Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:45

Vəkil NİDA-çıların həbsinə bais olan «qara pişiyi» axtarır [Video]


NİDA-çıların məhkəməsində "qara pişik" axtarılır
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00
-
Bu bir adət halını alıb – məhkəmə günləri Ağır Cinayətlər Məhkəməsinin ətrafını polislər sarır. Son 3 məhkəmə zamanı bu əraziyə polis nəzarət edir, insanlar bircə-bircə yoxlanır... Düzdür, bu dəfə məhkəmə zalına giriş nisbətən asan başa gəldi. Zal yenə də ağzınacan doluydu. Səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri, AXCP sədri Əli Kərimli də məhkəməni izləməyə gələnlər sırasındaydı...

Zaldakıların, özəlliklə valideynlərin narahat baxış və alqışları altında dustaqlar gətirildilər. Bu gün - aprelin 25-də onların aclıq aksiyasına başlamalarının 8-ci günü tamam olurdu. Görünüşə baxanda, azca zəiflədikləri gözə dəyirdi...

Zaldakılar da valideynlərə qoşulub onlardan aclıq aksiyasını dayandırmağı inadla tələb edirdilər:

Nüşabə Novruzova (Ş.Novruzlunun bibisi): Bədəniniz zəifləyib, vərəmə yoluxarsınız. Özünüzü ələ alın, sağlamlığınızın qeydinə qalın, dayandırın aclığı.

AXCP sədri Əli Kərimli: Sizin aksiyanız kifayət qədər effekt əldə edib. beynəlxalq aləm sizinlə maraqlanır. Ancaq aksiyanı dayandırsanız yaxşı olar.

Səkinə Qurbanova (Zaur Qurbanlının anası):
Hamınız üzülmüsünüz. Bu aksiyanızın özünüzə və bizə ziyandan başqa heç nəyi yoxdur. Bizi üzürsünüz. Valideyn olmadan bilməzsiniz biz nələr çəkirik.

Zaur Qurbanlı anasına cavab verir: Təkcə Rəşadət (Axundov) və Aygün (Pəncəliyeva) bəsdir ki, mən bu xalq üçün hər şeyi edim.

Rəşadət Axundov və anası Mətanət Axundova arasında kiçik dialoq yaşanır.

M.A: Araz həmişə sənin üçün ağlayır. Eləməyin belə. Dayandırın aclığı.
R.A: Araz mənim üçün ağlaya bilməz.
M. A: Vallah ağlayır. dayandırın.
R. A: Araz mənim üçün necə ağlaya bilər, doğulandan məni heç görməyib. (Araz Rəşadətin Axundovun oğludur. O, doğulanda Rəşadət bir aydan çox idi həbs olunmuşdu)

VƏKİL NİTQİNƏ MEYXANAYLA BAŞLADI

Rəşadət Axundov daha sonra NİDA-çılarda baş və mədə ağrılarının başladığını bildirdi:
Elçin Sadıqov
Elçin Sadıqov

«Ombudsman aparatından gəlmişdilər, dedilər ki, dərmanlar yollayacağıq. Ancaq hələ də gəlib çıxmayıb. Həkim də ki, nə vaxt çağırsaq onda gəlir, oturur futboldan siyasətdən danışır, ağrıkəsici verib gedirlər. Belə bir münasibət var ki, elə bil aclıq aksiyası keçirə yoxdur təcridxanada».

Hakimlər zala daxil olur və məhkəmə başlayır. 3 vəkil müdafiə çıxışı etməsi nəzərdə tutulur. Rəşid Hacılı ölkə xaricində olduğundan çıxış etməyəcək.

Vəkil Elçin Sadıqov müdafiə çıxışına başlayır. O bildirir ki, ittihama artırılan sübutlar qanunsuz əldə edilib. Daha sonra deyir ki, saxlanan şəxslərdən ilkin ifadə alan zaman vəkillər yanlarında olmayıb və beləcə, Avropa Konvensiyasının 6-cı maddəsi pozulub:

«Burada Azərbaycan gəncliyi, söz azadlığı, toplaşmaq azadlığı mühakimə olunur. Şəxslərin ittiham olunduğu maddələr bir dənə də tutarlı, əsaslı sübut yoxdur. Onlara bəraət hökmü çıxarasınız».

Vəkil Xalid Bağırov müdafiə nitqinə meyxanayla başladı:

«Kürdəxanı toylarında belə bir meyxana səslənmişdi: «Bu pişik qarə pişik, bizi gətirib zarə pişik». Biz də bir neçə aydır bu 8 gəncin həbsinə səbəb olan qara pişiyi axtarırıq».

«GEC-TEZ SİZ ÖZÜNÜZ DƏ BEZƏCƏKSİNİZ»

O çıxışında bildirir ki, Şahin Novruzlunun evində aparılan axtarışın videogörüntülərinə baxarkən şübhəli məqamlar gözə çarpıb. Arxa fonda ev sahibinin gözündən uzaq qalan dəhlizdə qara paltolu MTN əməkdaşının öz paltosunu necə düzəltməsi görünür:

«Baxış keçirilməsi barədə qərar olan halda gəlirlər mətbəxdəki çaynikdən tutmuş, balonların içinəcən baxırlar. Şahin Novruzlunun atasının seyfini açdırırlar. Bunun harası baxış keçirməkdir? Bizə sübutları tədqiq etmək üçün ittiham tərəfi ilə bərabər şərait yaratmadınız. İlkin Rüstəmzadənin 221-ci maddə ilə həbs olunması müstəsna həyasızlıqdır».
Xalid Bağırov
Xalid Bağırov

Üzünü prokurora tutan Xalid Bağırov müdafiə çıxışını bu sözlərlə tamamladı:

«Küçədə, bayırda görsək deyəcəksiniz ki «mənlik deyil Ağabala». Yox, daha o vaxtlar getdi. İndi sənlikdir. Mövqe qoyun ortalığa, gec-tez siz özünüz də bezəcəksiniz».

Xalid Bağırovun çıxışını zaldakılar və məhbuslar alqışla qarşıladılar.

İlkin Rüstəmzadə hakimdən Penitensiar Xidmətin maşının dəyişdirilməsini xahiş etdi.

Hakim bu xahişi cavabsız qoymayaraq deyib: «Mən şəxsən xahiş etmişəm ki, sizi əvvəlki maşınlarla gətirsinlər. Mənə dedilər ki, Penitensiar Xidmətdən göstəriş gəlib. Ancaq bilmirəm bu göstərişi kim verib».

Məhkəmə mayın 1-də davam edəcək. Həmin gün NİDA-çılar son söz söyləyəcəklər.

NİDA-çı gənclər ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar partlayıcı maddə əldəetmə, narkotik maddə saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılırlar.

Aprelin 17-də keçirilən məhkəmədə dövlət ittihamçısı Zaur Qurbanlıya, Rəşadət Axundova və İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyevə, Məmməd Əzizova və Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il yarım, Şahin Novruzluya 6 il yarım həbs cəzası verilməsini istəyib.

O gündən bəri gənclər etiraz olaraq aclıq aksiyasına başlayıblar. Aprelin 20-dən isə aclığa onların valideynləri də qoşulmuşdu. Aprelin 23-də valideynlər aclığı müvəqqəti dayandırıblar.
XS
SM
MD
LG