Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:27

BMT-nin məruzəçisi: «Məhkəmə qarşısında baş verənlərdən xəbərdarıq»


Maina Kiai
Maina Kiai
-

BMT-nin sərbəst toplaşma və birləşmə azadlığı üzrə Xüsusi Məruzəçisi Maina Kiai AzadlıqRadiosunun suallarını yazılı cavablandırıb.

SEÇKİSONRASI DÖNƏM
Siz Azərbaycanı Anar Məmmədli və bu işlə əlaqədar digər hüquq müdafiəçilərinə ittihamları ləğv etməyə çağırır, onların prezident seçkisindən sonra kütləvi pozuntuları üzə çıxardıqlarına görə təqib olunduqlarını düşünürsünüz. Bu həbsin Azərbaycanda şəffaf seçki monitorinqinə hansı təsiri ola bilər?

– Bu həbslər və ittihamların mesajı budur ki, seçkini monitorinq edənlər hədəfə alınacaq – bu, seçki günündə və ondan bir gün sonra olmasa da, tədricən baş verəcək. Bu, Azərbaycanda seçki monitorinqinin gələcəyini ancaq buxovlaya bilər. Biz ötən payızda BMT Baş Assambleyasına seçki hesabatımızda bu ssenarini dəqiqliklə təhlil etmişdik. Həbslər və ya qorxudulma hallarının seçkinin özündən bir neçə ay sonra baş verməsi önəmli deyil. Seçkisonrası dönəm –– dünyanın nəzərləri seçki prosesindən çəkilən vaxt – seçki monitorinqi aparmış insan haqları müdafiəçiləri və assosiasiyalar üçün özəlliklə təhlükəli ola bilər. Seçkinin azad və ədalətli keçməsini müəyyənləşdirəndə bu zaman kəsimini təftiş etməliyik.

HÖKUMƏTDƏN MƏLUMAT İSTƏMİŞİK
Hüquq müdafiəçisi Leyla Yunusun ölkədən çıxarılmasına icazə verilməyib və o, jurnalist Rauf Mirqədirova qarşı dövlətə xəyanət işinə görə dindirilib. Jurnalistə qarşı ittihamlar onun xalq diplomatiyası layihələrində iştirakı ilə əlaqələndirilir. Hakimiyyətə bu barədə mesajınız nədir?
– Bu məsələdən dərin narahatıq, rəsmi şəkildə hökumətdən daha çox məlumat istəmişik. Durumun monitorinqini davam etdirəcəyik. Hakimiyyətə mesajım odur ki, sadəcə, yerli və beynəlxalq insan haqları normalarına dair öhdəliklərinə əməl etsinlər. Tənqid və narazılıq cinayət deyil. Faktiki, onlar işlək və plüralist demokratiyanın göstəricisidir. Onlar yoxdursa, bu, özlüyündə, qırmızı bayraqdır. İnsan haqları müdafiəçiləri və hökumət tənqidçilərini qorxutmağın yeri yoxdur.
Ötən həftə səkkiz gənc fəal iğtişaş təşkili, qanunsuz narkotik maddə və silah saxlama ittihamıyla altı ildən səkkiz ilədək həbsə məhkum edilib. Bu işi izlədinizmi və hökmü nə dərəcədə adekvat sayırsınız?

– Hökmdən və həmin gün məhkəmə qarşısında baş verənlərdən xəbərdarıq. Hazırda bundan artıq şərh verə bilmərik. Ancaq onu əlavə edərdim ki, Azərbaycandan gələn son xəbərlər onun Avropa Şurasındakı sədrliyi üçün pis əlamətdir.

SEÇKİDƏN ƏVVƏL VƏ SONRA BAŞ VERƏNLƏR
Prezident seçkisindən sonra siz Azərbaycandakı seçkini Kamboca, Svazilend və Zimbabve ilə müqayisə edib yazırdınız ki, «pozuntular bir ənənəyə çevrilir, məzəmmət də daha çox itaətkar, bayağı və hər şeydən artıq, məhdud görünür. Seçki monitorinqinə yeni yanaşma gərəkdir». Sizcə, bu yeni yanaşma nədən başlamalıdır və onun seçkinin azad və ədalətli keçməsinə hansı əsaslı təsiri ola bilər?
– Bu sitat seçki dönəmində sərbəst toplaşma və birləşmə azadlıqlarına dair hesabatdandır. Demokratiya ilboyu həyata keçirilən bir işdir, ancaq seçki günü baş verməli deyil. Bu səbəbdən niyə seçki monitorinqi əsasən seçki gününü diqqətdə saxlayır? Seçki vakuumda baş vermir və keyfiyyəti də ancaq səsvermə zamanı baş verənlərə əsasən dəyərləndirilməməlidir. Seçkidən əvvəl və sonra baş verənlərə baxmaq və uzun müddətə insan haqları mənzərəsini, özəlliklə sərbəst toplaşma və birləşmə azadlıqlarının durumunu öyrənmək gərəkdir. Əgər insanların seçkidən əvvəl və sonra özlərini ifadə etmək üçün toplaşma və birləşmək məkanı yoxdursa, bu, demokratik prosesin legitimliyinə ciddi ziyan vurur. Bu da özlüyündə hökumətin legitimliyini şübhə altına alır. Əsaslı təsir isə seçicilərin öz seçimindən asılıdır, çünki bu təsir fundamental şəkildə həmin seçimə bağlıdır: Seçkiləri seçicilərə qaytarmaq. Səsvermədən öncə və sonra sərbəst toplaşma və birləşmə azadlığının təmin olunması seçkiləri daha iştiraklı edir və dövlət mexanizmlərindən yararlanaraq hakimiyyətdən yapışan elitaya qarşı müdafiə qatı yaradır.

AVROPA ŞURASINDAN TƏLƏB

Prezident seçkisindən öncə, BMT-dəki həmkarlarınızla birlikdə Azərbaycan hökumətini mülki cəmiyyətin rolunu tanımağa və ona şərait yaratmağa çağırırdınız. Seçkisonrası dönəmi necə dəyərləndirirsiniz?

– Birinci sualın cavabına qayıtmaq istərdim. Seçki monitorinqi aparan şəxslərin həbsi, hətta səsvermədən sonra belə, narahatlıq yaradır. Seçkisonrası etirazların bəzisində həbslər və rəsmi zorakılıq baş verib. Bir daha vurğulamaq istərdim ki, ənənəvi seçki monitorinqində seçkisonrası hadisələr adətən nəzərə alınmır. Avropa Şurası dörd günlük seçki monitorinqi missiyası həyata keçirdi və belə bir nəticəyə gəldi ki, «ümumilikdə, seçki günündə azad, ədalətli və şəffaf seçki prosesi müşahidə etdik». Digər monitorinq qurumları bu dəyərləndirmə ilə razılaşmasa da, hətta bunun həqiqət olduğunu güman etsək, indi, bu həbslərdən sonra nə deyərdilər? Məncə, onlar etibarlı seçki monitorinqi qurumu kimi görünmək istəyirlərsə, bunu bizə söyləməyə borcludurlar.
Azərbaycan ötən həftə BMT-nin Qeyri-Hökumət Təşkilatları (QHT) Komitəsinin üzvü seçilib. Bu komitənin rolunu necə təsvir edərdiniz? Azərbaycanda QHT-lərin qeydiyyatı, qanunvericiliyə şəffaflığın təmin edilməsi məqsədilə edilən dəyişiklikləri necə dəyərləndirirsiniz?
HÖKUMƏTİN OYUNCAĞI OLMAMAQ

– Komitə barədə ətraflı informasiya ilə burada tanış ola bilərsiniz. Məncə, bu üzvlük Azərbaycana yeni imkan yaradır ki, hüquq müdafiəçilərinə qarşı ittihamları ləğv etsin və birləşmə azadlığı öhdəliklərinə dair dünyaya müsbət mesajlar göndərsin. Hüquq müdafiəçilərinə bu hücum Komitənin ruhuna ziddir. Azərbaycanda qeydiyyat prosesinin çətinlikləri aydındır. Qeydiyyatdan imtina üçün hökumətin aşırı səlahiyyəti, QHT-lərə geniş nəzarət və onların məhkəmə yoluyla buraxılması barədə şikayətlər eşitmişik. Qeydiyyata alınmamış QHT-lərin fəaliyyəti qadağan olunub. Qeydiyyat prosedurları Bakıda mərkəzləşib və paytaxtdan kənarda işləyən QHT-lərə ziyan vura bilər. Bu mühit bizim əsas tövsiyələrdən bəzilərinə ziddir – yəni mülki cəmiyyət təşkilatlarına mövcud olmaq və işləməyə maksimum müstəqillik verilməlidir. Mülki cəmiyyət hökumətin oyuncağı olmamalı, onun nəzarətinə məruz qalmamalıdır. Bu, mülki cəmiyyətin vətəndaş iştirakının daşıyıcısı olması ideyasını darmadağın edir. Hökumət mülki cəmiyyətə nə qədər az nəzarət etsə, yaxşıdır.

Sizin Azərbaycana səfər etmək üçün daimi dəvətnaməniz var. Yaxınlarda belə bir səfər planınız varmı? Ötən il Azərbaycanda keçirilən konfransa qatıla bilmədiniz, səbəb kimi poçtda yubanma göstərilmişdi. Səfərinizə hansısa əngəllər olubmu?

– Bakıya istənilən vaxt səfər edə bilmərəm, xüsusi məruzəçilər belə bir səfərin tarixini hökumətlə razılaşdırmalıdırlar. Yəni biz rəsmi şəkildə tarix göstərməli və hökumət də müsbət cavab verməlidir. Yaxın gələcəkdə Azərbaycana səfər planım yoxdur, ancaq 2017-ci ildə mandatım bitməmişdən öncə belə bir səfərin həyata keçirilməsində maraqlıyam. Ötən il səfərim texniki səbəblərdən reallaşmadı. Qeyri-rəsmi akademik səfərimə hər hansı birbaşa əngəllərdən xəbərim yoxdur.
XS
SM
MD
LG