Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:07

31 Mart Azərbaycan televiziyasında…


Nazim Rza
Nazim Rza
-
«Çəkdiyim filmlərin heç birində adımı vermirlər».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına 31 Mart faciəsi barədə 4 filmin müəllifi rejissor Nazim Rza söylədi.

«NƏ DEMƏK İSTƏYİRLƏR?»

Onun sözlərinə görə, hər dəfə 31 Mart ərəfəsində həm AzTV-də, həm «Mədəniyyət» kanalında bu filmləri göstərirlər:
«Amma elə ki, söhbət filmin müəlliflərini göstərməyə çatır, adları kəsirlər. Bununla nə demək istəyirlər, bilmirəm… Bəlkə də, təzə film çəkdiklərini yuxarılara demək istəyirlər. Ya da işdən çıxan adamı hər şeydən, hətta müəlliflikdən də silmək istəyirlər…».

«DÜŞÜNÜRDÜM Kİ, BUNLAR AZƏRBAYCANDA TƏLATÜM YARADACAQ…»

Nazim Rza filmlərin çəkilişlərinə illər sərf etdiyini deyir:
«Azərbaycanın bölgələrini qarış-qarış gəzdik, Gürcüstanda, iki dəfə Türkiyədə olduq. Dağları, dərələri dolaşdıq, insanlarla görüşdük, müsahibələr aldıq. Elə yerlərdə olduq ki, Azərbaycanda o məkanlar barədə məlumat yoxdur. Məsələn, Van gölündə Aktamar adasına qədər gedib çıxdıq. Vaxtilə ora şər-şeytan yuvası olub. 1905-ci ildə hadisələr ordan başlayıb. Ora terrorçu təşkilatların yığnaq yerinə çevrilib. Orada erməni kilsəsi də olub, kilsə məktəbi də. Terrorçular rahib, keşiş adı ilə orada işə düzəliblər. Biz gedib ora çıxdıq, çəkilişlər etdik. Fikirləşirdim ki, bunlar Azərbaycanda təlatümə səbəb olacaq. Türkiyədə elə şeylərlə qarşılaşdıq ki... İqdırda, Vanda, Ərzurumda, Qarsda, Bayburtda, Trabzonda, adını çəkmədiyim saysız kəndlərdə elə söhbətlərin şahidi olduq ki...».

SAÇININ HÖRÜKLƏRİ HƏLƏ DƏ QALAN BALACA QIZCIĞAZ…

Nazim Rza heç unuda bilmədiyi bir kadrdan da danışdı :

«Məsələn, Van Universitetinin professoru bizə bir əhvalat söylədi. Dedi, Vanın Zivə kəndində qazıntılar vaxtı qəribə mənzərənin şahidi olduq. 3 mindən çox adamı qonşu kəndlərdən yığıb ora gətirib güllələyiblər. Professor danışırdı ki, orada bir cavan qadın skeleti tapıldı, qucağında qız uşağı. Saçının hörükləri indi də dururmuş...Təsəvvür edin ki, biz həmin skeletin tapılma kadrını da türk kanallarından götürüb həmin filmə saldıq. O kadrı kim görürdü, qəhərlənirdi...».

«MÜƏLLİF HÜQUQLARIM POZULUR»

İndi təqaüddə olan keçmiş rejissor çəkdiklərinə biganə münasibətə görə yanıb-yaxılır:

«Mən Azərbaycanda müəllif filmi yaratmışam. Ssenari müəllifi, quruluşçu rejissor özüməm. Filmi özüm təqdim edirəm. Musiqi tərtibatına da müdaxilə edirəm. Mənim müəllif hüquqlarım pozulur. Təsəvvür edin ki, film gedir, axırda yaradıcı qrupun adını vermirlər efirə... Mən belə mədəniyyətsizliyi heç yerdə görməmişəm, yəqin Afrikada da belə şeylər yoxdur. Hərdən fikirləşirəm ki, bu, yuxudur, belə şey olmaz. Amma olur. Daha doğrusu, bu, adi iş normasına çevrilib».

«FİLMLƏRİN HƏQİQƏT OLDUĞUNU BAŞA DÜŞÜBLƏR»

Nazim müəllim çəkdiyi filmlərin adını da sadaladı:
«Bu faciə barədə 4 film çəkdim –ikiseriyalı «…Riyakarlığın anatomiyası», «1915-ci il… saxtakarlığın başlanğıcı» və «Timsahın göz yaşları» filmlərini. Filmlər Ermənistanda təlatümə səbəb oldu. Ermənistan saytlarında – həm rus, həm ermənidilli – mənə qarşı hücumlar oldu. Amma konkret heç nə ortaya qoya bilmədilər. Sadəcə, öz ideologiyalarına xas yazılar verildi. Bu onu göstərir ki, filmlərin həqiqət olduğunu başa düşüblər...».

O, AZƏRBAYCAN NEFTİ BARƏDƏ 12 SERİYALI FİLMİN MÜƏLLİFİDİR

Nazim Rza Azərbaycan nefti barədə 12 seriyalı filmin də müəllifidir. Bu, Bakı neftinin tarixini göstərən ilk çoxseriyalı filmdir.

Onun ADR-lə bağlı çəkdiyi «Mücadilə» filmi də var.

50 il Azərbaycan Televiziyasında çalışıb.

Nazim Rza görkəmli Azərbaycan maarifçisi, həm də «Molla Nəsrəddin»çisi Mirzə Məhəmməd Axundzadənin nəvəsidir.
XS
SM
MD
LG