Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:47

«Ağ qızıl» adlandırılan pambığın Bərdədə qara günü…


-
Bərdə Azərbaycanda pambıqçılığın vətəni sayılır. Ancaq son illər bu rayonda pambıqçılıq yerində sayır. Əkinə yararlı torpaqlarının 80 faizində pambıq əkilən Bərdədə indi bu sahəyə maraq xeyli azalıb. Səbəb isə məhsulun qiymətinin fermerləri qane etməməsi göstərilir. Fermerlərin sözlərinə görə, pambıq istehsalçıları ötən mövsümü ziyanla başa vurub. Bu səbəbdən də uzun illərdir pambıqçılıqla məşğul olan fermerlər indi sahələrə taxıl və yonca əkirlər.

Fermer Cabbar Məmmədov deyir ki, qiymətinə görə pambıqdan yonca, arpa sərfəlidir:

«PAMBIQDANSA ARPA, YA DA YONCA ƏKSƏM BUNDAN XEYİRLİDİR»
«50 hektar pambıq əkib, günəmuzd işləyənləri çağırdıq, hesabladıq, gəlir əvəzinə ziyanla çıxacağımızı bildik. Bundan sonra mən pambığı təzədən niyə əkim axı? Gözüm baxa-baxa ziyan edəcəm. Pambıqdansa arpa, ya da yonca əksəm bundan xeyirlidir».

Fermerlərin deməsinə görə, 1 hektar sahədə pambıq yetişdirmək üçün təqribən 800 manat vəsait tələb olunur. Daşınma xərcini də çıxdıqdan sonra fermerlər əldə etdikləri məhsulu tədarükçü şirkətlərə 40-42 qəpiyə satır. Bu da pambığın maya dəyərini demək olar ki ödəmir.

PAMBIĞIN TƏDARÜK QİYMƏTİ QALXSA...

Digər fermer Əhməd Abdullayev da 10 hektar sahədə pambıq əkib. Artıq səpin işləri gedir. Hava şəraitinin səpin üçün əlverişli olduğunu desə də, gəlir götürüb-götürməməyi hələ sual altındadır. «Ağ qızıl» kimi tanınan pambığın əvvəlki şöhrətinin özünə qaytarılması üçün isə çıxış yolunu qiymətlərin artırılmasında görür. Deyir ki, əgər qiymətlər 70 qəpiyə olsa kütləvi əkin gedər.

İCRA HAKİMİYYƏTİNDƏ NƏ DEYİRLƏR...
Bərdə rayon İcra Hakimiyyəti
Bərdə rayon İcra Hakimiyyəti
Bərdə rayon İcra Hakimiyyətinin aqrar şöbəsindən də pambıqçılıq sahəsində olan durğunluğu tədarükçü şirkətlərin pambığı aşağı qiymətlə alması ilə əlaqələndirdilər.

Aqrar şöbədən verilən məlumata görə, ötən il rayon üzrə 1550 hektar sahədə pambıq əkilib, 4000 tona yaxın məhsul yığılıb. Bu il də təqribən 1550 hektara yaxın sahədə pambıq səpini nəzərdə tutulub. Amma artım hələ ki gözlənilmir.
XS
SM
MD
LG