Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:50

Gecə saat iki kimisən...


-

"Ədəbi Azadlıq-2014" müsabiqəsinin Şeir 20-liyindən



Kürçaylı Məmmədov


Bu soyuq,
Yağışlı şəhərin
Adamsız küçələri
Məni üşüdür, ana.
Süpürgəçi xanımın
Süpürgəsi qədər yorğun, tənhayam bu səhər.
Narahat olma,
Işə gedirəm,
Başımı girləyirəm birtəhər
Bir-iki köhnə dost var hələ yaşamağa,
Narahat olma.
Narahat olma,
Bu il də görüşünə gələ bilmədim,
əynim-başim qalındı, istidi,
yeməyim, yatağım soyuq,
narahat olma.
Narahat olma,
Başqa oğlanları sevdilər
Mən sevdiyim qızlar,
Iz qoydu dodaqlarımda,
Boynumda, ürəyimdə
Mən sevmədiklərim.
Həmişə deyərdin ha
Qismətində kim varsa xoşbəxt ol onunla-
Xoşbəxt etmədi məni
Qolumdakı, gözlərimdəki o qadın,
Hər gecə yatağıma girdi,
Ürəyimə girə bilmədi,
Xoşbəxt etmədi məni qismətimdəki adamlar,
Bir də Ağdam düşür yadıma tez-tez,
Narahat olma...
Süpürgəçi xanımın
Süpürgəsi kimi yorğun,
tənhayam bu səhər,
yaşayıram,
yaşayıram birtəhər...

__


Gecə saat iki kimisən,
tənha, səssiz, ümidsiz.
Bir az şərab qoxulu,
siqaret dumanlı bir az.

Hardan biləsən tənha
içilən bütün içki
nə dadır saatların
iki göstərən vaxtı.

Hardan biləsən axı
yuxuna girən oğlan
çoxdan tapşırıb canın
sənin laqeydliyində...

Sən Allah götür özünü,
apar ver özgələrə.
Yığışdır xəyalını
yuxumun gələn vaxtı.

Axı hardan biləsən
ölüm kimi bir şeydir
səndən uzaq yaşamaq,
gecə saat ikidə...
XS
SM
MD
LG