Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:21

NİDA-çı İlkin Rüstəmzadə: «Heykəlin şəklini tələb edirəm».


İlkin Rüstəmzadə
İlkin Rüstəmzadə
-
«Heykəlin şəklini tələb edirəm. Zərərçəkəni tanımaq istəyirəm. Həbsxanadayam, gedib onu görmək imkanım yoxdur».

İndi həbsdə olan NİDA-çı İlkin Rüstəmzadə məhkəmədə belə deyib.

Aprelin 11-də NİDA-çıların məhkəməsi davam edib. Bu dəfə də sənədlər araşdırılıb.

İstintaq «Harlem Shake» videosuna görə Youtube-a baxış keçirib. Baxış barədə protokolda göstərilir ki, bu video «Harlem Shake Bakı Bulvarında ana-bayı» adı ilə Mehman Hüseynovun hesabından paylaşılıb. Bildirilir ki, bir neçə şəxs Dənizkənarı Bulvarda yerləşən kişi heykəlinin baş və arxa hissəsində ədəbsiz davranışlara yol verərək, ətrafdakı insanların istirahətini pozur.

BULVARDAKI KİŞİ HEYKƏLİ ZƏRƏRÇƏKƏNDİR

Daha sonra istintaq orqanları sözügedən heykəlin yerləşdiyi əraziyə baxış keçirərək, protokol hazırlayıb. Açıqlanan protokolda bildirilir ki, izdihamlı yerdə olan yaşlı kişi heykəli bədii-estetik dəyərli memarlıq abidəsidir. O da vurğulanır ki, abidəyə qarşı əxlaqsız hərəkətlər insanların rahatlığını pozub.

Bu zaman «Harlem Shake» videosuna görə təqsirləndirilən İlkin Rüstəmzadə hakimə üz tutaraq deyib:
«Cənab hakim, xahiş edirəm, tanış olmaq üçün həmin zərərçəkmişin (heykəlin) fotosunu mənə göstərəsiniz. Həbsdəyəm, ona baş çəkmək və yerində tanış olmaq imkanım yoxdur».
Hakim bu təklifi gülüşlə qarşılayıb.

Bu təklifi gülüşlə qarşılayan hakim Cavid Hüseynov Bakı şəhər İcra Hakimiyyətinin istintaqa yolladığı məktubunu oxudu. Məktubda deyilir ki, bir neçə gənc martın 10-da aksiya keçirməklə bağlı İcra Hakimiyyətinə müraciət edib. Ərizə gec təqdim edildiyindən müraciətə baxılmayıb.

MƏHKƏMƏNİN ƏDALƏTLİ QƏRAR ÇIXARMASINA KÖMƏK ETMƏK İSTƏYİRİK

Aprelin 11-də keçirilən məhkəmədə müdafiə tərəfinin bir gün öncə verdiyi vəsatət də müzakirə edilib. Ötən gün MTN-in Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə göndərdiyi məktub açıqlanıb. Həmin məktubda Ş.Novruzovun, B.Quliyevin və M.Əzizovun facebook və statuslarındakı yazışmalar, həmçinin bəzi sms yazışmaları diqqətə yetirilib.

Müdafiəçilər şəxsi yazışmaların necə əldə edilməsinin protokolunu istəyərək, qanunsuz yolla əldə edilmiş sübutun iş materiallarından çıxarılmasını tələb ediblər.

Dövlət ittihamçısı istintaqın qanunsuzluğa yol vermədiyini, şəxsi məlumatların məhkəmə qərarı ilə götürüldüyünü bildirib.

Vəkil Elton Quliyev dövlət ittihamçısının söylədiklərinə etirazını bildirib :

«Biz məhkəmənin ədalətli qərarına kömək etmək istəyirik. Bu sübutlar qanunauyğun şəkildə rəsmiləşdirilməlidir. Onların bu şəkildə götürülməsi qanunsuzdur. Hansı qaydalarla götürülüb, onu tələb edirik».

Bu zaman İlin Rüstəmzadə yenə bir təklif irəli sürüb:

«Məhkəmə qərarı varsa, istintaq facebook-un rəsmi ünvanına sorğu göndərib yazışmaları istəməlidir. Oradan rədd cavabı alarsa, yerli provayderə müraciət etməlidir. Bunların hansınınsa edilməsinə dair heç bir sənəd yoxdur. Avropa Konvensiyasının 8 və 10-cu maddələrində göstərilən hüquqlarımız pozulub».

Vəsatəti yerində müzakirə edən hakim onun təmin edilmədiyi barədə qərar qəbul edib.

Məhkəmə aprelin 15-də davam edəcək.

Gənc fəallar ötən ilin martında Bakıda «Əsgər ölümünə yox!» şüarı ilə keçirilən aksiyada iştiraka görə həbs ediliblər. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar. Gənclər ittiham edildikləri maddələrlə 7 ilədək azadlıqdan məhrum oluna bilərlər.
XS
SM
MD
LG