Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:48

«ABŞ dosta-düşmənə fərq qoymalıdır»


Stratfor Qlobal Kəşfiyyat şirkətinin yaradıcısı George Friedman və prezident İlham Əliyev, 2011-ci il
Stratfor Qlobal Kəşfiyyat şirkətinin yaradıcısı George Friedman və prezident İlham Əliyev, 2011-ci il
-

Stratfor Qlobal Kəşfiyyat (Stratfor Global İntelligence) şirkətinin yaradıcısı George Friedman bu yaxınlarda ABŞ nümayəndə heyəti ilə birlikdə Bakıda olub və Azərbaycana səfər təəssüratları haqda geniş məqalə yazıb.

Qlobal kəşfiyyat təhlili sahəsində aparıcı şəxslərdən biri hesab olunan Friedman «Sərhəd ölkələri: Azərbaycandan baxış» adlı məqaləsində Azərbaycan hakimiyyətinə rəğbətini gizlətməyib və üstəlik bu rəğbətin elmi-siyasi izahını verməyə çalışıb.

George Friedman yazır ki, Bakıda, Sovet İttifaqının Almaniya üzərində qələbəsinin ildönümü qeyd edilən vaxt səfərdə olub. O, bu günün çox böyük təntənə ilə qeyd olunduğunu yazır və bunu keçmiş Sovet İttifaqının böyüklüyü ilə izah edir.

Lakin onu da əlavə edir ki, Bakı sovetlərin faşistlərə qarşı müharibəsində öz neftinə görə bəlkə də ən mühüm şəhər olub.

Müəllif qeyd edir ki, Bakıda bu bayramın keçmiş prezident Heydər Əliyevin ad günü təntənələrinə qarışması da rəmzi xarakter daşıyır.

AZƏRBAYCANLILAR AVROPALILIQLARINI SÜBUT EDİBLƏR

«Bakı bu gün də, qismən öz neftinə görə stratejidir, … və qismən ona görə ki, Azərbaycan Rusiyaya qarşı baş qaldıra biləcək hər hansı strategiya üçün açar rolunu oynayır. Mənim bu səfərdən məqsədim hər bir Avropa ölkəsinin Rusiyadan qorxusunun dərəcəsini hiss etmək idi və əgər onlar qorxurlarsa, üzərilərinə götürməyə hazır olduqları səy və riskin səviyyəsi nədən ibarətdir?».

Sovet İttifaqı xəritəsi, 1922-ci il
Sovet İttifaqı xəritəsi, 1922-ci il
Müəllifin fikrincə, bu məsələ tamamilə hər bir ölkənin spesifik qorxu və səylərinə bağlıdır.

George Friedman yazır ki, Avropa üçün coğrafiya müstəsna əhəmiyyətə malikdir.
«Sual budur ki, Avropa Qafqaz regionunu və qonşu Türkiyəni nə dərəcədə özününkü hiss edir?», Friedman yazır.

Onun fikrincə, müasir Avropanın tarixini Osmanlı İmperiyası olmadan təsəvvür etmək çətindir. Rusiya Qafqazı – Ermənistan, Gürcüstan və Azərbaycanı, Osmanlı İmperiyası isə cənub-şərqi Avropanın böyük bir hissəsini fəth edib.

«Əgər Avropanın üzvi ifadəsi deyilən bir şey mövcuddursa, bu, Eurovision – pan-Avropa musiqi yarışı hesab oluna bilər. Azərbaycanlılar bu yarışı 2011-ci ildə udublar və bu onların «avropalılığı» barədə hər hansı debatı həll edib» təhlilçi yazır.

NAPOLEON VƏ HİTLERİ MƏĞLUB ETMİŞ ANORMAL ÖLKƏ

Onun fikrincə, Rusiyanı blokadaya almaq strategiyası onun cənub qanadını nəzərə almadan mümkün deyil və Rusiyaya qarşı sanksiyaların qoyulması zamanı mühüm bir həqiqət unudulur: Rusiya iqtisadi baxımdan həmişə anormal olub.

Friedman düşünür ki, Rusiyanın böyük imperiya qura bilməsi, Napoleon və Hitleri məğlub edə bilməsi onun məhz bu keyfiyyətinə bağlıdır və Sovet hərbi qüvvəsi Sovet İttifaqından uzunömürlü olub və hazırda məsələ hərbi məsələdir.

RUSİYA ÜÇÜN «SANİTARİYA HASARI»

George Frost Kennan
George Frost Kennan
Daha sonra məqalədə diplomat George Kennan-ın adı yada salınır və deyilir ki, Soyuq Müharibə illərində Sovet İttifaqının buxovlanması məhz bu şəxsin qurduğu strategiya nəticəsində mümkün olub. Belə ki, Qərb Sovet İttifaqı ətrafinda «cordon sanitaire» – «sanitariya hasarı» yaradıb və genişlənməyə imkan tapmayan SSRİ öz səmərəsizliyinin içində boğulub.

Müəllif bildirir ki, hazırkı əsrin əvvəlkilərdən dramatik şəkildə fərqli olduğunu iddia edənlər səhvə yol verirlər və bu gün də Azərbaycan kimi ölkələr istəsələr, məsələnin həlli Rusiyanın təcrid olunması ilə bağlıdır.

Məqalədə deyilir ki, Azərbaycanda iki məsələyə diqqət yetirmək lazımdır: neft və İslama qoyulan xüsusi münasibət.

ANTİ-RUSİYA STRATEGİYASI AZƏRBAYCANDAN BAŞLANIR

Qeyd olunur ki, 20-ci əsrin ortalarında Azərbaycan dünya neftinin yarıdan çoxunu verirdi, lakin bu gün o, enerji mənasında Rusiyaya çata bilməz. Öz növbəsində, bir çox Avropa ölkəsi Rusiya enerjisindən asılı vəziyyətdədir və onların seçimi o qədər də geniş deyil. ABŞ enerjisinin Avropaya nəqlinin təşkili isə xüsusi infrastruktur tələb edir.

Bu infrastrukturun yaradılmasına illər tələb oluna bilər və müddətdə isə Rusiyadan enerji asılılığı qalacaq.

George Friedman yazır ki, məhz buna görə də Rusiya Qərbin təzyiqinə cavab kimi Avropaya enerji nəqlini dayandıra bilər, hərçənd, bu halda özü də zərər çəkəcək.
Müəllifin fikrincə, Rusiyaya qarşı hər hansı strategiya Azərbaycandan başlamalıdır.

Azərbaycan neftlə müqayisədə o qədər də böyük qaz ixracatçısı deyil. Lakin Xəzərin o biri tayındakı Türkmənistan böyük qaz ehtiyatına malikdir və Azərbaycanla birlikdə Rusiyaya əhəmiyyətli alternativ ola bilər.

Türkmənistan öz qazının Rusiya vasitəsilə ixracını istəmir və əksinə, qazı Transxəzər neft kəməri ilə nəql etmək istərdi.

«Lakin bütün bunların hamısı Bakının müxtəlif istiqamətlərdən gələn təzyiqlərə sinə gərmək arzusundan və qabiliyyətindən asılı olacaq», deyə müəllif qeyd edir.

İKİ XOF ARASINDAKI MÜBARİZ DÜNYƏVİLİK

Friedman yazır ki, Moskva İran və Rusiya arasında yerləşən Azərbaycanın ənənəvi istilaçısı olub və Bakı ən çox onun qayıdışından qorxur. Digər tərəfdən İran qismən azərbaycanlıların ölkəsidir. Dini lider Ayətullah Xamenei də daxil olmaqla, İran əhalisinin dördə biri azərilərdir.

«Lakin həm Azərbaycan, həm də İran şiə məzhəbli olsalar da, Azərbaycan mübariz dünyəviliyə malikdir» Friedman əlavə edir.

Onun fikrincə bu, bir tərəfdən uzun müddət davam etmiş Rusiya istilası ilə bağlıdırsa, digər tərəfdən 19-cu əsrdən bəri təşəkkül tapmış azərbaycanlı kimliyi ilə izah oluna bilər.

Friedman yazır ki, İran parlamentində hətta yəhudi millət vəkili də var, lakin bu, dözümlülük dini doqma ilə idarə olunur. Azərbaycanda isə tolerantlıq konstitusiyadan qaynaqlanır və bu ölkə Avropa İttifaqındakı bütün ölkələrdən daha aşkar dünyəvidir.

ABŞ ÜÇÜN DİSSİDENT, AZƏRBAYCAN ÜÇÜN AGENT

Ağ Ev
Ağ Ev
Məqalədə deyilir ki, ABŞ hazırda Azərbaycana silah satışını qadağan edib, lakin İsrail Vaşinqtonun xeyir-duası ilə Azərbaycanı silahla təchiz edir. Bakı və Tehran arasındakı gərgin münasibətlərin səbəblərindən biri də elə budur. Digər tərəfdən Şimali Qafqaza sahib Rusiya Ermənİstanla müttəfiqdir.

Müəllif bu qənaətdədir ki, ABŞ-ın Azərbaycana silah satmaq qadağası Azərbaycan hakimiyyətinin birbaşa insan haqlarını pozması ilə bağlıdır. ABŞ təəccüb edir ki, İran və Rusiya ilə qarşıdurmada olan və Amerika ilə münasibətlərə can atan rejim repressiyalardan əl çəkə bilmir.

Friedmanın fikrincə, məhz İran və Rusiya ilə münasibətlər Azərbaycan üçün təhlükəsizliyi mühüm məsələyə çevirir. Hər iki ölkə Azərbaycana casuslarını göndərir və bu zaman Bakı Amerikanın dissident kimi qəbul etdiyi şəxsləri xarici agent hesab edir. Müəllifin fikrincə, Azərbaycan və ABŞ arasındakı anlaşılmazlığın kökü də məhz bu məqamdadır.

KÖMƏK ETMƏMƏYİ BİR YANA, TƏNQİD DƏ EDİR

«Dağlıq Qarabağ məsələsi də buna bənzəyir, amerikalıların əksəriyyəti bu barədə eşitməyib və ərazinin kimin əlində olması onları maraqlandırmır. Azərbaycanlılar üçünsə bu fundamental tarixi məsələdir. Azərbaycanlılar başa düşə bilmirlər: necə olur ki, onlar Əfqanıstanda Birləşmiş Ştatlara kömək edirlər, İsraillə riskli yaxın münasibətlərdə olurlar, dünyəvi İslam dövlətini qoruyub saxlayırlar, ABŞ isə onlara Dağlıq Qarabağ məsələsində köməklik göstərməməyi bir yana qalsın, hələ Azərbaycanı tənqid də edir».

Müəllifin fikrincə, insan haqları məsələsi həmişə olub, lakin indi, Ukrayna böhranından sonra ABŞ-Azərbaycan münasibətləri daha da əhəmiyyətli olub. O yazır ki, burada söhbət artıq təkcə enerjidən yox, Rusiyanın cilovlanması üçün müttəfiqlikdən gedir.

ROOSEVELT DƏ STALİNƏ MÜTTƏFİQ OLMUŞDU

Yalta sammiti, 1945-cil: Winston Churchill, Franklin Roosevelt və Joseph Stalin
Yalta sammiti, 1945-cil: Winston Churchill, Franklin Roosevelt və Joseph Stalin
«Mən Azərbaycanda nə insan haqları, nə də Qarabağ məsələsinə müdaxilə etmək fikrində deyiləm, lakin ABŞ Dövlət Departamentinin bir prinsipinə münasibət bildirmək istəyirəm: bu da Dövlət Departamentinin müqayisəli təhlil aparmaqdan qaçmasıdır», George Friedman yazır.

Friedman bu qənaətədir ki, insan haqları kimi məsələlərdən danışdıqda, sözü gedən ölkənin ABŞ-a dost münasibətdə olub-olmamasına diqqət yetirilməlidir. Müəllif işarə edir ki, Azərbaycandan daha az tənqid olunan Gürcüstan və Ermənistanda da vəziyyət qüsursuz deyil.

Friedman-ın fikrincə, Azərbaycandakı repressiyalar Stalinin dəhşətlərindən qaynaqlanır, həmin Stalin ki, Franklin Roosevelt Hitleri əzmək üçün onu ABŞ-a müttəfiq etmişdi.

Müəllif qeyd edir ki, SSRİ müharibənin yükünü çəkdiyi vaxtlarda ABŞ Stalini tənqid etmirdi.

EYNİ TƏNQİDİ NƏ QƏDƏR TƏKRAR ETMƏK OLAR?

George Friedman belə nəticəyə gəlir ki, burada söhbət təkcə Azərbaycandan getmir. ABŞ Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstan kimi ölkələrlə işləməlidir. İnsan haqları baxımından onların hamısında qüsur var.

Müəllifin fikrincə, tənqid vəziyyəti dəyişmir və dəyişməyəcək, təkrarən dilə gətirilən tənqidlər kəsərini itirir və ABŞ-ın Avropada qurmaq istədiyi strategiyanı səmərəsiz edir.

«Kamil dost tapmaq çətindir, ehtiyacı olan bir kəsə silah satmamaq müttəfiqliyin yaxşı ifadə yolu deyil», Friedman yazır.
XS
SM
MD
LG