Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:51

«Emil Məmmədovu prezidentə etdiyi müraciətə görə tutublar»


Emil Məmmədov
Emil Məmmədov
-
Sənubər Məmmədova həyat yoldaşı, «Demokratiyaya Yardım» İctimai Birliyinin rəhbəri Emil Məmmədovun həbsinin sifariş olduğunu bildirir. O, AzadlıqRadiosuna müsahibəsində yoldaşının heç vaxt heç kimdən pul almadığını, əksinə, Salyanda baş verən korrupsiya halları ilə bağlı həmişə mübarizə apardığını və büdcə pullarının mənimsənilməsi barədə dəfələrlə prezidentə müraciətlər etdiyini bildirir.

- Sənubər xanım, Emil Məmmədova qarşı irəli sürülən ittiham odur ki, o, rayon telekommunikasiya qovşağının, maliyyə şöbəsi və su idarəsinin rəhbərlərinə hədə qorxu gələrək pul tələb edib. Bu deyilənlərə münasibətiniz necədir?

- İttihamlar hamısı yalan və iftiradır. Emil Məmmədov dekabr-fevral aylarında prezident İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə rayondakı korrupsiya və rüşvətxorluq halları, rayon icra başçısının özbaşınalığı ilə bağlı müraciət etmişdi. Yazmışdı ki, bu qanunsuzluğun başında da maliyyə şöbəsinin müdiri Mahir Kərimov, telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov durur. Prezidentə bu müraciətindən sonra Emilə qarşı təzyiqlər başladı. Adıçəkilən şəxslər başladılar ki, guya Emil nə vaxtsa onlardan pul tələb edib. Amma heç vaxt belə bir şey olmayıb. O, həmişə kimliyindən asılı olmayaraq bütün hüquqları pozulanları müdafiə edirdi. Bu barədə prezidentə, Mehriban Əliyevaya müraciətlər edirdi. Həmin müraciətlərdən sonra o adamların problemləri həll olunurdu. O da buna arxalanaraq İlham Əliyevə müraciət etmişdi ki, cənab prezident, sizin etimad göstərdiyiniz icra başçısı Tahir Kərimov etimadınızı doğrultmur.

- Prezidentə ünvanlanan müraciətdə hansı yeyintilərdən söhbət gedirdi?

- Əsasən işlərin tender elan olunmadan görülməsi ilə bağlı idi. Məsələləri çox da ətraflı bilmirəm, amma qeyd olunurdu ki, formal tender keçirilir, öz adamlarını qalib elan edirlər.
- Emil Məmmədovu polisə tez-tez çağırırdılar?

- Çox çağırılıb. Bir neçə dəfə üzləşmə olub. Bir dəfə telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfovla, növbəti dəfə maliyyə şöbəsinin müdiri Mahir Kərimovla, daha sonra Emilin öz işçisi - 3 aylıq həbs olunan Tofiq Qasımovla üzləşmə olub. Ona zor tətbiq edib boynuna qoyublar ki, sən Emilin üzünə durmalısan, deməlisən ki, səni pul almaq üçün bəzi idarələrə o, göndərib. Tofiq Qasımov da üzləşmədə yoldaşıma deyib ki, məni sən göndərmisən. Emil deyib niyə yalan danışırsan, axı belə bir şey olmayıb. Bir daha deyirəm, Emilin kimdənsə pul tələb etməsi, kimisə pula görə hədələməsi barədə deyilənlərin heç biri olmayıb. Sadəcə, prezidentə etdiyi müraciətə görə onu cəzalandırıblar.

- Baş verənlərə Emil Məmmədovun özünün münasibəti necə idi?

- Həbsinə hazırlıq getdiyini deyirdi. Rayon icra hakimiyyəti başçısının ən böyük arzusu Emili həbs etdirmək idi. Emili həbs ediblər, ailədə 8 nəfər qalıb. Xəstə anası, iki bacısı, beş nəfər də bizim ailə - hamımız Emilin himayəsindəyik. İndi mən prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət edirəm, deyirəm ki, Emil onlara inanıb və rayondakı özbaşınalıqlarla bağlı müraciət edib. Amma həmin müraciətdən sonra onun başına bu oyunlar gətirilib. Biz İlham müəllimdən, Mehriban xanımdan kömək istəyirik, istəyirik ki, onlar bizim ailəni düşdüyü bu çətin vəziyyətdən çıxarsın.
XS
SM
MD
LG