Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:33

Müharibə əlili: Hara qədər sürünəcəyik, bilmirik


“Uzun illərdir ki, azyaşlı övladlarımla qeyri-yaşayış sahəsinə sığınmışam. Aylıq kirayəhaqqısı da 150 manatdır. Qarşılaşdığım biganəliyə görə dəfələrlə həyatıma son qoymaq istəmişəm”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Qarabağ əlili Asif Yusifli deyir. O, məmurlar tərəfindən hüquqlarının pozulduğunu iddia edir:

"NAZİR DƏYİŞƏNDƏ ÜRƏKLƏNDİK"

“Laçın uğrunda döyüşlərdə əlil olmuşam. Özüm də, həyat yoldaşım da Laçın köçkünüyük. İki övladım var, biri gözdən əlildir. Özüm müharibədə 2-ci qrup əlil olmuşam, bu yaxınlarda keçirdiyim qəza nəticəsində sağlamlığımın qalan hissəsini də itirdiyimdən 1-ci qrup əlilə çevrilmişəm. Əmək qabiliyyətim yoxdur. Yoldaşım və iki xəstə övladlarımdan başqa heç nəyim yoxdur. Ev-eşiksizik. Çörək tapanda yeyirik, tapmayanda ac-susuz yıxılıb yatırıq. Hara qədər bu şəkildə sürünəcəyik, bilmirik. Mən övladlarımın gələcəyini qura bilmirəm”.

Asif Yusifli deyir, 14 ildir ki, ev növbəsindədir:

“Əlillər və şəhid ailələri üçün tikilən mənzillərin bölgüsü bir əlil kimi mənimçün qaranlıqdır. 14 ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Nərimanov rayon İcra Hakimiyyəti ailə vəziyyətimi, sağlamlıq durumumu və yaşayış şəraitimi nəzərə almır. Süründürməçilikdən cana doymuşuq. Yeni nazir Səlim Müslümovun televizordan açıqlamalarını eşidib avtomobil növbəsinə də dayanmaq istədim. Ancaq Respublika Tibbi Sosial Ekspert Komissiyasında məni get-gələ salıblar. Bu süründürməçilik əsəblərimi pozub”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qaynar xətt”ə bildiriblər ki, müharibə əlilləri və şəhid ailələri üçün tikilən binalardakı mənzillər növbəli qaydada paylanır. Bununla belə nazirlikdən Asif Yusiflinin müraciət etməsini məsləhət gördülər və probleminin araşdırılacağını bildirdilər.
XS
SM
MD
LG