Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:59

Günel Mövlud. Müəllimin təntənəli andı


Günel Mövlud
Günel Mövlud
-

Şagirdlərə yorğun qarıların əlindən tutub, yol keçirməyi, bulkalarını ac pişiklərlə bölüşməyi, küçə itlərinə qarşı mərhəmətli olmağı, göyərçinlərə dən verməyi, əlil insanlara gülüb-ələ salmamağı öyrədəcəyəm...


Günel Mövlud


MÜƏLLİMİN TƏNTƏNƏLİ ANDI


Mən - dünyanın ən şərəfli peşəsinin sahibi təntənəli surətdə and içirəm!

Heç vaxt süpürgə üçün şagirdlərdən pul istəməyəcəm.

Bayramlarda, ad günlərində, mərasimlərdə heç bir şagirddən zorla pul tələb etməyəcəm, kasıb ailələrin uşaqlarını pul tapmadıqları üçün danlayıb, şagird yoldaşlarının yanında pərt etməyəcək, utandırmayacaq, ağlatmayacağam.

Ad günümdə kitab və çiçəkdən başqa heç bir hədiyyə qəbul eləməyəcəyəm.

Varlı ailənin uşağı olan şagirdlə kasıb uşağına fərq qoymayacağam.

Vəzifəli adamların uşaqlarının qarşısında alçalmayacağam.

Seçkilərdə müşahidəçi qismində çıxış edib, sonra qutuları saxta bülletenlərlə doldurmayacağam.

Alt paltarlarımın içində imzalanmış bülletenlər gəzdirməyəcəyəm.

Dərs dediyim uşaqları zorla yığıb, «Gül bayramı»na aparmayacaq, onlara uşaqlıqdan qul, kölə olmağı, üstəlik bunun bayramını qeyd etməyi, belə bayramlara sevinməyi öyrətməyəcəyəm.

Dərs otağımda başımın üstündən prezidentin, ümummilli liderin yox, bəşəriyyətin xilasında əməyi olan böyük mütəfəkkirlərin, alimlərin portretlərini asacağam. Şagirdlərimə onları örnək göstərəcək, onların keçdiyi şərəfli həyat yollarından danışacağam

Pedaqoq kimi öz gücümü, enerjimi və vaxtımı evimdə pul qarşılığında hazırlaşdırdığım uşaqlara deyil, dərs dediyim məktəbdə oxuyan şagirdlərimə sərf edəcəyəm.

Şagirdlərimə qazanc, gəlir yeri, pul kisəsi kimi deyil, davamçılarım, gələcəyin layiqli insanları, alimləri, sənətkarları kimi baxacağam.

Şagirdlərimin ləyaqətli vətəndaş, yaxşı insan, lazımlı peşə sahibi kimi yetişməyindən qürur duyacağam.

Oxuduğum kitablara, dərs aldığım mütəfəkkirlərə, onların qoyub getdiyi ideyalara xəyanət etməyəcəyəm.

Kitabı doğrudan da müqəddəs bir şey hesab edib, onun müqəddəsliyini dərs dediyim şagirdlərə də aşılayacağam.

Şagirdlərə yaltaqlıq, qorxaqlıq deyil, ləyaqət, şərəf, humanizm dərsi keçəcəyəm.

Onlara yorğun qarıların əlindən tutub, yol keçirməyi, bulkalarını ac pişiklərlə bölüşməyi, küçə itlərinə qarşı mərhəmətli olmağı, göyərçinlərə dən verməyi, əlil insanlara gülüb-ələ salmamağı öyrədəcəyəm.

Dünyada minlərlə ac uşağın varlığından danışacaq, harınlıq etməməyi, valideynlərindən gücləri çatmayanı tələb eləməməyi, sadə geyinməyi, bəzən dadsız yeməkləri yeyə bilməyi, kasıb dostları ilə tikələrini bölüşməyi öyrədəcəyəm.

Zəhmətin, alın tərinin müqəddəsliyini, qürurunu onlara öz timsalımda, öz nümünəmdə göstərəcəyəm.

Təbii ki, lazım gələrsə…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG