana belə deyirdi: “ O borc sənin özünsən, özünü qaytar geri...” Tamaşaçılar da qoşulmuşdu ona, ağlayan kim, hönkürən kim... Elə bil bir az əvvəl “aha, indi qəhbə Tərlan çıxacaq səhnəyə” deyən bunlar deyildi...

-Təhmiraz bəy, nə dərin düşüncələrə dalmısınız? Bəy, sizin fikriniz nədi bu məsələdə?

Təzə katib arıq-arğaz, amma usta adam idi. İri şüşəli eynəyinin altdan ilan gözü kimi soyuq gözləri adama elə sancılırdı ki, istər-iustəməz başqa səmtə baxmalı olurdun. Kürd Cabbarın üstünə yeriyən Lələşin əvvəldən bundan gözü su içməmişdi. “Beləsinin gərək üzünə baxmayasan. Papağı yerə çırpan kimi bedroya salasan, qolundan tutub, başının üstündən atasan, sür-sümüyü sına, açkisi də qırılıb bata gözünə. Nəbadə, bunun gözünə baxma...” (Bakıda bir il güləşə getmişdi. Amma qulaqları anası demişkən, avzadan çıxandan sonra güləşin daşın atmışdı. İndi düşündüyü bu “bedro-filan” ordan qalma idi)

-Hı?

Katib bir yüngül qəh-qəh çəkdi, heylə fəhmi-zadı olmasa da, başa düşdü ki, katib rayonun aktivinə bu qəhqəhə ilə deyirdi ki, bax, sizin cəbhənin sədri budur, Lələş Təhmirazdır, bir az qarıxdırsam, papağını götürüb çırpacaq yerə... İndi də söz soruşuram, deyir, hı?!

-Deyirəm ki, paytaxtdan qonaqlarımız olacaq, bu Novruzu elə keçirək ki, bir az fərqli olsun. Bununçün də bizə Bahar qızı rolunu oynayan qadın, yaxud qız lazımdır. Deyirlər, mədəniyyət evinin solisti Tərlan Əlikişiyeva bu işə yarayar. Mən axı rayonda təzəyəm, adamları tanımıram... Sizinlə məsləhətləşmək istəyirəm... İstəsəm, Bakıdan bir aktrisa dəvət edərəm... amma qoy deməsinlər ki, rayonun potensialı yoxdur... Buyurun...

-Olar, niyə olmur ki? Tərlan xanım bu işi bacarar, məncə...

Dili bunları desə də, ürəyi başqa sözlər deyirdi. “Ay alçaq, sən bu təmiz, təravətli bahara niyə bu qəhbəni qatırsan axı? Bilmirsən belə halal işə haram qatışmamalıdır? Deyirlər, onu katib qoyur, prokuror götürür, prokuror qoyur, vayonkom götürür, indi də durub-durub Bahar qız olacax?!”

Amma etiraz edə də bilməzdi. Axı bu rayonda o işi Tərlandan başqa kim bacarar ki? Kim qızını, arvadını buraxar, əyninə milli paltar geyinsin, taxma saç qoysun, min kişinin arasına girib Bahar qız olsun? Elə bunu eləsə, eləsə Tərlan eləyəcək... Day əxlaq-məxlaq vaxtı deyil, olan olub...

Çoxları ağzı köpüklənə-köpüklənə danışdı, Novruzun həm də azadlıq rəmzi olduğunu dedilər. Radikal cəbhəçi Cılqer Əhməd isə icazəsiz-filansız ayağa durub 67-də Şıxəli Qurbanovun fədakarlığından danışdı, xalqımızın Novruzu həmişə keçirdiyini fəxrlə qeyd etdi və sonda katibi hədələyirmiş kimi barmağını silkələdi:

“Düzdür, xalqımızın düşmənləri Şıxəli Qurbanovu dişinə zəhərli iynə vurmaqla qətlə yetirdilər, amma daha vaxt o vaxt deyil, cidanı çuvalda gizlədə bilməzsiniz! Cin şüşədən çıxıb! Novruz bizim xalqın ən müqəddəs bayramıdır! Siz müqəddəs üçrəngli bayrağın altında keçirməyə məhkumsunuz bu bayramı...”

***

Cəbhə hakimiyyətə gələndən sonra Təhmirazı rayona başçı qoymaq istədilər, amma məlum oldu ki, onun ali təhsili yoxdur. Texnikum qurtardığına görə qoymadılar. Onda Təhmiraz yenə papağını yerə çırpıb qışqırmışdı:

-Day bunların Sovet hökumətindən nə fərqi oldu?! Bəs mən bu boyda zıppıltını niyə çəkirdim? Camaatnan niyə üz-göz olurdum?! Tüfəng götürüb erməninin qabağını niyə saxlayırdım? Ona görə ki, Ələsgərin oğlu durub-durub icra başçısı olsun?!

Ələsgərin oğlu üz-çənə cərrahı idi (əslində diş həkimi idi), müdafiə edib elmlər namizədi olmuşdu. Və birdəncə Böyük Bəyin yadına düşmüşdü ki, onların rayonundan bir gənc alim var, onu göndərək ora icra başçısı. Və Ələsgərin oğlu Lətif həkimi göndərmişdilər başçı... O da ilk sərəncamıyla Təhmirazı rayon aqpopromuna rəis təyin eləmişdi...

***

Mərmərədə üzən ağ bir gəminin içində əyləşib dənizin qırçın dalğalarına baxa-baxa başqa bir səmtdəki gəmidən gələn həzin musiqini dinləyir, dinlədikcə xəyalı onu alıb haralarasa aparırdı.

Allahım, nəydi günahım,
Günahım nəydi, Allahım..
Men nerede, nerede yanlış yapdım...

...Bahar bayramı başlayar-başlamaz ilk meydana girən Dədə Qorqud və Bahar qızı oldu. Əli qopuzlu, ağ saçlı Dədə Qorqud, yəni Alkaş Kamil Bahar qızın, yəni Tərlanın əllərindən yapışdı, tonqala tərəf çəkib sehrli bir səslə dedi:

-Elimizə xoş gəldin, Bahar qız! Sənin o məsum təbəssümünnən bu azad, firavan ölkəmizdə xoşbəxtlik duyğuları çiçək-çiçək çiçəkləyəcək... Elimiz firavan, bağımsız olacaq. Sənin pak, ülvi təbəssümünnən analara, bacılara, gəlinlərə, qızlara da pay düşəcək...

Təhmiraz bu saat papağını çıxardıb yerə çırpmağa hazır idi...

...-Efendim, siz azerimisiniz?

Qəfil sualdan səksəndi. Qarşısında dayanan onun Azərbaycandan olduğunu haradan bilmişdi? O ki onuncu ildir İstanbulda mühacir həyatı yaşayır... Bu vaxt gəmiyə minməzdən öncə gülsatan qızdan beş lirəyə aldığı və üstdən döş cibinə taxdığı kiçik bənövşə qomuna gözü sataşdı və gülümsündü:

-Evet. Azeriyim...

-Mənəkşədən bildim... Onu sizlerde çok, ama çok seviyorlar... Keçen yılın bu günü Baküdəydim... Siz bu Nevruz bayramını nasıl da qutluyorsunuz?! Hepsinin de ellerinde menekşe oluyor... Her kəs bir-birini qutluyor, bayramınız mübarək deyiyor... Nevruzunuz kutlu olsun...

-Sa olun, - deyib kövrəldi.

Bayram? Bahar? O haçan gəldi? Mən heç onu görmədim ki... Baharı görsəniz... Həəə... Axı bu gün bayram axşamıydı. O isə İstanbulda yenə tək keçirəcəkdi bu gözəl bayramı. Deyərdilər ki, kim bayram axşamı öz evində olmasa, yeddi il bayramı qürbətdə qarşılayacaq... Amma on il olmuşdu... Uzaqdan isə müğənni oxuyur, oxuyurdu. Amma onun qulağına tamam ayrı bir müğənninin səsi gəlirdi, haradansa çox-şox uzaqlardan gələn qaibanə səs kimi:

Mən aşiq əədə balam, oyan gül,
Oyan, bülbül, əədə balam, oyan gül...
Qara gözlərinə qurban olduğum...

20-25.03.2014
XS
SM
MD
LG