Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:44

Kəmalə Bənəniyarlı: «Mənə olan işgəncənin hesabını soracağam»


Kəmalə Bənəniyarlı
Kəmalə Bənəniyarlı
-
AXCP üzvü Kəmalə Bənəniyarlı təcridxanadan mətbuata ünvanladığı məktubunda polis idarəsində işgəncəyə məruz qaldığını təsdiqləyib.

Kəmalə Bənəniyarlının üç gün öncə yazdığı məktub mayın 12-də «Azadlıq» qəzetində dərc olunub.

O, məktubuna Əbülfəz Elçibəyin sitatı ilə başlayır:

««Azadlıq istəyirsənsə, döyüləcəksən də, söyüləcəksən də, başın da yarılacaq». Mən də döyüldüm, söyüldüm, başımdan ciddi zərbə aldım. Bir zamanlar Ə. Elçibəyin məhbus olduğu bir həbsxanada məhbusam. 30 gün yox, bilsəm ki, mənə 30 il oxunacaq, getdiyim yoldan dönmərəm».

Daha sonra o, işgəncəyə məruz qalması ilə bağlı vəkil Əshabəli Mustafayevin dediklərini təsdiqləyib:

«Vəkilimin dedikləri mənim sözlərimdir. Bəli, mənim hüquqlarım pozulub, işgəncəyə məruz qalmışam. Mayın 7-də Binəqədidəki məntəqəyə yerləşdiriləndə başımdakı şişi burada məni yoxlayan qadına göstərmişəm. Həmin qadın isə növbədə olan işçiyə Kəmalə Bənəniyarlının başla boynunun arasında şiş olduğunu deyib. Mən bunu akta yazdırdım, məni gətirən 2 nəfər qol çəkməyə qorxdu, qəbul edən adam özü qol çəkdi. İki gün sonra mənə göstərilən akt isə həmin akt deyildi, akt dəyişdirilərək yerinə saxta akt qoyulub».

«MƏN BURDAN ÇIXANDA...»

Kəmalə Bənəniyarlı DİN mətbuat xidmətinin onun işgəncəyə məruz qalması ilə bağlı açıqladığı münasibətə də etirazını bildirib:

«DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin mənimlə bağlı açıqlamalarına qəti etiraz edirəm. Orxan Mənsurzadə mətbuata deyir ki, guya vəkillər hay-küy salmaqla ictimai diqqəti mənə yönəltmək istəyir. Mən burdan çıxanda nəinki ictimai diqqəti, hətta beynəlxalq diqqəti sizlərə yönəldəcəyəm, mənə qarşı törədilən işgəncənin ört-basdır etməyinizin hesabını soracağam».

Mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz zamanı saxlanan AXCP üzvü Kəmalə Bənəniyarlı Nəsimi rayon Polis İdarəsinə aparılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinin qərarı ilə ona 30 sutka həbs cəzası verilib. Vəkili polis idarəsində ona işgəncə verdiyini bildirirdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə işgəncə ilə bağlı deyilənləri təkzib etmişdi:

«Bu xəbərləri yayanlar ictimai diqqəti öz üzərilərinə çəkmək istəyənlərdir. Həmin xanım dünən həm məhkəmənin önündə, həm də polis idarəsində özünü aqressiv aparıb, polisləri təhqir edib. Heç bir polis idarəsində işgəncə və təzyiq halı ola bilməz».
XS
SM
MD
LG