Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:16

««Halal»da təkcə dini yox, texnoloji tələblər də əsas götürülür»


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda ət məhsulları istehsal edən müəssisələrə «Halal» sertifikatlarının verilməsinə başlanıb.

Bu haqda AzadlıqRadiosuna Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Onun dediyinə görə, belə bir sertifikat hələlik 4 müəssisəyə verilib:

- Doqquz müəssisə müraciət etmişdi, onlardan 4-ə müsbət cavab verilib. «Kral» və «Yeni dad», «Min bərəkət, halal nemət», «Hacı Turqay» və «SAB» nişanlı məhsullarına halal sertifikatı verilib. Yerdə qalanlara da tövsiyələr və iradnamələr təqdim olunub. Demişik ki, gedin, müəssisənizi standartın tələblərinə uyğunlaşdırın, sonra yenidən müraciət edin.

- Standartlar deyəndə, nəyi başa düşmək olar?

- Bu, İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma və Metrologiya İnstitutu tərəfindən qəbul olunmuş standartdır. Həmin vahid standart əsasında İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin qurumları milli standartlar hazırlayır, öz ölkələrində tətbiq edir. Azərbaycan da bu təşkilatın üzvüdür.
- «Halal» deyəndə, ağıla ilk olaraq heyvanların sağlam olması və onların dini qaydalara uyğun kəsilmə prosesi gəlir. Siz buna necə nəzarət edəcəksiniz?

- Bizim müəssisələrin əksəriyyəti xammalı xaricdən alıb gətirir. Buradakı heyvanların hansı şəraitdə kəsilməsi ilə bağlı bizim ekspertlər Hindistana, Almaniyaya, Avstriyaya, Rusiyaya və xammalların gətirildiyi digər ölkələrə göndərilib. Ekspertlər orada yoxlamalar keçirib, görüblər ki, ətləri Azərbaycana gətirilən heyvanların hamısı standartlara uyğun kəsilir.
- Bir dini qurum olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu işdə rolu nədən ibarət olacaq? Mətbuatda sizin qurumla bu idarə arasında «Halal» davası getdiyi haqqında məlumatlar da yayılıb...

- Əsassız fikirlərdir. Bunu mətbuat şişirdir. Qafqaz Müsəlmanları İdarəsi heyvanın kəsilməsində dinin tələblərinin yerinə yetirilməsi prosesinə nəzarət edə bilər. Bizə müraciət edənlərdən biri də quşçuluq müəssisəsidir. Biz həmin müəssisədə kəsimin dini qaydalara nə dərəcədə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün QMİ-yə müraciət edəcəyik. Onlardan bu prosesə nəzarət etmələrini xahiş edəcəyik. Ancaq ət məhsulu istehsalı təkcə kəsimlə yekunlaşmır. Bu, yalnız birinci mərhələdir. Sonra müəyyən texnoloji, istehsal prosesləri həyata keçirilir. Burada dini tələb yox, texnoloji tələblər əsas götürülür.
- Bir çox ət dükanlarının üzərində «Hala ət» yazılarına tez-tez rast gəlinir. Onların taleyi necə olacaq? Bu dükanlara da nəzarət edəcəksiniz?

- Tədricən bunlar da nizamlanacaq. «Halal» sözündən çox vaxt yeri gəldi-gəlmədi istifadə edirlər. Dövlət artıq bu məsələyə müdaxilə edir. Biz bu standartları tətbiq etməyə başlamışıq. Kim öz məhsulunun üzərinə «Halal» etiketi yazmaq istəyəcəksə, bizdən sertifikat almalıdır.
XS
SM
MD
LG