Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:41

Günel Eyvazlının 20-liyə düşməyən hekayəsi


Günel Eyvazlı
Günel Eyvazlı
-

Bu hekayə "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.


Günel Eyvazlı


TUTEN XATUN


Nə azadam bu aləmdə, nə də ixtiyarım var.
Nə qüssə əl çəkir məndən, nə dildə bir qərarım var.

Dilim bağlı, gözüm bağlı, qulağım kar, üzüm gülməz.
Günə həsrət qalan günsüz, səfasız laləzarım var.
(Bir müəllifin)

Əmon. Amon. Ay Amon.

Külək danışır...

Misir dünyanın ən sirli məkanıdır. Sarı qumlu səhra üzərində yerləşən bu yerin yaşını heç kim bilməyir. Deyilənə görə izi itirməkdən ötrü Tanrı buraları qum səhrasına çevirmişdir. Kim bilir bu dövrümüzə kimlərin ləpiri daşlaşmış şəkildə gəlib çatacaqdı?
İlanlar sürünür qum üzərində. Cızılmış müvəqqəti naxış bir müddət sonra əsən külək nəticəsində yox olur. Qızmar günəş altında gözlərin qaralır. Uzaqlara baxdıqca sonsuzluqdan yorulursan. İçinə çökmüş istilik həm də sənə xoş gəlir. Həmin anda Məcnuna dönürsən, ya özünü elə hiss edirsən. Yalnız zınqırov səsi səni sevindirə bilər. Səhrada tək deyilsən. Sarvan böyük bir dəvə karvanının önündə gedir. Hara gedir, niyə gedir bilinməz.

Qoca Dadon, dizlərinin ağrısını unutmaq üçün, onları quma basdırardı. İstilik canına elə yayılardıki... Canı qızışardı. Başının üzərində iki qara qul çətir tutardı daima. Günəş yalnız dizlərini isidərdi Dadonun. Qocalıq pis duyğudur. İnsanın içinə çöküncə yaşı bilinməz. Bir də elə bir qoca ruhlu cavan görərsən ki, öz halına baxıb şükr edərsən.

Dadonun cavan ruhu var idi. O şeirlər yazıb, nəğmələr qoşardı. Misir əkinçiləri əməklərinin yüngül olması üçün zümzümə edərdilər onları. Amma, gizlicə. Asta, çox asta.

Çünki, ruhu oxşayan ilahi nəğmələr, qara kütlə üçün nəzərdə tutulmamışdı. Bu nəğmələrə fironlar qulaq asmalı, bu kəlmələri fironlar eşitməliydilər.

Dadonun nə az, nə çox 150 yaşı var idi. Dərd ortağı kahin babası idi.
Kahinin qoca, əldən düşmüş olmasına baxmayaraq hələ də ağlı üzərində idi. O məbəddə fironların dəfninə hazırıq işinə baxar, onları mumyalıyardı. Bütün bu işləri elə zövqlə edərdi ki... Hətta, mumyalamanın 70 günü bitənə qədər, mədəbbən bir addım belə çölə atmazdı. Çörəyini, suyunu orada nuş edərdi.

Bir zamanlar sarayın ən adlı-sanlı adamlarından biri idi. Exnatonun qəlb sirdaşı. Hökmdarının ölümündən sonra nədənsə məbəddə yaşamağı qərarlaşdırmışdı.
İşi çətin, ürəyi isə dolu idi. Bu illər ərzində susmağı öyrənmişdi. Içində qocalıb, büzüşmüş ürəyi hələ yaşa, zaman yetincə gedəcəksən deyirdi. Zadəganlar ölümlərindən öncə mumyalanmasını kahinin tərəfindən olunmasını vəsiət edərdilər.
Qədim Misirlilər cəsədin ürəyinə toxunmazdılar. Daha doğrusu ürəyi qipslə bərkidib yenidən sinədə yerləşdirərdilər. Ürək qipsə alışana qədər cəsədləri günəş altında qurudar, bədənin rütubətinin tamamilə yox olmasını gözləyərdilər. Sonra isə ənənəvi işlər. On beş gün ərzində sarğı ilə cəsədi sarımaq, balzamlamaq və ətirləmək.
Göz oyuqlarının yerinə qiymətli daşlar yerləşdirər, kişiləri qırmızı, qadınları isə sarı rənglə boyayardılar. Vaxtilə dirilik rəngi sayılan və ölülərin üzünə çəkilən yaşıl boya, sonralar qızıl maskalarla əvəzlənmişdi.

Bir gün.

Misir üzərinə bəla gəldi. Gənc Tutenxamonun ölüm xəbəri keşişlər arasında yayıldı. Ölkəni çaxnaşmaya salmamaqdan ötrü, bu xəbəri kütlədən qorumaq lazım idi. Bu müddət ərzində, onun şərəfinə tikilən ehramda tamamlama işləri gedirdi. Rəssamlar, nəqqaşlar öz əməklərini sərf edərək gənc Tutenxamon üçün yatacaq, duracaq hazırlayırdılar.

Firounun ölüm xəbərini çox gizlətmək mümkün olmadı. Hakimiyyət uğrunda mübarizənin hələ kəskinləşməməsindən istifadə edib, mərhumu öz adına, sanına layiq dəfn etmək lazım idi. Saray dəfnetmə retualını həyata keçirmək üçün tam hazır vəziyyətdə idi. Qızıl kəcavədə uzadılan gənc firounun üzərinə bəyaz örtük çəkmişdilər. Sarayda qəribə bir sükut və ağırlıq var idi.

Sıraya düzülmüş qullar firounu çiyinləri üzərində qayığa tərəf apardılar. Nil onu gözləyirdi.

Geyiniləcək paltarları, silahları, atı, onun yanında sərdabədə gömüləcəkdi.
Exnaton – Tutenxamonun atası.

Exnaton çox gənc evlənmişdi. Onun hakimiyyətə gəlişi yeni dövrün başlanğıcı idi. Çünki o, yeni dini islahatlar, dəyişikliklər gətirmişdi Misir üçün. Minilliklər boyu çoxallahlığa sitayiş edən əhali indi Exnatonun əmri ilə Atona səcdə etməli idi. Doğrudur gözdən pərdə asmaq üçün hakimiyyətə gəldiyi ilk dövrlərdə Fiv allahı Amona sitayiş edirdi, amma, bir müddət sonra Aton allahına sitayiş etmə kultunu gətirdi və ona tapınmanı vacib saydı. Aton hamının allahı olmalı idi.

Bütün saray əhli, keşişlər ona nifrət edirdilər. Tayfalar, kahinlər bunu qəbul edə bilmirdi. Necə yəni? Rəiyyətlə, ağaların eyni Allahımı olsun? Yox. Mənim Allahım dəbdəbə sevir, o murdar əkinçinin Allahı isə özü kimi palçıqlı və çirklidir deyirdilər.
Exnaton gətirdiyi dinə balaca bir əlavə də edir. Əslində bu əlavə onun bacısına doğan eşqindən qaynaqlanırdı. Bunu bir Exnaton bilirdi, bir də evinin küncündə olan bütü. İnandığı Atonun ruhunu özündə daşıyan bütü. O büt ki, gənc Exnatonun sirlərinin ortağı idi. O büt ki, ölü doğulan övladlarını görmüşdü. O büt ki, Exnaton yeni arzularının reallaşması xatirinə qızıla bürünmüşdü.

Uzun müddət övladının olmamasını kahinlər Allahların onu qarğıması ilə əlaqələndirirdilər. Exnaton sarsılmış vəziyyətdə dolaşırdı sarayının içində. Varisinin olmamasından yas tuturdu. O döyüşlərə həvəssiz gedirdi, həvəssiz dönərdi xanımının yanına. Bəzən daxilində - bəlkə həqiqətən Ra Amon məni cəzalandırıb deyə düşünürdü.

Yoldaşına yaxınlaşmayan Exnaton başqa kənizlərlə könül əyləndirirdi. Firon könlünü ovlamaq elə də asan məsələ deyildi. Sarayda məhz bunun üçün hazırlanan, müəyyən qaydalar çərçivəsində böyüyən, tərbiyələnən qızlar var idi. Onlar Exnatonun bir baxışı ilə onun ağuşuna atılmağa hazır idilər. Həddindən artıq incə və həssas davranardılar hökmdarlar ilə.

Və bir gün...

Uzun müddətdir analıq yükünü daşıyan həyat yoldaşının sancı çəkməsi xəbəri gəlir Exnatonun otağına. Kənizi kənara itələyib uşağının yanına qaçır.
Sirr doğulur. Bu sirdən Exnaton və ən yaxın dostu kahin xəbərdar idi. Exnaton bilirdi ki, sona qədər bunu daşıya bilməyəcək. İlahi Aton onu bağışlamayacaq. O bilirdiki doğulmuş qız övladını, kişi kimi böyütməklə səhv edir. Müəyyən yaş dövründən sonra, qızının inkişafını, yetkinləşməsini heç kimdən gizlədə bilməyəcək. Nə etməlidir?
Çox götür-qoy edərək, keçmiş əcdadalarının və şəcərəsinin naminə kahindən övladının sinəsinə damğa vurmağsını əmr edir. Ufaq körpə, damğa basılandan sonra huşunu itirir. Deyilənə görə həftələrlə cansız cəsəd kimi səsini belə çıxarmır. Süd anaları onu yedizdirə bilmir. Exnaton peşmançılıq keçirərək yeganə varisinin ölümünə fərman verdiyi üçün canına qıymaq istəyir. Bıçağı köksünə batırmaq istədikdə körpənin çığırtısına diksinir, son anda onu ölümdən saxladığı üçün tapındığı Allahına ömrünün sonuna qədər ibadət edir.

Sinəsi möhkəm sarınan körpə, sərin otaqda saxlanılırdı. Acından süstəmiş bədəni bir müddət sonra özünə gəlir. Qayğı və sevgi ilə əhatələnir.

Tuten xato(u)n

Beləcə Tuten xaton böyüyürdü. Hərbi təlimi ilə xüsusi müəllimlər məşğul olur, oğlanlardan uzaq saxlanılırdı. Kahin ona kişilik dərsləri keçər, hərbi müəllimi isə ox atmağı, nizə tutmağı, silahla davranmağı öyrədərdi.

Şəninə nəğmələr qoşulardı Tutenxatonun. Kənizlər onun üzünü görmədən belə ona aşıq olardılar.

Qızıla bürünmüş kəcavələr, qara qulların çiyinləri üzərində şəhər meydanından keçərdi. Tutenxatonun siması yaxasına çəkilmiş qızıl piltələrdən par-par parlayardı. Bu işıqdan onun üzünü görmək mümkün olmurdu. Adətən fironlar, bunu Allah olduqlarını xalqa nümayiş etdirməkdən ötrü edərdilər. Tutenxaton bu iddiadan uzaq birisi idi. Əsas məqsədi sinəsi üzərində qaralan damğa yerini, ləkəni gizlətmək idi. Halbuki bu ləkənin niyə onun üzərində olmasını anlamırdı. İşıqdan gözü qamaşan kütlə, fironların üzünə nur qonduğunu düşünər, onları ilahiləşdirərdilər.

Tutenxatonun yeniyetmə çağları çox çılğın idi. O sanki, özünü axtarırdı. Bəzən həddindən artıq kobud, bəzən isə həddindən artıq mülayım olurdu. Onu bəzəməyə gələn kənizləri heç sevməzdi. Ona toxunan qadın əllərini tənindən qovalayardı daima.
Exnaton çox dərd çəkirdi. Amma, hər şeyi yenidən bərpa etmək üçün çox gec idi. Övladına içirdilən xüsusi məhlullar onun səsini kobudlaşdırar, daxili orqanlarının inkişafını saxlayardı. Exnaton bu münvanla övladının çox yaşamayacağını bilirdi. Amma, nə etməli idi. Özü də artıq, köç karvanına qoşulmaq üçün məqam gözləyirdi. Anası Tiyin qəfləti ölümü onu bir az da zəiflətdi. Sonra Nefertitinin heç olmamış kimi qeybə çəkilməsi, sarayda başlayan hərc-mərclik, kahinlərin ədavəti onu sarsıdırdı.
Tuten xaton isə meylini qoca kahinə salmışdı. Ondan heç nəyi gizlətmirdi. Saatlarla başını kahinin dizlərinin üzərinə qoyub məsləhətlərinə qulaq asardı. Özü də olanlardan ona nəql edərdi. Günlərin bir günü Tuten xaton qəlbinin dərinliyində onu narahat edən bir hiss ilə kahini məlumatlandırdı.

- Kahin, mən qəribəyəm. Bax burda, sol sinəmin altında nə isə çırpınır. O nədir?
- Ürəyindir balaca.
- Bax, qulaq as sənin yanında çox sakitdir, amma, Amentonu gördükdə elə şiddətlə döyünür ki... Anlamıram.
- O sənin, dostun, qardaşındır. Sənin ona olan sevgindən, hörmətindən irəli gəlir.
- Ola bilər. Amma, mənim dostlarım çoxdun niyə ona qarşı beləyəm, anlamıram?
- Böyüyəcəksən, keçəcək.
- O zaman tez böyümək istəyirəm. İncidir.

Tuten xaton taxta çıxır. Tutenxaton, Amon Allahının şərəfinə Tutenxamona çevrilir. Taxta çıxmasından iki il sonra atası keşişlər tərəfindən bıçaqlanır. Onun gözü qarşısında Exnatonun səltənətindən qalmış abidələr, izlər məhv olurdu. Exnaton Misir tarixindən silinməyə başlayırdı.

Bəlkə də Tutenxamon bu səltənətin sonuncu hökmdarı idi. Bəlkə də tarix onun atasını unudan kimi, Tutenxamonu da unudacaqdır. Şəninə ucaldılan abidələr Exnatonun abidələri kimi yerlə yeksan olacaqdır. Amma, hər şey əksinə olur. Tale, qismət onu Misir tarixi üçün sona qədər qoruyur. Sərdabəsindən bir xuruş belə oğurlnmır, talanmır. Çünki, qız doğulub, kişi həyatı yaşamanın ağırlığını çəkən zərif çiyinləri qarşısında bütün bəşəriyyət günahkar idi. Bu tale yolunu o yaşayırdı, bu iztirabı o çəkirdi. Bu hisslərin ağırlığını o daşımalı idi və daşıyırdı da.
İndi.

İndi, vaxtilə hamını öz cazibəsinə salmış Tutenxamon, qoca kahinin qarşısında ölü vəziyyətində idi. O, 5 gün ərzində qarşısında uzanmış gənc, baxımlı bir cəsəddən ancaq zövq almağı bacarırdı. Onun bədənini deşmək, yaralamağı fikirindən belə keçirmək istəmirdi. Kahinə kömək etmək üçün gələnlərin hamısını geri göndərilmişdi. O, gənc Tutenxamonu özü mumyalamalıydı.

Dininə, dövlətinə sadiq kahin, yerdə qalan bir ömrünü susaraq keçirməli idi. Çünki qarşısında uzanan 19 yaşlı gəncin həyat hekayəsi onunla birlikdə dəfn olunmalı idi. Amma, necə...

Söz elə bir nəsnədir ki, sirr elə bil bıçaqdır ki, içəridən səni yaralayır. Qoca kahin bu boyda ağırlığın öhdəsindən gələ bilmirdi. Ona görə, sevimli nəvəsi Dadon, onun daxilində gizlənən sirrinin daşıyıcısı oldu. Ona nəql olunan hekayəni, mətnlərində, nəğmələrində səsləndirdi. Bütün nəğmələrində zərif Tutenxamonu vəsf etdi. Bu ilahi nəğmələri dinləyən Misir xalqı, həqiqətdə onların kimə aid olduğunundan xəbərsiz idi.

Külək gəlir, külək gedir
Sən gəlirsən, tələsirsən.
Mən yazığam, mən nökərəm,
Sən ağasan, sevilirsən.
Mən susuram, susmalıyam.
Sən danışma, danışarlar.
Bu Allahlar yenə gəlib,
Taleyimə qarışarlar.
İndi gecdir, mən ölürəm.
Salamat qal, salamat ol.
Mən bilirəm sən sevirsən,
Ağrılara alışqan ol.
Bəlkə geri dönən zaman
Mən həyata, mən həyata
İsida tək dönəcəyəm.
Sən belə qal, sən belə qal.


Qoca kahin isə olanları olduğu kimi nəql etdi nəvəsinə...
Hər şey belə olmuşdu.

Exnatonun qarışıq röyasını yozan Haumata, onu qız övladının dünyaya gələcəyindən xəbərdar etmişdi. Exnaton övladı doğulana qədər əsəb və gərginlik içində idi.
Nəhayət doğum vaxtı yetişincə, bu işdə yardım etmək üçün çağrılan kənizlər, uşaq dünyaya gəldikdən sonra edam edildilər. Dünyaya gəlmiş qız övladı, Exnaton üçün göz dağı idi. Sirri məndən başqa bir kimsə bilmirdi.

Exnaton öz bacısı ilə evlənir. Uzun müddətdir bir-birinə qan qohumluğu ilə bağlanan şəcərə artıq məhv olmaq üzrə idi. Exnatonun həyat yoldaşı ard-arda iki dəfə ana olmağa hazırlaşır və hər iki körpə doğulmadan ana bətnində ölür. Üzgün Exnaton, arvadının üçüncü hamiləliyində, onunla daha diqqətli davranmağı əmr edir. Gördüyü yuxu onu məyus etsə də, uşaq doğulmamışdan, onun gələcək hayatını yazır. Dünyaya gələn qız övladı doğulandan oğlan adını qazanır, oğlan libası geyinir.
Misir firounu Exnaton, bir müddət sonra yeniyetmə olacaq qızının bədən üzvlərini gizlətməyin yolunu fikirləşirdi. Onun sinəsinə dağ basmağı mənə həvalə edir. Firon bunarı, ondan sonra taxta gəlməyə layiq olan övladı və öz şəcərəsi naminə etmişdi. Mən qoca kahin isə baş verən hadisələrin sadəcə tamaşaçısı idim.

Ruhu ilə qadın olan Tuten xaton incəliyini gizləyə bilmirdi. Ona elə gəlirdi ki, erkək belə də olmalıdır. O sığaldan, bəzəkdən tamamilə uzaqlaşdırılmışdı. Yalnız kişilərə məxsus bəzəklərlə bəzədilirdi. O, öz həmcinslərinə olan hissinin qeyri-normal olduğunu anlayırdı. Özü ilə də bacara bilmirdi. Yaxın dostu Amentona olan hisslərindən mənə bəhs edirdi. O mənim qarşımda ağlayırdı. Əsl həqiqət hər dəfə dilimin ucuna gələrək geri qayıdırdı. Mən Tutanxamona, sən zərif xanımsan və bir kişini sevməyin qəribə deyil demək istəyirdim. Çox istəyirdim. Onun göz yaşlarına, hıcqırtısına dözə bilmirdim.

Bu sirr qəbr evinə qədər getməli idi. Artıq Misir əvvəlki Misir deyildi. Xalqın arasında gedən canlanma, hökmdarı taxtdan salma eşqi güclənirdi. Exnatonun nəsli, ondan öncəkilər və ondan sonrakılar məsxərə obyekti olmamalıydı. Mən də çox qocayam, bundan o tərəfə yaşamaq istəmirəm. Bəlli bir zamanda, bəlli bir yerdə gənc Tutenxamonun ölümünə fərman verdim. Yeməyinin içinə zəhər qatdım. Bir neçə saat öncə, hansı yeməyi daha çox yemək istərdin sualını vermişdim hökmdarıma. O, uzun-uzadı gözlərimin içinə baxdı. Elə bil hər şeyi hiss edirdi. Fərq etməz dedi. Mənə inanırdı. Ona görə də yeməyini qula yoxlatmadı. Mən isə ən sevimli təamını onun üçün hazırlatdırmışdım. Üçüncü qaşıqda artıq rəngi gömgöy idi.

Onun hıcqırtısı indiyənə kimi qulaqlarımda səslənir... “Düz etdin. Çox sağ ol. Nə yaxşı ki, gedirəm. Ona deməyin...”

Hər şeyin əvvəli olduğu kimi sonu da var. Bu onun taleyi, onun qisməti idi. O bu yükü daşımalı idi. O bu yüklə ölməli idi. Məni incidən onun ölümü deyil, bəlkə də mən düz etdim. O əzab çəkirdi. Məni incidən onun məhəbbəti idi.
Hətta sevdiyi dostunun yanına getməmək üçün ayağını belə sındırmışdı. Amma, saraydan Amentonun səsi gəlincə əsanı əlinə alıb onun yanına qaçırdı. Üz-üzə dayanıb saatlarla susardılar. Böyük saray bu eşqin qarşısında lal idi.

- Çox maraqlıdır. Tutenxamon qadın olduğundan bu hissi yaşayırdı, bəs Amenton? O necə? Məgər düşünmürdü ki, bir erkəyə vurulub? (Dadon deyir)

- Məncə o hər şeyi çox gözəl bilirdi. Tutenxamon təpədən-dırnağa bir xanım idi. Zərif idi, gözəl idi. Çox gözəl idi.

Yetmiş günün tamamında Tutenxamonun şərəfinə bəzədilmiş sərdabədə iş tamamlandı. Bütün naxışlar qızılla işlənmişdi. Əzəmətli, gənc, 19 yaşlı Fironun nəşi qızıl tabuta yerləşdirildi. Boynuna bənövşə və çobanyastığı çiçəklərindən hörülmüş çələng asıldı. Qayığa yerləşdirilmiş tabut Ölülər diyarına yan aldı. Xəfif aprel küləyi Nil çayını qadın zərifliyi ilə dalğalandırıb, qayığın sahilə çatmasını ləngidirdi. Ağ yelkənlər uzaqdan hamilə qadın kimi görünürdü.

Deyilənə görə, Amenton döyüşlərin birində həlak olmuşdu. Bəlkə də ölmək istəmişdi sadəcə...

Kahin, öz missiyasını yerinə yetirdikdən sonra öz ölümünə fərman vermiş və Exnatonun ayaqlarınn altında uyumuşdur. Qoca Dadon isə, hakimiyyətə yeni gəlmiş sülalə üçün nəğmələr qoşaraq könüllərini əyləndirərdi.
Qədim, sirli Misir gənc Tutenxamonu unutmadı. Və bu sirr, özündə iz saxlamayan səhra qumunun üzərindən əsən xəfif külək ilə hamarlandı.

SON
XS
SM
MD
LG