Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:52

Elçin Şıxlı. İtirdiyim kitab


Elçin Şıxlı
Elçin Şıxlı
-

Bu gün klassik mənada kitab oxumaq vərdişini itirmişik. Hamı əlində bir İpad, ya da İphone gəzir.

Sosial şəbəkələr xəbərləri ildırım sürətilə paylaşmağa imkan verir. Hamının hər şeydən xəbəri var, amma, deyəsən, heç kimin də heç nədən başı çıxmır…



Elçin Şıxlı


İTİRDİYİM KİTAB


On ilə yaxındır ki, şəhərin mərkəzindəki ata evimdən Şüvəlana köçmüşəm. Şəhərin səs-küyü və köhnə qonşularımızın bir-bir, kiminin binadan, kiminin də bu dünyadan köçməsi məhəllənin ləzzətini də aparmışdı.

Bizimkilər də artıq yoxdu. Özünün nizamı, qaydası və heç nəyə bənzəməyən dünyası olan bir nəsil getmişdi.

Bir sözlə, başladıq bağ evini abıra salmağa. Nəhayət, ata ocağının əsas atributu olan kitabxananı və yazı masasını bağa köçürməyin zamanı çatdı…

Gözümü açandan evdə kitab görmüşəm. Atamın iş otağındakı kitabxanası qardaşımla ən xoşladığımız yerlərdəndi. Kitablar adamı, sözün əsl mənasında, ovsunlayırdı. Əllərimiz istər-istəməz onlara doğru uzanırdı. İstəyirdik hamısını bir göz qırpımında oxuyaq. Hələ yazıb-oxumağı bacarmadığımız yaşlarımızdan rəfdəki cildlərə baxıb Balzakın seçilmiş əsərlərini Lope de Veqanınkından ayıra bilirdik. Atam hara getsəydi, kitabla qayıdardı. Yazıçıların Yaltadakı yaradıcılıq evindən poçtla Prosper Merimenin altıcildliyini göndərməsi indiyədək yadımdadı. Evdə əməlli-başlı kitab kultu vardı.

İndi otaqların birini, demək olar ki, eynən rəhmətliyin kabineti kimi qurmuşuq, amma nə qədər elədiksə də, kitabları bir otağa yığa bilmədik – yaman çoxdular. Onları təzə yerində yerbəyer edəndə Ernest Heminqueyin 1968-ci ildə buraxılmış dördcildliyinin tam olmadığını görən yoldaşım təşviş içində: “Ay Elçin, üçüncü cildi deyəsən itirmişik. İndi nə olacaq?”, deyəndə məni təxminən 76-77-ci illərə qaytardı.

Heminquey ədəbiyyata jurnalistikadan, daha doğrusu, publisistikadan gəlmişdi. Bu da özünü yazı üslubunda göstərirdi. Hər halda atam bu fikirdəydi, amma Heminqueyin qondarma deyil, əsl həyatdan, gördüyü və anladığı şeylərdən yazdığına və özünün də güclü xarakterli, dürüst bir insan olduğuna görə onu çox sevirdi. İş otağında da bircə Heminqueyin fotoportreti vardı. Odur ki, mən Heminqueyi sevməyə bilməzdim.

Tələbə dostlarımdan biriylə elə hey kitab dəyiş-düyüş edər, sonra da əsərləri uzun-uzadı müzakirə edərdik. Amma əslində, bu, dəyiş-düyüşdən daha çox mənim elə atamın kitabxanasından birtərəfli kitab daşımam idi. Atam belə şeylərə mane olmazdı – kiminsə kitab oxumaq istəyi onun üçün ən dəyərli bir şeydi. Bircə onu deyərdi ki, səliqəylə oxuyun və kitabı itirməyin. Adətən, elə belə də edirdik.

Bu dəfə də dostum Maks Frişi (İsveçrə yazıçısıdır) qaytarıb Heminqueyin “Əcəl zəngi”ni alacaqdı, amma başqa bir tələbə dostumuz əl çəkmədi ki, siz onsuz da günüz-axşamacan oxuyursuz, qoyun mən də oxuyum. Nə isə, əlacsız qalıb “Əcəl zəngi”ni ona verəsi olduq, sonra da “Nizami” kinoteatrına kinoya getdik. Uzun sözün qısası, zaldan çıxanda ayıldıq ki, bəs Maks Friş məndədi, Heminqueysə yaddan çıxıb. Tez geri dönüb hər yeri ələk-vələk etdik, amma 3-cü cild getmişdi.
Ernest Hemingway
Ernest Hemingway


O zamanlar hamı kitab xəstəsiydi. Başqa bir şey olsaydı, bəlkə də toxunmazdılar, amma kitabı “yiyəsiz” qoymazdılar. Nə hala düşdüyümü çətin izah edə bilim. Evə necə qayıdacağımı, kişinin üzünə necə baxacağımı bilmirdim. Neçə müddət şəhərdə bukinist qalmadı, kitab alverçisi qalmadı, amma dördcildliyin üçüncü cildindəki “Əcəl zəngi” tapılmadı ki, tapılmadı. Tapılanda da heç kim ayrıca bir cildi satmırdı, dörd cildin hamısına isə pul yoxuydu. Nəhayət, atama vəziyyəti danışdım. Əsəbiləşsə də, özünü o yerə qoymadı, bircə onu dedi ki, bəlkə o kitabı götürən əsəri oxuyub ondan özü üçün bir nəticə çıxarar. Başa düşər ki, o “əcəl zəngi” gec-tez hər birimiz üçün çalınacaq…

Keçən yazımda “itmiş nəsil”dən yazmış və bunun səbəblərinin bir neçəsini söyləmişdim, amma daha birini unutmuşdum. Əslində, bu səbəbi mənə gənc həmkarlarımdan biri göstərmişdi. Demişdi ki, bilirsiniz, mən atama görə “Dəli Kür”ü, nənəmə görə isə “Qılınc və qələm”i lap uşaq ikən oxumuşdum. O zaman oxuduğumu tam dərk edə bilməsəm də, onlara minnətdaram, çünki mənə yol göstərmişdilər…
Bu gün klassik mənada kitab oxumaq vərdişini itirmişik. Hamı əlində bir İpad, ya da İphone gəzir. Sosial şəbəkələr xəbərləri ildırım sürətilə paylaşmağa imkan verir. Hamının hər şeydən xəbəri var, amma, deyəsən, heç kimin də heç nədən başı çıxmır…

Görəsən, indikilər vaxtı çatanda övlad və nəvələrinə nəyi və kimi oxumağı tövsiyə edəcəklər? Ümumiyyətlə, bunu edəcəklərmi? Və biz bu minvalla daha bir nəsli itirməyəcəyikmi?

Mənsə vaxtilə bircə kitab itirmişdim – “Əcəl zəngi”. Onu oxuyun ki, daha çox şey itirməyək…

Ayna.az
XS
SM
MD
LG