Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:04

Rauf Mirqədirovun atası prezidentə müraciət etdi


Rauf Mirqədirov
Rauf Mirqədirov
-

Həbsdə olan jurnalist Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov aprelin 23-də prezident İlham Əliyevə açıq məktub ünvanlayıb.

Məktubda deyilir:
«Möhtərəm Prezident, mən 83 yaşlı bir qocayam. Bu uzun ömrümdə həyatımda çox çətinliklər, əzab-əziyyətlər görmüşəm. Böyük Vətən müharibəsində qardaşımı, dinc dövrdə 13 yaşlı qız övladımı itirmişəm. Çox çətin də olsa bu müsibətləri yaşamışam. Amma bu gün mənim və ailəmin həyatında ən ağır gündür. Bircə oğlum Rauf həbs edilib. Özü də elə ağır bir ittihamla. Nələr çəkdiyimi sizə çatdırmaqda acizəm. Möhtərəm Prezident, sizə qarşı özümdə həmişə dərin hörmət hiss etmişəm. Həyat yoldaşım Rəfiqə xanım şəkər xəstəsidir. Həmişə dərmanlarını, təqaüdümüzü alanda sizə, balalarınıza dua edir. Biz bu yaşda heç kəsə möhtac olmadığımız üçün sizə minnətdarıq. Seçkilərdə ailəliklə sizə səs vermişik. Bunu sidq ürəkdən inanaraq etmişik. İnanmışıq ki, təhsilinizlə, təcrübənizlə mütləq bu ölkəni bir yerə gətirib çıxaracaqsınız. İnşallah belə də olacaq. Möhtərəm Prezident, mənim oğlum Rauf Mirqədirov gözəl təhsil almış, «Həsən Bəy Zərdabi» mükafatçısı, «İlin jurnalisti» və sair mükafatların sahibi, Azərbaycan Respublikasının əməkdar jurnalistidir. Dövlətini, vətənini, millətini sevən insandır. Və hər şeydən əlavə saf insandır. O xəyanət etməz, edə bilməz. Bu mümkünsüzdür. Onun nə ilə nəfəs aldığını belə bilirəm. Azərbaycanın milli azadlıq mübarizə illərində birincilərdən idi. 1990-cı ilin 20 yanvar gecəsi səhərəcən yaralıları daşımış, şəkillərini çəkmiş, hətta rus zabitlərinin qarşısına əliyalın çıxıb «atmayın, dinc əhalidir» deyə atəşin gur yerində olmuşdur. Həmin gecə səhərəcən mən, anası, bacısı küçələri gəzib onu axtarırdıq. Görünür Allahın bizə rəhmi gəldi, ona dəymədi. Sonralar Azərbaycanda aləm qarışanda, hərə torpağımızı bir tərəfə çəkəndə ilk olaraq Rauf öz məqaləsində deyirdi: «Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev qurtara bilər». Mən o məqaləni indi də saxlamışam».
Həbibulla Mirqədirov oğlunun səhvsiz olmadığını, yazılarında bəzi məqamlarla razılaşmadığını vurğulayır. Amma onun niyyətinin saflığına heç vaxt şübhə etmədiyini deyir:

«Məqalələrində səhvi olubsa, kiminsə könlünə toxunubsa, mən bir ata kimi oğlumun əvəzindən üzr istəməyə borcluyam. Möhtərəm Prezident, sizdən dönə-dönə xahiş edirəm bizim bu yaşda belə yaralı, gözü yaşlı qalmağımızı rəva görməyəsiniz. Bizə oğlumuza qovuşdurun. Ümidimiz sizədir».

«Ayna-Zerkalo» qəzetinin Türkiyədə olan əməkdaşı Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib. O, 4 il idi ki, Türkiyədə yaşayırdı. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist barəsində 3 aylıq həbs qərarı seçilib. Rauf Mirqədirov ona qarşı irəli sürülən ittihamları əsassız sayır.
XS
SM
MD
LG