Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:54

Kəmalə Bənəniyarlı işgəncələri təsdiqləyir


Kəmalə Bənəniyarlı
Kəmalə Bənəniyarlı
-
30 sutkalıq həbs cəzası alan AXCP üzvü Kəmalə Bənəniyarlı polis idarəsində ona işgəncə verildiyini təsdiqləyib.

Bu haqda AzadlıqRadiosuna mayın 8-də Binəqədi təcridxanasında onunla görüşən vəkil Əshabəli Mustafayev bildirib.

Vəkilin dediyinə görə, aldığı işgəncələrdən dolayı Kəmalə Bənəniyarlının halı pisləşib və təcridxanaya təcili tibbi yardım çağırılıb:

«Nəsimi rayon Polis İdarəsində onu möhkəm döyüblər. Deyir ki, onun ən çox başından vururmuşlar. Başında şişlər var. Ondan AXCP rəhbərliyinin, NİDA-çılar əleyhinə izahat almaq istəyirmişlər. Təcridxanaya gətiriləndən sonra halı pisləşsə də, həkim çağırılmayıb. Yalnız bu gün vəziyyətinin daha da ağırlaşdığını görüb təcili tibbi yardım çağırıblar. Mən görüşəndə iynə vurmuşdular deyə, bir az yaxşı idi. Ürəkbulanması keçməyib və tez-tez qaytarır. Ehtimal olunur ki, zərbələrin gücündən beyin silkələnməsi alıb».

POLİS TƏKZİB EDİR

Daxili İşlər Nazirliyinin mətbuat xidməti işgəncə ilə bağlı deyilənləri təkzib edir:
«Bu xəbərləri yayanlar ictimai diqqəti öz üzərilərinə çəkmək istəyənlərdir. Həmin xanım dünən həm məhkəmənin önündə, həm də polis idarəsində özünü aqressiv aparıb, polisləri təhqir edib. Heç bir polis idarəsində işgəncə və təzyiq halı ola bilməz».

Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz zamanı saxlanan AXCP üzvü Kəmalə Bənəniyarlı Nəsimi rayon Polis İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib.
XS
SM
MD
LG