Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:53

Günel Eyvazlı. Şeirlər


Günel Eyvazlı
Günel Eyvazlı
-

Günel Eyvazlı


Davamı yox

Kərpic, kərpic qurulmuş eşqi
Bir anda yıxmağa nə var ki...
Bünövrəsi dayaz...
İçində sən və mən
Mənasız...

Gərək ki,
Sən mənə heç sevirəm deməmişdin
Səhvən belə anladığımçün bağışla.
Qulaqların duysun deyə söylədim
Zatən, gözlərimiz söyləmişdi bir-birinə
Sevirəm...

İndi bir otaq sən varsan,
İndi bir otaq mən varam
İki kölgəli gələcək, iki yol
İki keçmiş, iki xəyal
Utopiya...

Məni milyon kitab,
Milyon məqalə, milyon şeir
Ovutmur.
Səni də ovutmayacaq
Unutma!

Hər səhər aynaya baxanda,
Üzünü təraş etdikdə belə
Düşünəcəksən məni.
Bilirsən, bir kişinin beynində
yaşamaq nə deməkdir?
Və ya bir qadının beynində
Məskən salmaq?
Üzünü yaralama...


Dünən özümü məcbur edib
Kafkanı oxumaq istədim,
Isti bir yandan, külək bir yandan
Sən də bir yandan
Ağlıma təzyiq edirdin.
Atdım kitabı pəncərədən
Oxumuram!

Lənətə gəlsin məhəbbət
Lənətə gəlsin hər şey.
Bax, bu kağız, bu qələm
Sən və mən!

Bir gün saatın zəngi oyadacaq səni,
O zaman bütün düşüncələrin
Təzələnəcək
Yanında olmamı istəyəcəksən
Gec olacaq
Gedirəm!



Bu

Xoşbəxtlik –
Qışdan yaya qalmış paltarlarımın
Cibindəki pul kimidir
Tapıram, sevinirəm.

Qismət –
Külək əsən kimi yerə tökülən
Kal armud kimidir.
Görürəm, məyus oluram.

Zaman –
Gözümün önündə
Böyüyən övladım kimidir
O böyüyür, qocalıram.

Həyat –
Hava kimidir
Çəkməliyəm, udmalıyam.

Mən –
Hamı kimiyəm
Yaşamalıyam, ölməliyəm.



Darıxma

Tör-töküntü bir evin küncündə,
Yatmağa yerin varsa sən xoşbəxtsən.
Bu geniş dünya sənin üçün döşənib,
Bu göy sənin tavanındır,
Tək deyilsən.

Ruhun belə pərvazlanmaq istəyəndə,
Durma qanadlan.
Günəş kimi şəfəq saç.
Külək kimi havalı ol.

Yolunu gözləyən var,
Ən azı kitabların, yarımçıq yazın,
bir stəkan suyun hələdə səni gözləyir
Taxta masa üzərində.

Dərindən nəfəs al,
Ya da səni təpədən-dırnağa isladacaq
Yağış altında islan.
Sonra isə isti çay.
Bir az musiqi, bir az sinema.

Hələ də yorğana bürün.
Mənə inan isidəcək.
Kim deyib ki, həyat yalnız cütlüklərdən ibarətdir.
Darıxma.


Bura bizik

Bura bizik
Dünyanın özəyi,
Yolların uzunu.
Ömrün qıssası.
Sözün tükəndiyi
Məkan.

Bura bizik
Vərəqlərə köçürülmüş
Cızma-qara
Təqvimin işarə olunmuş məchul günü.
Nəyinsə açılışı,
Nəyinsə düyünü.

Bura bizik
Gün yandıran,
Ot bitirməyən
Sarı səhra.
At çapan
Bədəvi,
Suya həsrət
Somali.

Bura bizik
Yolxucu vəba
Xəstəlik
Qədəh dolu özümüzü
Bir nəfəsə içirik.
Tüknirik, bitirik.

Bura bizik
Divarda çarpazlaşmış
Kilsə xaçı
Yerindəyik.
Nə müqəddəs,
Nə də kafir əlindəyik.


Bura bizik
Soyuq divar
Soyuq mühit
Ya ölmüşük
Ya da hələ öləcəyik.

Hamıya oxşar,
Hər kəsdən fərqli
Bir həyatın
Ya axırı,
Ya əvvəli.



Sərxoşluq nəğməsi

Bulud, bulud
Buludun arxasında ləkəsiz
Səma.
Şimşəklər çaxılır
İnsan başına.

Yerin dərinliyində günəş var,
Günəş.
Ulduzlar sayrışır,
Gecənin qaranlığında.
Bir də insanlar var
Mağaralarda.

Yağış, yağış
Hər damlası
Yuyur, yuyur
Və bir gün səni də yuyub aparır.
Şose yolunun üzərindəki
Dəliklərdən,
Axıb gedirsən.

Soyuq, soyuq
Əllərin ciblərində gəzişir.
Bir qızın yol pulunu verə bilməyincə
büzüşürsən.

Qədəh, qədəh,
İçəcək zaman səndən.
Başqasını içən kimi,
Sən də içiləcəksən.

Uzaq, uzaq
Aldat özünü.
Metrələrlə ölç,
Qəbirdən, sənə qədər olan
Məsafəni.

Ucuz, ucuz
Alver edirsən bu dünya
İlə.
Satılma
Özünü al, ələ vermə
Hələ tezdir,
Yer altına
Tələsmə.


SƏBƏB

Hamının uyuyacağı yer
Torpaq deyil
Necə ki, bir buddist
Tonqalda yandırır
Atasını, anasını
Dəfn edir küləklərdə.

Dağlar onları aşmaq üçün
Deyil.
Nələrisə gizlətməkdir
Arxasında.

Günəş - sənin düşündüyün
İstilik deyil
Nə də işıq.
Bədəninin nəmini
Buxarlandırmaqdan ötrüdür.
Göydə bulud olsun
Yenidən yağmağa.

Bu dar yoldan
Bir-birinin ətəyindən
Tutaraq keçə bilər insanlar.

Və ya,
dəniz üzmək üçün deyil
Gəzmək olar İsa kimi üzərində,
Əgər, “onun məndən nəyi artıqdır”
ifadəsini
Düşünməsən.


Bir yarpağın sevdası...

Könlünə,
Kaş insan olsaydım, düşmüşdü yarpağın.
Kaş əlim, ayağım,
Kaş dilim, dodağım,
Kaş sevdiyim olardı
Düşünmüşdü...

Bu tufanı, bu sazağı,
Qırılacaq bu budağı
Dəyişərdim.
İnsan kimi yaşayardım, insan kimi ölərdim.

Sözlər dilindən çıxar-çıxmaz,
Külək onu budağından ayırdı,
Uzun-uzun məsafələr
Gözlərində qısaldı.
O titrədi, o üşüdü...
Bir ağacın koğuşunda daldalandı, dayandı.
Sonra yenə külək ilə,
Səmalarda fırlandı.

Külək onu çırpdı-çırpdı
Gah torpağa, gah daşa.
Yarpaq ömrü deyilən bu,
Bacarırsan gəl yaşa.

Bir pəncərə şüşəsinə
Yapışdı, qaldı yarpaq.
Gözü evdə, istəyi çox.
İnsan olmaq arzusu...

Bir uşaq var çarpayıda
Başı üstə anası,
Sağ divarda asılıbdı
Bir əsgərin fotosu.

Ana isə sığal çəkir,
Balasının başına.
Bacarırsan bu dərd ilə,
İnsan kimi gəl yaşa.

Uşaq, sığal ilə yatır,
Xəyallarda atası.
Əlində kiçik qumbara,
Bir də əl tapancası.

Budur balaca körpənin
Bugünkü oyuncağı...

Yarpaq durur, köks ötürür
Gedir bu pəncərədən,
Əllərini üzür daha
İnsan olmaq eşqindən.


Bu qədər

Yunusu udan balıq,
Sahilə qaytardı onu,
Bu da tarix qarşısında
Sahillərin xoşbəxt sonu.
Tək bir dəfə.

Lutu obasından didərgin saldı,
Qövmü.
Hər daş üzərində adı yazılaraq
Məhv oldular...

Bu qədər yazdıq, yazdıq
Kimi məhv edəcək kağız?
Qaranlıqdır.

Sözlər ilahidir deyirlər,
Danışmayın.
Bəlkə susaraq çox şey ifadə etdi,
Gözlərimiz.
O da korsa...

Sapı iynənin gözündən keçirməyi
Bacarmayan qoca nənəm,
Mənki sənin gözlərinəm.

Bir kibriti alışdıracaq qədər,
Güclü deyil qolların.
Bir insanı mutlu edəcək qədər,
Şəfalıdır sözlərin.
O da lalsa ...

Mən,
Hər ayna qarşısından keçəndə,
Özümü görürəm,
Səni görmək ümidilə...


Namrud

Ovcuma baxınca
Uzanan xətlər mənə yol göstərir.
Ur məbədində
Nannunun şərəfinə qurban verirlər.
İnsan başları.

Üzümə düşən işıqdan
Sina kimi parıldayırdım.
Həm də mən İllah olmaq
Eşqinə düşmüşdüm.

Bütün keçmiş kitablar yandırıldı.
Unutmaq dəhşətlidir.
Hətta danışmaq istəyəni
Çarmıxa çəkdilər.
Nəsimi özü də, İsa taleyi yaşadı.

İndi susmaq yox, demək lazımdır.
Mənim kimi. Ucundan-qulağından.
İndi xatırlamaq lazımdır.
Yadına sal ağac babanı.
Mən meymun nəslindən deyiləm.

Hər duada bir ölçü var.
Hədd.
Sədd.
Eyni məbəd
qarşısında qan tökülür.
Yaddaş pozulur.
Yəni
Apuleyin qızıl Lutsiyinə çevrilirik.

Ayaqyalın qaçan Suriyalı uşaq
Hər gecə yuxumdadır.
Eynilə Qarabağda süngiyə taxılmış cocuqlar kimi.
Ağlayır, inildəyir.

İbrahim bütləri sındırdı.
Qızıl danaya sitayiş edirik.

Ovuclarımı kimə açsam sədəqə verir.
Mən isə bax deyirəm.
Taleyimə.
Eyni xətlər səni də, mənim getdiyim yerə aparacaq.
Edama.
XS
SM
MD
LG