Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Çənlibel sakini: «Bircə kartofu yaxşı qiymətə sata bilsəydik»


Çənlibel sakini: "Bircə kartofu yaxşı qiymətə sata bilsəydik"
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00
-
Gədəbəy aşırımlarının tozlu yollarını keçincə, yolun sağında çiçəkli-laləli çəmənlər göz oxşayır. Amma yolun solunda günəşdən qorunmaq üçün başıpanamalı, əlibelli və toxalı, iş vurğunu kəndlilər görünür. Qadınlı-kişili, hamı torpağın nazını çəkir ki, məhsul bol-bərəkətli olsun.

«BURALAR DƏMYƏ TORPAĞIDIR»

Çənlibel Gədəbəyin girəcəyindəki ilk kənddir (Şəmkir rayonuna aiddir). Ətəkdə yaşayanların dolanışığı, əsasən, əkin-biçindən çıxır. Daha yüksəkdə yaşayanlar daha çox maldarlığa üz tutublar.

Çənlibel sakini Sübhan Əliyevin 3 hektara yaxın torpağı var. Dediyinə görə, 1999-cu ildən bəri, yəni torpaqlar bölünəndən o da meylini əkib-becərməyə yönəldib:

- Kartof əkmişik, arpa və buğda da var. Əslində, nə qədər yorucu olsa da, təsərrüfatda işləmək yaxşıdır. Torpaq özümündür. 2 hektar 48 sot torpağımız var. 50 sotuna kartof əkmişik. Bir hektarı buğda sahədir, hektaryarımı da arpalıqdır. Ailəliklə çalışırıq – yoldaşım, oğlum və mən.

– Məhsuldarlıq necə, yaxşıdır?

– Yağış yağsa, yaxşıdır. Buralar dəmyə torpağıdır, suvarma yoxdur. Məsələn, 50 sot sahə 5-6 tona yaxın kartof verir. Hər sotdan da 20 sentner arpa toplayırıq.

KARTOFUN YAŞIL ÇİÇƏYİ

Sübhan Əliyev danışarkən də qabar bağlamış palçıqlı əllərindən toxasını yerə qoymur. Gah alaq təmizləyir, gah da gərəksiz xırda daşları yaşıl kartof çiçəyindən ayırır.

Kartof əkini ilə yanaşı, sapsarı çiçəkli arpa və saçaqlı taxıl sahələri də diqqət çəkir. Maraqlısı odur ki, uzaqdan böyük bir təpə kimi görünən bu qədər sahəyə cəmi 3 nəfər «nəfəs» verir. Bu üçnəfərlik ailə bütün ümidini torpağa bağlayıb və düşüncələrinə bircə fikir hakim kəsilib: «Bircə məhsulu yaxşı qiymətə sata bilsəydik!..».

«KARTOFU 50 QƏPİYƏ VERSƏK, XEYİR EDƏR»

Sübhan Əliyev deyir ki, məhsul elə də yaxşı qiymətə getmir: «Əməyimiz əlimizdə qalır. Kəndliyik, neyləyək, başqa iş yerimiz yoxdur. Kartofu 50 qəpiyə versək, xeyir edər, amma elə olur 15 qəpiyə satırıq. Yaşıllaşdırmaya, bir də kartof cücüsü üçün o dərmandan vururuq. Hökumət də hektara 40 manat subsidiya verir».

«ÇƏNLİBEL KƏNDİNDƏ EMAL MÜƏSSİSƏSİ TİKSƏLƏR, YAXŞI OLAR»

Çörəyini torpaqdan qazanan gədəbəylilər kartofu da, digər gec xarab olan məhsullarını da, adətən, Şəmkir və Bakı bazarlarında satırlar. Ancaq bəzi məhsullar elə əllərindəcə qalır:

«Çənlibel kəndində emal müəssisəsi tiksələr, yaxşı olar. Camaatın hamısının yardımçı təsərrüfatı var, amma qatığını, südünü, pendirini sata bilmir. Başqa rayonlara gedirik, yolxərci çox olur. Kəndin özündə olsa, yaxşı olardı».

Gədəbəydə suvarma sistemləri yoxdur. Əkinçilər elə də şikayətlənmirlər, çünki torpağın özü dəmyədir. Beləcə, Əliyevlər ailəsinin 3 üzvü hər gün 3 hektara yaxın torpağın nazını çəkir...
XS
SM
MD
LG